Tanımadıqları əcnəbilərə evlərini açmağa çəkinməyən bakılıların hekayələri" />

Kauçserferlər Bakıda: qənaətli turizm və yeni tanışlıqlar

Tanımadıqları əcnəbilərə evlərini açmağa çəkinməyən bakılıların hekayələri

Xaricə gedib, otelə bir qəpik pul ödəməmək, həyatında ilk dəfə gördüyün, amma ümumi maraq dairəniz olan tanışının evində yaşamaq – bütün bunlar yeni turizm növü olan kauçserfinqdir.

Kauçserferlərin böyük şəbəkəsi (couchsurfing.com) hələ 2003-cü ildə açılıb. Regionumuzda isə kauçserfinq geniş populyarlığını cəmi beş il əvvəl qazanıb.

İdeyanın məğzi belədir. Bu şəbəkədə qeydiyyatdan keçən yuzerlərə öz mənzilinizi təklif edirsiz, onun parametrlərini və məhdudiyyətləri qeyd edirsiz (misal üçün, uşaqlı, ya da yanında heyvanı olan və yaxud siqaret çəkən qonaqları qəbul etmirsiz). Hansı günlərdə onları qəbul edə bildiyinizi və ya hələlik ümumiyyətlə qəbul etmədiyinizi yazırsız. Xaricə gedəndə isə siz əvvəlcədən kauçserfer şəbəkəsində axtarış edib tamamilə pulsuz qalmaq yeri tapa bilərsiz.

Bakı üçün bu, xüsusilə aktualdır, çünki burada ucuz mehmanxana və hostel demək olar ki, yoxdur. Bu, həm də ona görə aktualdır ki, dünyada fərdi turizm get-gedə daha çox dəbə minir. O, turistləri eyni marşrutlarla gəzdirən “konveyer” avtobuslarının yerini tutur.

couchsurfing.com şəbəkəsi iştirakçılarının təhlükəsizliyinə xüsusi diqqət yetirir – qonaqların qəbulu və pulsuz yaşayış yeri axtarışının təhlükəli macəraya çevrilməməsi üçün iştirakçının şəxsiyyətini, ünvanını və etibarlılığını təsdiq edən xüsusi sistem var.

Aysel

2

İnsanlar kauçserfinqi niyə seçirlər? Xaricə səfərlə bağlı məsələ aydındır. Bəs evlərini təklif edən insanlar niyə bunu edir?

“Bunu ingilis dilimi təkmilləşdirmək və özümün bəlkə də heç vaxt gedə bilməyəcəyim uzaq ölkələrdən olan insanlarla tanış olmaq üçün yaxşı imkan sayıram”, – Aysel deyir.

Bakı kauçserferləri həm də əyləncə gecələri təşkil edir. Əvvəllər bu tədbirlər hər həftə, indi daha az keçirilir.

“Müxtəlif ölkələrdən olan gənclər birlikdə yaxşı vaxt keçirmək üçün yığışanda çox maraqlı şeylər olur, – Aysel deyir. – Misal üçün, bir dəfə kauçserferlərin görüşündə mən italyanlarla tanış oldum. Sonra dostlaşdıq və demək olar ki, bütün yayı boş vaxtımızı birlikdə keçirdik, dənizə getdik, bir-birimizin evində yığışdıq, tematik gecələr təşkil etdik. Kimsə hamını pizzaya qonaq edir, biri çıxıb gedəndə hamı onu yola salmağa gedirdi. Bəziləri Bakıya staj keçməyə gəlib, aylarla burada yaşayırdı, kimsə turist kimi bir həftəlik gəlirdi, məhz kauçserfinqin sayəsində biz bir-birimizi tapır, əlaqə şəbəkəsi qururduq”.

Kauçserferin xaricilər barədə təsəvvürlərini dəyişmək və tez-tez təəccüblənmək imkanı olur.

“Bir dəfə qırx ölkəni gəzmiş bir hollandiyalı ilə tanış oldum, sevdiyi musiqi haqqında suala isə o DDT və “Leninqrad” cavabını verdi [Rusiyanın məşhur rok qrupları – red.]”, – Aysel danışır.

Azərbaycanla bağlı şablonlar da dağılır.

“Demək olar ki, bütün xarici qonaqlardan eyni iradları eşidirəm: ölkəmizin piar olunan obrazının həqiqi mənzərə ilə uyğunsuzluğunu qeyd edirlər. Əhalinin bəzi təbəqələrinin həm ehtiyatlarımızın, həm də vəsaitimizin olduğu halda niyə belə kasıb yaşadığına təəccüblənirlər. Hamının xoşuna gələn isə mətbəximiz və meyvə bolluğudur. Həm də şəhərlər arasındakı məsafənin yaxınlığı, az vaxt və az pul sərf etməklə təbiət qoynuna, ya da qonşu şəhərə getmək imkanının olması xoşlarına gəlir”.

Aleksandra

3

“Qonaq qəbul etməyi, yeni insanlarla tanış olmağı, ünsiyyət qurmağı sevirəm, – Aleksandra deyir. – Mənzilim də böyükdür – 4 yataq otağı var, düzdür hamısı da ailə üzvləri tərəfindən tutulub. Qonaqlarımdan biri mənimlə bir yataq otağında qalırdı, vaxtaşırı hansısa yataq otağı boşalanda gecələməyə yeri olmayan digər tanışlarımı orada qalmağa dəvət edirdim. Buna alışmışam artıq.

Bir dəfə Piterdən olan gənc oğlan qonağım idi. Həddən artıq ehtiyatlı adamdı, misal üçün, heç vaxt şəxsi əşyalarını kafedəki masanın üstünə qoymurdu. Oğurlanacağından qorxurdu. Bəlkə sadəcə bəxtim gətirir, amma mənə elə gəlir ki, bizdə heç vaxt kafedəki masadan əşyaları oğurlamazlar.

O, rükzakını özü ilə tualetə götürdü, bu çox gülməliydi, mənsə telefonumu masanın üstündə qoydum. Qayıdandan sonra isə qoyduğum yerdə qalan telefonumu ona göstərdim.

Bu piterli oğlanın ən çox xoşuna gəlməyən buradakı sürücülərin maşın sürmək manerası oldu. Qalan şeylər isə çox xoşuna gəldi, yeraltı keçiddə alınan ucuz köynək və ya ayaqqabı bağı, elə həmin keçiddən alınan şap-şap və ya şəxsi əşyaları yığmaq üçün idman çantasının ucuzluğu və keyfiyyəti ona ləzzət elədi.

Əlbəttə ki, qastronomik turumuz da oldu. Düzdür, planlaşdırdığım hər şeyi ona daddıra bilmədim. Amma yedikləri məncə hələ də yuxusuna girir: xüsusən də süd məmulatları və şirniyyat: şəkərbura, paxlava. Ucuz rabitə, ucuz internet və ucuz nəqliyyat da çox xoşuna gəldi.

Bir axşam “Şəlalə” parkı tərəfdə gəzəndə ucadan bir-biriylə nəyisə müzakirə edən oğlanların yanından keçirdik, o oğlanların yanımızdan ötüb keçdiyi tərəfdən durdu, bu çox xoş idi. Mən həmişə düşünürdüm ki, bu cür diqqətlilik istənilən ölkədən olan soyuq əcnəbilərə xas deyil”.

Murad

4

Onun əsas məqsədi səyahət edəcəyi zaman xərcləri minimuma endirmək istəyi idi. Eyni zamanda Murad özü də qonaq qəbul etməyə başladı.

“Qonaqlarım iki alman və bir avstriyalı xanım oldu, hamısı da velosipedlə idi. Bulvarda görüşdük və necəsə evimə qədər gedib çıxmalı idik, axırda qardaşımdan məni maşınla aparmağı xahiş etdim, onlar üçü də arxamızca velosipedlə gəlirdilər. Sürücülərin, polisin və yanımızdan ötüb keçən insanların sifətindəki təəccübü görmək çox maraqlıydı. Onlar hətta həyətimizdə oynayan uşaqların da diqqətini cəlb etdilər”.

Cəmil

5

Altı il ərzində Cəmil yüzə yaxın kauçserfer qəbul edib. Adətən olduğu kimi, turistlər yerlilərin heç vaxt getmədiyi yerlərə gedib çıxırlar:

“Müxtəlif insanları qarşılamaq, onlara doğma şəhərimi göstərmək, özüm üçün onu yenidən kəşf etmək – bütün bunlar çox maraqlıydı. Kauçserfinq üzrə dostlarımla ilk dəfə palçıq vulkanlarında, Lahıc və Xınalıqda oldum”.

ABŞ-dan gələn jurnalistlərdən o, Sanqaçal qəsəbəsindən bir qədər aralıda yerləşən tankların qəbiristanlığı və Leninin büstü barədə öyrənir.

“Bizimlə İngiltərə və Avstraliyadan olan səyyahlar, bir də Litvadan olan qız vardi, – o danışır, – Maşını yaxınlıqdakı yanacaqdoldurma məntəqəsində saxlayıb, hasardakı dəlikdən hansısa sənaye zonasına keçdik. Sonra da amerikalı rus dilində güclə mühafizəçilərə Leninin başını axtardığımızı başa salmağa çalışdı. Lenini görə bilmədik, onu artıq anbara qoyublar. Amma orada olubmuş. Tankların qəbiristanlığını isə arxamlzca itlər düşsə də, gördük”.

İnsanların səmimiyyəti, emosionallığı və qonaqpərvərliyi qonaqların xoşuna gəldi. Evdən iki addım aralıda təzə meyvə-tərəvəzin olması da.

Viza almağın çətinliyi və ucuz hostellərin olmaması isə xoşlarına gəlməyənlər sırasındadı. Həm də insanların gözlərini onlara zilləməsi.

“Bir dəfə kauçserferimi Milli Təhlükəsizlik Nazirliyinə apardılar, sən demə, oralarda fotoapparatla gəzib, binalarını çəkibmiş. Bu da onlara hər şeyi danışıb, hətta mənim telefon nömrəmi də veribmiş”.

Facebook Comments

More on JAMnews