Fidan Bakıda “hər şey qaydasındadır” deyir, amma soyuqluq davam edir
Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq
Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 14-də axşam Bakıya gəlib. Rəsmi səbəb Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) 7-ci sammiti idi: Fidan orada prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edib. Amma səfər iki ölkə arasında son həftələrin ən gərgin dövrünə təsadüf edib və hər detalı diqqətlə izlənilib.
Fidanı Heydər Əliyev Beynəlxalq Hava Limanında gənclər və idman naziri Fərid Qayıbov qarşılayıb. Bu protokol seçimi Azərbaycan və Türkiyə sosial şəbəkələrində birmənalı qarşılanmayıb. Oktyabrın 15-də Fidan prezident İlham Əliyevlə görüşüb, həmin gün sammitdə İsrail prezidenti İsaak Hersoq çıxışa başlayanda bir sıra digər nümayəndə heyətləri ilə birlikdə zalı tərk edib.
Görüşdən sonra Fidan münasibətlərin sarsılmaz olduğunu bəyan edib. Lakin onun sözləri arasında fikir ayrılıqlarının mövcudluğunu etiraf edən cümlələr də var idi.
Gərginliyin əsas tətikləyicilərindən biri – məktəblərdə hicaba faktiki qadağa barədə “Camnyus”un əvvəlki yazısında ətraflı yazmışıq. Bu dəfə əsas sual başqadır:
Bakı ilə Ankara arasında nə dəyişir və bu soyuqluq nə qədər dərindir?
Fidanın mesajı: “fikir ayrılığı var, amma…”

Bakıda jurnalistlərə danışan Fidan iki ölkə arasındakı bağın müharibə və böhran dövrlərində sınandığını, liderlər arasında “sarsılmaz dostluq və qardaşlıq” olduğunu deyib. Onun sözlərinə görə, Ərdoğan səfərdən əvvəl ona xüsusi tapşırıqlar verib.
Eyni zamanda nazir açıq şəkildə etiraf edib ki, bəzi məsələlərdə iki ölkənin fərqli yanaşmaları ola bilər. Fidan bu fərqlərin “istismar edilərək” strateji münasibətlərin zədələnməsinə imkan verilməməli olduğunu vurğulayıb:
“Biz qədim bir millətik. Öz problemlərimizi də bu qədim keçmişə yaraşan şəkildə oturub mədəni şəkildə danışarıq”.
Nazir fikir ayrılıqlarının sosial şəbəkələrdə təbliğat alətinə çevrilməsinə ehtiyac olmadığını da deyib və Əliyevlə görüşdə bu çərçivədə danışdıqlarını, prezidentin “baxış və perspektivini dinlədiklərini” bildirib.
Fidanın açıqlamasında nə hicab, nə İsrail, nə də Əliyevin oktyabrın 2-dəki çıxışı birbaşa dilə gətirilməyib. Amma “problemlərimiz”, “fərqli yanaşmalar” və “istismar” kimi ifadələr Ankaranın problemin varlığını inkar etmədiyini göstərir – sadəcə onu ictimai müstəvidən diplomatik kanallara keçirmək istəyir.
Sosial şəbəkələrdə isə diqqət daha çox verilən pozalara yönəlib. Bəzi istifadəçilər bədən dilinə əsaslanan təhlillərində Fidanın həm hava limanında, həm də prezidentlə görüşdə səmimi və sanki heç bir problem yoxmuş kimi göründüyünü yazıblar. Bu cür təhlillər subyektiv olsa da, Bakı-Ankara xəttində hər jestin necə diqqətlə izlənildiyini göstərir.
Səfərin ən diqqətçəkən anı isə Hersoqun çıxışı zamanı olub. Fidan Bakıda, Azərbaycanın ev sahibliyi etdiyi sammitdə, İsrail prezidentinin çıxışını dinləməkdən imtina edib. Bir ay əvvəl isə BMT Baş Assambleyasında Azərbaycan nümayəndəsinin Netanyahunun çıxışı zamanı zalda qalması Türkiyədə ciddi qınaq doğurmuşdu.
Gərginlik haradan başlayıb?
Son üç həftədə hadisələr bir-birinin üstünə gəlib:
- 23 sentyabr – Ərdoğan BMT Baş Assambleyasında “bəzi ölkələrin” məktəblərdə baş örtüyünə qoyduğu qadağanı qadın hüquqlarına hücum adlandırır. Elə həmin sessiyada Netanyahu Ərdoğanı “tiran” adlandırarkən Azərbaycan nümayəndəsi zalda qalır.
- 2 oktyabr – Əliyev YAP-ın qurultayında ad çəkmədən hər kəsin “yerini bilməli” olduğunu, heç kimin Azərbaycanın həyat tərzinə qarışmamalı olduğunu deyir. O, hərbi qələbələrin xarici himayə olmadan qazanıldığını, silahların pulla alındığını vurğulayır (JAMnews).
- 9-12 oktyabr – Azərbaycan məktəblərində yoxlamalar başlayır, hicablı şagirdlər və müəllimlər dərsə buraxılmır, etirazlar və 37 nəfərin saxlanılması baş verir (JAMnews).
- 12 oktyabr – Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycanı “bu səhvdən” tezliklə dönməyə çağırır. AKP-nin parlament qrupu sədrinin müavini Leyla Şahin Usta da oxşar bəyanat verir.
- 13 oktyabr – YAP-ın mətbuat xidməti Saralı və AKP deputatlarını adbaad tənqid edir, AKP-ni “zərərli siyasətdən” çəkinməyə çağırır, “hegemon meyillərə” işarə edir.
- 14-15 oktyabr – Fidan Bakıya gəlir, Əliyevlə görüşür.
Bu müddətdə AKP-nin sözçüsü Ömər Çelik yalnız iki lider arasında “həqiqi qardaşlıq münasibəti” olduğunu deməklə kifayətlənib.
Soyuqluğun kökü: İsrail, Rusiya və “böyük qardaş” iddiası
Fidanın səfərindən əvvəl JAMnews-a danışan ekspertlərin hamısı hicab məsələsini münasibətlərdəki daha dərin problemin yalnız bir təzahürü sayır.
“İki rəqib arasında seçim etmək məcburiyyəti”

Siyasətçi, “Üçüncü Respublika” platformasının təsisçilərindən Araz Əliyev “Camnyus”a verdiyi açıqlamasında gərginliyi Azərbaycanın xarici siyasət seçimləri ilə əlaqələndirir.
Onun fikrincə, Bakı özünü “böyük oyun qurucularından biri” kimi görməyə başlayıb, amma ABŞ və ya Çinin etdiyi kimi bir-biri ilə düşmən olan iki dövlətlə eyni anda yaxın olmaq imkanına malik deyil:
“Yaxın on ildə Türkiyə və İsrail Yaxın Şərqdə əsas iki rəqib olacaq. Azərbaycan isə hər ikisinin strateji müttəfiqidir. Netanyahu çıxış edəndə Türkiyə zalı tərk edir, Azərbaycan isə tərk edə bilmir – istəsə belə. Çünki o tərəfin də sənə yatırımı, dəstəyi var. Bu da təbii olaraq Türkiyənin narazılığına səbəb olur”.
Araz Əliyev bu “çoxvektorlu siyasətin” ilk bədəlinin Hindistan-Pakistan qarşıdurmasında Pakistanın tərəfini tutduqdan sonra ödənildiyini xatırladır: Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə mane olub, iki milyard dollarlıq ticarət dövriyyəsi isə zərbə alıb.
O, ikinci amil kimi Rusiyanı göstərir. Onun müşahidəsinə görə, avqustdan bəri Bakı Moskva ilə münasibətləri istiləşdirir – AZAL təyyarəsinin qəzası ilə bağlı iddiaların bağlanması da bunun əlamətidir. Tarixən isə Azərbaycan Rusiyaya yaxınlaşanda Türkiyə ilə arasına məsafə qoyub. Araz Əliyev bu dəyişikliyi Vaşinqtondakı vəziyyətlə də bağlayır: Bakının Tramp administrasiyası üzərində qurduğu geosiyasi xəttin noyabrda ABŞ-dəki aralıq seçkilərdən sonra Trampın uduzması ilə sarsıla biləcəyi ehtimalı, onun fikrincə, rəsmi Bakını alternativ axtarmağa vadar edir.
“Mən sənə möhtac deyiləm”

Türkiyə parlamentinin üzvü,
DEM Partiyasından Kocaeli deputatı Ömər Faruk Gergerlioğlu
“Camnyus”a verdiyi açıqlamasında Əliyevin oktyabrın 2-dəki çıxışını məhz
Türkiyənin “böyük qardaş” roluna etiraz kimi oxuyur:
“Türkiyə həmişə özünü Orta Asiyanın, Azərbaycanın böyük qardaşı kimi görür. Əliyev isə bunu qəbul etmir. Onun mesajı budur: mən sənə möhtac deyiləm, sən mənə nə qədər möhtacsansa, mən də sənə o qədər möhtacam. Bizim qarşılıqlı maraqlarımız var, böyük qardaş-kiçik qardaş münasibəti yoxdur”.
Deputatın fikrincə, Bakı İsraillə əməkdaşlığı öz avtoritar idarəçiliyi üçün “xilas çevrəsi” sayır və bu sahədə güzəştə getməyəcək. Gergerlioğlu Ərdoğanın da paradoks içində olduğunu deyir: o, İsraili sərt tənqid edir, amma Bakı-Tbilisi-Ceyhan kəməri ilə gələn neftin Ceyhandan İsrailə daşınmasına göz yumur. Deputat bu daşımaları dəfələrlə sənədlərlə hökumətin qarşısına qoyduğunu iddia edir.
“Əgər Türkiyə ilə İsrail arasında gərginlik artarsa, Əliyev, məncə, açıq şəkildə İsraili seçəcək. Onun üçün “iki dövlət, bir millət” deyilən şey arxa planda qalır – o, dünyaya öz idarəçiliyini qorumaq baxımından baxır”.
Bu fonda Fidanın Bakıda Hersoqun çıxışını dinləməkdən imtina etməsi xüsusi məna qazanır: Türkiyənin İsrail mövzusunda Azərbaycandan fərqli mövqe tutduğunu Ankara bu dəfə məhz Bakının özündə nümayiş etdirib.
Türkiyə cəmiyyətində yığılan narazılıq

Jurnalist və analitik Cavid Ağa Türkiyədə Azərbaycana qarşı narazılığın təkcə hicabla məhdudlaşmadığını deyir.
Onun sözlərinə görə, türk iş adamları illərdir Azərbaycanda biznes qurmağın çətinliyindən, vergi orqanlarının qeyri-rəsmi ödəniş tələblərindən, yük maşınlarının Gürcüstan-Azərbaycan sərhədində süni şəkildə saxlanılmasından şikayət edir.
“Türkiyə cəmiyyətində Azərbaycanla bağlı narahatlıq çoxdur. Amma bu narahatlıqlar yalnız yay aylarından bəri daha güclü səslənməyə başlayıb. Əvvəllər bu narazılığı Ərdoğana yaxın çevrələr maliyyələşdirdiyi qruplar vasitəsilə idarə edirdi – Ərdoğan işarə verən kimi susurdular. İndi isə instaqramda, tiktokda ağlıma gəlməyən yerlərdə Azərbaycandakı etirazlara dəstək mesajları görürəm.”
Hicab amili: Türkiyə üçün “sinir ucu”
Məktəblərdəki faktiki hicab qadağası Türkiyədə xüsusi həssaslıqla qarşılanıb. Gergerlioğlunun sözlərinə görə, baş örtüyü qadağası 1980-ci illərdən 2010-cu illərə qədər Türkiyənin ən çox müzakirə olunan mövzularından biri olub və bu gün hətta sekulyar CHP seçicisi belə bu məsələni “keçmişdə qalmış” sayır:
“Məktəb qapısından qaytarılan baş örtülü qızların görüntüləri Türkiyə üçün travmatik görüntülərdir. Qadağanın tərəfdarları deyirdi ki, bunu saxlamasaq, Türkiyə şəriət dövlətinə çevriləcək. Qadağa bitdi, Türkiyə şəriət dövləti olmadı”.
Deputat bu mövzuda Azərbaycan deputatları ilə üz-üzə də gəlib. Onun dediyinə görə, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) onlayn iclasında qadağanı tənqid etdikdən sonra Azərbaycan deputatı Hikmət Məmmədov ölkədə belə qadağanın olmadığını deyib, onu yalan danışmaqda ittiham edib. İclasdakı AKP deputatı isə, Gergerlioğlunun sözlərinə görə, susmağa üstünlük verib.
Araz Əliyev Ankaranın reaksiyasını qaçılmaz sayır. Onun fikrincə, Ərdoğan dövründə Türkiyə özünü “mülayim islam”ın və müsəlmanların himayədarı kimi təqdim edir, dindar seçicilər isə hakim partiyanın əsas dayağıdır: “Belə məqamda Bakının qərarı reaksiyasız qala bilməzdi”.
Cavid Ağa isə YAP-ın bəyanatda hədəf seçdiyi şəxslərdən birinin Leyla Şahin Usta olmasına diqqət çəkir. Usta 1990-cı illərin sonunda baş örtüyünə görə İstanbulda təhsilini davam etdirə bilməyib, Avropa İnsan Haqları Məhkəməsində Türkiyəyə qarşı işi uduzub və təhsilini Vyanada başa vurub.
“Bu qadağalar onun təsirinin qarşısını ala bilməyib – bu gün o, Türkiyəni idarə edənlərdən biridir. Bəyanatı hazırlayanlar heç olmasa onun bioqrafiyasını araşdırmalı idilər”, – Ağa belə deyir.
Şeyxülislam: “Məsləhətləşmə ola bilərdi, amma olmayıb”
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də məsələyə münasibət bildirib. “Real TV”-yə müsahibəsində o, qərarın qəbulu zamanı dini qurumla məsləhətləşmə aparılmadığını etiraf edib:
“Çox heyifsilənirəm ki, bu məsələnin qəbul olunmasında əvvəlcədən məsləhətləşmə ola bilərdi, amma olmayıb”.
Bununla belə, Paşazadə hökumətin mövqeyini müdafiə edib. Onun sözlərinə görə, məktəbli forması qaydalarında “hicab” sözü yoxdur, ölkədə hicab qadağan olunmayıb, mədrəsələrdə uşaqlar hicabla təhsil alır, “amma dövlət məktəblərində bu qərar qəbul edilib”. Şeyxülislam “din dövlətdən, məktəb də dindən ayrıdır” deyərək bəzi “daxili və xarici qüvvələri” mövzunu siyasiləşdirməkdə və insanları dövlətə qarşı qaldırmaqda ittiham edib.
Araz Əliyev bunu qərarın tələsik verildiyinin göstəricisi sayır:
“Bu, səmimi və uzun illər planlaşdırılmış qərar olsaydı, kiminləsə məsləhətləşilməli idi. Görünür, bir az tələsik qərar veriblər”.
Hicab qadağasının hüquqi tərəfi, məktəblərdəki etirazlar və həbslər barədə ətraflı məlumatı “Camnyus”un əvvəlki yazısında oxuya bilərsiniz.
Münasibətlər hara gedir?
Ekspertlərin heç biri müttəfiqliyin qırılacağını gözləmir. Amma hər biri soyuqluğun bir müddət qalacağını düşünür.
Araz Əliyev gərginliyin siyasi səviyyədə qalacağını və vaxt keçdikcə yumşalacağını proqnozlaşdırır:
“Həm Türkiyə Azərbaycana, həm də daha çox Azərbaycan Türkiyəyə möhtacdır – milli təhlükəsizlik, iqtisadiyyat və müdafiə baxımından. Liderlərə yaxın şirkətlər qarşılıqlı olaraq sıxışdırıla bilər, amma müttəfiqliyin sarsılacağına inanmıram. Bir müddət sonra yenə qardaşlıq mesajları veriləcək”.
O xatırladır ki, iki ölkə əvvəl də oxşar böhranlar yaşayıb – o cümlədən 2000-ci illərin sonunda Türkiyə-Ermənistan protokolları dövründə Bakıda türk bayraqlarının endirilməsi ilə müşayiət olunan gərginlik. Onun fikrincə, ayın sonunda Türkiyədə keçirilməsi gözlənilən Türk Dövlətləri Təşkilatının zirvəsi münasibətlərin hansı istiqamətə gedəcəyini göstərə bilər.
Gergerlioğlu da Ərdoğanın yalnız hicab məsələsinə görə Bakıdan uzaqlaşacağını gözləmir. Onun sözlərinə görə, Ankara üçün Bakı-Tbilisi-Ceyhan kəmərindən gələn gəlir, “türk dünyası” liderliyi iddiası və millətçi-mühafizəkar seçicinin dəstəyi daha önəmlidir:
“Pərdə arxasında nəzakətlə “belə bir qadağa tətbiq etməsəydiniz, daha yaxşı olmazdımı” deyilər. Amma Əliyev İsraili açıq şəkildə seçməyə başlasa, Türkiyə də soyuqluğu açıq göstərəcək”.
Deputat iqtidarın seçici bazasında aşınmaya da diqqət çəkir: onun iddiasına görə, AKP-nin İsrail məsələsindəki “ikiüzlü” siyasətindən narazı seçicilərin bir qismi son seçkilərdə Yenidən Rifah Partiyasına səs verib, hicab mövzusu isə bu narazılığı dərinləşdirə bilər.
Cavid Ağa da eyni nəticəyə gəlir: Ərdoğan nə qədər “iki dövlət, bir millət” şüarını səsləndirsə də, onun əsas güc bazası olan dindar-mühafizəkar seçicinin həssaslığı onu manevr etməyə məcbur edəcək.
Fidanın Bakıdakı sözləri də bu manevrin çərçivəsini göstərir: Ankara problemi inkar etmir, amma onu ictimai müstəvidən qapalı diplomatik kanallara keçirməyə çalışır. Bakının isə – həm hicab, həm də İsrail məsələsində geri addım atmaq niyyətində olduğuna dair hələlik heç bir əlamət yoxdur.
Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq