Əliyevin “X” hesabındakı köhnə linklər müxalifət videolarına apardı: kiberhücum, yoxsa qlobal boşluq?
İlham Əliyevin “X” hesabı
Noyabrın 15-də prezident İlham Əliyevin “X” hesabındakı bəzi köhnə paylaşımların linkləri istifadəçiləri müxalif siyasətçilərin və bloqerlərin videolarına, etiraz aksiyalarının görüntülərinə keçid etdirib. Bu paylaşımlar əsasən 2010-2011-ci illərə aiddir. Linklər AXCP sədri Əli Kərimlinin, bloqerlər – Mehman Hüseynovun və Qabil Məmmədovun videolarına yönəlib.
Paylaşımların mətni dəyişməyib, yalnız içindəki linklərin apardığı ünvan başqa olub. Dəyişdirilmiş linklər bir neçə saat hesabda qalıb, istifadəçilər bu postları sosial şəbəkələrdə paylaşıb.

Həmin axşam Prezidentin Mətbuat Xidməti açıqlama yayıb:
“Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Aidiyyəti qurumlar tərəfindən bu hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlər görülür”.
Açıqlamada hansı platformaların hədəf alındığı, hücumun necə edildiyi və arxasında kimin dayandığı deyilmir.
Eyni gün oxşar hadisə dünyanın bir sıra tanınmış hesabında da baş verib. Ona görə sual yaranır:
Prezidentin hesabları həqiqətən sındırılıb, yoxsa bu, Trampdan “McDonald’s”a qədər çoxlarına toxunan qlobal boşluğun nəticəsidir?
Eyni gün Tramp, Geyts və “Burger King”…
CNN-in noyabrın 15-də dərc etdiyi araşdırmaya görə, həftəsonu siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin “X”dəki köhnə paylaşımlarında linklər əlaqəsiz video, şəkil və saytlara aparmağa başlayıb.
Ən çox ABŞ prezidenti Donald Trampın şəxsi hesabı zərər çəkib: onun ən azı 12 paylaşımındakı link başqa saytlara aparıb. Bill Geytsin 2010-cu il, Kanadanın keçmiş Baş naziri Castin Trüdonun 2011-ci il paylaşımlarındakı linklər də dəyişib. “Burger King”in 2011-ci ildəki restoran ünvanları barədə postundakı link nasist konslagerlərinin siyahısına, “McDonald’s”ın postundakı link isə 11 sentyabr hücumları haqqında səhifəyə aparıb. Siyahıda FTB-nin, ABŞ Müdafiə Nazirliyinin və keçmiş vitse-prezident Mayk Pensin paylaşımları da var.
Bu linklərin hamısı “Bitly” xidməti ilə qısaldılıb. Uzun ünvanı qısa linkə çevirən bu xidmət 2009-2014-cü illərdə “X”də, o vaxtkı adı ilə “Twitter”də geniş işlədilirdi. CNN-ə görə, “Bitly” linklərinin müddəti bitmir, pullu istifadəçilər isə linkin apardığı ünvanı dəyişə bilir.
“Bitly” bildirib ki, “pis niyyətli şəxslərin bəzi köhnə, aktiv olmayan linklərdən yenidən istifadə etməsinə imkan verən problem” aşkarlayıb. Şirkət linkləri dəyişən hesabları dayandırdığını və həmin linkləri deaktiv etdiyini açıqlayıb, amma onların arxasında kimin dayandığını deməyib.
Parol lazım deyildi
Belə hücum üçün hesabın parolunu ələ keçirmək lazım deyil. Post olduğu kimi qalır, dəyişən yalnız qısa linkin arxasındakı ünvandır. Oxucu prezidentin 15 il əvvəlki paylaşımına klikləyir, amma başqa səhifəyə düşür.
İT mütəxəssisi Osman Gündüz də problemi hesabların ələ keçirilməsində yox, “Bitly”dəki təhlükəsizlik boşluğunda görür. O, qurumlara köhnə linkləri yoxlamağı, riskli olanları deaktiv etməyi və mümkün qədər öz domenlərindən istifadə etməyi tövsiyə edib.
Karnegi Mellon Universitetinin rəqəmsal media üzrə professoru Ari Laytman CNN-ə deyib ki, bir çox köhnə hesaba heç kim nəzarət etmir və bu, “problemlidir”.
Prezidentin hesabındakı hadisənin “Bitly” boşluğu ilə bağlı olduğunu rəsmi qurumlar təsdiqləməyib. Prezidentin Mətbuat Xidməti bu barədə hələlik əlavə açıqlama verməyib.
Videolardakı adamlar kimdir?
Videolarda görünən adamlar hakimiyyətin ən sərt tənqidçiləri arasındadır.
AXCP sədri Əli Kərimli 2025-ci ilin noyabrından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur. Kərimli ittihamları uydurma və siyasi motivli adlandırır. İstintaq oktyabrda başa çatıb, ittiham sübut olunsa, ona 12 ildən ömürlük həbsə qədər cəza verilə bilər. Kərimliyə noyabrın 12-də Londonda Maqnitski insan haqları mükafatı təqdim olunub.
Bloqer Mehman Hüseynov 2017-ci ildə böhtana görə iki il həbs cəzası alıb, 2019-cu ilin martında azadlığa çıxıb. Hüseynov hadisədən sonra feysbukda prezidentə videosunu paylaşdığı üçün istehza ilə “təşəkkür edib”: “Təşəkkür edirəm cənab prezident!”.

Xaricdə yaşayan bloqer Qabil Məmmədov isə Azərbaycanda qiyabi mühakimə olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qiyabi olaraq 16 il həbs cəzasına məhkum edib.
“Kiberhücum” sözü nə deməkdir?
Azərbaycan rəsmiləri son iki ayda ikinci dəfə “kiberhücum”dan danışır. Oktyabrın 13-də 100-dən çox dövlət saytına hücum olmuşdu. Onda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hücumun nə vaxt başladığını, hansı sistemlərin hədəf alındığını və təsirinin məhdud olduğunu açıqlamışdı. Xidmət hücumu adını çəkmədiyi “xarici haker qrupu”nun üzərinə qoymuşdu. Məsuliyyəti isə İraqda fəaliyyət göstərdiyi deyilən İranyönlü “313 Team” qrupu öz üzərinə götürmüşdü. Qrup bunu məktəblərdə hicab qadağası ilə izah etmişdi.
Prezidentin hesabları ilə bağlı açıqlamada isə belə təfərrüat yoxdur.
Azərbaycanda sosial şəbəkə hesablarına hücumlar əvvəllər əsasən müstəqil medianı hədəf alırdı. “Jurnalistləri Müdafiə Komitəsi” (CPJ) media azadlığı təşkilatının məlumatına görə, 2020-ci ilin iyununda “Meydan TV”nin feysbukdakı azərbaycandilli paylaşımlarının demək olar hamısı silinmişdi. Bu ilin avqustunda sürgündə fəaliyyət göstərən səkkiz Azərbaycan mediası birgə bəyanatda bildirib ki, koordinasiyalı müəllif hüququ şikayətlərindən sonra onların bir neçə “Facebook” və “Instagram” hesabı bloklanıb.
Bu dəfə isə hədəf prezidentin özünün hesabı olub. Linkləri kimin dəyişdiyi və niyə məhz müxalifət videolarını seçdiyi hələlik məlum deyil. “Bitly” dayandırdığı hesabların kimə məxsus olduğunu açıqlamayıb.
İlham Əliyevin “X” hesabı