Yarımçıq Tramp qülləsi və “Azərbaycan laundromatı”: Deutsche Bank Trampın Bakı şirkətlərində nəyi şübhəli sayıb?
Trampın Bakıdakı şirkətləri
Almaniyanın ən böyük bankı “Deutsche Bank”ın sızan sənədlərinə görə, bank 2014-2020-ci illərdə Donald Trampın Bakıdakı otel layihəsinə bağlı iki şirkətinin hesablarına gələn ödənişləri dəfələrlə şübhəli sayıb. Bu ödənişlərin bir hissəsi “Azərbaycan laundromatı” adlanan çirkli pul sxemi ilə əlaqəli şirkətlərdən gəlib.
Bu barədə noyabrın 17-də “Inside Deutsche Bank” (“Deutsche Bank”ın içindən”) beynəlxalq jurnalist araşdırması çərçivəsində yazılıb. Araşdırmaya 50-dən çox mediadan 200-dən artıq jurnalist qatılıb. Azərbaycanla bağlı hissəni rusdilli “Vajnıye istorii” (“iStories”) nəşri dərc edib.
Jurnalistlərin əlində bankın 15 milyondan çox daxili faylı var: e-poçtlar, müştəri sənədləri, risk qiymətləndirmələri. Faylları iki məlumat verən Hindistandan və Cənubi Afrikadan olan iki jurnalistə ötürüb.
Trampın Bakıdakı yarımçıq qülləsi barədə əvvəllər də çox yazılıb. Bu dəfə sual başqadır:
Bankın şübhəli saydığı pullar haradan gəlirdi və bu, “Azərbaycan laundromatı” haqqında nəyi yenidən gündəmə gətirir?
Bakıdakı yarımçıq qüllə

Söhbət Bakıda tikilən 33 mərtəbəli “Trump International Hotel & Tower” layihəsindən gedir. Layihəyə 2012-ci ildə başlanıb, amma bina heç vaxt istifadəyə verilməyib. Trampın tərəfdaşları o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qohumları idi. “Vajnıye istorii” yazır ki, bu ailə dövlət müqavilələri sayəsində dollar milyonçusuna çevrilmişdi.
Tramp şirkəti layihədən 2016-cı ilin sonunda çıxıb. Trampın öz bəyannaməsinə görə, o, layihəni idarə etdiyi üçün 2015-ci ildə təxminən 2,5 milyon, 2016-cı ildə isə 300 min dollardan bir qədər çox gəlir əldə edib. “Trump Organization” 2017-ci ildə “The New Yorker” jurnalına Trampın layihədə “passiv rol” oynadığını, yalnız adının istifadəsinə lisenziya verdiyini demişdi.
Layihə iki ABŞ şirkəti vasitəsilə idarə olunurdu: “DT Marks Baku” və “THC Baku Services”. Sızan sənədlər məhz bu iki şirkətin hesablarına aiddir.
Bank nəyi şübhəli sayıb?
“Vajnıye istorii”nin yazdığına görə, “Deutsche Bank” ilk dəfə 2014-cü ilin avqustunda “DT Marks Baku”ya gələn ödənişi şübhəli sayıb. Pul “Danske Bank”ın Estoniya filialının adı açıqlanmayan müştərisindən gəlirdi. Bank ödənişin məqsədini və göndərənlə alan arasındakı əlaqəni müəyyən edə bilməyib.
2015-ci ilin aprelində “THC Baku Services” Britaniyada qeydiyyatdan keçmiş “Faberlex” adlı saxta şirkətdən 141 min dollardan bir qədər çox pul alıb. “Faberlex” “Azərbaycan laundromatı”nın əsas şirkətlərindən biridir.
Bank sonrakı illərdə də yeni ödənişləri şübhəli sayıb. Hollandiyanın “Follow the Money” araşdırma platformasının yazdığına görə, bank öz təhlilində bu pulları həm “Azərbaycan laundromatı” ilə, həm də Kremlə yaxın oliqarxlarla bağlı Rusiya çirkli pul şəbəkəsi ilə əlaqələndirib. 2020-ci ilin mayına aid daxili qeydə görə, Trampın Bakı şirkətləri ilə bağlı şübhəli əməliyyatların ümumi məbləği 3 milyon dolları keçib.
“Azərbaycan laundromatı” nə idi?
“Azərbaycan laundromatı” mütəşəkkil cinayət və korrupsiyanı araşdıran OCCRP jurnalist şəbəkəsinin 2017-ci ilin sentyabrında dərc etdiyi araşdırmadır. Ona görə, 2012-2014-cü illərdə Britaniyada qeydiyyatdan keçmiş saxta şirkətlər vasitəsilə, əsasən “Danske Bank”ın Estoniya filialı üzərindən təxminən 2,9 milyard dollar köçürülüb. Jurnalistlərin yazdığına görə, bu pulun bir hissəsi Avropa siyasətçilərinə ödənilib, bir hissəsi isə elitanın dəbdəbəli xərclərinə gedib.
Azərbaycan hökuməti o vaxt araşdırmanı rədd etmişdi. Prezidentin mətbuat katibi Azər Qasımov onu “gülünc və qərəzli” adlandırmışdı, OCCRP-nin saytı isə Azərbaycanda bloklanmışdı.
Sonrakı illərdə Avropada bu sxemlə bağlı hökmlər çıxıb. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) keçmiş üzvü, italyan siyasətçi Luka Volonte 2021-ci ildə Azərbaycan rəsmilərindən rüşvət aldığına görə dörd il həbs cəzası alıb. “Vajnıye istorii”yə görə, ona pul məhz “Faberlex” vasitəsilə ödənilib. Almaniya Bundestaqının keçmiş deputatları Eduard Lintner və Aksel Fişer də Azərbaycanın xeyrinə lobbiçilikdə rüşvətə görə şərti cəza alıblar.
Sənədlərə görə, “Faberlex” və sxemin başqa iki şirkəti, “Hilux Services” və “Polux Management” kağız üzərində Bakıdan olan sürücü Məhərrəm Əhmədova məxsus idi.
Bəs indi?
Sızan sənədlər Tramp ilə Bakı arasındakı münasibətlərin ən isti dövrünə təsadüf edir. İlham Əliyev 2025-ci ilin avqustunda Ağ Evdə Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyannamə imzalayıb.
“Deutsche Bank” qanunla şübhəli əməliyyat hesabatları barədə danışmağın qadağan olunduğunu bildirib. Bankın jurnalistlərə ümumi cavabında deyilir ki, bu məsələlər “uzun illər əvvələ aiddir” və “bu gün biz başqa bankıq”. “Trump Organization” jurnalistlərin suallarını cavabsız qoyub, Ağ Ev isə sualları bu şirkətə yönləndirib. “Danske Bank” çirkli pulun yuyulmasının “heç vaxt baş verməməli olduğunu” bildirib və xatırladıb ki, iş 2022-ci ildə Danimarka və ABŞ orqanlarının qərarları ilə bağlanıb.
Azərbaycan hökuməti yeni sənədlərlə bağlı hələlik açıqlama verməyib.
Trampın Bakıdakı şirkətləri