Qonşular həlak olanlara yas tutur və dağılan evlərdən əşyalarını toplayırlar. Tbilisidə partlayış
Tbilisidə yaşayış binasında partlayış
Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında baş verən qaz partlayışı nəticəsində altı nəfər həlak olub. Onlardan ikisi azyaşlı uşaqdır. Uşaqlar anaları ilə birlikdə həyatlarını itiriblər.
Xəsarət alan beş nəfərdən birinin vəziyyəti hələ də son dərəcə ağırdır. Xəstəxanada iki azyaşlı da müalicə alır. Dağıntılar nəticəsində 28 ailə evsiz qalıb. Onlar gecələrini hotellərdə keçirirlər.

Partlayış baş verən evin yaxınlığında vəziyyət necədir?
Noyabrın 19-u səhər saatlarında qaz partlayışı nəticəsində yaşayış binasının iki blokunun uçduğu Aşağı Poniçala qəsəbəsində ərazi hələ də sarı lentlə əhatəyə alınıb. Hadisə yerində xilasedicilər işlərini davam etdirirlər.
Həyətdə tikinti tullantıları ilə dolu yük maşınları dayanıb. Xilasedicilər uçmuş binanın beton qalıqlarını təmizləyirlər.
Evin yaxınlığındakı parkda kortəbii xatirə guşəsi yaranıb. Buraya həlak olanların fotoşəkilləri, güllər, şamlar və rəngbərəng yumşaq oyuncaqlar qoyulub. Balaca qızlar xatirə guşəsinə qara lentlər bağlayırlar.

Tbilisidə artıq bir neçə gündür yağış yağır. Həlak olanların fotoşəkilləri, güllər və şamlar islanmasın deyə xatirə guşəsinin üzəri brezentlə örtülüb.
Parka həlak olanların qohumları, qonşuları və sadəcə tanışları gəlirlər. Heç kim baş verənlər haqqında danışa bilmir. İnsanlar hələ də göz yaşlarını saxlaya bilmirlər.
Həlak olan uşaqların sinif yoldaşları və dostları da buraya gəlirlər. Onlar onlarla böyük yumşaq oyuncaq gətirirlər.
Sağ qalan sakinlər xilasedicilərlə birlikdə dağılan mənzillərinə qayıdaraq salamat qalmış şəxsi əşyalarını götürürlər. Əşyalar polietilen torbalarda çıxarılır.
“Dəhşətli gurultu qopdu, hər yer silkələndi, elə bildik zəlzələdir”. Poniçalada nə baş verib?
Noyabrın 19-u səhər saatlarında Poniçalada, Rustavi şosesi, 16 ünvanında güclü partlayış baş verib. Saat təxminən doqquz idi. İnsanlar məktəbə və işə getməyə hazırlaşırdılar. Bəziləri artıq küçədə idi.
Partlayış beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində təbii qazın yığılması nəticəsində baş verib. Zərbə dalğası binanın bir hissəsini tamamilə dağıdıb, mərtəbələrarası örtüklərin uçmasına səbəb olub və bir neçə saniyə ərzində iki bloku beton qalağına çevirib.
İnsanlar xilas olmaq üçün özlərini pəncərələrdən atırdılar.
Zərbə dalğası partlayış baş verən mənzilin sahibi olan gənc kişini beşinci mərtəbədən bayıra atıb. Hazırda o, bədənində ağır yanıq xəsarətləri ilə xəstəxanadadır.
“Dəhşətli gurultu qopdu, hər yer silkələndi. Əvvəlcə elə bildik ki, zəlzələdir”, – möcüzə nəticəsində binadan sağ çıxmağı bacaran sakinlər xatırlayırlar.
Yeddi nəfər dağıntılar altında qalıb.
Qonşuların sözlərinə görə, partlayışdan sonrakı ilk dəqiqələrdə dağıntılar altında qalan bir neçə nəfərin kömək üçün ümidsiz qışqırıqlarını eşidiblər. Həmin insanlar nəhəng beton plitələrin altında qalmışdılar və onlara çatmaq mümkün deyildi.
Dağıntılar altında qalan yeddi nəfərdən yalnız birini, üç yaşlı Tayanı sağ çıxarmaq mümkün olub.
Qalan altı nəfərin meyiti tapılıb. Xilasetmə əməliyyatı gecə yarısına yaxın başa çatıb.
Noyabrın 22-si Gürcüstanda matəm günü elan edilib.
Sağ qalanlar: uşaqlar hələ də xəstəxanadadır. 31 yaşlı kişinin vəziyyəti kritikdir
Yaşayış binasında baş verən partlayış nəticəsində beş nəfər xəstəxanaya çatdırılıb. Onlardan dördü hadisədən dərhal sonra, səhər saatlarında xəstəxanaya yerləşdirilib. Daha bir zərərçəkən, üç yaşlı qız uşağı isə xəstəxanaya daha sonra aparılıb.
Xəsarət alan beş nəfərdən üçü hələ də xəstəxanadadır. Onlardan ikisi azyaşlıdır: 11 yaşlı Andriya və üç yaşlı Taya.
Noyabrın 20-nə olan məlumata görə, hər iki uşağın vəziyyəti stabil və qənaətbəxşdir. Həkimlərin bildirdiyinə görə, uşaqlarla psixoloq da işləyir. Ehtimal olunur ki, üç yaşlı qız 11 yaşlı oğlandan daha tez xəstəxanadan evə buraxılacaq.
Üçüncü zərərçəkənin, 31 yaşlı kişinin vəziyyəti hələ də kritik ağır olaraq qalır.
Digər iki zərərçəkən yüngül xəsarətlər alıb. Onlar artıq xəstəxanadan evə buraxılıblar.
Üç yaşlı Taya səkkiz saat dağıntılar altında qalıb

Üç yaşlı Taya bu dəhşətli uçqundan sağ çıxmağı bacaran yeganə şəxsdir. Qızcığaz səkkiz saat dağıntılar altında qalıb.
Yanğınsöndürən-xilasedici Qaqa Qigaşvili onun xilas edilməsi əməliyyatını belə təsvir edir:
“Onun üzərində təxminən üç mərtəbə hündürlüyündə dağıntı vardı: plitələr, beton bloklar, taxta konstruksiyalar. Ona çatanda yalnız ayağı görünürdü. Toxunduğumuz zaman ayağını yüngülcə tərpətdi. Sonra əlinə çatdıq. Əlində oyuncaq və saç sancağı vardı. O, bütün bu səkkiz saat ərzində saç sancağını ovcunda sıxıb saxlamışdı. Ovcunu açıb sancağı götürdük, əlini sıxdıq və bizi eşidirsə, əlimizi sıxmasını istədik. Əlimizi sıxanda başa düşdük ki, huşu özündədir və bizə reaksiya verir”.
Qızcığazın xilas edilməsi görüntülərini həyəcansız izləmək mümkün deyil. Əynində torpağa bulaşmış göy rəngli kofta və ağ kolqotka var. Üzü də palçıq və beton tozu ilə örtülüb. Xilasedicilər onu dağıntılar altından qucaqlarında çıxarırlar.
“Canımız bizim”, – xilasedicilərdən birinin səsi eşidilir. Bu, Qağa Qigaşvilidir. Yaşadığı gərginlik onun üzündən açıq-aşkar görünür.
Qaqa balaca qızı başqa bir xilasediciyə təhvil verir. Xilasedici qızcığazı sinəsinə sıxaraq təcili yardım maşınına doğru qaçır.
Evin qarşısına böyük izdiham toplaşıb. İnsanlar Tayanın xilas edilməsini alqışlarla və göz yaşları içində qarşılayırlar. Qızcığazın xilas edilməsi toplaşanlarda qalan altı nəfərin də sağ tapılacağına ümid yaradır.
Həmin vaxt artıq Tayanın anasının və yeddi yaşlı bacısının da dağıntılar altında qaldığı məlum idi.
11 yaşlı Andriya ağır xəsarətlər alıb
11 yaşlı Andriya hələ də xəstəxanadadır. O, 38 yaşlı anası ilə birlikdə xəstəxanaya yerləşdirilib. İnqorokva klinikasının həkimi Giya Bibilaşvilinin sözlərinə görə, uşaq xəstəxanaya anasından daha ağır xəsarətlərlə gətirilib.
Andriyanın baş beynində ocaqlı zədələnmələr, bir neçə əzilmə ocağı, ağciyər əzilməsi, kəllə sümüklərinin zədələnməsi, xarici qulaq travması, həmçinin dəri və yumşaq toxumaların çoxsaylı zədələnmələri aşkarlanıb. Qulağındakı travmaya görə onun plastik əməliyyata ehtiyacı olub.
Hazırda oğlanın vəziyyəti nisbətən stabildir. Yaxın vaxtlarda onun reanimasiya şöbəsindən adi palataya köçürülməsi planlaşdırılır.
Andriyanın anası beyin silkələnməsi keçirib. O, qısa müddət sonra xəstəxanadan evə buraxılıb.
31 yaşlı İlya İsayev: partlayışın baş verdiyi mənzilin sahibi
Zərərçəkənlər arasında ən ağır xəsarətləri 31 yaşlı İlya İsayev alıb. O, bədən səthinin 87 faizinin yanması ilə xəstəxanaya yerləşdirilib. Yanıq mərkəzinin həkimlərinin sözlərinə görə, gənc kişinin tənəffüs yolları da zədələnib.
İlya əvvəlcə huşunu itirməyib. O, hələ xəstəxanaya yerləşdirilməzdən əvvəl partlayışın necə baş verdiyini danışmağa macal tapıb.
İlya bu mənzildə daimi yaşamırdı. O, hadisədən cəmi bir gün əvvəl Batumidən Tbilisiyə qayıtmışdı. Dediyinə görə, gecə qaz qızdırıcısını işə salmağa çalışıb, lakin buna nail olmayıb. Səhər yenidən qızdırıcını işə salmaq istəyib. Elə həmin anda güclü partlayış baş verib. Zərbə dalğası İlyanı mənzildən bayıra atıb.
Hazırda o, xəstəxanada son dərəcə ağır vəziyyətdədir və süni tənəffüs aparatına qoşulub. Həkimlər onun vəziyyətini hələ də kritik qiymətləndirirlər.
Poniçalada baş verən partlayışda kimlər həlak olub və onlar haqqında nə məlumdur?
Həlak olanlar arasında uşaqları ilə birlikdə iki ana, gənc qadınlar və onların azyaşlı qızları var. Bundan başqa, 54 yaşlı qadın və 28 yaşlı kişi də həyatını itirib.
Nino Çelidze və onun yeddi yaşlı qızı Nutsa

Nino Çelidze üç yaşlı Tayanın anası idi. O, beş uşaq böyüdürdü və geyim mağazasında işləyirdi.
Partlayış zamanı Nino evdə iki uşağı, üç yaşlı Taya və yeddi yaşlı Nutsa ilə birlikdə idi. Digər üç uşağı isə ataları bir qədər əvvəl məktəbə aparmışdı.
Xilasedicilər Tayanı dağıntılar altından çıxardıqdan az sonra Ninonun meyitini tapıblar. Nutsanın meyiti isə xeyli sonra, saatlarla davam edən axtarışlardan sonra aşkarlanıb.
“Nino və həyat yoldaşı beş gözəl uşaq böyüdürdülər. Çox xoşbəxt idilər. Həyatsevər, yaxşı insanlar idilər. Birdən hər şey başlarına uçdu. Deməyə söz tapmıram. Taya sağ çıxarılanda həqiqətən ümid edirdim ki, qalanlarını da sağ tapacaqlar. Amma təəssüf ki, belə olmadı”, – baş verənlərdən sarsılmış ailənin yaxın tanışı danışır.
Veriko Vanişvili və birinci sinif şagirdi Ariana

Veriko Vanişvili altı yaşlı qızı Ariana Ristiç ilə birlikdə Poniçalada partlayış baş verən binanın ikinci mərtəbəsində yaşayırdı. Həmin səhər ana və qızı evdə olublar.
Veriko Grand Bellagio kazinosunda marketinq şöbəsinin rəhbəri işləyirdi.
“Onun təbəssümü, səmimiyyəti və işinə sədaqəti komandamızın yaddaşında əbədi qalacaq”, – kazinonun Facebook səhifəsində yayımlanan paylaşımda deyilir.
Ariananı Tbilisidəki 58 nömrəli uşaq bağçasının əməkdaşları və sinif yoldaşları da xatırlayırlar.
“Sən bizim üçün əbədi olaraq böyük bir ağrı, əvəzolunmaz itki, boşluq və sağalmayan yara olaraq qalacaqsan, bizim nur saçan, həyatsevər, mehriban və sevimli qızımız”, – bağçanın əməkdaşları yazırlar.
“Ariana, sən məktəbimizin kiçik bir parçası idin və həmişə də elə qalacaqsan. Uşaq təbəssümünün bir daha sinfimizi işıqlandırmayacağı ilə barışmaq çətindir”, – özəl “Helios” məktəbinin administrasiyasının paylaşımında bildirilir.
Lali Şişmanaşvili: “Əkizlərin anası”

54 yaşlı Lali Şişmanaşvili binanın birinci mərtəbəsində yaşayırdı. Partlayış zamanı onun əkiz qızları da evdə olublar.
Qonşuların sözlərinə görə, bina uçmağa başlayanda Lali qızlarına pəncərədən tullanmalarını qışqırmağa macal tapıb. Bunun sayəsində qızlar xilas ola biliblər.
“Ana onlara qışqırmağa macal tapdı: tullanın!” – qonşu qadınlardan biri xatırlayır. Qonşular Lalini “əkizlərin anası” adlandırırdılar.
Qonşunun sözlərinə görə, Lali köməyə çağırır, onu xilas etmələri üçün yalvarır və qaranlıqdan qorxduğunu deyirdi.
“Yataq otağının qapısı beton plitələrin altında qalmışdı, otağın içərisinə də beton plitə uçmuşdu. Heç kim ona kömək edə bilmirdi. Mən ona deyirdim ki, xilasedicilər artıq buradadır, səni tezliklə çıxaracaqlar”, – qonşu qadın xatırlayır.
Lali filoloq idi və evində fərdi dərslər keçirdi.
“Övladları üçün yaşayan ana idi. Onlara yaxşı həyat təmin etmək üçün nələr etmirdi ki”, – bütün gecəni evin qarşısında keçirərək rəfiqəsinin xilas ediləcəyinə ümid bəsləyən tanışı Lalini belə xatırlayır.
Caba Sakevaraşvili: 28 yaşlı kuryer

Poniçalada baş verən partlayışın daha bir qurbanı 28 yaşlı Caba Sakevaraşvili olub. O, “Gürcüstan Poçtu”nda kuryer işləyirdi.
Şirkətdə onu məsuliyyətli, zəhmətkeş və işinə sadiq əməkdaş kimi xatırlayırlar.
Cabanın yaxınlarından birinin sözlərinə görə, gənc kişi bu mənzilə çox yaxın vaxtlarda köçmüşdü.
28 ailə evsiz qalıb, daha 62 ailə isə eyni binada yaşamağa davam edir
Partlayış baş verən çoxmənzilli yaşayış binası altı blokdan ibarətdir. Tbilisi meriyasının məlumatına görə, binada 90 ailə yaşayırdı. Partlayışdan dərhal sonra bütün sakinlər təxliyə edilib.
Əvvəlcə Tbilisi meriyası təxliyə olunanların hamısını hotellərdə yerləşdirməyə hazır olduğunu bildirib. Elə həmin gün bələdiyyə xidməti binaya baxış keçirib. Bundan sonra Tbilisi meri bildirib ki, problem yalnız iki blokda, partlayışın baş verdiyi və ona bitişik blokda var. Binanın digər dörd blokunda isə yaşamaq mümkündür.
Uçmuş iki blokda yaşayan 28 ailə, ümumilikdə 143 nəfər hazırda gecələrini hotellərdə keçirir.
Tbilisi merinin sözlərinə görə, bələdiyyə həmin ailələrə mənzillərin dəyişdirilməsi proqramını təklif edəcək. Onlar üçün yeni mənzillər tikilənədək ailələr kirayə evlərdə yerləşdiriləcək. Kirayə haqqını meriya ödəyəcək.

Noyabrın 20-si gecə saatlarında “Gürcü Arzusu” partiyası Bidzina və Eka İvanişvilinin başsağlığı məktubunu yayıb. Məktubda İvanişvili cütlüyünün evsiz qalan 28 ailə üçün mənzil alacağı bildirilir.
Bu açıqlama Tbilisi merinin daha əvvəl verdiyi bəyanatdan sonra yayılıb. Hazırda İvanişvililərin mənzilləri haradan alacağı, ailələrin yeni mənzilləri nə vaxt əldə edəcəyi və bu yardımın necə bölüşdürüləcəyi məlum deyil. Həmçinin bu təşəbbüsün meriyanın təklif etdiyi mənzillərin dəyişdirilməsi proqramı ilə necə uzlaşdırılacağı hələlik açıqlanmayıb.
Tbilisi meriyasının məlumatına görə, binanın salamat qalmış bloklarında yaşayan sakinlərə də mənzillərin dəyişdirilməsi proqramında iştirak təklif olunacaq. Söhbət hələlik həmin binada yaşamağa davam edən 62 ailədən gedir.
Faciənin qarşısını almaq mümkün idimi? Bunu istintaq müəyyənləşdirəcək
“Tbilisi Energy” qazpaylayıcı şirkətinin texniki direktorunun müavini Giorgi Lefsveridze bildirib ki, partlayış baş verən mənzil şirkətin məlumat bazasında qaz təchizatı dayandırılmış mənzil kimi qeydiyyatda olub.
Onun sözlərinə görə, 2025-ci ilin dekabrından partlayış gününədək həmin ünvanda qaz sərfiyyatı qeydə alınmayıb və abonentə hər ay sıfır məbləğli hesab göndərilib. Şirkət həmçinin bildirib ki, son iki ildə bu ünvandan qaz iyi ilə bağlı heç bir məlumat daxil olmayıb.
Lefsveridzenin sözlərinə görə, binada planlı yoxlamalar 2025 və 2026-cı illərin yanvar aylarında aparılıb. Lakin 2026-cı ilin yanvarında şirkətin əməkdaşları sonradan partlayış baş verən mənzilə daxil ola bilməyiblər. Qonşuların köməyi ilə mənzil sahibi ilə əlaqə saxlayıblar. O, Tbilisidən kənarda olduğunu bildirib və qayıtdıqdan sonra yoxlama üçün mənzilə giriş imkanı yaradacağına söz verib.
Partlayışın dəqiq səbəbini və baş verənlərə görə kimin məsuliyyət daşıdığını istintaq müəyyənləşdirməlidir. Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi, tikinti işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması üzrə araşdırmaya başlanılıb.
Paralel olaraq, Enerji Ombudsmanı Xidməti də hadisənin başvermə şəraitini araşdırmağa başlayıb. Qurum faciə baş verən gün “Tbilisi Energy” şirkətindən müvafiq məlumatları tələb edib.
Tək-tük hadisə, yoxsa sistemli problem? Tbilisi oxşar faciələri xatırlayır
Poniçalada baş verən hadisə ilk belə insident deyil. Tbilisidə uzun illərdir ki, vaxtaşırı qaz sızması nəticəsində partlayışlar baş verir. Bəzən bu hadisələr insan tələfatına, bəzən isə onlarla ailənin müvəqqəti olaraq evsiz qalmasına səbəb olan dağıntılara gətirib çıxarır.
2019-cu ildə FactCheck təşkilatı “KazTransGas” şirkətinin məlumatlarına əsaslanan statistika dərc edib.
“KazTransGas”ın məlumatlarına görə, 2016-cı ildən 2019-cu ilin birinci rübünədək Tbilisidə təbii qaz sızması nəticəsində baş verən partlayışlar və zəhərlənmələr səbəbindən 101 nəfər həyatını itirib, daha 285 nəfər isə zəhərlənib”.
Hər belə faciədən sonra məsuliyyət məsələsi müzakirə olunur: bu hadisələrə görə kim cavabdehdir? Yaşayış binalarının dayanıqlığını, qazpaylayıcı şəbəkələrin sazlığını və təhlükəsizliyini kim yoxlamalıdır?
İndi isə yeni suallar yaranıb: qaz şirkətinin əməkdaşları mənzilə daxil ola bilmədikdə nə baş verir? Qaz sərfiyyatının qeydə alınmaması mənzilin təhlükəsiz olduğu anlamına gəlirmi? Mənzil sahibi uzun müddət evdə olmadıqda və texniki yoxlama aparmaq mümkün olmadıqda hansı mexanizmlər nəzərdə tutulur?
Mühəndis və professor Temur Mikiaşvili Netgazeti nəşrinə şərhində bildirir ki, qaz sərfiyyatının olmaması təhlükəsizliyə zəmanət vermir. Onun izahına görə, sayğac kiçik qaz sızmasını qeydə almaya bilər, qapalı mənzildə isə qaz zamanla yığıla bilər.
O, həmçinin qaz avadanlıqlarını birləşdirən plastik boruların və rezin şlanqların köhnəlməsinə diqqət çəkir. Bu da hiss edilməyən qaz sızmasına səbəb ola bilər.
Ekspertin sözlərinə görə, mühüm profilaktik vasitələrdən biri qaz detektorlarıdır. Bu qurğular qaz sızması zamanı səs siqnalı verir və ya bildiriş göndərir. Qaz təchizatını avtomatik dayandıra bilən modellər də mövcuddur.
Tbilisinin daha bir problemi: yaşayış binalarının köhnəlməsi
Tbilisinin problemi yalnız qaz sistemlərindəki nasazlıqlarla məhdudlaşmır. Poniçalada yaşayış binasının bu qədər sürətlə uçması binaların istismar müddəti məsələsini yenidən gündəmə gətirib.
Tbilisidə çoxlu köhnə və qəzalı vəziyyətdə olan yaşayış binaları var. Onilliklər əvvəl tikilmiş bir çox bina artıq müasir təhlükəsizlik normalarına cavab vermir.
Qəzalı binalar probleminin həlli üçün Tbilisi meriyasının ayrıca proqramı və büdcəsi var.
Korrupsiya məsələləri üzrə araşdırmaçı İrakli Abesadzenin dərc etdiyi məlumatlara görə, Tbilisidə bu istiqamətdə iki əsas büdcə proqramı həyata keçirilir:
- Qəzalı binaların möhkəmləndirilməsi: 2018–2025-ci illərdə, Kaxa Kaladzenin mer olduğu dövrdə bu proqrama ümumilikdə 87 742 800 lari xərclənib. Həmin vəsait hesabına 269 bina tam və ya qismən möhkəmləndirilib.
- Qəzalı binaların yeniləri ilə əvəz edilməsi: proqram 2022-ci ildə başlayıb. 2022–2025-ci illərdə bu məqsədlə ümumilikdə 19 081 700 lari ayrılıb.
Abesadze bu proqramların maliyyələşdirilməsini korrupsiya sxemləri nəticəsində mənimsənildiyi ehtimal olunan məbləğlərlə müqayisə edir.
Onun sözlərinə görə, təkcə metro vaqonlarının modernləşdirilməsi layihəsi çərçivəsində mənimsənildiyi ehtimal olunan 41 105 298 lari qəzalı binaların möhkəmləndirilməsi proqramının maliyyələşdirilməsini 50 faiz artırmağa kifayət edərdi.
Abesadzenin hesablamalarına görə, bu, əlavə olaraq təxminən 100 binanın möhkəmləndirilməsinə imkan verərdi. Onun sözlərinə görə, eyni məbləğ hesabına qəzalı binaların yeniləri ilə əvəz edilməsi proqramının maliyyələşdirilməsini üç dəfə artırmaq olardı.
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası: dövlətin öhdəlikləri istintaqa başlamaqla məhdudlaşmır
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası (GYLA) da problemlərin genişmiqyaslı və sistemli xarakter daşıdığına diqqət çəkir. Təşkilatın qiymətləndirməsinə görə, dövlətin öhdəlikləri istintaqa başlamaqla bitmir. Qazpaylayıcı şəbəkələrə dair qaydalarda nəzərdə tutulan yoxlama tələblərinə nə dərəcədə əməl edildiyi və istehlakçının mənzilinə daxil olmaq mümkün olmadıqda hansı tədbirlərin görüldüyü müəyyənləşdirilməlidir.
GYLA Gürcüstanın Energetika və Su Təchizatını Tənzimləmə üzrə Milli Komissiyasının (GNERC) 31 dekabr 2021-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara istinad edir. Həmin qaydalara əsasən, sistem operatoru istehlakçıya məxsus qaz təchizatı sistemini mütəmadi yoxlamalı, pozuntu aşkar edildikdə isə istehlakçını yazılı şəkildə məlumatlandırmalı və müvafiq tədbirlər görməlidir.
Bu məsələ xüsusilə onilliklər əvvəl quraşdırılmış kommunikasiya xətlərindən, sonradan dəyişdirilmiş borulardan, köhnəlmiş istilik cihazlarından və zəruri tələblərə cavab verməyən havalandırma sistemlərindən istifadə olunan köhnə yaşayış binaları üçün aktualdır.
Tbilisidə yaşayış binasında partlayış