Almaniyada keçmiş kəşfiyyat rəhbərinin həbsi: istintaq Azərbaycan kəşfiyyatı ilə əlaqəni araşdırır
Alman kəşfiyyatı Azərbaycana məlumat ötürüb
Almaniyanın xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri August Hanning dövlət sirrlərinin əldə edilməsi, dövlətə xəyanətə cəhd və xarici kəşfiyyat üçün fəaliyyət şübhəsi ilə həbs olunub. Almaniya Federal Prokurorluğu bunun hansı xarici dövlət olmasını açıqlamır. “Spiegel”in məlumatına görə isə istintaq Hanningin Azərbaycan kəşfiyyatının əməkdaşı ilə mümkün əlaqəsini və onun üçün məxfi məlumatlar əsasında analiz hazırlayıb-hazırlamadığını araşdırır.
Hanning uzun illərdir Almaniya-Azərbaycan Forumunun idarə heyətində də təmsil olunur.
Almaniyanın Federal Kəşfiyyat Xidmətinə – BND-yə 1998-2005-ci illərdə rəhbərlik etmiş 80 yaşlı August Hanning oktyabrın 6-da saxlanılıb. Onun keçmiş aparat rəhbəri Manfred D. də eyni istintaq çərçivəsində həbs edilib.
Federal Prokurorluq Hanningin dövlətə xəyanət xarakterli casusluq, dövlət sirrlərinin əldə edilməsi, dövlətə xəyanətə cəhd və xarici kəşfiyyat üçün agent fəaliyyəti ilə bağlı ciddi şübhə altında olduğunu bildirir. Manfred D. isə dövlətə xəyanətə cəhdə və casusluğa yardımda şübhəli bilinir.
Hazırda söhbət istintaq mərhələsində olan ittihamlardan gedir və Hanning barəsində yekun məhkəmə qərarı yoxdur.
Təxminən 2 min BND sənədi
İstintaqın versiyasına görə, Hanning BND-dən getdikdən bir neçə il sonra keçmiş əməkdaşı ilə məxfi məlumatların ötürülməsi barədə razılaşıb.
Federal Prokurorluq hesab edir ki, təxminən 2010-cu ilin yazında Hanning və Manfred D. arasında razılaşma olub: D. pul müqabilində BND daxilində əldə etdiyi önəmli məlumatları mütəmadi olaraq keçmiş rəhbərinə çatdırmalı imiş.
Manfred D. Hanninglə BND-də işləyib, daha sonra onun ardınca Federal Daxili İşlər Nazirliyinə keçib. 2012-ci ildə isə yenidən BND-də işləməyə başlayıb və 2026-cı ilin martına qədər sonrakı BND prezidentlərinin aparatında yüksək vəzifədə çalışıb. Bu mövqedə onun məxfi məlumatlara çıxışı olub.
İstintaqın hazırkı nəticələrinə əsasən, 2010-2022-ci illərdə Manfred D. Hanningə 2 minə yaxın sənəd verib. Sənədlərin əhəmiyyətli hissəsi məxfi məlumatlardan ibarət olub və yalnız BND-nin daxili istifadəsi üçün nəzərdə tutulub.
Bu materialların bir hissəsi BND rəhbərliyinin hazırlanması və Almaniya Kansler Aparatında keçirilən müntəzəm kəşfiyyat müşavirələri üçün istifadə olunan məlumatlardan ibarət olub. WDR, NDR və “Süddeutsche Zeitung”un araşdırmasına görə, sənədlərin arasında İranın nüvə proqramı, Rusiya ordusu və Almaniyanın tərəfdaş kəşfiyyat xidmətlərindən daxil olmuş məlumatlar da var.
Prokurorluq Hanningin bu məlumatlardan özəl məsləhətçilik fəaliyyətində kommersiya məqsədilə istifadə etmək niyyətində olduğunu bildirir.
Azərbaycan bağlantısı necə ortaya çıxıb?
Federal Prokurorluğun rəsmi açıqlamasında Azərbaycan və ya hər hansı başqa dövlətin adı çəkilmir.
Rəsmi məlumata görə, Hanning Manfred D.-dən aldığı məxfi məlumatlardan bir dəfə “xarici kəşfiyyat təhlükəsizlik aparatının əməkdaşı” üçün analiz hazırlamaq məqsədilə istifadə edib. Həmin analizin nəzərdə tutulan şəxsə çatıb-çatmadığını istintaq hələ müəyyən edə bilməyib.
Azərbaycan bağlantısı Almaniya mediasının istintaq mənbələrinə əsaslanan məlumatlarında ortaya çıxır.
“Spiegel”in məlumatına görə, müstəntiqlər Hanningin Azərbaycan kəşfiyyatının əməkdaşı ilə əlaqədə olması ehtimalını araşdırırlar. Jurnalın məlumatında Hanningin məxfi BND məlumatlarından istifadə edərək hazırladığı analizin də məhz həmin şəxs üçün nəzərdə tutulduğu bildirilir. Bu məlumatı WELT, t-online və digər Almaniya mediası da yayıb.
Hanning Almaniya-Azərbaycan Forumunun idarə heyətindədir
Azərbaycanla bağlı iddianı diqqətçəkən edən başqa məqam Hanningin bu ölkə ilə əvvəlki açıq əlaqələridir.
O, uzun müddətdir Deutsch-Aserbaidschanisches Forum – Almaniya-Azərbaycan Forumunun idarə heyətinin üzvüdür.
Forumun 2025-ci ilin avqustunda yeni rəhbərliyinin seçilməsi barədə yayılan məlumatda Hanning yenidən idarə heyətinin üzvləri arasında göstərilib. Həmin siyahıda Azərbaycanın dövlət neft şirkəti – SOCAR-ın Almaniyadakı nümayəndəsi Elmar Mamedov da yer alır.
Forum özünü Almaniya ilə Azərbaycan arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafını təşviq edən tərəfsiz platforma kimi təqdim edir. Almaniyada lobbiçilik məsələlərini araşdıran “LobbyControl” isə təşkilatı daha əvvəl Azərbaycan hakimiyyətinə yaxın lobbi şəbəkələrindən biri kimi xarakterizə edib.
Hanningin Forumdakı üzvlüyü yeni deyil. “Tagesspiegel” hələ 2017-ci ildə keçmiş BND rəhbərinin təşkilatın idarə heyətində olduğunu yazırdı. Forumun həmin dövrdə də bir sıra keçmiş nazirləri, deputatları və yüksək vəzifəli dövlət məmurlarını öz strukturlarında birləşdirdiyi bildirilirdi.
Almaniyada əvvəlki “Azərbaycan işi”
Yeni casusluq istintaqı Almaniyada Azərbaycanla bağlı ilk böyük qalmaqal deyil.
Son illərdə Almaniya siyasətçilərinin Azərbaycan maraqları naminə pulla təsir göstərilməsi ilə bağlı bir sıra cinayət işləri aparılıb.
2025-ci ilin iyulunda Münhen məhkəməsi keçmiş CSU deputatı Eduard Lintneri Azərbaycan mənşəli pulların Avropa Şurası Parlament Assambleyasındakı qərarlara təsir göstərmək üçün ötürülməsində iştirak etdiyinə görə doqquz aylıq şərti həbs cəzasına məhkum edib. Məhkəmə bunu açıq şəkildə səs satınalma halı kimi qiymətləndirib.
2026-cı ilin yanvarında isə keçmiş CDU deputatı Axel Fişer 14 aylıq şərti həbs cəzası alıb. Məhkəməyə görə, Fişer Avropa Şurası Parlament Assambleyasında fəaliyyəti zamanı Azərbaycandan on minlərlə avro alıb, bunun müqabilində ölkə haqqında müsbət çıxışlar edib və məxfi sənədlər ötürüb.
Bu işlər hazırkı Hanning istintaqından hüquqi baxımdan ayrıdır. Lintner və Fişer işlərində söhbət siyasi korrupsiya və Azərbaycan hökumətinin maraqları naminə lobbiçilikdən gedirdi. Hanning işi isə dövlət sirrləri və xarici kəşfiyyat fəaliyyəti ilə bağlıdır.
İstintaq təsadüfən başlayıb
Hanninglə bağlı casusluq şübhəsinin ortaya çıxması da qeyri-adi olub.
2025-ci ilin sentyabrında Almaniya hüquq-mühafizə orqanları başqa cinayət işi – sahibkar Kristina Blokun uşaqlarının oğurlanması işi çərçivəsində Hanningə aid ev və ofislərdə axtarış aparıb. Hanning həmin iş üzrə də ittihamları rədd edib.
Axtarış zamanı hüquq-mühafizə əməkdaşlarının BND-yə məxsus məxfi materiallara rast gəldiyi bildirilir. Sənədlər sonradan federal orqanlara ötürülüb və 2026-cı ilin mayında Hanning və Manfred D. barəsində gizli istintaq başlanıb.
İşin nəticəsi Almaniya kəşfiyyatı üçün ciddi nəticələr yarada bilər. BND rəhbəri Martin Yager qurum daxilində də araşdırma aparıldığını və ilkin şübhələrin gücləndiyini bildirib. Almaniya parlamentində kəşfiyyat xidmətlərinə nəzarət edən siyasətçilər isə hadisənin tam araşdırılmasını tələb edirlər.
Hanningin Azərbaycan kəşfiyyatı ilə əlaqəsi barədə iddia təsdiqlənərsə, məsələ artıq Almaniyada əvvəlki Azərbaycan lobbiçilik qalmaqallarından fərqli səviyyəyə keçəcək: bu dəfə söhbət siyasi təsirdən deyil, Almaniya dövlətinin məxfi kəşfiyyat məlumatlarının mümkün şəkildə xarici xidmətə ötürülməsindən gedir.
Alman kəşfiyyatı Azərbaycana məlumat ötürüb