"Abort üzərində xoşbəxtlik qurmaq olmaz" - Gürcüstanın yeni patriarxının ailə və demoqrafiya haqqında ilk moizəsi
Gürcüstanın patriarxı abort və ailə barədə
Gürcüstanın yeni Katolikos-Patriarxı III Şio ilk ictimai moizəsində demoqrafik böhran və “gender ideologiyası”na qarşı qanunvericiliyin gücləndirilməsinin, həmçinin ailənin müdafiəsinin vacibliyindən danışıb. Onun açıqlamaları həm ölkə əhalisinin azalması təhlükəsinə, həm də abortlar və ailə dəyərlərinin qorunması məsələsinə aid olub.
“Ailənin müdafiəsi üçün qanunvericilik gücləndirilməlidir”
Patriarxın fikrincə, dövlət ailəni “zərərli gender nəzəriyyələri və ideologiyasından qoruyacaq” hüquqi mexanizmləri gücləndirməlidir.
Onun sözlərinə görə, cəmiyyətdə belə qanunvericilikdən imtina çağırışları səslənir, lakin kilsənin mövqeyi bunun əksidir. O bildirib ki, bu istiqamət “möhkəmlənməli və gücləndirilməlidir”.
III Şio vurğulayıb ki, ailənin müdafiəsi siyasətini ölkənin “sağ qalması, çoxalması və Tanrı lütfü”nün əsası hesab edir.
“Demoqrafik böhran haqqında”
Patriarx moizəsində Gürcüstandakı demoqrafik vəziyyətə xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, əgər ölkə demoqrafik problemləri həll etməsə və ailələrin möhkəmləndirilməsinin qayğısına qalmasa, Gürcüstanda “başqa xalqlar məskunlaşaraq say baxımından gürcüləri üstələyə bilər”.
O bildirib ki, Gürcüstanda yaşayan digər etnik qruplar “uşaqları sevir”, “uşaqlardan imtina etmir” və “öz dinlərini qoruyurlar”, buna görə də daha yaxşı çoxalırlar.
Patriarx əlavə edib ki, “Tanrı bizi belə ssenaridən qorusun”, lakin mövcud tendensiyalar davam edərsə, bu təhlükəni real hesab edir.
Abort “ağır günah” kimi
III Şio ailədə abort mövzusuna da toxunub və bunu “ağır günah” adlandırıb.
“Əgər ailədə abort kimi ağır günah baş verirsə, əlbəttə, belə təməl üzərində ailə heç bir xoşbəxtlik qura bilməz və belə ailə məhvə məhkumdur.
İncildən bildiyimiz kimi, öldürülənlərin qanı Tanrıdan qisas tələb edir. Əksinə, harada ki, hər 2-3 ildən bir Tanrının göndərdiyi mələk olan uşaq dünyaya gəlir, orada xoşbəxtlik var. Çünki o, öz varlığı ilə ətrafdakı hər şeyi işıqlandırır”, – deyə III Şio bildirib.
Şərhlər

“Sosial Ədalət Mərkəzi”nin direktoru Tamta Mikeladze: “Ölkədə abortların sayını təhlil etdim və doğum göstəriciləri ilə müqayisə etdim.
Statistika göstərir ki, ölkədə həm abortların, həm də doğumların sayı eyni vaxtda azalır və abortların sayının azalması doğumların artmasına təsir etmir. 2018-ci ildən ölkədə ümumilikdə reproduktiv aktivlik azalıb. Bu, ehtimal ki, reproduktiv yaşda olan əhalinin miqrasiyası, iqtisadi qeyri-sabitlik, mənzil qiymətlərinin kəskin artması və ailələrin zəif sosial müdafiəsi ilə bağlıdır.
Daha dəqiq baxsaq, abortların sayı xüsusilə 2011-2015-ci illərdə yüksək olub və ildə 30 000-i keçib. Pik göstərici 2012-ci ildə 39 200 hal ilə qeydə alınıb. Lakin 2014-cü ildə 33 500, 2015-ci ildə isə 33 400 hal olmaqla göstərici yenə də çox yüksək idi. 2018-ci ildən abortların sayında fasiləsiz azalma başlayıb və 2024-cü ildə bu rəqəm tarixi minimuma, 11 800-ə düşüb. 2012-ci ilin tarixi maksimumu ilə müqayisədə bu, təxminən 70%-lik azalmadır.
İndi isə doğum göstəricilərinə baxaq. Doğum səviyyəsində artım 2008-ci ildən başlayır. Pik göstərici 2014-cü ildə 60 635 doğumla qeydə alınıb. 2009, 2010, 2015 və 2017-ci illərdə də göstəricilər yüksək olub. 2018-ci ildən isə azalma başlayıb və 2025-ci ildə doğum göstəricisi tarixi minimuma, 37 867-yə düşüb. Tarixi piklə müqayisədə bu, təxminən 37%-lik azalmadır.
Buna görə də Gürcüstanda bir mühüm tendensiya aydın görünür: ölkədə həm abortların, həm də doğumların göstəriciləri əvvəl eyni vaxtda artıb, sonra isə eyni vaxtda azalıb. Yəni statistik baxımdan abortların sayının azalması ilə doğumların artması arasında birbaşa korrelyasiya müşahidə olunmur. Daha çox görünən odur ki, ölkədə ümumilikdə reproduktiv aktivlik azalıb. Bu isə reproduktiv yaşda olan əhalinin ölkədən getməsi, iqtisadi çətinliklər və mənim fikrimcə, həm də siyasi depressiya ilə bağlı ola bilər.
Problem başqa yerdədir, lakin həm rejim, həm də patriarxiya problemi başqa istiqamətdə axtarır, çünki real sosial və demoqrafik çağırışlar haqqında danışmaq istəmirlər”.

Şota Diqmelaşvili, “Forbes Georgia”nın icraçı redaktoru: “Gürcü ailələrinin problemi “gender nəzəriyyələri” deyil. Gürcü ailələrinin iqtisadi problemləri var, bu səbəbdən ailələr dağılır, uşaqlar isə valideynlərini yalnız smartfon ekranından görürlər.
Gürcüstanın problemi aşağı doğum səviyyəsi deyil; ölkədə əksər hallarda ölənlərdən daha çox insan doğulur. Lakin yoxsulluq, bərabərsizlik və perspektivsizlik səbəbindən yaranan emiqrasiya nəticəsində əhali yenə də azalır.
Kilsənin vəzifəsi, ilk növbədə, yoxsulları və əzilənləri müdafiə etmək, eləcə də milləti birləşdirmək, onlar arasında dağıdılmış körpüləri bərpa etməkdir.
Bunun əvəzinə biz dini kürsüdən konkret bir partiyanı və onunla əlaqəli iqtisadi elitaları gücləndirmək üçün istifadə olunduğunu görürük. Bu, xalqın real problemlərindən diqqəti yayındırmağa xidmət edən xüsusi siyasi narrativlərin yayılmasıdır”.
Gürcüstanın patriarxı abort və ailə barədə