Ermənistan Rusiyadan uzaqlaşaraq Aİ-yə doğru yönəlir: proses başlayıb, lakin sona hələ çox var
Rusiya və Avropa arasında qalan Ermənistan
Ermənistanda parlament seçkiləri başa çatıb, lakin siyasi, o cümlədən geosiyasi gərginlik səngiməyib. Bu seçkilər bir çoxları tərəfindən “Rusiya, yoxsa Aİ?” məsələsi üzrə referendum kimi qəbul edilirdi. Seçkiqabağı dövrdə Moskva Ermənistan məhsullarının Rusiya ərazisinə idxalına məhdudiyyətlər tətbiq etdi. Ermənistanda bu addım cəmiyyətə təzyiq vasitəsi kimi qiymətləndirildi. Bəzi gözləntilərin əksinə olaraq, Rusiya seçkilərdən sonra iqtisadi sanksiyaları nəinki aradan qaldırdı, hətta onları daha da sərtləşdirdi.
Bu fonda Avropa İttifaqı “Ermənistanın yanında olmağa” qətiyyətli olduğunu bildirib. Qurumun rəhbərliyi artıq on milyonlarla dollar maliyyə yardımının ayrılacağını açıqlayıb. Aİ həmçinin birdən-birə Rusiyanın keyfiyyət standartlarına uyğun gəlmədiyi bildirilən Ermənistan məhsulları və malları üçün öz bazarlarını açıb. Lakin ən başlıcası, Brüssel Yerevanla münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır. Ermənistanın yenidən seçilmiş rəhbərliyi isə seçkilərin nəticələrinin xalqın Avropa yolunu davam etdirmək iradəsini göstərdiyini bildirir.
JAMnews son hadisələri ümumiləşdirib və əks mövqelərə malik analitiklərlə söhbətləşib. Ermənistanın gələcəyini necə qurmalı olduğu barədə ölkə sakinləri də fikirlərini bölüşüblər.

- “Moskva Ermənistanın Rusiyanın inteqrasiya strukturlarından çıxmasına nail olacaq”: Rusiya XKX-nin bəyanatına reaksiya
- Ermənistanda seçicilərin satın alınmasına qarşı mübarizədə yeni mexanizmlərin tətbiqi müzakirə olunur
- Ermənistanda Aİ-nin yeni missiyası seçkilərdən sonrakı risklərin aradan qaldırılmasına dəstək verəcək
Hər şey nədən başlayıb?
İndi bunu çox az adam xatırlayır, lakin 2018-ci il “məxməri inqilab”ından dərhal sonra, həmin vaxt müxalifət lideri, indi isə Ermənistanın baş naziri olan Nikol Paşinyan hökumətinin hər hansı geosiyasi dönüş etməyəcəyini bildirirdi. O dövrdə Ermənistan artıq Rusiyanın inteqrasiya strukturlarının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzvü idi. İllər sonra isə eyni Nikol Paşinyan həm Avropada yüksək tribunalardan, həm də Yerevanda Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyindən danışır.
Bəs bu müddət ərzində nə baş verib? Son bir neçə ildə Cənubi Qafqazda bütün təhlükəsizlik sistemi dağılıb və bu, zəncirvari təsir yaradıb. Əvvəlcə Yerevanla Moskva arasında münasibətlər həqiqətən də ciddi insidentsiz inkişaf edirdi. Lakin sonra 2020-ci il Qarabağ müharibəsi baş verdi. Ermənistan bu müharibədə məğlub oldu və Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı olmaq imkanını itirdi. Formal baxımdan, 2020-ci ildə Yerevanın Moskvaya qarşı hər hansı irad irəli sürməsi üçün əsas yox idi. Dağlıq Qarabağ Ermənistanın tərkibinə daxil deyildi. İki ölkə arasında imzalanmış bütün sazişlər yalnız Ermənistanın özünə şamil olunurdu və tanınmamış dövlətə aidiyyəti yox idi.
Lakin daha sonra çoxları üçün gözlənilməz hadisələr baş verdi.
Azərbaycan iki il ərzində bir neçə dəfə artıq Ermənistan ərazisində hərbi əməliyyatlara başladı. Yerevan KTMT hərbi blokundakı müttəfiqlərindən yardım istədi. Lakin nə hərbi yardım aldı, nə də baş verənlərlə bağlı siyasi qiymətləndirmə eşitdi.
Müttəfiqlər bildirivlər ki, eskalasiyanın dəqiq harada baş verdiyini hələ müəyyənləşdirmək lazımdır, çünki Ermənistanla Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Paşinyan buna sərt cavab verib:
“Ermənistanla Azərbaycan arasında sərhədin olmadığını demək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasının mövcud olmadığını iddia etmək deməkdir. Əgər məsuliyyət zonası yoxdursa, deməli, təşkilatın özü də yoxdur”.
Bundan sonra xarici təhlükə qarşısında tək qalan Yerevan KTMT-də iştirakını dondurub və diqqətini Avropaya yönəldib. Bəzi analitiklərin fikrincə, bunun əvəzində Ermənistan Dağlıq Qarabağı rəsmən Azərbaycanın bir hissəsi kimi tanımalı olub. Avropa İttifaqı isə Ermənistana mülki müşahidə missiyası göndərib və bu, Azərbaycanla sərhəddə vəziyyətin sabitləşməsinə real töhfə verib. Bundan əlavə, Ermənistan Aİ-nin siyasi dəstəyini qazanıb.
Davamı daha ciddi oldu
Təbii ki, bölgədə baş verən dəyişikliklər siyasi dəyişikliklərə də gətirib çıxarmalı idi. Ermənistan-Azərbaycan istiqamətində bütün danışıqlar prosesi Qərbə yönəldi ki, bunu çox az adam gözləyirdi. Azərbaycanla münaqişənin 1990-cı illərdə başlamasından etibarən danışıqların əsas moderatoru və vasitəçisi məhz Moskva olmuşdu.
2023-cü ilin sentyabr hadisələrindən sonra, Azərbaycanın başlatdığı birgünlük müharibə nəticəsində bütün erməni əhalisinin öz vətənini tərk etməsindən sonra Rusiya regiondakı təsirini tamamilə itirdi.
Bununla yanaşı, Rusiya Ermənistan əhalisi arasında nüfuzunu və dost dövlət statusunu da itirdi.

Rusiya formal olaraq hələ də Ermənistanın strateji müttəfiqi sayılsa da, burada heç kim rusiyalı sülhməramlıların faktiki olaraq müşahidəçi rolunda qalmasını və Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin etmək missiyasını yerinə yetirməməsini unutmayıb. KTMT Ermənistanın ərazi bütövlüyünü qorumaqdan imtina etdikdən sonra isə Moskva ilə Yerevan arasındakı münasibətlər daha da soyuyub. Ermənistan rəhbərliyi həm bəyanatlarında, həm də atdığı addımlarda Rusiya ilə münasibətlərdə əvvəlki ehtiyatlılığından uzaqlaşıb.
Eyni zamanda, Ermənistan hakimiyyətinin avropalı tərəfdaşlarla təmasları intensivləşib. Brüssel siyasi və iqtisadi islahatların həyata keçirilməsi, eləcə də ölkə sərhədlərinin möhkəmləndirilməsi üçün Yerevana yüz milyonlarla dollar ayırıb. Fransa isə hətta ilk silah tədarüklərinə başlayıb. Bütün bunların məntiqi nəticəsi Nikol Paşinyanın 2023-cü il oktyabrın 17-də Strasburqda, Avropa Parlamentinin plenar iclasında səsləndirdiyi bəyanat olub:
“Ermənistan Respublikası Avropa İttifaqının mümkün hesab etdiyi qədər Aİ-yə yaxınlaşmağa hazırdır. Sədr fon der Lyayenlə birgə bəyanatımızda deyilir: “Bu çətin dövrdə Aİ və Ermənistan çiyin-çiyinə dayanır””.
Sonrakı illərdə Nikol Paşinyan dəfələrlə açıq şəkildə bildirib ki, Ermənistan Aİ-yə üzv olmağa çalışacaq. İyunda keçirilmiş parlament seçkiləri və onların nəticələri Ermənistan rəhbərliyinin bu istiqamətdə qətiyyətini daha da artırıb.
“Ötən il Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul etdik. Xatırladım ki, bu təşəbbüs vətəndaş cəmiyyətindən gəlmişdi. Hesab edirəm ki, bu, demokratik və institusional islahatlara yeni təkan vermək, Aİ standartlarına uyğun ölkə statusuna mümkün qədər tez çatmaq üçün əlavə stimuldur.
Bu, bizim əsas aralıq hədəfimizdir, çünki anlayırıq ki, heç bir ölkə Aİ standartlarına uyğun gəlmədən Avropa İttifaqının tamhüquqlu və tam üzvü ola bilməz. Buna görə də əsas vəzifəmiz ilk növbədə Avropa İttifaqının standartlarına uyğunlaşmaqdır. […] Əgər bizi Aİ üzvlüyünə qəbul etsələr, buna sevinərik və məmnun olarıq. Əgər qəbul etməsələr belə, istənilən halda qazanan tərəf olacağıq, çünki Ermənistan Avropa standartlarına uyğun, bunun doğurduğu bütün müsbət nəticələrə malik ölkəyə çevriləcək”, – Nikol Paşinyan bildirib.
Rusiya belə vəziyyətlə razı deyil
Ermənistan-Rusiya münasibətlərində böhranın əvvəlində Moskva Yerevanın Avropaya yaxınlaşmaq istəyinə kifayət qədər təmkinli reaksiya verirdi. Kremldə Ermənistanın mürəkkəb tarixi dövrdən keçdiyini əsas gətirərək vəziyyəti daha da gərginləşdirməməyə çalışırdılar. Hətta ölkənin KTMT-də üzvlüyünü faktiki olaraq dondurması belə münasibətlərin real şəkildə yenidən nəzərdən keçirilməsinə gətirib çıxarmadı.
Lakin Moskvada iyunda keçirilən parlament seçkiləri yaxınlaşdıqca siyasəti dəyişmək qərarına gəldilər.
Paşinyanın aprel ayında Moskvada Putinlə görüşü yadda qaldı. Həmin görüşdə Rusiya prezidenti açıq şəkildə rusiyayönlü qüvvələrin seçkilərə buraxılmasını xahiş etdi. O, ilk növbədə rusiyalı oliqarx Samvel Karapetyanı nəzərdə tuturdu. Karapetyan yalnız Ermənistanın deyil, bir neçə ölkənin vətəndaşıdır. Bu səbəbdən qanunvericiliyə əsasən, o, deputat mandatı ala, eləcə də baş nazir postuna namizəd ola bilməz. Paşinyan da bunu Putinə açıq şəkildə bildirdi.
Kreml isə öz xəttini davam etdirdi. Rusiyayönlü siyasətçilərə dəstək bəyanatlarının ardınca konkret addımlar gəldi. Rusiyanın tənzimləyici qurumları Ermənistan məhsullarının idxalına məhdudiyyətlər tətbiq etməyə başladılar. Əvvəlcə məhdudiyyətlər ayrı-ayrı şirkətlərə və məhsul növlərinə şamil olunurdu. Daha sonra qadağa Ermənistandan gətirilən demək olar ki, bütün kənd təsərrüfatı məhsullarını əhatə etdi.
Vəziyyət getdikcə daha da gərginləşirdi. Ermənistanda açıq şəkildə danışmağa başladılar ki, Moskva ölkənin daxili işlərinə müdaxilə etməyə və hakimiyyət dəyişikliyinə nail olmağa çalışır.
Eyni zamanda, xarici media Ermənistana qarşı hibrid hücumlar barədə məlumatlar yayırdı. Reuters isə Kremlin rusiyayönlü qüvvələrin lehinə səs vermələri üçün 100 min Ermənistan vətəndaşını ölkəyə göndərməyi nəzərdə tutan xüsusi planı haqqında material dərc etmişdi.
İndi isə seçkilərdən sonra Moskva Ermənistandan elə burada və indi hansı istiqamətdə irəlilədiyinə qəti şəkildə qərar verməsini tələb edir. Xüsusilə, “Aİ, yoxsa Aİİ?” mövzusunda referendum keçirilməsinin zəruriliyindən danışılır. Seçim Avropa İttifaqının xeyrinə olarsa, Ermənistanın Aİİ-dən çıxması tələb olunur.
“Heç kim Ermənistanı Aİİ-dən sıxışdırıb çıxarmır. Sadəcə, onlar özləri Aİ-yə üzv olmaq istədiklərini bildiriblər. Onlar seçim etməlidirlər. Bu nə qədər tez baş versə, aydınlıq nə qədər tez yaransa, hamı üçün bir o qədər yaxşı olar”, – Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Nəticədə Aİİ-yə üzv ölkələr Ermənistanda ölkənin Aİ və Aİİ ilə bağlı seçimi üzrə referendum keçirilməsinin zəruriliyi barədə bəyanatla çıxış ediblər.

Ermənistanda deyirlər ki, referendum keçirməyin vaxtı hələ çatmayıb
Moskvadan səslənən tənqidlərə cavab olaraq Ermənistan hakimiyyəti hazırda referendum keçirmək və Aİİ-dən çıxmaq niyyətində olmadığını bildirir. Burada əsas söz “hazırda”dır. Yerevan Aİ-yə üzvlük üçün real zəmin yaranana qədər Aİİ-də qalmaq niyyətindədir. Üstəlik, Ermənistanı onun razılığı olmadan Aİİ-dən çıxarmaq mümkün deyil. Ən azı, təşkilatın nizamnaməsinə görə.
Lakin perspektivdə Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi kifayət qədər real görünür. Sosioloji sorğular da referendumun uğurlu nəticə verə biləcəyinə işarə edir. 2020-ci il müharibəsindən sonra Ermənistanda Rusiyanın populyarlığının nəzərəçarpacaq dərəcədə azalması müşahidə olunur. Eyni zamanda, Avropaya inteqrasiyanı dəstəkləyən vətəndaşların sayı artır.
Beynəlxalq Respublika İnstitutunun (IRI) 2026-cı ilin mayında keçirdiyi sorğulara əsasən, Ermənistan vətəndaşlarının 75 faizi Avropa İttifaqına üzvlüyü dəstəkləyir, 58 faizi isə referendumda üzvlüyün lehinə səs verməyə hazırdır. Bu göstəricilər Rusiyaya etimadın azalması və əhali arasında Avropayönlü əhval-ruhiyyənin güclənməsi istiqamətində davamlı tendensiyanı əks etdirir.
Ekspertlər nə deyirlər?
Ermənistan hansı istiqamətdə hərəkət etməlidir? Hazırda ölkə üçün əsas sual budur. Ermənistanın Aİ-nin xeyrinə qəti seçim etmək üçün kifayət qədər resursu varmı? Belə olan halda Rusiya hansı addımları ata bilər? Təhlükəsizlik sahəsində hansı risklər yarana bilər?
Politoloq Robert Gevondyan qeyd edir ki, Yerevan dəfələrlə ən yüksək səviyyədə bəyan etdiyi kimi, xarici siyasətini şaxələndirməyə çalışır. Bu məsələdə onun maraqları avropalı tərəfdaşların maraqları ilə üst-üstə düşür.
“Ermənistan artıq müəyyən dəstək alır, xüsusilə Fransa ilə əməkdaşlıq edir. Mümkündür ki, gələcəkdə təhlükəsizlik məsələsi başqa dövlətlərin də prosesə qoşulması hesabına genişlənsin. Hələlik bu səviyyədə həmin ölkələr barədə kifayət qədər məlumat yoxdur. Bununla belə, nəzərə almaq lazımdır ki, Aİ NATO-nun təhlükəsizlik çətiri altındadır. Ermənistan bu gün Şimali Atlantika Alyansına yaxın vaxtlarda üzv olmağa can atmasa da, ayrı-ayrı Aİ ölkələri ilə sıx münasibətləri inkişaf etdirib möhkəmləndirə bilsə, NATO resurslarından dolayı şəkildə faydalanmaq baxımından yeni imkanlar əldə edəcək”, – o deyir.
Ermənistan bu gün Avropa İttifaqının bir hissəsi olmağa hazırdırmı? Gevondyan hesab edir ki, sualın bu cür qoyulması düzgün deyil, çünki istənilən dövlət bu istiqamətdə müəyyən mərhələlərdən keçməlidir:
“Heç bir dövlət inteqrasiya prosesinə dərhal və tam hazır olmur. Ermənistan hazır olduqda Avropanın bir hissəsinə çevriləcək. Dövlətlər adətən uzun inteqrasiya yolu keçir, bu müddətdə müxtəlif sahələrdə islahatlar aparır, standartlara uyğunlaşır, məhsulların keyfiyyətini artırır və qarşılıqlı ticarət sahəsində razılaşmalara gəlirlər. Bu proses illər çəkir. Ölkəmiz bu prosesə başlamağa hazırdır. Bununla yanaşı, Aİ-nin tələblərini və Qərblə ticarət şərtlərini Aİİ-də mövcud olan standart və tələblərlə uzlaşdırmaq mümkün deyil. Biz böyük bir yolun başlanğıcındayıq”.
“Ermənistan həqiqətən də Aİ-yə üzvlükdən hələ uzaqdır. Lakin hazırkı proseslər indidən ciddi itkilərə səbəb ola bilər. Söhbət təkcə iqtisadiyyatdan deyil, suverenlikdən də gedir”, – siyasi icmalçı, Strateji Araşdırmalar və Təşəbbüslər Analitik Mərkəzinin təsisçisi Hayk Xalatyan hesab edir.
Bununla yanaşı, Xalatyan düşünür ki, Ermənistan rəhbərliyi hazırkı kursu qoruyub saxlaya və Aİ ilə yaxınlaşmanı Aİİ üzvlüyü ilə uzlaşdıra bilməyəcək:
“Seçkilərdən sonra Paşinyanın əsas problemi Moskva ilə münasibətləri normallaşdırmağa çalışmaqdır. Ondan konkret addımlar, əvvəlki xarici siyasət kursundan imtina etdiyini sübut edən addımlar tələb olunacaq. Lakin bu, Paşinyanın hakimiyyətdə qalmasına kömək etmiş nüfuzlu xarici oyunçuları faktiki olaraq yarı yolda qoymalı olacağı anlamına gələcək. Burada da sual yaranır ki, o, hansı yolu seçəcək. Qərbi və Türkiyəni yarı yolda qoyacaq, yoxsa Rusiya ilə qarşıdurma və münasibətlərin kəsilməsi kursunu davam etdirəcək? Mən Paşinyanın qərbli tərəfdaşlarını yarı yolda qoyaraq Rusiya ilə münasibətləri normallaşdırmağa gedəcəyinə çox şübhə edirəm. O, son illərdə apardığı siyasəti qoruyub saxlamaq istərdi. Yəni Aİİ üzvlüyündən dividendlər əldə etmək, eyni zamanda isə faktiki olaraq Rusiya ilə siyasi münasibətlərin pozulmasına doğru getmək. Ancaq görürük ki, Moskva bununla barışmağa hazır deyil”.
Eyni zamanda, Brüssellə Moskva arasında sərt qarşıdurma müşahidə olunur. Hətta bəzi dairələrdə Rusiya ilə Qərb arasında mümkün gələcək müharibə müzakirə edilir.
Hər halda, Ermənistan hazırda yeni geosiyasi şəraitdə və Rusiyanın iqtisadi sanksiyaları fonunda yaşamağa uyğunlaşır. Ölkə hazırda ixrac axınlarını Avropa ölkələrinə yönəltməyə və satış bazarlarını şaxələndirməyə çalışır. Əgər bu niyyət tam şəkildə həyata keçirilərsə, Yerevan Rusiyadan qalan son əhəmiyyətli asılılıqdan da xilas olacaq.
“Mediaşəbəkə”nin dəstəyi ilə
Rusiya və Avropa arasında qalan Ermənistan