Gürcüstanın baş naziri İrakli Kobaxidze sentyabrın 17-də dövlət Qrantların İdarə Edilməsi Agentliyinin ilin sonunadək bağlanacağını açıqlayıb. Onun sözlərinə görə, agentlik artıq “gözləmə rejimindədir”. Agentliyin rəhbəri Tamar Zodelava ədliyyə nazirinin müavini təyin ediləcək.
Agentlik 2025-ci ilin fevralında yaradılıb. Onun məqsədinin “Gürcüstanda fəaliyyət göstərən və fəaliyyəti ölkənin inkişaf prioritetlərinə uyğun olan ictimai təşkilatların dövlət büdcəsi hesabına dəstəklənməsi” olduğu bildirilirdi.
“Bu strukturun özü, yəni qeyri-hökumət təşkilatı süni məsələdir. QHT-nin yeganə məqsədi bir dövlətin digərinin işlərinə müdaxiləsi ola bilər. Vaxtilə onlar məhz bunun üçün yaradılıb.
Yüz il əvvəl belə təşkilatlar mövcud deyildi. Sonradan onlar yaradıldı və xarici müdaxilənin əsas aləti kimi istifadə olunmağa başladı. Gürcüstanda bunun çoxsaylı nümunələrini görmüşük. Müvafiq olaraq, belə şeyləri maliyyələşdirməyimiz düzgün deyil, buna görə də belə bir qərar qəbul etdik”, – İrakli Kobaxidze deyib.