"Moskva Ermənistanın Rusiyanın inteqrasiya strukturlarından çıxmasına nail olacaq": Rusiya XKX-nin bəyanatına reaksiya
Rusiya Ermənistanda iqtisadi böhran barədə
“Brüsseldə anlayırlar ki, Yerevan Avrasiya İqtisadi İttifaqından kənarda qalacağı təqdirdə Ermənistanda dərin iqtisadi böhran qaçılmaz olacaq”, – deyə Rusiya Xarici Kəşfiyyat Xidməti ötən gün bəyan edib.
Rusiya rəhbərliyi altında fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqının üzvləri Rusiya, Ermənistan, Qazaxıstan, Belarus və Qırğızıstandır.
“Brüssel Aİİ ölkələrinin Yerevandakı siyasi ekipajın batmasına imkan verməyəcəyinə, onu suyun üzərində saxlayacağına və Aİ-yə doğru marafon üzgüçülüyünü maliyyələşdirəcəyinə ümid etməməlidir”, – deyə XKX-nin bəyanatında bildirilir.
Ermənistanda diqqət çəkilib ki, bu bəyanat iyulun 27-də baş tutan Paşinyan və Putinin telefon danışığından sonra səsləndirilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, söhbətin əsas mövzularından biri Ermənistanda Avropa İttifaqına üzvlük və ya Aİİ-də qalmaqla bağlı referendumun keçirilməsi olub.
“Vurğulanıb ki, Ermənistan mümkün qədər tez referendum keçirməli və ermənilərin hansı istiqamətdə irəliləmək istədiyinə qərar verməlidir”, – deyə Peskov qeyd edib.
Moskvanın həmin telefon danışığı ilə bağlı yaydığı rəsmi məlumatda Paşinyanın cavabına yer verilməyib. Ermənistan baş nazirinin aparatından isə bildirilib ki, Paşinyan Putinə belə cavab verib:
“Referendumun keçirilməsi praktikada yalnız Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməsindən və bu məsələnin konkret xarakter almasından sonra mümkün ola bilər”.
Ermənistan hakimiyyəti Rusiyaya bu məzmunlu cavabı ilk dəfə vermir.
Yerli analitiklər Kremlin açıqlamasını və Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatını Ermənistana növbəti təzyiq cəhdi kimi qiymətləndiriblər.
Onların fikrincə, ikitərəfli münasibətlərdə böhran davam edir və “hələlik heç bir həll görünmür”. Eyni zamanda, onlar Aİİ adından ittifaqın özü deyil, Rusiya Xarici Kəşfiyyat Xidmətinin çıxış etməsini anlaşılmaz hesab edirlər.
Ermənistan baş nazirinin aparatından Putinlə telefon danışığının yekunlarına dair bildirilib: “Paşinyan vurğulayıb ki, Ermənistan mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya müqavilə-hüquq bazasına və Avrasiya İqtisadi İttifaqının qaydalarına ziddir və bu problemlərin həlli istiqamətində tədbirlər görülməsini xahiş edib”. Görünən odur ki, Paşinyan Putinə məhz mayın sonundan etibarən Rusiyanın çoxsaylı Ermənistan məhsullarının və mallarının idxalına qoyduğu qadağa ilə bağlı zəng edib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatında daha nələr deyilir, erməni analitiklər bunu necə şərh edirlər və ölkə sakinlərinin Aİ ilə Aİİ arasında seçimə dair sorğusunun nəticələri necə olub?
- Rusiyada Belarus üzərindən daşınan 40 min erməni qızılgülü məhv edilib
- Ermənistan dəmir yolu Rusiyanın idarəçiliyində olsa da, Türkiyə və Azərbaycan sərhədlərində relsləri özü bərpa edəcək
- “Avrasiya İqtisadi İttifaqı mövcuddur, yoxsa yox, buna aydın cavab verməlidir” – Paşinyan
Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatı
Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatı “Aİ Ermənistanı özünə cəlb edir, amma kömək edə bilmir” başlığı ilə yayımlanıb. Sənəddə vurğulanır ki, Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ölkəni dərin iqtisadi böhran gözləyir:
“Avrasiya inteqrasiyasında iştirakdan əldə olunan gəlirlərin sıfırlanması Aİİ üzvlərinə Aİ istiqamətində “avar çəkən” Ermənistan hakimiyyətinin dayanıqlığını təmin etməyə imkan verməyəcək. Avropa strukturlarında etiraf edirlər ki, Rusiyaya qarşı sanksiya siyasəti və avrobürokratların Ukraynadakı müharibəni dəstəkləməkdə israrlı mövqeyi səbəbindən Avropa İttifaqında dərinləşən iqtisadi problemlər Brüsselə Yerevanın milyardlarla dollar həcmində itkilərini kompensasiya etməyə imkan verməyəcək. Avropanın bir çox ölkəsi artıq Aİ rəhbərliyinə milli istehsalçıların maraqlarına zərər vuraraq Ermənistan malları üçün öz bazarlarını açmağa hazır olmadıqlarını çatdırıblar”.
Rusiya kəşfiyyatı iddia edir ki, Aİ bundan sonra da Yerevanı qeyd-şərtsiz dəstəklədiyinə inandırmağa çalışacaq:
“Konkret yardımın göstərilməsindəki ləngiməni Aİ rəsmiləri onunla izah etməyi planlaşdırırlar ki, Avropa İttifaqına qoşulmaq tamamilə Yerevandan və onun Avropa inteqrasiyası yolunda əldə edəcəyi “nailiyyətlərdən” asılı olacaq”.
XKX-nin məlumatına görə, Avropa İttifaqı artıq Paşinyan hökuməti qarşısında aşağıdakı tələbləri irəli sürüb:
- strateji sahələrdə Rusiya biznesinin mövcudluğunun azaldılması;
- Rusiya ilə humanitar əlaqələrin kəsilməsi və buna qarşı çıxan daxili opponentlərin susdurulması.
Bəyanatda bildirilir ki, Ermənistanı “Ermənistan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması perspektivləri ilə manipulyasiya etmək və uzaq gələcəkdə Ermənistanı “çiçəklənən sülh qovşağına” çevirmək vədləri hesabına” təşviq edəcəklər.
Ermənistan sakinləri Avropa inteqrasiyasına necə yanaşırlar: sorğunun nəticələri
Rusiyanın Ermənistanda Aİİ və ya Aİ-yə üzvlüklə bağlı referendum keçirilməsi tələbi fonunda yerli televiziya kanallarından biri olan Factor TV sorğu keçirib. İştirakçılar bu suala cavab veriblər: “Aİİ ilə Aİ arasında seçimlə bağlı referendum bu bazar günü keçirilsəydi, hansı ittifaqa səs verərdiniz?”
Nəşr bildirir ki, sorğuda artıq 3300-dən çox insan iştirak edib. Səslər belə bölüşdürülüb:
- 74% Avropa İttifaqına üzvlüyü dəstəkləyib,
- 21% Aİİ-də qalmağa üstünlük verib,
- 5% cavab verməkdə çətinlik çəkib.
Şərhlər
Politoloq Samvel Meliksetyan bildirib:
“Moskvadan səslənən bəyanatlar yeni deyil və Rusiyanın çoxdan formalaşmış davranış tərzinə uyğundur. Onlar həm daxili, həm də xarici auditoriyaya müəyyən proseslərin getdiyini, bu proseslərdə fəal mövqe tutduqlarını, eləcə də Aİ və Qərbin postsovet regionuna “zərərli təsiri” ilə bağlı “bəzi gizli mexanizmləri üzə çıxardıqlarını” göstərməyə çalışırlar”.
O həmçinin xatırladıb ki, Moskvanın ritorikasında Ermənistan çox vaxt müstəqil qərarlar qəbul edən dövlət kimi deyil, xarici təsir obyekti kimi təqdim olunur.
Siyasi analitik Ovsep Xurşudyan bildirib:
“Rusiya Xarici Kəşfiyyat Xidmətinin Aİİ-yə nə aidiyyəti var ki, bu quruma daxil olan ölkələr adından danışsın? XKX Aİİ-yə üzv dövlətlərin, yoxsa ittifaqın özünün mətbuat katibliyi rolunda çıxış edir?”
Xurşudyan, həmçinin rusiyalı kəşfiyyatçılara belə bir sual ünvanlayır:
“Rusiyanın tətbiq etdiyi sanksiyaların doğurduğu itkiləri məhz Brüssel kompensasiya etdiyi halda, onu Ermənistan iqtisadiyyatını çökdürməkdə necə ittiham etmək olar?”
O, Ermənistan mallarının Rusiyaya idxalına qoyulan məhdudiyyətlər fonunda Aİ-nin başladığı dəstək proqramlarını nəzərdə tutur.
Analitikin fikrincə, nəticədə Rusiya aşağıdakılara nail olacaq:
- Ermənistanın Rusiyanın inteqrasiya strukturlarından, Aİİ və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasına;
- Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərindən çıxarılmasına;
- Ermənistan dəmir yollarının Rusiya şirkəti tərəfindən idarə olunmasına dair konsessiya müqaviləsinin ləğvinə.
Xurşudyan əmindir ki, yaranmış vəziyyətdə Ermənistan daha çox addım ata bilər, Rusiya isə təzyiq alətlərinin böyük hissəsini artıq tükəndirib.
Rusiya Ermənistandı iqtisadi böhran barədə