Yerevan artıq Avropa Siyasi Birliyi sammitinin iştirakçılarını qəbul edir. Video və foto
Ermənistanda Avropa Siyasi Birliyinin sammiti
Yerevanın “Zvartnots” hava limanında Avropa Siyasi Birliyi sammitinin yüksək səviyyəli iştirakçılarını daşıyan təyyarələr demək olar ki, hər yarım saatdan bir eniş edir.
ASB-nin səkkizinci sammiti bazar ertəsi, mayın 4-də işə başlayacaq. Ümumilikdə dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatlar daxil olmaqla 50-yə qədər nümayəndə heyətinin iştirakı gözlənilir.
Avropa Siyasi Birliyi 2022-ci ildə Fransa prezidentinin təşəbbüsü ilə yaradılıb. Bu platformanın məqsədi Avropa ölkələri arasında, o cümlədən Aİ üzvləri və ittifaqa daxil olmayan dövlətlər arasında siyasi koordinasiya və dialoqu gücləndirmək, təhlükəsizlik və əməkdaşlığı möhkəmləndirməkdir. Birliyə Aİ-nin 27 üzv dövləti, Birləşmiş Krallıq və Aİ-yə daxil olmayan 19 ölkə daxildir.
“Avropa İttifaqı və Ermənistan arasında münasibətlər heç vaxt indiki qədər yaxın olmayıb. Əməkdaşlığımız ümumi dəyərlərə, gələcəyə dair ortaq baxışa və Ermənistanın tərəfdaşlarını seçmək üzrə suveren hüququna aydın hörmətə əsaslanır. Aİ Ermənistanın təhlükəsizliyini, rifahını və sabitliyini gücləndirməyə dəstək verir ki, bu da Ermənistan xalqı üçün real nəticələr gətirəcək”, – deyə sammit ərəfəsində Avropa İttifaqının Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos bildirib.
Yerevana artıq kimlərin gəldiyi və Ermənistanın baş naziri Nikol Paşinyanla hökumətdə hansı görüşlərin keçirildiyi haqqında.

- Ermənistan xarici işlər nazirinin müavini Türkiyədə keçirilən forumda: “Ermənistan Avropaya körpüdür”
- ABŞ-nin vitse-prezidentinin Ermənistana səfəri “tarixi” adlandırıldı: nəticələr haqqında ətraflı
- “Ermənistan sıxışdırılıb çıxarıldığı areala qayıdır”: Sülh Şurasına üzvlük barədə fikirlər
Yerevana artıq kimlər gəlib
Artıq Yerevanda Ukrayna prezidenti Volodimir Zelenski də var. Son ana qədər onun Ermənistana gəlib-gəlməyəcəyi məlum deyildi. Ermənistanın rusiyapərəst müxalifəti isə hakimiyyəti ölkə üçün “mənfi nəticələr” barədə xəbərdar edirdi. Prezidentin dəvət olunub-olunmaması və sammitdə iştirakı ilə bağlı suala Ermənistanın baş naziri son brifinqində cavab verərək bildirib ki, o, Ukrayna prezidentini gözləyir və dəvətlər Avropa Siyasi Birliyinin bütün iştirakçı ölkələrinə göndərilib.
Məqalənin dərc olunduğu vaxta olan məlumata görə, Yerevana həmçinin Avropa Şurasının baş katibi Alen Berse, Böyük Britaniyanın baş naziri Kir Starmer və Kanadanın baş naziri Mark Karni gəlib. Qeyd edək ki, o, bu Avropa formatı yaradıldıqdan sonra görüşdə qonaq qismində iştirak edən ilk qeyri-Avropa lideridir.

Artıq Ermənistanın paytaxtında Moldova prezidenti Maya Sandu, Yunanıstan prezidenti Konstantinos Tasulas, Rumıniya prezidenti Nikuşor Dan, Lüksemburqun baş naziri Lük Friden, ATƏT-in baş katibi Feridun Sinirlioğlu, Lixtenşteynin baş naziri Brigitta Haas, Monako knyazı Albert II, Finlandiyanın baş naziri Petteri Orpo, Serbiyanın hökumət başçısı Duro Matsut, Polşanın baş naziri Donald Tusk, Çexiyanın baş naziri Andrey Babiş, Norveçin baş naziri Conas Qar Store, Belçikanın baş naziri Bart De Vever, Kosovonun baş naziri Albin Kurti, Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze, Andorranın baş naziri Xavyer Espot Samora, İrlandiyanın baş naziri Mihol Martin və Monteneqro prezidenti Yakov Milatoviç də var.
Axşam saatlarında Avropa İttifaqının nümayəndə heyəti də gəlib. Onun tərkibinə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının prezidenti Antoniu Koşta, Avropa Parlamentinin sədri Roberta Metsola və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas daxildir.
Məlumdur ki, Almaniyanın kansleri Fridrix Merts Yerevanda keçiriləcək sammitdə iştirak etməyəcək. Almaniyanı Fransa prezidenti təmsil edəcək.
Hökumətdə görüşlər və sənədlərin imzalanması
Qonaqların bir hissəsi artıq hökumət binasında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Onların arasında Litva Respublikasının baş naziri İnqa Ruqinyene və Kosovonun baş naziri Albin Kurti də var.
Nikol Paşinyan ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə də görüşüb. Görüşdə əməkdaşlığın inkişafı və regional gündəlik müzakirə olunub. Ermənistan baş nazirinin aparatından bildirilib ki, danışıqlar zamanı Ermənistanın potensialının gücləndirilməsi proqramlarının və kommunikasiyaların açılması layihələrinin əhəmiyyəti xüsusilə vurğulanıb. Sinirlioğlu Ermənistanda müşahidə olunan sabitlik və irəliləyişi qeyd edib. O, həmçinin sammitə beynəlxalq marağın yüksək olduğunu vurğulayıb.

Bolqarıstan prezidenti İliyana Yotova və Ermənistanın baş naziri iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.
Hökumətdə həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və Kanadanın baş naziri Mark Karni arasında görüş keçirilib. Bu, son on ilə yaxın müddətdə Kanadanın baş nazirinin Ermənistana ilk rəsmi səfəridir.

Fransa prezidentinin səfəri sammitlə məhdudlaşmayacaq
Fransa prezidenti Emmanuel Makron yalnız Avropa Siyasi Birliyi sammitində iştirak etmək üçün gəlməyib. Bu, Makronun ilk dövlət səfəridir. Ermənistan Xarici İşlər Nazirliyində hesab edirlər ki, bu səfər iki ölkə arasında münasibətlərin strateji xarakterinin nəhayət sənədləşdirilməsi baxımından “mühüm mərhələ” olacaq. Ölkələr arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq. Ekspertlər bildirirlər ki, Ermənistan-Fransa münasibətləri artıq uzun müddətdir bu statusa uyğundur.
Səfər çərçivəsində Fransa prezidenti həmçinin Gümrü şəhərinə də baş çəkəcək. Burada o, “Musiqi körpüsü: Ermənistan-Fransa” adlı genişmiqyaslı konsertdə iştirak edəcək.

Sammit iştirakçıları nəyi müzakirə edəcək
ASB-nin rəsmi saytında bildirilir ki, Yerevanda demokratiyaların dayanıqlılığının gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, iqtisadi və enerji təhlükəsizliyinin artırılması, eləcə də təhlükəsizlik sahəsində dəyişkən vəziyyətlə bağlı qərarların qəbulu məsələləri müzakirə olunacaq:
“İştirakçılar daha sıx əməkdaşlıq və koordinasiyalı fəaliyyətin daha dayanıqlı, təhlükəsiz və vahid Avropa məkanının formalaşmasına necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar”.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, hibrid təhdidlərdən və demokratiyanın dayanıqlılığından tutmuş qarşılıqlı əlaqə və enerji problemlərinə qədər “ən mühüm mövzular” müzakirə olunacaq. O qeyd edib ki, sammitə ev sahibliyi etmək və “Avropanın gələcəyinin formalaşmasında fəal rol oynamaq” Ermənistan üçün böyük şərəfdir:
“Ermənistan üçün bu sammit yalnız Avropa tərəfdaşları ilə əməkdaşlıqda mühüm mərhələ deyil, həm də demokratik dəyərlərə və hüququn aliliyinə sadiqliyimizi bir daha təsdiqləmək imkanıdır”.
Qonaqlar Yerevanda gəzirlər və muzeyləri ziyarət edirlər
Litvanın baş naziri İnqa Ruqinyenenin rəhbərlik etdiyi nümayəndə heyəti Erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Tsitsernakaberd memorial kompleksini ziyarət edib. Burada Yunanıstan prezidenti Konstantinos Tasulas da olub.

Kanadanın xarici işlər naziri Anita Anandın rəhbərlik etdiyi nümayəndə heyəti də Erməni soyqırımı muzey-institutunda ekskursiyada olub.
Erməni jurnalistlər Anita Anandı Yerevanın mərkəzində gəzərkən də görüblər.
Bolqarıstan prezidenti İliyana Yotova isə bolqar nümayəndə heyətinin üzvləri ilə birlikdə Yerevanda tanınmış bolqar şairi Peyo Yavorovun adını daşıyan məktəbdə olub.

Ermənistanda Avropa Siyasi Birliyinin sammiti