Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq Ermənistandan Aİ-yə mal ixracı üçün güzəştli rejim
Ermənistandan Aİ-yə güzəştli ixracat rejimi
Ermənistandan Avropa İttifaqına ixrac olunan geniş çeşiddə mallara tətbiq edilən gömrük rüsumları müvəqqəti olaraq ləğv ediləcək. Ticarət rejiminin liberallaşdırılması üçün ilkin müddət iki ildir. Avropa Parlamenti bir gün əvvəl Avropa Komissiyasının müvafiq təklifini təsdiqləyib.
Ermənistan mallarına münasibətdə avtonom ticarət tədbirlərinin (Autonomous Trade Measures,) tətbiqi ilə bağlı qərarı 583 deputat dəstəkləyib, 49 nəfər “əleyhinə” səs verib, 39 nəfər bitərəf qalıb.
“Bu addım Rusiyanın 2026-cı ilin mayından etibarən Ermənistanın ixrac etdiyi bir sıra əsas mallara tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır”, – qərarda deyilir.
İndi reqlamentin Aİ Şurası tərəfindən təsdiqlənməsi gözlənilir. Bundan sonra sənəd qüvvəyə minəcək.
Aİ-nin təşəbbüsü Ermənistan iqtisadiyyatını dəstəkləmək və yerli ixracatçılar üçün Aİ bazarına çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır.
Ermənistan Sosial-İqtisadi Araşdırmalar Mərkəzi (ACSES) qəbul edilən qərarın mümkün perspektivlərini təhlil edib. Mərkəzin ekspertləri Avropa İttifaqı ilə ticarətin liberallaşdırılmasının miqyasını əhəmiyyətli hesab ediblər. Eyni zamanda, onların fikrincə, prosesin sonrakı inkişafı bir sıra əsas amillərdən asılı olacaq:
“Ermənistan asılılıq stereotiplərini aradan qaldıra və ixrac strukturunu yenidən qura biləcəkmi? Cavab böyük ölçüdə Ermənistan biznesinin və hökumətinin atacağı növbəti addımlardan asılıdır. Yeni, kompleks logistika imkanlarının yaradılması zamanın tələbidir”.
Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyində hesab edirlər ki, müvəqqəti ticarət güzəştləri “Ermənistanın xarici ticarətinin şaxələndirilməsinə, Ermənistan mallarının Aİ bazarına çıxış imkanlarının genişləndirilməsinə, eləcə də Avropa İttifaqı ilə ticarət-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək”.
Avropa Parlamentinin təsdiqlədiyi sənədin detalları, Ursula fon der Lyayenin bəyanatı, ekspert rəyi.
- Ermənistan Rusiyadan uzaqlaşaraq Aİ-yə doğru yönəlir: proses başlayıb, lakin sona hələ çox var
- Ermənistan Nvidia çipləri ilə Sİ fabriki qurur: Vaşinqton razılaşmasının Azərbaycanla bağlı hissəsi nə qədər reallaşıb?
- “Moskva Ermənistanın Rusiyanın inteqrasiya strukturlarından çıxmasına nail olacaq”: Rusiya XKX-nin bəyanatına reaksiya
Kontekst
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 2026-cı il iyulun əvvəlində Yerevanda Ermənistan üçün avtonom ticarət tədbirlərinin mümkün tətbiqini elan edib.
“Mən bu gün buradayam ki, birmənalı şəkildə bəyan edim: əgər Rusiya öz bazarını Ermənistan məhsulları üçün bağlasa, Aİ 450 milyon insanı əhatə edən istehlak bazarının qapılarını bu məhsulların üzünə açacaq”, – o deyib.
May ayından etibarən Rusiya Ermənistandan meyvə, tərəvəz, balıq məhsulları, spirtli içkilər və bir çox digər malların idxalını qadağan edib. Rusiya bunu həmin məhsulların keyfiyyət standartlarına uyğun gəlməməsi ilə əsaslandırıb. Daha yüksək standartların qüvvədə olduğu Avropa İttifaqı isə Ermənistana yardım etmək qərarına gəlib.
Ursula fon der Lyayen bildirib ki, avtonom ticarət tədbirləri Ermənistan ixracının təxminən 80%-ni liberallaşdırmağa imkan verəcək. Yəni bu həcmdə mallar gömrük rüsumlarından azad ediləcək.
Avropa Parlamentinin qərarının detalları
Avropa parlamentariləri Made in Armenia markalı məhsulların ixracının liberallaşdırılması ilə bağlı təklifi təsdiqləyiblər. Qərar 324 mal kateqoriyasına şamil olunacaq. Aİ-nin hesablamalarına görə, iki il ərzində Ermənistan müəssisələri ümumilikdə 5,4 milyon avroya qənaət edəcəklər. Bu, onların gömrük rüsumu kimi ödəməli olacaqları məbləğdir.
Nəzərdə tutulan güzəştlərdən yararlanmaq üçün
- Ermənistan məhsulları Aİ-nin malların mənşəyi və gömrük prosedurları ilə bağlı qaydalarına uyğun olmalıdır,
- Ermənistan malların mənşəyinin yoxlanılması və mümkün saxtakarlıq hallarının qarşısının alınması üçün Aİ qurumları ilə əməkdaşlıq etməlidir.
Bundan əlavə, Aİ Ermənistandan səkkiz növ kənd təsərrüfatı məhsulunun rüsumsuz idxalına kvota tətbiq etməyi planlaşdırır. Siyahıya ərik, üzüm, gavalı, şaftalı, gilas, çiyələk, xiyar və armud daxildir.
Avropa İttifaqında hesab edirlər ki, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər Ermənistan mallarının ənənəvi bazara çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb:
“Vəziyyət kiçik və orta müəssisələrə, o cümlədən kənd təsərrüfatı istehsalçılarına ciddi təsir göstərərək Ermənistanın iqtisadi dayanıqlılığı üçün təhlükə yaradıb”.
Güzəştli rejim təzə kənd təsərrüfatı məhsulları ixracının 99%-nə və içki ixracının 91%-nə şamil olunacaq.
Bu dəyişikliklər fonunda Aİ öz bazarı üçün qoruyucu mexanizmlər də tətbiq etməyi planlaşdırır:
“Bu mexanizmlər Ermənistandan idxalın artması Avropa istehsalçılarına mənfi təsir göstərərsə, Avropa İttifaqına müdaxilə etmək imkanı verəcək”.
Ermənistandan idxalın artması Aİ bazarında sabitliyin pozulmasına səbəb olarsa, Avropa Komissiyası güzəştli rejimin tətbiqini tam və ya qismən dayandıra bilər. Bu, İrəvanın razılaşdırılmış tələbləri yerinə yetirmədiyi halda da baş verə bilər.
Ekspert rəyi
Ermənistan Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin ekspertləri Avropa Parlamentinin təsdiqlədiyi layihənin məqsədinin Ermənistan iqtisadiyyatına düşən yükü azaltmaq olduğunu bildirirlər. Analitiklərin hesablamalarına görə, 2026-cı ildə ixrac sahəsində potensial itkilər 260 milyon dollar təşkil edə bilər.
Lakin müvəqqəti olaraq gömrük rüsumlarından azad ediləcək malların ixracı Ermənistanın ümumi ixracında əhəmiyyətli paya malikdir:
“2025-ci ildə Ermənistandan təxminən 3,5 milyard dollar dəyərində məhsul ixrac edilib və bu həcmin üçdə ikisindən çoxu təklif olunan güzəştli rejimin əhatə dairəsinə düşür”.
Ekspertlər hesab edirlər ki, Aİ ilə güzəştli ticarət rejimi Ermənistan hökumətinin həyata keçirdiyi biznesə dəstək proqramları ilə birlikdə ölkənin ixrac strukturunu dəyişə bilər. Əvvəllər məhsullarını Rusiyaya ixrac edən şirkətlər Aİ bazarına yönələ bilərlər.
Lakin kənd təsərrüfatı məhsullarına tətbiq ediləcək tarif kvotalarını təhlil edən iqtisadçılar müəyyən ediblər ki, bəzi hallarda bu kvotalar faktiki ixrac göstəricilərindən aşağıdır:
“Məsələn, gavalı üçün kvota real ixrac həcminin cəmi 13%-ni, ərik üçün isə 16%-ni təşkil edir”.
Onların fikrincə, kvotaların aşağı olması Aİ-nin öz bazarını qorumaq istəyindən daha çox tətbiq olunan metodologiya ilə bağlıdır.
Belə ki, kvotaların həcmi Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərin ixrac göstəriciləri əsasında müəyyən edilib. Bu məlumatlar BMT-nin UN Comtrade məlumat bazasında yer alır. Lakin meyvə-tərəvəz məhsulları ixracının əhəmiyyətli hissəsinin fiziki şəxslər tərəfindən həyata keçirildiyi nəzərə alınmayıb.
“Ola bilsin ki, hökumətimiz Ermənistanın təzə meyvə və tərəvəz ixracatçılarının maraqlarını daha ardıcıl şəkildə müdafiə etməli idi”, – dərc olunan materialda deyilir.
Ermənistandan Aİ-yə güzəştli ixracat rejimi