Formula-1 Bakı Qran-Prisi: yarışın saatı bəllidir, evə çatmağın yox
Formula-1 Bakı Qran-Prisi
İdman jurnalisti Anar Xanlarov sentyabrın 21-də Sumqayıtdan Bakıya, televiziya verilişinə çatmaq üçün evdən yarım saat tez çıxıb. Amma bu da kömək etməyib.
Onun planı “20 Yanvar”dan metro ilə “Nizami”yə, oradan avtobusla “28 May”a, sonra 5 nömrəli avtobusla Bayraq meydanı istiqamətinə getmək olub. “İdman TV”-nin studiyasında təmir aparıldığından çəkiliş bulvardakı Avarçəkmə Federasiyasının binasında keçirilirmiş.
Avtobus Qış parkında tıxaca düşüb. Xanlarov Kukla teatrına tərəf piyada gedib: oradan avtobus, alınmasa, taksi ilə davam etməyi düşünüb. Saat 20:40-da teatra çatanda Bayıl istiqamətində yolun bağlı olduğunu görüb. Veriliş saat 21:00-da başlayıb, o isə çəkiliş yerinə yalnız 21:25-də, yeriyib-qaçaraq çatıb. Tər içində olduğundan çəkiliş heyəti onun efirə çıxmasını uyğun saymayıb. Nəticədə, həmin gün verilişə ümumiyyətlə qoşulmayıb.
Formula-1 Azərbaycan Qran-Prisinin əsas günləri 24-26 sentyabrdır. Amma yarış başlamamış küçələrdəki məhdudiyyətlər və dəyişdirilmiş avtobus marşrutları sakinlərin həyatını iflic edib.
26 marşrut dəyişib: sərnişinlər olmayan alternativ yol axtarır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) planına görə, 21-26 sentyabrda 26 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir.
Xanlarovun istifadə etmək istədiyi 5 nömrəli marşrut da həmin siyahıdadır. Avtobus bir hissədə “Nəriman Nərimanov” metrosu ilə Süleyman Rəhimov küçəsi arasında, digər hissədə Salyan şosesi-Bibiheybət məscidi-Bakı Funikulyoru istiqamətində işləyir. Plana əsasən, şəhər mərkəzindən Bayıla səfəri bu avtobusla əvvəlki qaydada etmək mümkün deyil. Çünki bu və digər marşrutların bəzi dayanacaqları yarış meydançasındadır, həmin əraziyə isə giriş məhduddur. Alternativ ictimai nəqliyyat isə mövcud deyil.
Dəyişikliklər şəhərətrafından gələnlərə də təsir edir. 149 və 149E nömrəli avtobuslar Sahildən, 195E isə Ələtdən yalnız “Binə” ticarət mərkəzindəki Lökbatan nəqliyyat mübadilə mərkəzinədək işləyir. Mərkəzə getmək istəyən sərnişin buradan başqa nəqliyyata keçid etməlidir. 125 nömrəli marşrutun mərkəz istiqamətində yolu isə Dairəvi yol və Badamdar üzərindən keçir.
Təşkilatçıların açıqladığı tranzit dəhlizləri də avtobus sərnişininin alternativi deyil. Sentyabrın 21-22-də bu keçidlər səhər 07:00-09:00, axşam 18:00-20:00 saatlarında açılır. Lakin ictimai nəqliyyat həmin rejimdən istisnadır; dəhlizlərdə, fövqəladə hallar xaric, sərnişin mindirib-düşürməyə də icazə verilmir. Xanlarovun Kukla teatrına çatdığını dediyi 20:40-da həmin günün axşam tranzit müddəti də bitmişdi.
“1 saat 40 dəqiqədir hərəkətsiz dayanmışıq”
Tıxacla bağlı narazılıq nəqliyyat qurumlarının keçmiş nümayəndələrinin paylaşımlarına da çıxıb. Bakı Nəqliyyat Agentliyinin keçmiş mətbuat xidməti rəhbəri Mayis Ağayevin feysbuk paylaşımında deyilir:
“1 saat 40 dəqiqədir Mikayıl Əliyev dairəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkətsiz dayanmışıq”.
Tıxac rəsmi məlumatlarda da qeydə alınır. Sentyabrın 22-də axşam Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 28 May küçəsində, həmçinin Şəmsi Bədəlbəyli küçəsinin Qış parkından Mərkəzi Bank istiqamətindəki hissəsində sıxlıq olduğunu açıqlayıb. Bu küçələr AYNA-nın dəyişdirilmiş marşrut sxemlərində də yer alır.
7 məktəb və universitetlər distant təhsilə keçib
Yarışla bağlı qərarlar nəqliyyatla məhdudlaşmır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, 22-26 sentyabrda 7 məktəbdə dərslər onlayn keçirilir: 6, 7, 8 və 23 nömrəli təhsil müəssisələri, 160 nömrəli Klassik Gimnaziya, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar Gimnaziya.
Elm və Təhsil Nazirliyinin əmri ilə Bakıdakı ali təhsil müəssisələrində də 23-25 sentyabr üçün distant tədris müəyyənləşdirilib. Nazirlik qərarı tədrisin davamlılığının təmin olunması ilə izah edir.
Bu, məktəb və universitetə gündəlik səfərləri azalda bilər. Ancaq şagirdin dərsi evə keçiriləndə işləyən valideyn üçün ayrıca təşkilati məsələ yaranır: kiçik yaşlı uşağa kim nəzarət edəcək, onlayn dərs üçün cihaz və internet necə təmin olunacaq? Distant tədris qərarı valideynin işə getmək öhdəliyini avtomatik aradan qaldırmır. Nəqliyyat yükünün azalması ailənin gündəlik yükünün də azalması demək deyil.
Yolun nə qədər uzanacağı bilinmir
Respublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli hələ sentyabrın 14-dəki feysbuk paylaşımında problemi Bakının pərakəndə idarə olunması ilə əlaqələndirib. O, ictimai nəqliyyatın əlçatanlığını və sürətini əsas məsələ sayır, iş saatlarını dəyişərkən valideynlərin məktəb qrafikinin də nəzərə alınmasını vurğulayır.
İqtisadçı Akif Nəsirli isə “AzadlıqRadiosu”na yarışın şəhər mərkəzindən kənarda keçirilməsini təklif edib. Onun fikrincə, tədbirin iqtisadi faydası sakinlərin sərbəst hərəkətini məhdudlaşdırmağa əsas olmamalıdır:
“İnsanların öz vətənində, öz paytaxtında sərbəst hərəkət etmək hüququ var”.
AYNA-nın sentyabrın 19-da yaydığı yarış planında alternativ küçələr göstərilir. Amma həmin elanda dəyişmiş marşrutlarda faktiki gözləmə intervalları, əlavə səfər vaxtı və bölünmüş xətlər arasında keçidə sərnişinin nə qədər vaxt itirəcəyi açıqlanmır.
Sakin üçün əsas sual avtobusun hansı küçəyə yönəldilməsindən ibarət deyil. O, evdən nə vaxt çıxmalı olduğunu, harada nəqliyyat dəyişəcəyini və işinə vaxtında çata bilib-bilməyəcəyini bilməlidir. Bu məlumat olmadan marşrut dəyişikliyinə uyğunlaşmaq məsuliyyəti, eləcə də gecikmənin nəticələri sərnişinin üzərində qalır.
Formula-1 Bakı Qran-Prisi