İki partiyaya "bir kassa": Transparency International Georgia-nın araşdırması
Transparency International-ın Gürcüstan araşdırması
Transparency International Georgia (TI) təşkilatının araşdırmasına görə, hökumətyönlü və Qərb əleyhdarı olan “Xalqın Gücü” partiyasının maliyyələşməsinin əhəmiyyətli hissəsi əvvəllər və ya paralel olaraq hakim “Gürcü Arzusu” partiyasını maliyyələşdirən şəxslərdən gəlir.
Araşdırma göstərib ki, 2022-ci ildə “Gürcü Arzusu”ndan ayrılan “Xalqın Gücü” partiyasına 2026-cı ilin avqust ayına olan məlumata görə, 28 nəfər ümumilikdə 861 750 lari (~320 min dollar) ianə edib. Onlardan 21 nəfər daha əvvəl “Gürcü Arzusu”na 1 969 169 lari (~730 min dollar) köçürüb. Daha üç nəfər isə bu günədək hər iki partiyanı maliyyələşdirməyə davam edir.
TI-nin qiymətləndirməsinə görə, bu maliyyə əlaqələri “Xalqın Gücü”nün “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilinin siyasi və biznes çevrəsindən müstəqil struktur olmadığını göstərir.
Araşdırmada İvanişvilinin çevrəsi ilə əlaqəli biznes nümayəndələri və şirkətlər qrupu xüsusi qeyd olunur. Təşkilatın məlumatına görə, bu qrupun üzvləri 2024-2026-cı illərdə “Xalqın Gücü”nə ümumilikdə 381 min lari (~141 min dollar) ianə ediblər.
Onlardan biri “Kartu Sığorta Şirkəti” Səhmdar Cəmiyyətinin baş direktoru və İvanişvili ilə əlaqəli “Atu Holdinq”in müşahidə şurasının üzvü Arçil Mamatsaşvilidir. Mamatsaşvili 2025-2026-cı illərdə “Xalqın Gücü”nə 70 min lari (~26 min dollar), daha əvvəl isə “Gürcü Arzusu”na 55 600 lari (~20 600 dollar) ianə edib.
Araşdırmaya görə, “Kartu Sığorta Şirkəti” dövlət satınalmaları çərçivəsində dövlət və bələdiyyə qurumlarından təxminən 3,5 milyon lari (~1 milyon 300 min dollar) dəyərində müqavilələr əldə edib. Şirkətin digər nümayəndələri Alla Kaxniauri, Kaxa Kobiaşvili, Zaza Verdzeuli, Givi Lebanidze və Zurab Çaçxiani “Gürcü Arzusu”na ümumilikdə təxminən 1 milyon lari (~370 min dollar) ianə ediblər.
“Xalqın Gücü”nün digər iri ianəçilərindən biri Bidzina İvanişvilinin qardaşı Aleksandr İvanişvilinin “Tornado+” şirkətində biznes tərəfdaşı olan Giorgi Dameniadır. O, 2025-2026-cı illərdə partiyaya 120 min lari (~44 400 dollar) ianə edib. Daha əvvəl Damenia “Gürcü Arzusu”na 170 min lari (~63 min dollar), “Tornado+” şirkəti isə 2016-2018-ci illərdə İvanişvilinin partiyasına 85 min lari (~31 500 dollar) ianə edib.
İvanişvilinin biznes çevrəsinə Vaxtanq Kariçaşviliyə məxsus Bolero & Company şirkətinin baş direktoru İrakli Bekauri də daxildir. Gürcüstan və Rusiya vətəndaşlığı olan Kariçaşvili İvanişvilinin əmisi oğlu Uça Mamatsaşvilinin biznes tərəfdaşı kimi göstərilir. Araşdırmaya görə, onun şirkətləri Gürcüstandan Rusiyaya ən iri şərab ixracatçıları sırasındadır, 2014-2024-cü illərdə isə şirkətləri Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyindən 56 milyon lari (~20 milyon 700 min dollar) subsidiya alıb.
Bekauri 2026-cı ildə “Xalqın Gücü”nə 60 min lari (~22 200 dollar) ianə edib. Onun daha əvvəl “Gürcü Arzusu”na köçürdüyü məbləğ 327 min lari (~121 min dollar) olub.
Bekauri və Kariçaşvili ilə əlaqəli şəxslər arasında Levan Getsadze də qeyd olunur. İctimai Reyestrin qeydlərində o, müxtəlif vaxtlarda Uça Mamatsaşvilinin biznes tərəfdaşları ilə əlaqəli şirkətlərin nümayəndəsi kimi göstərilib. Getsadze “Xalqın Gücü”nə 13 min lari (~4 800 dollar) ianə edib. Araşdırmaya görə, bu, onun ilk siyasi ianəsidir.
Getsadze uzun illər 2019-cu ildə yaradılmış və Tbilisidə tibbi laboratoriyanı idarə edən “Trezor” şirkətinə sahib olub. Şirkət yaradıldıqdan qısa müddət sonra dövlət satınalmalarında iştirak etməyə başlayıb və indiyədək təxminən 3,2 milyon lari (~1 milyon 190 min dollar) dəyərində müqavilələr əldə edib. Hazırda laboratoriya ABŞ-ın Quest Biosciences LLC şirkətinə məxsusdur.
Araşdırmada “Xalqın Gücü”nün digər iri ianəçisi David Balançivadze də Uça Mamatsaşvilinin biznes çevrəsi ilə əlaqələndirilir. “Monitor” araşdırmaçı jurnalistika studiyası 2016-2017-ci illərdə Balançivadzenin RMG GOLD-un icraçı direktoru təyin olunmasını Mamatsaşvilinin maraqları ilə əlaqələndirib.
Balançivadze “Gürcü Arzusu”na siyasi ianələr etməyə məhz 2016-cı ildə başlayıb və araşdırmaya görə, partiyaya ümumilikdə 532 min lari (~197 min dollar) köçürüb. 2026-cı ildə isə “Xalqın Gücü”nə 60 min lari (~22 200 dollar) ianə edib.
“Xalqın Gücü”nün ianəçiləri arasında 2017-2020-ci illərdə dövlətə məxsus “Sakspetstrans” şirkətinin direktoru olmuş Giorgi Mesxi də var. O, 2024-cü ildə partiyaya 58 min lari (~21 500 dollar) ianə edib.
Mesxi dövlət şirkətinə rəhbərlik etdiyi dövrdə biznes tərəfdaşı Giorgi Xucadze ilə birlikdə “Hiteko Group” tikinti şirkətini təsis edib. Hazırda Mesxi şirkətin 100 faizlik payına sahibdir və onun direktorudur. “Hiteko Group” Tbilisidə çoxmərtəbəli otel tikir. Mesxi, həmçinin “Gonio Group” şirkətinin 33 faizinə sahibdir.
“Xalqın Gücü”nün digər ianəçisi Quram Tetraşvili “Gürcüstan-İsrail Biznes Qrupu” MMC-nin direktorudur. Şirkətin sahibi Tbilisidə bir neçə tikinti layihəsi həyata keçirən Besik Papismedovdur. Tetraşvili partiyaya 10 min lari (~3 700 dollar) ianə edib. Araşdırmaya görə, bu məbləğ də onun ilk siyasi ianəsidir.
Transparency International Georgia-nın məlumatına görə, 28 ianəçidən üçü, Aleksandr Tuşuri, Mamuka Qoqriçiani və Givi Qabunia, eyni zamanda həm “Xalqın Gücü”nü, həm də “Gürcü Arzusu”nu maliyyələşdirirlər.
Hər üç şəxs 2025-ci il dekabrın 11-də “Xalqın Gücü”nə ümumilikdə 60 min lari (~22 200 dollar) ianə edib. Üç ay sonra, 2026-cı il fevralın 18-də həmin şəxslər “Gürcü Arzusu”na daha 60 min lari (~22 200 dollar) köçürüblər.
“Xalqın Gücü” 2022-ci ilin avqustunda “Gürcü Arzusu”ndan ayrılan üç deputat, Sozar Subari, Dimitri Xundadze və Mixeil Kavelaşvili tərəfindən yaradılıb. Əvvəlcə ictimai hərəkat kimi fəaliyyət göstərən qurum 2024-cü ilin martında siyasi partiya kimi qeydiyyata alınıb. Partiyanın sədri Sozar Subaridir.
Hərəkat yaradılarkən onun təsisçiləri məqsədlərinin Gürcüstan siyasətində gedən proseslər barədə ictimaiyyətə daha çox məlumat vermək və ölkənin milli maraqlarını qorumaq olduğunu bildiriblər. “Xalqın Gücü” xüsusilə Qərb siyasi qüvvələrinin təsirini və qeyri-hökumət təşkilatlarını fəal şəkildə tənqid edib. Partiya “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin təşəbbüskarı olub.
2022-2024-cü illərdə “Xalqın Gücü” “Gürcü Arzusu”nun parlament çoxluğunun tərkibində olub. Partiya 2024-cü il parlament seçkilərində “Gürcü Arzusu” ilə birlikdə iştirak edib. Hazırda “Xalqın Gücü” parlamentdə ayrıca siyasi qrup kimi təmsil olunur.
Transparency International-ın Gürcüstan araşdırması