Ermənistanda Aİ-nin yeni missiyası seçkilərdən sonrakı risklərin aradan qaldırılmasına dəstək verəcək
Ermənistanda hibrid təhdidlərlə mübarizə üzrə Aİ missiyası
Avropa İttifaqı Ermənistana hakimiyyətin hibrid təhdidlərə qarşı mübarizəsini dəstəkləyəcək mülki məsləhətçi missiya göndərir. Aİ Şurası bununla bağlı qərarı iyulun 13-də qəbul edib və missiyanın fəaliyyət müddəti həmin gündən hesablanmağa başlayıb. Hazırda ona iki illik mandat verilib. Missiya əsasən Aİ üzvü ölkələri təmsil edən ekspertlərdən ibarət olacaq. Lakin tərkibə neçə nəfərin daxil ediləcəyi hələ açıqlanmayıb.
Məlumata görə, missiya Ermənistanı kibertəhdidlər, informasiya manipulyasiyası və xarici müdaxilə (Foreign Information Manipulation and Interference – FIMI) daxil olmaqla hibrid çağırışlara qarşı mübarizədə dəstəkləyəcək. Bundan əlavə, Avropa ekspertləri qanunsuz maliyyə axınlarına nəzarətin gücləndirilməsində də Ermənistan hakimiyyətinə yardım göstərəcəklər.
“Ermənistanda Aİ Tərəfdaşlıq Missiyasının fəaliyyətə başlaması Ermənistan ilə Avropa İttifaqı arasında əməkdaşlıqda yeni və mühüm səhifə açır”, – Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanı dəstəkləmək niyyətində olduqlarını bəyan edib. Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistanın müstəqilliyinin və erməni xalqının öz taleyini sərbəst müəyyən etmək hüququnun əsas müdafiəçisidir. Kallas xatırladıb ki, Aİ Rusiyanın təzyiqlərinə qarşı mübarizə məqsədilə Ermənistana artıq iqtisadi və siyasi yardım paketi ayırıb.
Politoloq Robert Gevondyanın verdiyi məlumata görə, missiyanın Ermənistanda daimi fəaliyyət göstərəcək ofisi olacaq və Avropa ekspertləri burada işləyəcəklər.
O, JAMnews-a müsahibəsində bildirib ki, ekspertlər yalnız dövlət qurumları ilə deyil, həm də yerli qeyri-hökumət təşkilatları ilə birbaşa və davamlı əməkdaşlıq edəcəklər.
Gevondyan qeyd edib ki, Avropa İttifaqı seçkiqabağı dövrdə də Ermənistana dəstək göstərirdi. İndi isə uzunmüddətli proqramların icrasına başlayır. Onun sözlərinə görə, bu proqramların əsas məqsədi seçkilərdən sonrakı risklərin aradan qaldırılmasıdır.
Ermənistanda Avropa İttifaqının Tərəfdaşlıq Missiyası (EUPM Armenia) Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (Common Security and Defence Policy – CSDP) çərçivəsində fəaliyyət göstərən mülki məsləhətçi mexanizmidir. Missiyanın yaradılması barədə qərar Ermənistan hökumətinin müraciəti əsasında 2026-cı il aprelin 21-də qəbul edilib. Missiyanın icra səlahiyyətləri yoxdur və buna görə də Ermənistan hakimiyyətinin qərar qəbul etmə prosesində iştirak etməyəcək.
Bu, Avropa İttifaqının Ermənistandakı ikinci missiyasıdır. Ermənistan-Azərbaycan sərhədini müşahidə edən ilk Aİ mülki missiyası 2023-cü ildən fəaliyyət göstərir. Avropalı müşahidəçilər patrul xidmətini yalnız sərhədin Ermənistan tərəfində həyata keçirirlər.
Yeni missiya barədə artıq məlum olanlar, eləcə də politoloq Robert Gevondyanın şərhi.
- Ermənistanda Rusiyanın məhdudiyyətlərini aradan qaldırmaq üçün ixracatçılara dəstək üzrə yeni proqram işə salınıb
- Ermənistanda seçicilərin satın alınmasına qarşı mübarizədə yeni mexanizmlərin tətbiqi müzakirə olunur
- “Rusiyanın B planı işə düşdü”: Ermənistanda seçkilərin ilkin nəticələrinin təhlili
Missiyanın ekspertləri “strateji məsləhətlər” verəcəklər
Hibrid təhdidlərə qarşı mübarizə məqsədilə Aİ missiyası müxtəlif yerli qurumlara “strateji məsləhətlər, texniki ekspertiza və institusional potensialın gücləndirilməsi üçün dəstək” göstərəcək.
Bildirilir ki, Avropa ekspertlərinin məsləhətləri praktiki xarakter daşıyacaq. Onlar missiyanın mandatını beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində həyata keçirmək üçün xüsusi layihə qrupu yaradacaqlar.
Missiyaya Kosmin Corc Dinesku rəhbərlik edəcək. O, 2026-cı il iyunun 11-də bu vəzifəyə təyin olunub. Dinesku daha əvvəl Aİ-nin Moldovadakı Tərəfdaşlıq Missiyasının rəhbəri olub.
Rəsmi məlumata görə, missiya Ermənistana hibrid təhdidlərin qarşısını daha effektiv almaqda, onları aşkar etməkdə və cavab tədbirləri görməkdə kömək edəcək. Bu fəaliyyət “ölkənin suverenliyinə hörmətlə”, yəni daxili işlərə müdaxilə etmədən həyata keçiriləcək.
XİN-də missiya rəhbərinin iştirakı ilə dəyirmi masa keçirilib
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, iyulun 13-də xarici işlər nazirinin müavini Vaan Kostanyan, Aİ-nin mülki əməliyyatlar komandanı Stefano Tomat, Aİ nümayəndəliyinin rəhbəri Vasilis Maraqos, Aİ-nin Ermənistandakı Tərəfdaşlıq Missiyasının rəhbəri Kosmin Dinesku, eləcə də vətəndaş cəmiyyəti, akademik dairələr və yerli ekspertlərin iştirakı ilə dəyirmi masa keçirilib. Görüşdə yeni missiyanın Ermənistandakı fəaliyyətinin təfərrüatları müzakirə olunub.
Məlumatda bildirilir ki, missiya siyasi və institusional çərçivələrin möhkəmləndirilməsi, hökumətin potensialının artırılması və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi məqsədilə Ermənistanın müvafiq institutları ilə sıx əməkdaşlıq edəcək.
Politoloq Robert Gevondyanın şərhi
“Parlament seçkiləri başa çatıb, lakin Ermənistanda xaricdən yayılan dezinformasiya ilə bağlı problemlər azalmayıb. Görünür ki, bütün risklərin aradan qaldırılması üçün ölkənin seçkilərdən sonrakı dövrdə də əlavə dəstəyə ehtiyacı var.
Bunun əvvəlki dövrdə deyil, niyə indi həyata keçirilməsinə gəlincə, düşünürəm ki, Aİ-nin seçkiqabağı mərhələdə Ermənistana göstərdiyi genişmiqyaslı yardım sadəcə olaraq digər istiqamətlərdə işləməyə imkan vermədi. Xüsusilə də uzunmüddətli proqramların həyata keçirilməsi istiqamətində. İndi isə vəziyyət müəyyən qədər sabitləşdiyi üçün onlar uzunmüddətli proqramların icrasına keçmək qərarına gəliblər.
Aydındır ki, Ermənistana qarşı kiberhücumlar və dezinformasiya kampaniyaları ilk növbədə Rusiyadan qaynaqlanır. Lakin təkcə oradan deyil. Azərbaycanla bağlı da müəyyən problemlər və çağırışlar qalmaqdadır. Digər istiqamətlər üzrə də risklər mövcuddur.
Bununla belə, əsas problem Rusiyadan qaynaqlanan dezinformasiya və digər təhdidlərdir. Məsələn, bu yaxınlarda Razdanda yaradılmış informasiya mərkəzini misal göstərə bilərəm. O artıq Rusiyanın hədəfinə çevrilib. Həm də birbaşa deyil, guya İran barədə kəşfiyyat məlumatları toplayaraq onları ABŞ-yə ötürən mərkəz kimi təqdim olunur. Bu, açıq-aşkar dezinformasiyadır.
Bu manipulyasiyaların qarşısını almaq Ermənistan üçün olduqca çətin vəzifədir. Bu istiqamətdə göstərilən yardım ölkə üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə də Ermənistanla İran arasında beynəlxalq böhranın yaranmasının qarşısını almaq baxımından.
Ümumilikdə, Aİ-nin yeni missiyasının rolu Ermənistanın dezinformasiya və kiberhücumlarla mübarizə sahəsində potensialını və dayanıqlığını gücləndirməkdən ibarətdir. Bu iş isə ən müasir texnologiyalardan istifadə edilməklə həyata keçiriləcək”.
Ermənistanda hibrid təhdidlərlə mübarizə üzrə Aİ missiyası