Azərbaycanda talış kimliyi ilə bağlı fəaliyyət niyə təhlükəsizlik ittihamlarına çevrilir?
Azərbaycanda talış kimliyi
Azərbaycanda talış fəalları və tədqiqatçıları müxtəlif dövrlərdə dövlətə xəyanət, separatçılıq və milli nifrət ittihamları ilə uzunmüddətli həbs cəzaları alıblar. Onlardan ikisi – Novruzəli Məmmədov və Fəxrəddin Abbasov cəza çəkərkən ölüb.
Yeni işlər köhnə sualı yenidən gündəmə gətirir: milli kimliyin müdafiəsi harada bitir, dövlət təhlükəsizliyinə təhdid harada başlayır?
8 il 6 aylıq yeni hökm
Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Rusiya vətəndaşı, sosial şəbəkələrdə Kamal İsayev kimi tanınan Cahid Kamal İsayevə 8 il 6 ay həbs cəzası verib. O, dövlət əleyhinə açıq çağırışlar, Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların yayılması, eləcə də zor və ya zor hədəsi ilə milli ədavətin qızışdırılması maddələri üzrə təqsirli bilinib.
İsayev 2025-ci ilin noyabrında Türkiyəyə səfəri zamanı saxlanılaraq Azərbaycana gətirilib. İttiham tərəfi onun sosial şəbəkə çıxışlarına əsaslanıb. Müdafiə isə videolarda cinayət tərkibinin olmadığını, çıxışların kontekstdən çıxarıldığını və İsayevin fəaliyyətinin talış dilinin, milli-mədəni irsin qorunmasına yönəldiyini bildirib.
İsayev son sözündə Azərbaycanın parçalanmasını heç vaxt müdafiə etmədiyini deyib. Prokuror onun 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.
İqbal Əbilov: 18 illik hökm və karserdə pisləşən səhhəti
Bir gün əvvəl İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi talış mədəniyyəti tədqiqatçısının 12 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına – karserə salındığını və səhhətinin pisləşdiyini açıqlayıb.
Komitənin məlumatına görə, müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə gətirilən Əbilov bir neçə gün sanitar hissədə saxlanılıb, tam sağalmadan avqustun 25-də yenidən karserə yerləşdirilib. Onun sentyabrın 25-dək orada saxlanılmasının nəzərdə tutulduğu, xroniki bronxitinin kəskinləşdiyi, tənəffüs problemləri və tutmalarının artdığı bildirilir.
Müdafiəçilər intizam təzyiqini Əbilovun məhkəməyə talış şairi Əli Nasirin şeirinin yazıldığı köynəklə çıxması və təcridxanada ona qarşı fiziki güc tətbiqi barədə məlumatın mediaya çatması ilə əlaqələndirirlər.
Belarusda yaşayan Əbilov 2024-cü ilin iyulunda qohumlarını görmək üçün Azərbaycana gələndə saxlanılıb. 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu dövlətə xəyanət, xarici təşkilatın tapşırığı ilə dövlət əleyhinə çağırış və milli ədavətin qızışdırılması ittihamları ilə 18 il azadlıqdan məhrum edib.
Hakimiyyətə yaxın media onu Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edib. Əbilov və müdafiə komitəsi bunu rədd edir, onun fəaliyyətinin elmi və mədəni xarakter daşıdığını bildirir.
“Amnesty International” Əbilovun məhkəməsinin faktiki qapalı keçirildiyini və ictimaiyyətə etibarlı casusluq sübutu təqdim edilmədiyini yazıb. Təşkilata görə, ittihamın əsasına çevrilən yazışmalar azlıq hüquqları, dilçilik və etnoqrafiya üzrə akademik əməkdaşlıq olub; məxfi məlumatın ötürüldüyünü göstərən açıq sübut olmayıb.
Həbsdə ölən iki talış ziyalısı
Novruzəli Məmmədov
Dilçi alim, Talış Mədəniyyət Mərkəzinin rəhbəri və “Tolışi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov 2007-ci ildə həbs olunub. O, 2008-ci ildə dövlətə xəyanət və milli, irqi, dini ədavətin qızışdırılması ittihamları ilə 10 il həbsə məhkum edilib.
İttihama görə, Məmmədov talışların kompakt yaşadığı ərazilərdə inzibati muxtariyyət yaradılması üçün məlumat toplayıb və talışların hüquqlarının pozulması barədə beynəlxalq təşkilatlara müraciətlər göndərib. O, özünü təqsirli bilməyib və işgəncəyə məruz qaldığını deyib. Hüquq müdafiə təşkilatları işin saxta sübutlara və ədalətsiz, qapalı məhkəməyə əsaslandığını bildiriblər.
Novruzəli Məmmədov səhhətinin uzun müddət pisləşməsindən sonra 17 avqust 2009-cu ildə Penitensiar Xidmətin hospitalında ürək tutmasından ölüb.
2019-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi mühüm, amma ikili nəticəyə gəlib: dövlətin onun ölümünə görə birbaşa məsuliyyət daşıdığını müəyyən etməyib, lakin ölümün səmərəli araşdırılmadığına hökm verib.
AİHM həmçinin Məmmədovun 2007-ci ildə qeydə alınmamış saxlanmasını, pis rəftara məruz qalmasını və həmin dövrdə tibbi yardımdan məhrum edilməsini Konvensiyanın pozuntusu sayıb.
Fəxrəddin Abbasov və ya Abboszoda
Tarixçi və siyasi fəal Fəxrəddin Abbasov, talışdilli mühitdə tanındığı soyadı ilə Abboszoda, 1993-cü ildə qısamüddətli, özünü elan etmiş Talış-Muğan Muxtar Respublikasının parlament sədri olub.
Sonralar Rusiyada yaşayan Abbasov talışların siyasi özünüidarəsi və müstəqilliyi ideyasını açıq müdafiə edib. 2019-cu ildə Rusiyadan Azərbaycana qaytarılıb, 2020-ci ilin fevralında dövlətə xəyanət, dövlət əleyhinə çağırışlar və milli ədavətin qızışdırılması ittihamları ilə 16 il həbsə məhkum edilib.
“Amnesty International” məhkəmə qərarında göstərilən yazıları, müsahibələri və internet televiziyasındakı çıxışları nəzərdən keçirdiyini, onların heç birində zorakılığa çağırış və beynəlxalq standartlara görə tanınan cinayət tərkibi görmədiyini bildirib. Təşkilat Abbasovun siyasi fikirlərinə görə təqib edildiyini hesab edib.
Abbasov 9 noyabr 2020-ci ildə Qobustan həbsxanasında ölüb. Penitensiar Xidmət onun kamerada özünə qəsd etdiyini, əməkdaşların tibbi yardımına baxmayaraq həyatını xilas etməyin mümkün olmadığını açıqlayıb. Onun ölümü Şuşanın işğaldan azad edildiyi dövrə təsadüf edirdi. Həmin dövrdə bildirilmişdi ki, Abbaszoda bu xəbərə dözə bilmədiyi üçün özünü intihar edib.
Amnesty International isə Abbasovun ölümünün səmərəli araşdırılmadığını qeyd edib.
Niyə talış kimliyi “təhlükəsizlik” məsələsinə çevrilir?
Bu işlərin müqayisəsi üç amili önə çıxarır.
Birincisi, 1993-cü ilin siyasi yaddaşıdır. Talış-Muğan Muxtar Respublikası cəhdi hakimiyyətin talış muxtariyyəti və ya siyasi təşkilatlanması barədə sonrakı təşəbbüslərə təhlükəsizlik prizmasından baxması üçün tarixi fon yaradıb. Bu yanaşmada mədəni hüquq, muxtariyyət müzakirəsi və ərazi bütövlüyünə çağırış arasında sərhəd çox tez silinir.
İkincisi, geosiyasətdir. Talışlar Azərbaycanla yanaşı İranda da yaşayırlar. Fəalların Rusiya və Belarusda olması, İranda konfranslara qatılması və ya Ermənistan vətəndaşı olan alimlərlə yazışması istintaqlarda xarici təsir və casusluq çərçivəsinə salınıb.
Real casusluq və zorakılığa çağırış dövlətin araşdırmalı olduğu cinayətlərdir. Ancaq akademik əlaqənin və ya siyasi fikrin cinayət sayılması üçün konkret, yoxlanıla bilən sübut və zərurət meyarı tələb olunur.
Üçüncüsü, müstəqil talış kimliyinin ictimai görünməsinə münasibətdir. Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının Məşvərət Komitəsi Azərbaycan hakimiyyətinin təqdim etdiyi “optimal şərait” təsviri ilə talış nümayəndələrinin söylədikləri arasında fərq olduğunu yazıb.
Komitə talış mədəniyyəti konfranslarının İran və Ermənistanla əlaqəyə görə separatizm şübhəsi doğurduğunu, bəzi fəallara təzyiq göstərildiyi barədə məlumat aldığını və azlıq dillərinin əsasən özəl, qeyri-rəsmi sahə ilə məhdud qaldığını qeyd edib.
Əsas hüquqi sual
Azərbaycan Konstitusiyası etnik və dil mənsubiyyətindən asılı olmayaraq bərabərliyi, həmçinin hər kəsin milli mənsubiyyətini qorumaq hüququnu təmin edir.
Rəsmi mövqeyə görə, İsayev, Əbilov, Məmmədov və Abbasov talış olduqları üçün deyil, konkret dövlət təhlükəsizliyi cinayətlərinə görə təqib ediliblər.
Mübahisənin mərkəzində isə etnik kimliyin özü yox, dövlətin sübutları dayanır: zorakılığa çağırış, məxfi məlumatın ötürülməsi və ya xarici xidmətlə əməkdaşlıq açıq və inandırıcı faktlarla göstərilibmi? Yoxsa talış dilini, mədəniyyətini, ayrı-seçkilik iddialarını və hətta qeyri-populyar siyasi ideyaları müzakirə etmək təhlükəsizlik maddələri ilə cəzalandırılıb?
Novruzəli Məmmədov və Fəxrəddin Abbasovun həbsdə ölməsi, İqbal Əbilovun səhhəti barədə indiki xəbərlər bu sualı yalnız ifadə azadlığı məsələsi olmaqdan çıxarır. Bu, eyni zamanda dövlətin həbs etdiyi şəxsin həyatı, sağlamlığı və ölüm barədə şəffaf araşdırma aparmaq öhdəliyi məsələsidir.
Məhz həmin şəffaflıq olmadıqda “dövlət təhlükəsizliyi” arqumenti hüquqi əsasdan çox, talış kimliyi ətrafındakı müstəqil səsi susdurmaq vasitəsi kimi görünür.
Azərbaycanda talış kimliyi