Gürcüstan Patriarxlığının Azərbaycanın Qax rayonundakı məbədlə bağlı "qəbuledilməz bəyanatları" Bakıda hiddət doğurub
Azərbaycan-Gürcüstan Kürmük məbədi
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Qax rayonundakı məbədin bərpası ilə bağlı Gürcüstan Kilsəsi Patriarxlığının bəyanatına etirazını bildirib.
Patriarxlıq bir gün əvvəl bildirib ki, Müqəddəs Giorgi kilsəsi (Qurmux məbədi) gürcü mənəvi və mədəni irsinin mühüm abidəsidir və orada Tbilisi ilə razılaşdırılmadan, eləcə də Bakıdan rəsmi məlumat verilmədən bərpa işlərinin aparılmasından narazılığını ifadə edib.
Patriarxlıq həmçinin məbədin “tarixi Heretidə (Gürcüstan bölgəsi)” yerləşdiyini yazıb.
Azərbaycan XİN bəyan edib ki, Patriarxlığın Azərbaycanda Kürmük adlandırılan məbədlə bağlı müraciəti Azərbaycana qarşı ərazi iddiasıdır.
Nə baş verib
Sentyabrın 24-də yayımlanan bəyanatda Patriarxlıq Qurmux məbədində və ona bitişik ərazidə davam edən işlərdən narahatlığını bildirib. Qeyd olunub ki, məbəd hazırda Azərbaycan ərazisində yerləşsə də, Gürcüstanın və Gürcü Pravoslav Kilsəsinin tarixi və mənəvi irsinin mühüm abidəsidir.
“İstər tarixi Heretidə yerləşən məbədin özündə, istərsə də ona bitişik ərazidə aparılan istənilən müdaxilə Gürcü Pravoslav Kilsəsində xüsusi narahatlıq doğurur. Həm aparılan işlərin məqsədinin qeyri-müəyyən olması, həm də gürcü mədəni irsi abidəsinin Gürcüstan tərəfinin razılığı olmadan bərpa edilməsi çoxsaylı suallar yaradır“, – bəyanatda deyilir.
Patriarxlığın məlumatına görə, Qurmux məbədində davam edən işlərlə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarından heç bir rəsmi məlumat almayıblar.
Kilsə hesab edir ki, Gürcüstanın müvafiq dövlət qurumları prosesə cəlb olunmalı, məbədin ərazisində hansı işlərin aparıldığını, bu işlərin hansı tədqiqatlara əsaslandığını və kim tərəfindən həyata keçirildiyini müəyyən etməlidir.
Patriarxlıq həmçinin öz nümayəndələrinin və gürcü mütəxəssislərin müzakirələrə cəlb olunmasını xahiş edir.
“Yalnız vaxtında və əlaqələndirilmiş əməkdaşlıq sayəsində gürcü mənəvi və mədəni irsi abidəsinin lazımi şəkildə qorunmasını və mühafizəsini təmin etmək mümkündür“, – Gürcüstan Patriarxlığının bəyanatında deyilir.
Azərbaycan XİN nə deyir
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Patriarxlığın Azərbaycanda Kürmük adlandırılan məbədlə bağlı müraciəti Azərbaycana qarşı ərazi iddiasıdır.
“Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb. Gürcüstan tərəfinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə eyni münasibəti ölkələrimiz arasında strateji tərəfdaşlığın ən mühüm əsaslarından biridir […]
Gürcüstan Patriarxlığına Erməni Kilsəsinin məlum yanaşmalarını təkrarlamaq və onun nümunəsini izləmək tövsiyə edilmir. Azərbaycan ərazisində yerləşən bütün tarixi, mədəni və dini abidələr Azərbaycan xalqının və dövlətinin milli irsinin ayrılmaz hissəsidir”, – XİN-dən bildirilib.
Bəyanatda həmçinin qeyd olunur ki, “Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin başqa adlarla təqdim edilməsi qəbuledilməzdir”.
“Dini institutların Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu formalaşmış tarixi dostluq və mehriban qonşuluq əlaqələrinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsi vacibdir“, – Azərbaycan XİN bəyan edib.
Azərbaycan-Gürcüstan Kürmük məbədi