Prezident Azərbaycanda iqlim dəyişikliyinin ciddi hiss edilmədiyini deyir, BMT-yə təqdim olunan hesabat isə əksini deyir
Azərbaycanda iqlim dəyişikliyi
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin iqlim dəyişikliyinin təsirlərini hələ ciddi hiss etmədiyini deyir və bunu qışda dağlarda gördüyü qarın səviyyəsi ilə əsaslandırır. Lakin Azərbaycanın özünün BMT-yə təqdim etdiyi ən yeni iqlim sənədlərində ölkənin iqlim böhranından artıq ciddi şəkildə təsirləndiyi yazılır.
Rəsmi məlumatlara görə, son 23 ildə orta temperatur 1,1°C yüksəlib, su ehtiyatları təxminən 15 faiz azalıb, quraqlıqların müddəti uzanıb, Xəzərin səviyyəsi iki metrdən çox enib, dağlarda şaxtalı günlərin sayı və buzlaqların sahəsi azalır.
Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyev ərzaq təhlükəsizliyindən danışarkən iqlim dəyişikliyi ilə bağlı belə deyib:
“Biz hələ iqlim dəyişikliyinin fəsadlarını hiss etmirik. Mən hər qış xizək sürürəm və görürəm ki, dağlarımızda qarın səviyyəsi eyni qalır. Ola bilər, haradasa əriyir, amma Azərbaycanda yox”.
Ardınca Əliyev bir daha bildirib ki, Azərbaycan “hələ iqlim dəyişikliyinin təsirlərinə məruz qalmayıb”. Eyni çıxışın növbəti cümləsində isə prezident su çatışmazlığının ərzaq təhlükəsizliyinə daha çox diqqət tələb etdiyini deyib.
Problem ondadır ki, prezidentin ümumiləşdirməsi Azərbaycanın özünün iqlim dəyişikliyi ilə bağlı hazırladığı rəsmi sənədlərlə uyğun gəlmir.
Hökumətin 2026-cı ildə qüvvədə olan sənədi nə deyir?
Ən aktual mənbələrdən biri Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təqdim etdiyi NDC 3.0 sənədidir. Sənəd 2025-ci ilin noyabrında təqdim olunub, 2026-cı ilin avqustunda yenilənmiş versiyası yayımlanıb.
Orada vəziyyət Əliyevin sentyabrın 26-da verdiyi qiymətləndirmədən xeyli fərqli təsvir edilir:
Azərbaycan iqlim böhranından ciddi şəkildə təsirlənir.
Sənəd bunun əlamətləri kimi temperaturun yüksəlməsini, hava şəraitinin dəyişməsini, torpaqların deqradasiyasını, su ehtiyatlarının azalmasını və Xəzər dənizinin dayazlaşmasını göstərir. Bunların biomüxtəlifliyə, su ehtiyatlarına, kənd təsərrüfatına, iqtisadi inkişafa və əhalinin rifahına təhlükə yaratdığı qeyd olunur.
Yəni söhbət yalnız gələcək üçün verilən proqnozdan getmir. Azərbaycanın rəsmi iqlim sənədi artıq müşahidə olunan dəyişikliklərdən bəhs edir.
Azərbaycan artıq 1,1°C isinib
NDC 3.0-a əsasən, son 23 ildə Azərbaycan üzrə orta temperatur artımı 1,1°C-yə çatıb.
2023-cü ildə ölkədə orta temperatur 14,6°C olub və iqlim normasını 1,9°C üstələyib. Bakı regionunda 35°C-dən yüksək temperaturla müşayiət olunan istilik dalğalarının göstəricilərində də ciddi artım qeydə alınıb.
Bu rəqəmlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daha əvvəl açıqladığı göstəricilərlə də uyğun gəlir. Nazirlik 2024-cü ilin iyun ayının ilk 20 günündə ölkə üzrə temperaturun iqlim normasından 4,8°C yüksək olduğunu açıqlamışdı.
Bunlar bir ayın və ya bir ilin havasının özü deyil, uzunmüddətli istiləşmə fonunda müşahidə edilən göstəricilərdir.
Bəs Əliyevin misal gətirdiyi qar?
Prezidentin konkret hansı dağda, hansı hündürlükdə və hansı illəri müqayisə etdiyi məlum deyil. Buna görə onun xizək sürərkən gördüyü qarın səviyyəsinin həqiqətən dəyişib-dəyişmədiyini ayrıca yoxlamaq mümkün deyil.
Ancaq bir neçə qış mövsümündə qarın çox görünməsi uzunmüddətli iqlim tendensiyasını ölçmür.
Daha əhəmiyyətlisi odur ki, Azərbaycan hökumətinin öz məlumatları dağlıq ərazilərdə artıq dəyişiklik olduğunu göstərir.
2024-cü il Milli Adaptasiya Planında son onilliklərdə bütün ölkədə temperaturun artdığı və qışda şaxtalı günlərin sayının azaldığı, bu tendensiyanın xüsusilə dağlıq ərazilərdə nəzərə çarpdığı bildirilir. Plan ayrıca “buzlaqların əriməsi” bölməsini ehtiva edir və Milli Hidrometeorologiya Xidmətinin müşahidələrinin buzlaqlarda ərimə prosesinin intensivləşdiyini göstərdiyini bildirir.
Eyni məsələ hələ 2020-ci ildə Əliyevin özünün sədrliyi ilə keçirilən su təsərrüfatına dair müşavirədə səsləndirilmişdi. O vaxt ekologiya naziri Muxtar Babayev prezidentə bildirmişdi ki, temperaturun yüksəlməsi nəticəsində Azərbaycanın dağlıq ərazilərində “şaxtalı və qarlı günlərin sayının azalması qeydə alınır”.
Azərbaycanın BMT-yə təqdim etdiyi daha əvvəlki hesabatda isə Qusarçay hövzəsində buzlaqların ümumi sahəsinin təxminən 110 il ərzində 4,9 km²-dən 2,4 km²-yə düşdüyü göstərilib. UNFCCC
Beləliklə, qarın konkret xizək kurortunda bir mövsümdə çox və ya az olması ilə ölkənin dağ ekosistemində baş verən uzunmüddətli dəyişiklikləri eyniləşdirmək olmaz.
Su ehtiyatları artıq azalıb
Əliyevin çıxışındakı başqa bir detal əslində problemin özünü göstərir: prezident “su çatışmazlığını” ərzaq təhlükəsizliyi üçün risk adlandırır.
Azərbaycanın NDC 3.0 sənədinə görə, son onilliklərdə ölkənin su ehtiyatları təxminən 15 faiz azalıb. Son onillikdə yağıntının ümumi miqdarı 1971-2000-ci illərin iqlim norması ilə müqayisədə təxminən 3,4 faiz aşağı düşüb.
2025-ci ilin dekabrında ekologiya nazirinin müavini Umayra Tağıyeva BMT tədbirində daha bir göstərici açıqlayıb: ölkəyə daxil olan su ehtiyatlarında 30 faiz azalma müşahidə olunur. Bu rəqəm ümumi su ehtiyatlarının deyil, ölkəyə daxil olan axının dəyişməsini ifadə edir.
Üstəlik, Azərbaycanın çay sularının təxminən 67-70 faizi ölkə xaricində formalaşır, bu da ölkəni həm iqlim, həm də transsərhəd su istifadəsindəki dəyişikliklərə həssas edir.
Quraqlıq müddəti uzanır
NDC 3.0-da son 30 ildə isti və quru küləklərin sayının 14 dəfə artdığı, quraqlıqların müddətinin isə 20 faizdən çox uzandığı bildirilir. Son on ildə dolu hadisələrinin də üç dəfədən çox artdığı qeyd olunur.
Azərbaycanın 2024-cü il Milli Adaptasiya Planında hesablamanın bir qədər fərqli dövrü üzrə quraqlığın müddətinin 19 faiz artdığı göstərilir.
Dünya Bankının modelləşdirməsinə görə, hətta nisbətən optimist iqlim senarisində 2050-ci ilə doğru Azərbaycanın mərkəzi rayonlarındakı əkin sahələrinin böyük hissəsində su qıtlığı riski yaranır. Adaptasiya tədbirləri görülməzsə, suvarılmadan, əsasən yağış hesabına yetişdirilən bəzi bitkilərdə məhsuldarlığın 2051-2060-cı illərdə 1995-2014 səviyyəsindən 30 faizə qədər aşağı düşə biləcəyi hesablanıb.
Xəzərin iki metrdən çox geri çəkilməsi
Azərbaycan hökumətinin NDC 3.0 sənədinə görə, Xəzər dənizinin səviyyəsi son 30 ildə iki metrdən çox aşağı düşüb.
Sənəd bunu bir neçə səbəblə izah edir: çaylardan daxil olan suyun azalması, temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artması və digər geoloji amillər. Sahil infrastrukturu və ekosistemlər üçün risklərin artıq yarandığı bildirilir.
Bu səbəbdən Xəzərin dayazlaşmasının hamısını yalnız iqlim dəyişikliyinə bağlamaq düzgün olmaz. Amma Azərbaycanın öz rəsmi sənədi temperatur artımını və güclənmiş buxarlanmanı prosesin səbəblərindən biri kimi göstərir.
Rəsmi məlumatlar hansı nəticəyə imkan verir?
Əliyevin dağlarda qarla bağlı şəxsi müşahidəsinin özünü mövcud açıq məlumatlarla təkzib etmək mümkün deyil: konkret məkan, ölçü və müqayisə dövrü göstərilməyib.
Amma bundan çıxarılan daha geniş nəticə – onun “Azərbaycan hələ iqlim dəyişikliyinin təsirlərinə məruz qalmayıb” deməsi hökumətin özünün BMT-yə təqdim etdiyi sənədlərdəki məlumatlarla uzlaşmır.
Həmin sənədlər artıq baş vermiş dəyişiklikləri göstərir: 1,1°C temperatur artımı, su ehtiyatlarının azalması, daha uzun quraqlıqlar, dağlarda şaxtalı günlərin azalması, buzlaqların əriməsi və Xəzərin səviyyəsinin enməsi.
Üstəlik, Azərbaycanın 2026-cı ildə qüvvədə olan NDC 3.0 sənədi vəziyyəti prezidentin çıxışındakından tamamilə fərqli sözlərlə təsvir edir: Azərbaycan “iqlim böhranından ciddi şəkildə təsirlənir”.
Azərbaycanda iqlim dəyişikliyi