Rusiyapərəst krımlılar nəyə hazır deyildi? – “Yarovayanın qanunu”nun fəsadları

Ukraynayönlü fikirlər və hakimiyyətin tənqidinə görə həbs Sosial şəbəkələrdə yazılanlar tezliklə krımlıların təqibinə səbəb, elektron ...

original_thumb

Ukraynayönlü fikirlər və hakimiyyətin tənqidinə görə həbs

Sosial şəbəkələrdə yazılanlar tezliklə krımlıların təqibinə səbəb, elektron yazışma və mobil telefonla göndərilən SMS-lər isə xüsusi xidmət orqanları üçün açıq olacaq. Bütün bunlar artıq iki ildir ki, Rusiya qanunvericiliyi ilə yaşayan Krım üçün tez bir zamanda reallığa çevriləcək.

İyunun 24-də Rusiya Dövlət Duması tərəfindən qəbul edilən deputat İrina Yarova və senator Viktor Ozerovun “antiterror paketi”  20 iyul 2016-cı ildə qüvvəyə minir. Qanunvericilik təşəbbüsünü 277 Rusiya parlamentarisi dəstəkləyib.

İyulun 7-də müvafiq qanunlar paketini Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Qəbul edilən qanun layihələri Rusiya güc strukturlarına bütün telefon danışıqları və elektron yazışmalarına giriş imkanı verir. Rabitə operatorları yarım il ərzində istifadəçilərin bütün mesajlarını saxlamalı, həm də dövlət orqanlarına şifrələnmiş yazışmanın dekodlaşdırılması üçün vasitələr təqdim etməlidirlər.

WhatsApp və Telegram kimi messencerlər Federal Təhlükəsizlik Xidmətinə mesajların dekodlaşdırılması üçün açarları vermədiyinə görə 1milyon rubl məbləğində cərimə olunacaqlar.

Rusiyanın Cinayət Məcəlləsinə həm də “cinayət haqqında məlumatın verilməməsi” ilə bağlı maddə daxil edilib: bu maddə bir ilə yaxın həbs cəzasını nəzərdə tutur. Bundan əlavə, terrorizmlə bağlı cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi 14 yaşa qədər azaldılıb. Həm də ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını nəzərdə tutan “beynəlxalq terrorizm” haqqında yeni maddə əlavə edilib.

Rusiya Cinayət Məcəlləsinə edilən yeni dəyişiklikləri Krımda hədsiz sərt adlandırıblar. İlhaq olunmuş Krımdan olan və Ukrayna qanunvericiliyi ilə yaşayan krımlılar üçün bu, yeni represiya dalğası deməkdir. Hətta Rusiyapərəst əhali tez-tez güc strukturlarının hərəkətlərinin şokunu yaşayır, axı ilin əvvəlindən Krımda dağıdılan bir neçə mitinq çox qəddar həbslərlə müşayiət olunub. 

“Rusiya hakimiyyəti artıq dilə gətirilən istənilən şəxsi fikri öz mövcudluğuna təhdid kimi qəbul edir. Bundan da çıxış edərək, Rusiya qanunvericiliyinə getdikcə daha sərt “ekstremist” və “terror” havalı düzəlişlər edirlər, – Krım hüquq müdafiəsi qrupunun üzvü Vissarion Aseyev deyir. – Ukraynada mitinq keçirmək, öz fikrini ifadə etmək azadlığına alışan krımlılar və hətta Rusiyapərəst krımlılar da tətbiq olunan cəzalardan dəhşətə gəlirlər. Hətta işğalı dəstəkləyən kazaklar da mitinqə çıxanda, onları dağıdırlar. Onlar da bunu başa düşə bilmirlər”.

Krım təcrübəsi

Yarımadada eyni zamanda baş verən bir neçə hadisə krımlılar üçün yeni reallığın parlaq nümunəsi oldu. 6 may 2016-cı ildə Simferopolda güc strukturları əməkdaşları Krım kazakları tərəfindən təşkil olunan mitinqi dağıtdılar. O vaxt kazaklar Simferopolda kadet korpusunun bağlanmasına qarşı etiraz aksiyası keçirmək istəyirdilər. Alınmadı. Yerli hakimiyyətlə razılaşdırılmamış mitinqin keçirilməsinə görə güc strukturları əməkdaşları aksiya iştirakçılarını həbs etdi.

1

Bir qədər sonra Aluştada Rusiya polisi dəniz sahilində sakinlərin dənizə yolunu bağlayan attraksionların quraşdırılmasına qarşı keçirilən etiraz aksiyasını dağıtdı.

Şənbə günü, iyunun 4-ü səhər başlayan aksiyada 50-yə yaxın adam iştirak edirdi. Bura gələn polis əməkdaşları mitinq təşkilatçılarını saxlayıb, polis şöbəsinə apardılar. Saxlanılanlar arasında mitinqin təşkilatçısı, Aluşta şəhər şurasının deputatı Pavel Stepançenko da varıydı, onu polis şöbəsindən 7 saat sonra, paltarları cırıq-cırıq halda və kürəyində qançırlarla buraxdılar.

2

Симферополь. Полиция разогнала митинг против закрытия кадетского корпуса и задержала крымских казаков

İlhaqı dəstəkləməyən krımlıların təqibi 

Rusiya qanunvericiliyi ilə Krımda “26 fevral” adlandırılan iş üzrə Krım tatarlarını mühakimə edirlər. Məhz 26 fevral 2014-cü ildə Krım tatarları Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək üçün mitinqə çıxdılar. 

Krımın ilhaqından sonra Axtem Çiyqoz, Ali Asanov və Mustafa Deqeremci Ukrayna ərazisində Ukraynapərəst mitinqlərdə kütləvi qarşıdurmaların təşkilində ittiham olundu. Hazırda dinləmələr davam edir, həbs olunanlar bir ildən çoxdur ki, istintaq təcridxanasında saxlanılırlar.

Bir qədər sonra, Rusiya hakimiyyəti yarımadaya gələndə burada “Hizb ut-Təhrir” adını alan üş üzrə Krım müsəlmanları kütləvi şəkildə həbs və mühakimə olundu.

“Hizb ut-Təhrir” Rusiyada terrorçu elan edilən müsəlman təşkilatıdır. Hazırda guya yarımadada “Hizb ut-Təhrir”in tərəfdarları olan və özəklər təşkil edən Krım müsəlmanlarına qarşı cinayət işləri açılır.

Düzdür, Rusiya istintaqı kifayət qədər sübutlar toplaya bilmir. Hüquq müdafiəçiləri bildirir ki, Krım müsəlmanlarını mətbəx söhbətləri və vətəndaş mövqelərinə görə həbs edirlər. 

İndi “Yarovayanın düzəlişləri” ediləndən sonra həbslərin sayı arta bilər, axı Krım müsəlmanlarının qanunsuz həbsləri və evlərində aparılan axtarışlar kimi Rusiyanın Krıma zorla soxulması mövzusu da Krım tatarlarının müzakirə etdiyi əsas mövzu olaraq qalır, Krım hüquq müdafiəsi qrupunun əlaqələndiricisi Abdureşit Cepparov deyir.  “Dinləmə, sosial şəbəkələr, insanların arasında ünsiyyət… bütün bunlar artıq cinayət sayılacaq. Krımda 400 min Krım tatarı var, hər birimiz də cinayətkar ola bilərik, çünki içimizdə bu mövzuda danışmayan az adam tapılar. Söhbətlər də o haqdadır ki, hərə özü üçün dəyişikliklər gözləyir, bizim anlamımızda isə dəyişikliklər indi həyatımızda olanları dəyişmək cəhdi deməkdir.

Bizi rejim qane etmir, yurisdiksiya qane etmir. Bu isə artıq nəsə deməkdir. Ona görə pisdir ki, heç buna qədər də yaxşı olmayıb. Bizdə elə bir vəziyyət yaranıb ki, əhalinin bir hissəsi Rusiya tərəfində olanlardır, deməli, onlar məmnuniyyətlə xəbər verəcək, məlumat ötürəcək, donos yazacaq”, – Cepparov deyir.

Hələ “Yarovayanın düzəlişləri”nə qədər də sosial şəbəkələrdəki screenshot Ukraynalı fəallara guya ekstremizmə qarşı müqavimətlə bağlı xəbərdarlıq edilməsinə səbəb olub. 

Ukrayna yazıçısı Taras Şevçenkonun ad günü ərəfəsində də belə oldu. Ukrayna mədəniyyət mərkəzinin fəalı Leonid Kuzminin sözlərinə görə, mart ayında Simferopol hökuməti Kobzarın ad günü münasibətilə mitinq keçirməyi qadağan etdi.

Bir qədər sonra mərkəzin fəallarına Rusiya tərəfindən idarə olunan prokurorluqdan 9 mart 2016-cı ildə T.Q. Şevçenkonun heykəlinin yanında istənilən mitinqin keçirilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıq edildi. Xəbərdaqlıq üçün əsas “Facebook”da gedən məlumat oldu. 

“Onlar daimi “Facebook”da gedən məlumatları izləyirlər. Prokurorluq əməkdaşı Simferopolda Şevçenkonun ad günündə küçəyə çıxmaqla bağlı şəbəkədə çağırış etdiyim statusumdan link verdi”, – Kuzmin deyir.   

Rusiya təcrübəsi

İnternetdə ifadə olunan fikirlərə görə iki illik həbs cəzasının nə demək olduğunu Rusiyada artıq bilirlər.

6 may 2016-cı ildə Tverdən olan bloqqer Andrey Bubeyev özünün “VKontakte”dəki səhifəsində Boris Stomaxinin “Krım Ukraynadır!” adlı məqaləsinin və üstündə “Rusiyanı içindən çıxar” yazılan tübikdən diş məcununu sıxıb çıxaran əli təsvir edən şəkilin dərcinə görə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanıldı.

4

Məhkum olunmuş Andrey Bubeyevin həyat yoldaşı Anastasiyanın sözlərinə görə, Rusiyada ictimaiyyət Yarovayanın yeni düzəlişlərini, o cümlədən də ekstremizmlə bağlı maddələr üzrə cəzanın sərtləşdirilməsi məsələsini müzakirə edir.

Bu maddələrin mənasının açılışı çox dumanlıdır, buna görə də Rusiyada heç kim insanın məhz hansı səbəbdən məsuliyyətə cəlb olunacağını deyə bilmir.

“Ötən il ərzində siyasi maddələr üzrə cinayət işlərinin sayı dəhşətli dərəcədə artıb. Fikrimcə, məqsəd əhalinin İnternetdə, o cümlədən də informasiya mübadiləsi üçün universal meydan olan sosial şəbəkələrdə istənilən siyasi fəallığını boğmaqdır.

Yeni qanunlar, sıravi vətəndaşlar üzərində qurulan açıq məhkəmələrlə hədələmək məqsədini daşıyır. İnsanlarda istənilən özünü ifadə forması qarşısında qorxu hissini yetişdirir. RF-də insanları artıq dinc etiraz aksiyalarına, qeyri-standart incəsənətə görə, yazışmalarda siyasi altməna axtataraq, həbs edirlər.  

Qanunvericiliyə edilən yeni dəyişikliklər hüquq-mühafizə orqanlarının fəaliyyət sərhədlərini genişləndirəcək və müstəntiqlərin işini yüngülləşdirməklə, eyni zamanda hər bir vətəndaşın şəxsi həyatını xeyli çətinləşdirəcək. Əlbəttə ki, bütün bunlar hazırda Rusiya qanunları ilə yaşayan krımlılara da aiddir. Bu ölkədə istənilən təşəbbüs cəzalandırıla bilər”, – Anastasiya Bubeyeva izah edir. 

Rusiyada ancaq Ukraynayönlü və ya Krımın ilhaqına qarşı çıxışlara görə həbs etmirlər. Rusiyada və onun ilhaq etdiyi bütün ərazilərdə hakimiyyətin tənqidi də ekstremizm kimi qiymətləndirilə bilər.

Misal üçün, Tomskdan olan video-bloqqer və ictimai fəal Andrey Tyumentsev 5 il müddətinə azadlıqdan məhrum edilərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Cinayət işinin başlanmasına səbəb “Youtube”da və Tyumentsevin “Vkontakte” şəbəkəsindəki şəxsi səhifəsində yerləşdirilən iki çarx olub: “Tomskda məmurların və marşrut sürücülərinin özbaşınalığına qarşı xalq qəzəbi günü”, bir də “Donetsk və Luqansk vilayətlərinin sakinləri Tomskdan rədd olun!”.

İlk dəfə dərc olunub: 11.07.2016

hromadske.ua


More on JAMnews