“Yaponlar kimi salamlaşmağa başlamışıq”, - Azərbaycan regionları karantin rejimində necə yaşayır?
Oturuşmuş həyat tərzi dəyişib, insanlar bayramda bir-birinin evinə getməyib, hətta məzarları da ziyarət etməyiblər
Azərbaycanda gücləndirilmiş karantin rejimi tətbiq ediləndən və şəhərlər arasında hərəkət qadağan olunandan sonra ölkənin regionları paytaxtdan və bir-birindən qopmuş vəziyyətə düşüblər.
Aprelin 3-ə olan məlumata əsasən, Azərbaycanda COVID-19 koronavirusuna yoluxanların ümumi sayı 443 nəfərə çatıb. Beş nəfər ölüb, 32 nəfər sağalıb.
Xaçmaz Azərbaycanın şimalında, Bakıdan 160 kilometrlik məsafədə yerləşir. Burada 30 min nəfərə yaxın insan yaşayır. Onların əksəriyyəti fərdi evlərdə məskunlaşıb. Bu zaman kəsiyində Xaçmazda gündəlik həyatın necə dəyişdiyi haqda 25 yaşlı Kərim danışır:
“Deyirlər ki, Bakıda ictimai nəqliyyatla bağlı problem var, bizdə isə ümumiyyətlə heç vaxt nəqliyyat olmayıb – hamı ya piyada gəzir, ya da taksiyə minir. Bütün şəhərdə ancaq bir marşrut var, köhnə “qazellərdən” ibarət, amma o da yəqin karantinə görə dayandırılıb. Bilmirəm, mən çoxdan öz küçəmdən uzağa getməmişəm. Özüm özümü təcrid etmişəm, hələ hakimiyyət bunu tələb etməmişdən əvvəl. Evdə yaşlı nənəm var, risk eləmək istəmirəm. Üstəlik, işim başqa rayonlara getməklə bağlıdır, indi isə bu mümkün deyil. Odur ki, oturmuşam evdə, arada ancaq mağazaya gedirəm, ya da eləcə darvazadan çıxıram. Tez-tez polis maşınları keçir və səsgücləndirici ilə xatırladırlar ki, təhlükəsizlik qaydalarına əməl etmək lazımdır.
Dostlarımla və tanışlarımla onlayn ünsiyyət saxlayıram, tarixə və paleontologiyaya aid kitablar oxuyuram, iqtisadiyyat öyrənirəm, prinsipcə darıxmıram. Əslində darıxsaydım da heç nə dəyişməzdi – lazımdı deyilirsə, deməli, lazımdır.
Gördüyüm qədərincə bizim şəhərimizdə çoxları epidemiyanı və karantini ciddi qəbul edib. Bu, bizim salamlaşmağımızdan da bəəlli olur. Əvvəllər dostlarla, xüsusən də qohumlarla görüşən zaman əl sıxardıq, qucaqlaşardıq, öpüşərdik. İndi isə yaponlar kimi salamlaşmağa başlamışıq – təmkinlə, məsafəni gözləyərək”.
- Küçəyə çıxmazdan əvvəl hakimiyyət orqanına SMS – Azərbaycanda yeni məhdudiyyətlər
- “Təşəkkür, əzizim!” – karantində daha rahat olan bakılı qadının minnətdarlığı
Azərbaycanda martın 20-21-də Novruz bayramı, baharın gəlişi qeyd olunur. Bir qayda olaraq, regionlarda bayram xüsusilə təmtəraqlı, bütün ənənələrə uyğun keçirilir. O cümlədən də insanlar bir-birinin evinə qonaq gedir, axşam isə bütün məhəllə böyük ocağın başına toplaşır. Amma bu il hər şey tam başqa idi.
“Novruz çox sakit keçdi. Sözün həqiqi mənasında sakit, hətta həmişə olduğu kimi petarda partladan da olmadı. Şəhərdə heç bayram əhvalı hiss olunmadı. Bizim məhəlləmizdə ocaq qaladılar, amma ilk dəfə mən ocağın yanında durmadım. Eləcə yaxınlaşıb kənardan qonşularla salamlaşdım, elə onlar özləri də belə, əl sıxmadan salamlaşmaq istədilər.
Heç kim heç kimə qonaq da getmir – nə qonşular, hə də qohumlar. Üstəlik, biz hətta qəbir üstünə də getmədik, baxmayaraq ki, həmişə Novruzda gedərdik”.
Ölkədə gücləndirilmiş karantin rejimi tətbiq edilib. Metro, parklar, bağlar bağlanıb, əksər müəssisə, təşkilat və qurumların fəaliyyəti dayandırılıb. Aprelin 5-dən vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq olunacaq – müəyyən sahələrdə çalışanlardan başqa hər kəs evdən çıxmaq üçün hakimiyyəti sms vasitəsilə məlumatlandırmalı olacaq. Artıq karantin rejiminin pozulmasına görə cərimələr tətbiq olunmağa başlayıb. Bununla belə, ölkədə hələ də fövqəladə vəziyyət elan olunmayıb və baş verənlər üzündən dolanışıq imkanından məhrum olan ölkə sakinlərinin dəstəklənməsi üçün heç bir tədbir görülməyib.