Zelenski dron müqavilələrindən danışdı, Bakı yox: Azərbaycan Ukrayna ilə əməkdaşlığı necə tarazlayır?
Azərbaycan-Ukrayna dron əməkdaşlığı
Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 12-də Dublində, Avropa Siyasi Birliyinin 9-cu sammitində prezident İlham Əliyevlə görüşüb.
Əliyev sammitə İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koştanın dəvəti ilə gedib. Zelenski Telegram kanalında sammitdəki işinə məhz bu görüşlə başladığını yazıb. O, “ölkələrimiz arasında münasibətlər inkişaf edir” yazıb. Onun sözlərinə görə, əsas mövzu Ukraynanın dron əməkdaşlığı proqramı olub:
“İlk növbədə Dron Sövdələşməsi. Bağlanmış müqavilələr var, sifarişləri genişləndirmək üzərində işləyirik”.
Azərbaycan tərəfinin görüş barədə məlumatında isə dron, müdafiə və hərbi əməkdaşlıq sözləri yoxdur. Orada iqtisadi və ticarət əlaqələrindən, nümayəndə heyətlərinin səfərlərindən və Azərbaycanın göndərdiyi elektrik avadanlığına görə Zelenskinin təşəkküründən danışılır. Dron müqavilələri barədə Azərbaycan saytları da məlumatı Zelenskinin paylaşımına istinadən verib.
Aprel ayında Zelenskinin Qəbələyə səfəri barədə yazmışdıq.
Bəs, Azərbaycan Ukraynanın dron proqramında nə edir və Bakı bunu niyə açıq demir?
Dron Sövdələşməsi nədir?

Bu, Ukraynanın hərbi texnologiyalarını, ilk növbədə dronları və dronlara qarşı sistemləri tərəfdaş ölkələrə çıxarmaq üçün yaratdığı dövlətlərarası razılaşma formatıdır. Bu razılaşmalar satışdan əlavə, birgə istehsalı, texnologiya mübadiləsini və Ukraynanın döyüş təcrübəsinin ötürülməsini də əhatə edir.
Ukrayna üçün bu, müharibə dövründə öz müdafiə sənayesinə uzunmüddətli xarici sifariş və pul deməkdir. Tərəfdaş ölkə isə müharibədə sınaqdan keçmiş texnologiya əldə edir. Kiyev bu ilin yazından Fars körfəzi ölkələri ilə də, xüsusən İran dronlarının hədəfinə çevrilən dövlətlərlə belə razılaşmalar imzalayır.
Ukrayna hökuməti iyulda bu çərçivədə texnologiya və silah ötürülməsi üçün icazə müddətini 30 günə endirib. Qaydalara görə, alıcı ölkə dövlət zəmanəti verməlidir, texnologiya yalnız istifadə üçün ötürülür, əqli mülkiyyət hüququ Ukraynada qalır. Ukrayna texnologiyası ilə hazırlanan məhsul üçüncü ölkəyə satılırsa, onun dəyərinin 20 faizi Ukrayna büdcəsinə ödənilir.
Sanksiya altında olan və ya “təcavüzkar dövlətin” nəzarətində olan qurumlar bu proqramdan kənarda qalır. Ukrayna mediasının siyahısında belə razılaşma imzalayan ölkələr arasında Litva, Latviya, Estoniya, Niderland, Danimarka, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Azərbaycan var.
Zelenski Dublində dronların növünü, sayını, müqavilələrin məbləğini və onları icra edən şirkətləri açıqlamayıb.
Qəbələdən Dublinə
Bakı ilə Kiyev arasında hərbi əməkdaşlıq aprel ayında ictimailəşib. Aprelin 25-də Qəbələdə iki prezident altı sənəd imzalayıb. Sənədlərin tam siyahısı açıqlanmayıb. Zelenski o zaman təhlükəsizliyi əməkdaşlığın birinci sahəsi adlandırmış, müdafiə sənayesində birgə istehsala dair sənədləri “çox ciddi addım” kimi qiymətləndirmişdi. O, ukraynalı dron mütəxəssislərinin artıq Azərbaycanda işlədiyini də bildirmişdi.
Zelenski həmin səfərdə Rusiya ilə danışıqların ABŞ-nin iştirakı ilə Azərbaycanda keçirilə biləcəyini də təklif etmişdi. Rusiya Federasiya Şurasının senatoru Vladimir Cabarov isə buna cavab olaraq Azərbaycanı belə görüş üçün “normal yer” adlandırmışdı.
Əliyev isə həmin görüşdə hərbi əməkdaşlığın müzakirə olunduğunu və birgə istehsal üçün “gözəl imkanlar” olduğunu demişdi.
O, iki ölkə arasında ticarətin 500 milyon dolları keçdiyini də xatırlatmışdı.
Bundan bir ay əvvəl, martda Naxçıvana dron hücumu olmuşdu. Əliyev hücumda İranı günahlandırmış, Tehran isə bunu rədd etmişdi. Ukraynanın dronlara qarşı mübarizə təcrübəsinə maraq bu fonda artıb.
Avqustda xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ildən bəri Kiyevə səfər edən ilk Azərbaycan XİN rəhbəri olub. Bayramov orada Zelenski, Prezident Ofisinin rəhbəri Kirilo Budanov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İhor Klimenko ilə görüşüb.
“İnterfaks-Ukrayna” agentliyinin yazdığına görə, Zelenski ilə görüşdə müdafiə əməkdaşlığı və “Drono Sövdələşməsi”nin icrası da müzakirə olunub. Bayramov Ukraynaya qaz verilməsi barədə də danışıb:
“Əgər ehtiyac yaranarsa, dost Ukraynaya da qaz təchiz etməyə hazır olacağıq”.
Bakı niyə susur?
Bakının ehtiyatı Rusiya ilə münasibətlərlə bağlıdır. 2024-cü ilin dekabrında AZAL təyyarəsi qəzası iki ölkə arasında gərginlik yaratmışdı, 38 nəfər həlak olmuşdu. Bu ilin aprelində tərəflər birgə bəyanatla təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən qəsdən olmadan vurulduğunu qəbul ediblər. İyulda Bayramov Moskvada Sergey Lavrovla görüşəndən sonra “çətin dövrün” arxada qaldığını deyib.
Yəni Bakı Moskva ilə münasibətləri yenicə bərpa edib. Politoloq Elxan Şahinoğlu hələ Bayramovun Kiyev səfəri zamanı Kremlin bu səfəri diqqətlə izləyəcəyini demişdi.
Bakının ehtiyatlı mövqeyi başqa bir hadisədə də göründü. İyunun 5-də Azov dənizində Rusiyanın Rostov limanına gedən iki yük gəmisi dron zərbəsinə məruz qalıb. Azərbaycan XİN-in dəqiqləşdirilmiş məlumatına görə, gəmilərdə olan dörd Azərbaycan vətəndaşı həlak olub. Rusiya XİN zərbəni Ukraynanın endirdiyini bildirib, Bakı isə hücumu kimin etdiyini açıq deməyib.
Rusiyanın Dublin görüşünə rəsmi reaksiyası hələlik yoxdur.
Ukrayna Azərbaycandan nə istəyir?
Dronlardan başqa, Zelenskinin ikinci tələbi enerji ilə bağlıdır. O, Əliyevlə görüşdən sonra yazıb:
“Minnətdar olarıq ki, Azərbaycan da indi qışdan əvvəl Ukraynanın kritik infrastrukturunu və logistikasını dəstəkləmək imkanı tapsın”.
Zelenski həmin gün sammitdəki çıxışında enerji dəstəyini Ukraynanın üç əsas prioritetindən biri adlandırıb:
“O, bizə indi, noyabrda və bütün qış boyu lazımdır”.
Zelenski Azərbaycan şirkətlərinin Rusiyanın zərbələrinə baxmayaraq Ukraynada işləməyə davam etməsinə görə də təşəkkür edib. Azərbaycan bundan əvvəl İrpin şəhərinə beş elektrik avtobusu bağışlamış, orada məktəb və xəstəxananın bərpasına kömək etmişdi. Bayramovun avqustdakı səfəri zamanı Azərbaycanın Ukraynaya humanitar yardımının 50 milyon dollardan çox olduğu bildirilmişdi.
Bu tarazlıq nə qədər davam edə bilər?
Qəbələ görüşündən sonra analitiklər Azərbaycanın xarici siyasətini “balanslı” və “çoxvektorlu” adlandırırdı. Bakı həm Kiyevlə müdafiə sənədləri imzalayır, həm də Moskva ilə münasibətləri bərpa edir.
Dublin görüşü bu modelin necə işlədiyini göstərir: hərbi əməkdaşlıq barədə Kiyev danışır, Bakı isə eyni görüşü iqtisadiyyat və humanitar yardım kimi təqdim edir. Müqavilələrin həcmi böyüdükcə, onu bu şəkildə idarə etmək çətinləşə bilər.
Azərbaycan-Ukrayna dron əməkdaşlığı