Maaş karta keçəcək, bəs “paket” qalacaqmı? Azərbaycanda əməkhaqqına elektron nəzarət nəyi dəyişə bilər?
Azərbaycanda maşa elektron nəzarət
Azərbaycanda maaşlar nazirliyin məlumat bazası əsasında, Mərkəzi Bankın seçdiyi elektron ödəniş sistemi ilə köçürüləcək. İşçi maaşını hansı bankdan alacağını özü seçəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində deyib.
Nazir müavininin sözlərinə görə, məqsəd təkcə müqavilədə yazılan məbləği yox, işçiyə real ödənilən pulu izləməkdir:
“Nəticədə əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya bir hissəsinin gizlədilməsi kimi halların aşkarlanması və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi yaradılacaq”.
Əmək Məcəlləsinə dəyişiklik layihəsinə görə, işəgötürən bütün maaşı işçinin seçdiyi bank hesabına köçürməli olacaq. “Report”un yazdığına görə, hökumət bunun maaşların vaxtında ödənilməsinə və əmək qanunlarına riayətə nəzarəti asanlaşdıracağını deyir. Bu dəyişiklik saatlıq əməkhaqqı ilə eyni qanun paketindədir. Saatlıq ödənişin kimə sərf edəcəyi barədə ötən günlərdə yazmışdıq.
Bəs, elektron nəzarət “paket maaş”ı aradan qaldıra bilərmi, yoxsa onu sadəcə başqa formaya salacaq?
“Paket maaş” nədir?
Belə ödənişdə maaşın bir hissəsi işçinin bank kartına köçürülür, qalanı isə nağd və qeyri-rəsmi verilir. Müqavilədə yazılan rəsmi maaş real qazancdan az olur, vergi və sosial sığorta haqqı da bu az məbləğdən ödənilir. Bəzi işçilərlə isə ümumiyyətlə əmək müqaviləsi bağlanmır.
On ilə yaxın Azərbaycanda müxtəlif müəssisələrdə çalışmış Səməd Şıxı deyib ki, işlədiyi yerlərin çoxunda onunla əmək müqaviləsi bağlanmayıb:
“Bu gün 50 manat artıq almaq mənim üçün 65 yaşımdan sonra pensiyama əlavə olunacaq puldan daha sərfəlidir”.
Onun sözlərinə görə, işçilərin çoxu bunu dəyişməyə çalışmır, çünki indiki pensiyaçıların aldığı məbləğə baxıb gələcəkdən böyük gözləntiləri olmur.
Problem nə qədər genişdir?
Dəqiq rəqəm yoxdur, amma rəsmi statistika problemin miqyasını göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 5,1 milyondan çox məşğul əhali var, muzdla çalışanlar isə 1 milyon 776,8 min nəfərdir. Onların 942,6 mini qeyri-dövlət sektorundadır.
Deputat Vüqar Bayramov komitə iclasında məşğul əhalinin 65 faizinin əmək müqaviləsi olmadan çalışdığını deyib. Beynəlxalq Valyuta Fondunun bu il Azərbaycan üzrə hesabatına əsasən, özəl sektorda rəsmi əmək müqaviləsi olanlar işçilərin cəmi 23 faizidir. Fondun hesablamasına görə, kölgə iqtisadiyyatı ÜDM-in təxminən yarısına bərabərdir.
İqtisadçı Rəşad Həsənovun fikrincə, maaşın olduğundan az yazılması daha çox özəl sektorda olur və bu hal müqavilələrin 40 faizindən çoxunda var:
“Dəqiq rəqəm demək çətindir, amma söhbət kifayət qədər böyük göstəricidən gedir”.
Müstəqil iqtisadçılar tikinti, iaşə və ticarət kimi gəlirli sahələrdə maaşların kütləvi şəkildə minimum yazılmasını “paket”in əlaməti sayır.
Müqayisə üçün: Dövlət Statistika Komitəsinə görə, bu ilin yanvar-avqust aylarında orta aylıq nominal əməkhaqqı 1173 manat olub, minimum əməkhaqqı isə 400 manatdır. Vergi Xidmətinin keçən ilki məlumatına görə, qeyri-neft özəl sektorunda ən çox müqavilə ticarətdə (299 min), xidmət sahəsində (232 min) və tikintidədir (98 min).
Vergi artır, nəzarət güclənir
Elektron nəzarət vergi yükünün artdığı dövrə təsadüf edir. 2019-cu ildən yeddi il ərzində qeyri-neft özəl sektorunda maaşın 8000 manata qədər hissəsi gəlir vergisindən azad idi. Dövlət Vergi Xidmətinin məlumatına görə, bu dövrdə həmin sektorda əmək müqavilələrinin sayı təxminən 470 min, yəni 87 faiz artıb və keçən ilin sentyabrında bir milyonu keçib. Xidmət bu artımı iqtisadi artımla və yeddiillik vergi güzəştləri ilə izah edir.
Güzəşt 2025-ci ilin sonunda bitib. İndi aylıq 2500 manata qədər maaşa gəlir vergisi tutulur: 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz. Bu məbləğin 200 manatı vergidən azaddır.
Bayramov keçən il də vergi qaydalarının müqavilə sayına təsirindən yazmışdı. Onun fikrincə, 2025-ci ildən mikro sahibkarlar üçün işçi saxlamaq şərti olmadan vergi güzəştinin verilməsi özəl sektorda müqavilələrin azalmasına səbəb olub.
Həsənov xəbərdarlıq edir ki, rəsmi ödənişlərə görə işəgötürənin vergi və sosial sığorta xərcləri artarsa, şirkətlər bu yükü işçinin üzərinə yıxmağa çalışa bilər:
“Əmək bazarında rəqabətin kəskinliyini, işsizliyi, orta və yüksək maaşlı iş yerlərinin azlığını nəzərə alsaq, bu vəziyyət işçinin əlinə çatan xalis maaşın azalmasına gətirib çıxara bilər”.
Elektron sistem nəyi görməyəcək?
Həsənova görə, yeni sistem qeyri-rəsmi maaşları leqallaşdırmaqdan çox, mövcud müqavilələr üzrə ödənişlərə nəzarət edəcək:
“Bu mexanizm nə “paket maaş”ın qanuniləşdirilməsi üçün hər hansı tələb qoyur, nə də işəgötürənin maaşı minimum həddə göstərməsinin qarşısını alır”.
Yəni müqavilədə 400 manat yazılıbsa və karta 400 manat köçürülürsə, sistem pozuntu görməyəcək. Nağd verilən qalan hissə yenə hesabdan kənarda qalacaq.
İqtisadçı Akif Nəsirli mexanizmi “mühüm addım” sayır. Onun fikrincə, maaşlar tam rəsmiləşsə, işçilərin pensiya kapitalı artacaq. Amma Nəsirli başqa bir sxemə də diqqət çəkir:
“Bəzən işəgötürən işçinin kartına rəsmi maaşı köçürür, qalan pulu isə əlbəəl verir və ya köçürülən məbləğin bir hissəsini işçidən geri alır”.
Onun fikrincə, müqavilədəki rəqəmləri sahələr, vəzifələr və iş yükü üzrə real maaşlarla müqayisə etmək, işçilər üçün işlək şikayət mexanizmi yaratmaq və qanunu pozanları cəzalandırmaq lazımdır.
İşçi niyə şikayət etmir?
Dövlət Əmək Müfəttişliyi “AzadlıqRadiosu”nun başqa bir sorğusuna cavabında şikayət olduqda iş elanlarındakı pozuntuların yoxlana biləcəyini bildirib: pozuntu aşkarlansa, “işəgötürən barəsində qanuna müvafiq tədbirlər görülür”. Yəni nəzarət əsasən işçinin müraciətindən asılıdır.
Səməd Şıxının fikrincə, işçilərin şikayət etməməsinin əsas səbəbi işsiz qalmaq qorxusu və şikayətin nəticə verəcəyinə inamsızlıqdır:
“Problem ondadır ki, şirkətlərin hansısa məmurla və ya güclü şəxslə əlaqəsi olur”.
Elektron sistem yalnız kağız üzərindəki maaşı yoxlayacaq. Nağd verilən hissəni isə yalnız işçinin özü göstərə bilər. İşçi şikayət etməyə cəsarət etmədikcə, “paket” onun razılığı ilə davam edəcək. Bu, artan vergi yükü fonunda xüsusən doğrudur.
Azərbaycanda maşa elektron nəzarət