Azərbaycanda saatlıq əməkhaqqı tətbiqi: işçiyə, işəgötürənə, yoxsa büdcəyə sərf edəcək?
Azərbaycanda saatlıq əməkhaqqı tətbiqi
Azərbaycanda 2027-ci ildən saatlıq minimum əməkhaqqının tətbiqinə başlanması planlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində deyib. Onun sözlərinə görə, ilk mərhələdə sistem kənd təsərrüfatı məhsullarının istehsalını və ictimai iaşəni əhatə edəcək.
Hələ 2024-cü ildə saatlıq ödəniş ideyasının müzakirə olunduğunu yazmışdıq. İndi isə Əmək Məcəlləsinə dəyişiklik layihəsinin əsas müddəaları bəllidir. Hökumət və deputatlar bunu çevik məşğulluq və qeyri-formal işin rəsmiləşməsi kimi təqdim edir, tənqidçilər isə başqa sual verir:
Saatlıq əməkhaqqı kimə sərf edəcək və o, dövlət sektorunda ştatları bölməyin yolu ola bilərmi?
Layihədə nə var?
Mediada yayılan məlumatlara görə, layihə saatlıq ödənişi iki halda nəzərdə tutur: əmək müqaviləsi bir aydan az müddətə bağlananda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmayanda. Sistemin hansı sahələrdə tətbiq olunacağını Nazirlər Kabineti müəyyən edəcək.
Layihədə bir neçə zəmanət də var:
- Gün ərzində bir saatdan az işləyən işçi bir saatlıq minimum məbləğdən az ala bilməz. Tamamlanmamış saat tam saat kimi ödənilir.
- Aylıq maaşla natamam iş vaxtında çalışanın maaşı iş vaxtına mütənasib hesablanan minimum əməkhaqqından az ola bilməz.
- Büdcədən maliyyələşən təşkilatlarda saatlıq ödəniş, APA-nın yazdığına görə, yalnız onların əməyin ödənilməsi sistemində nəzərdə tutulduqda tətbiq oluna bilər.
Saatlıq minimumun məbləği isə hələlik açıqlanmayıb. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə,
“saatlıq əməkhaqqının minimum məbləğinin minimum əməkhaqqının bir saata düşən məbləğindən az ola bilməyəcəyi də təsbit olunub”.
Nazir müavini isə saatlıq minimumun bu məbləğdən yüksək olmasının təklif edildiyini deyib.
Minimum aylıq əməkhaqqı 2025-ci ilin yanvarından 400 manatdır. İqtisadçı Natiq Cəfərlinin hesablamasına görə, beşgünlük iş həftəsində bu, saata təxminən 2 manat 50 qəpik, altıgünlük qrafikdə isə 2 manata yaxın edir.
Hökumət nə deyir?
Musa Quliyev hesab edir ki, saatlıq ödəniş azyaşlı uşağı olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıra bilər. Onun sözlərinə görə, aylıq minimum natamam, mövsümi və qısamüddətli işlərdə “qeyri-bərabərlik və sosial ədalətsizlik yaradır”:
“Lakin minimum əməkhaqqı aləti bütün iş rejimlərində universal indikator kimi çıxış edə bilmir”.
Quliyev saatlıq ödənişi “qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə təkan verən bir sosial alət” adlandırıb. Zaur Əliyev isə dəyişikliyin minimum əməkhaqqı sisteminin daha çevik tətbiqinə və hesablamalarda şəffaflığa kömək edəcəyini bildirib.
Bu addım gözlənilməz deyil. Hökumət, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Konfederasiyası bu ilin mayında imzaladıqları 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə saatlıq minimum əməkhaqqına imkan verən qanun dəyişikliklərinə nail olmağı öhdəlik kimi götürüblər.
Tənqidçilər nə soruşur?
Respublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə paylaşdığı şərhində üç sual qoyub.
Birincisi, saatlıq minimum işçiyə nə qazandıracaq? Onun misalında kimisə gündə 2 saatlıq işə götürüb 5 manat verəcəklərsə, “bu kimə sərf edəcək?”.
İkincisi, dövlət sektoru. Cəfərliyə görə, muzdla çalışanların yarısına yaxını dövlətdə işləyir və müəllimləri, həkimləri, polisi, məhkəmə işçilərini saatlıq qrafikə keçirmək çətindir. Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabrın 1-nə ölkədə 1 milyon 776,8 min muzdlu işçinin 834,2 mini, yəni təxminən 47 faizi dövlət sektorunda çalışırdı.
Üçüncüsü, özəl sektor. Cəfərli yazır ki, bu keçidi özəl sektora “diktə etmək olmaz, ancaq stimullaşdırmaq olar”. Onun fikrincə, işəgötürən işçini tapmağa və öyrətməyə vaxt və pul xərcləyir, bir iş yerinə iki-üç nəfəri saatlıq götürməkdə maraqlı olmaya bilər.
İqtisadçı Akif Nəsirli də keçən il ölkənin bu sistemə hazır olmadığını demişdi. Onun əsas arqumenti qanunların icrasını təmin edən mexanizmin olmamasıdır.
İnsan resursları üzrə menecer Röyal Əhmədov isə noyabrın 6-da “Bakupost”a deyib ki, saatlıq ödəniş avtomatik maaş artımı demək deyil, nəticə tarifdən və saatların necə hesablanmasından asılıdır: “Əsas məqsəd işəgötürən üçün daha ucuz işçi əldə etmək deyil”.
Ştatlar bölünəcəkmi?
Cəfərlinin ən sərt iddiası dövlət sektoru ilə bağlıdır. Onun fikrincə, yeni yanaşma əsasən büdcə təşkilatlarında işlənəcək.
O, belə misal çəkir: 100 işçisi olan və hər birinə orta hesabla 1500 manat ödəyən nazirlik heç kimi işdən çıxarmadan daha 100 nəfər götürə bilər. Hər iki işçi gündə 4 saat işləyib 600 manat alsa, bir ştat vahidi 1200 manata başa gələr.
Cəfərliyə görə, beləliklə “yeni iş yerləri” yaradılmış kimi göstəriləcək, büdcə isə hər ştatda 300 manat qənaət edəcək.
O, bunu “heç nəyi dəyişmədən, çox şeyi dəyişmiş kimi göstərmək cəhdi” adlandırır.
Rəsmilər bu tənqidə hələlik cavab verməyib. Layihənin özü isə büdcə təşkilatlarını tamamilə kənarda qoymur: orada saatlıq ödəniş əməyin ödənilməsi sistemi buna imkan verdikdə mümkün olacaq. Cəfərlinin misalındakı gündə 4 saatlıq iş də beşgünlük həftədə 20 saat edir, yəni layihədəki həddə düşür.
Fon da var. Dövlət sektorunda çalışanların sayı 2025-ci ildə 2 faiz azalıb, təxminən 17 min iş yeri itib. Təhsildə və dövlət idarəçiliyində də işçi sayı düşüb, özəl sektorda isə 5,2 faiz artıb.
Kimin xeyrinə ola bilər?
Tərəfdarlar sistemin ən çox indi rəsmi statusu olmayan işçilərə yarayacağını deyir. Deputat Razi Nurullayev keçən il bunu belə izah etmişdi:
“İşçilər faktiki işlədikləri saatlar üzrə əmək haqqı alacaq”.
İqtisadçı Xalid Kərimli mayda bildirib ki, aylıq model əsasən tam ştatlı işçilər üçündür, saatlıq minimum isə natamam iş günü ilə çalışanların hüquqlarını qorumağa və Əmək Müfəttişliyinin nəzarətini genişləndirməyə imkan verər. Onun sözlərinə görə, “saatlıq minimum əməkhaqqının tətbiqi minimum maaşın artırılması demək deyil”.
Yəni layihənin nəticəsi hələ yazılmayan iki sənəddən asılıdır: saatlıq minimumun məbləğindən və Nazirlər Kabinetinin sahələr siyahısından. İlk sınaq kənd təsərrüfatı və ictimai iaşə olacaq. Bu sahələrdə saatlıq ödəniş qeyri-rəsmi işi rəsmiləşdirsə, layihə tərəfdarlarının vədini doğruldar. Əgər ştat bölünməsinə və ucuz əməyə yol açsa, tənqidçilərin narahatlığı təsdiqlənər.
Azərbaycanda saatlıq əməkhaqqı tətbiqi