Ukraynanın birinci xanımında koronavirus aşkarlanıb
Ukrayna prezidentinin xanımı Yelena Zelenskayanın COVID-19 testi pozitiv nəticə verib.
“Bu gün mən koronavirus testindən müsbət nəticə aldım. Gözlənilməz xəbərdir. Xüsusən də nəzərə alsaq ki, mən və ailəm bütün qaydalara əməl edirik – maska, əlcəklər, minimum təmas…”, – Hromadske Yelena Zelenskayanın Facebook-dakı statusundan sitat gətirib.
- “Məzarlıqda yox, evdə qalın”. Ölkələr yeni koronavirus dalğasının öhdəsindən necə gəlir?
- Ukraynalılar hakimiyyətlə zarafat edib
Birinci xanım qeyd edib ki, özünü yaxşı hiss edir və onda heç bir xəstəlik əlaməti yoxdur. İndi Yelena Zelenskaya digər ailə üzvlərindən təcrid olunaraq ambulator müalicədədir.
“[Ukrayna prezidenti] Vladimir [Zelenski] və uşaqlar da testdən keçirilib, onların nəticələri neqativdir”, – o əlavə edib.
Zelenskaya həmçinin qeyd edib ki, diaqnozu haqda Facebook-da yazıb ki, hamı yadda saxlasın: sayıqlığı əldən vermək üçün tezdir.
“Fəal sosial həyata qayıdarkən anlamaq lazımdır ki, yalnız öz sağlamlığımız yox, həm də digərlərinin: yaxınlarımızın, dostlarımızın, həmkarlarımızın və hətta bizimlə birlikdə liftə minən, supermarketdə kassa qarşısında dayanan tanımadığımız insanların da sağlamlığı hər birimizdən asılıdır”, – o xatırladıb.
Ukraynada COVID-19 epidemiyası başlayandan 29753 nəfərin yoluxduğu aşkarlanıb, onlardan 13576 nəfər sağalıb, 870 nəfər ağırlaşmalardan vəfat edib. İyunun 12-ə olan məlumata əsasən, son sutka ərzində 683 yeni yoluxma halı qeydə alınıb, 426 nəfər sağalıb, 16 nəfər ölüb.