Trampın Azərbaycana səfir namizədi: Alexander Alden kimdir və regionda nəyi dəyişə bilər?
Trampın səfir namizədi
ABŞ Prezidenti Donald Tramp iyunun 1-də Virciniya ştatından olan Aleksander Aldeni Azərbaycana fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizəd göstərib və namizədliyi Senata göndərib.
Hazırda Bakıda ABŞ səfirliyinə müvəqqəti işlər vəkili Eymi Karlon rəhbərlik edir. Əvvəlki səfir Mark Libbi idi və o, vəzifəsindən ayrıldığını 2024-cü ilin sonunda açıqlamışdı.
Bu təyinatın əhəmiyyəti onun zamanlamasında gizlidir. 2025-ci ilin 8 avqustunda Vaşinqtonda Trampın iştirakı ilə keçirilən Azərbaycan-Ermənistan-ABŞ sammitində sülh sazişinin ilkin mətninin paraflanması, ardınca ABŞ-Azərbaycan strateji tərəfdaşlıq çərçivəsinin qurulması, 907-ci düzəliş məhdudiyyətlərinə tətbiq olunan güzəştin uzadılması və 2026-cı ilin fevralında Cey Di Vensin Bakıda Strateji Tərəfdaşlıq Xartiyasını imzalaması fonunda yeni səfir artıq “münasibətləri bərpa etməyə” yox, onların siyasi, təhlükəsizlik və texnoloji hissəsini icra mərhələsinə keçirməyə gəlir.
Səfir namizədi Aleksander Alden kimdir?
Alden klassik karyera diplomatı deyil. O, daha çox təhlükəsizlik və geosiyasət ekosistemindən gələn siyasi təyinat təsiri bağışlayır. Bioqrafiyasına görə, o, Trampın birinci administrasiyasında əvvəlcə Avropa və Avrasiya İşləri Bürosunda müavin, köməkçi katib kimi ABŞ-Avropa İttifaqı münasibətlərinə və “Çinin regional təsirinin qarşısının alınmasına” cavabdeh olub.
Daha sonra o, Münaqişələrin Qarşısının Alınması və Sabitliyin Təşviqi Bürosunun müvəqqəti köməkçi katibi vəzifəsini icra edib. Ondan əvvəl isə Milli Təhlükəsizlik Şurasında yeni texnologiyalar üzrə baş direktor, müdafiə siyasəti və strategiyası üzrə direktor, Pentaqonda isə siyasət üzrə xüsusi köməkçi olub. Təhsili Cons Hopkins Universitetində magistr, Cənubi İllinoys Universitetində bakalavr pillələrini əhatə edir. O, italyan, serb, xorvat və bosniya dillərini bilir.
Onun bu profili bizə iki mesaj verir:
- Birincisi, Alden münaqişə sonrası sabitləşdirmə, sərhəd təhlükəsizliyi və böyük güclər rəqabəti mövzularını eyni çərçivədə düşünən fiqurdur.
- İkincisi, onun hazırkı işi də bunu tamamlayır. O, Atlantik Şurasında qeyri-rezident baş elmi işçidir və “Palantir Teknolocis”də (Palantir Technologies) baş müşavir kimi müttəfiq hökumətlərlə və özəl sektor tərəfdaşları ilə əməkdaşlığın genişlənməsi üzərində işləyir.
“Palantir” özü bildirir ki, şirkət əvvəlcə kəşfiyyat qurumlarının məlumatdan daha təhlükəsiz və effektiv istifadəsinə yardım missiyası ilə yaradılıb, bu gün isə müdafiə və kəşfiyyat üçün proqramlar təqdim edir.
2025-ci ilin sonuna şirkətin dövlətlər olan müştəriləri ilə qalan müqavilə dəyəri 4,4 milyard dollar idi. Eyni zamanda Palantir ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti – İCE ilə əməkdaşlıq, genişmiqyaslı məlumat inteqrasiyası və səhiyyə məlumatları üzərindən risklər səbəbilə ACLU, Amnesty və bəzi investorlar tərəfindən insan hüquqları və vətəndaş azadlıqları baxımından tənqid olunur.
Başqa sözlə, Aldeni Bakı üçün cəlbedici edən imkanlar ilə onun ətrafında formalaşan etik mübahisələr üstünlüklərlə yanaşı, mübahisəli məqamları da özü ilə gətirir.
Regional təsirlər
Aldenin keçmişinə baxanda onun Azərbaycandakı mümkün gündəliyi üç istiqamət üzrə görünür.
Birinci istiqamət sabitləşdirmə və sülhün icrasıdır. Dövlət Departamentində işlədiyi büro məhz münaqişələrin qabaqlanması, həlli və təhlükəsizlik sektorunun sabitləşdirilməsi ilə məşğul olurdu. Bu, Vaşinqtonun sülh sazişini sərhəd təhlükəsizliyi, insidentlərin idarə olunması, tranzit marşrutlarının işləməsi və yeni əməkdaşlıq mexanizmlərinin qurulması yolları ilə həyata keçirəcəyini göstərir.
İkinci istiqamət texnologiya və təchizat zəncirləridir.
Aldenin bioqrafiyasında “Çinin regional təsirinin qarşısının alınması” və yeni texnologiyalarla işləmək təcrübələrinin olduğu yazılıb; ABŞ-Azərbaycan arasında imzalanan Xartiyada isə süni intellekt, rəqəmsal infrastruktur və kritik mineralların tranzitini yer alır. Bu istiqamət Aldenin təyinatını daha cəlbedici edir.
Üçüncü istiqamət isə geniş geoiqtisadi məsələlərdir. TRİPP və Orta Dəhliz bir tərəfdən Rusiyanı və İranı yan keçən əlaqə xətti kimi, digər tərəfdən isə Qərbin yeni texnoloji və sənaye gündəminin Cənubi Qafqaz ayağı kimi təqdim olunur.
Bu təyinatı region paytaxtları yəqin ki, fərqli oxuyacaq. Bakı üçün bu, Vaşinqtonun 2025-ci ildən sonra qurduğu strateji xəttə institusional davamlılıq verməsi deməkdir. Yerevan üçün əsas sual ABŞ-nin Azərbaycanla dərinləşən xəttinin Ermənistanla paralel sənədlər və TRİPP çərçivəsi ilə necə balanslaşdırılacağıdır.
Moskva rəsmi olaraq 2025-ci il sazişinin paraflanmasını müsbət qarşılamışdı, amma Ermənistanın Qərbə yaxınlaşması fonunda təzyiq alətlərini də əlində saxlayır. Tehran sülh sazişi mətninin razılaşdırılmasını alqışlasa da, sonradan ABŞ iştiraklı dəhliz modelinə açıq etiraz etdi.
Ankara rəsmi şəkildə Vaşinqtondakı sülhlə bağlı irəliləyişi alqışlayıb və regional əlaqəni dəstəkləyir. Brüssel də prosesi müsbət sayır və normallaşmanın icrasına dəstək verməyə hazır olduğunu bildirir.
Yəni Alden Bakıya gələrsə, böyük güclərin və regional aktorların həssas rəqabət zonasına daxil olacaq.
Senat prosesi və perspektiv
Namizədlik artıq Senatın gündəliyindədir və Senat Xarici Əlaqələr Komitəsinin siyahısında yer alıb. Amma komitənin ictimaiyyətə açıq təqvimində Alden üçün ayrıca dinləmə elanı hələ görünmür. Bu, gecikmə demək olmasa da, təsdiqin avtomatik olmayacağını da deməyə əsas verir.
Əgər Alden təsdiqlənsə, o, ehtimal ki, Bakıda ənənəvi “protokol səfiri” deyil, icraçı səfir olacaq: sülh sazişinin növbəti mərhələsi, TRİPP layihəsinin siyasi-texniki koordinasiyası, texnologiya və enerji əməkdaşlığı, həm də İran-Rusiya amili ilə mürəkkəbləşən təhlükəsizlik gündəliyi onun masasında olacaq.
Bu, Cənubi Qafqazda daha dərin ABŞ iştirakına, iqtisadi bağlantının genişlənməsinə və sülhün institusional təminatına gətirib çıxara bilər.
Trampın səfir namizədi