"QHT işi"ndə həbs edilən fəal məhkəmədə: “Cinayətkar dövlət nəzarətində olan bankdan istifadə etmir”
Asəf Əhmədov
“QHT işi” çərçivəsində 2025-ci ilin aprelində həbs olunan Gəncə Regional İcma Mərkəzinin rəhbəri, ictimai fəal Asəf Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsində ittiham aktına yazılı cavabını (müdafiə nitqini) redaksiyamıza göndərib.
Bu ifadədə Asəf Əhmədov özünə qarşı irəli sürülən bütün ittihamları qətiyyətlə rədd edir. O, donor təşkilatı ilə “Qrant” əvəzinə “Xidmət müqaviləsi” bağlamağın konstitusiya hüququ olduğunu, heç bir müstəntiqin onun yerinə müqavilə növünü seçə bilməyəcəyini bildirir. Eyni fəaliyyətlə məşğul olan onlarla şəxs arasında yalnız onun cinayət məsuliyyətinə cəlb olunmasını “seçici təqib” adlandırır və “cinayətkar qrup” ittihamının absurdluğunu öz maliyyə vəziyyəti (nişan üzüklərinin lombarda girov qoyulması, kredit borcları, ipoteka) ilə təkzib edir.
Fəal istintaqın qərəzli yanaşmasını – ailəsinin bank hesablarını dərindən yoxladığı halda borc və çətinlikləri ittiham aktına daxil etməməsini qeyd edir. İctimai fəaliyyətinin kriminallaşdırılmasını qanun pozuntusu hesab edərək, məhkəmədən mərhəmət yox, ədalət tələb edir.
Asəf Əhmədov kimdir?

2025-ci ilin aprelində Azərbaycanda “QHT işi” adlanan genişmiqyaslı cinayət işində yeni həbslər dalğası çərçivəsində Asəf Vahid oğlu Əhmədov da həbs olunub. O, sosial işçi, hüquq müdafiəçisi Zamin Zəki və digər şəxslərlə birlikdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbirinə məruz qalıb. Sonradan bu müddət dəfələrlə uzadılıb. İstintaq 2025-ci ilin oktyabrında onun barəsində tamamlanıb və iş məhkəməyə göndərilib.
Asəf Əhmədov Gəncə bölgəsində uzun illərdir ictimai fəaliyyətlə məşğul olan şəxsdir. O, Gəncə Regional İcma Mərkəzinin rəhbəridir. 2011-ci ildə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) Gəncə şöbəsinin koordinatoru kimi tanınıb və həmin dövrdə QHT-lərin ofislərinin “yuxarıdan” tapşırıqla boşaldılması ilə bağlı “AzadlıqRadiosu”na açıqlama verib.
Eyni zamanda, o, Samux rayonunun İnstitut qəsəbə tam orta məktəbində direktor vəzifəsini icra edib. Asəf Əhmədov yerli icma işləri, sosial layihələr və hüquq müdafiəsi sahəsində fəal iştirakı ilə tanınıb. Onun haqqında ictimaiyyətə geniş bioqrafik məlumatlar məhduddur – o, kütləvi şöhrətə malik olmayan, lakin bölgədə tanınan ictimai fəaldır. Həbsindən əvvəl əsasən QHT layihələri vasitəsilə icma inkişafı və sosial məsələlərlə məşğul olub.
Niyə həbs edilib? Rəsmi ittihamlar nədir?
Baş Prokurorluğun İstintaq İdarəsi “QHT işi” çərçivəsində bir neçə QHT rəhbəri və fəalı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılması), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edir.
Asəf Əhmədova konkret olaraq 2022-2024-cü illərdə ABŞ-nin Alman Marşal Fondu və “Family Health International” (FHI360) təşkilatlarından ən azı 105 423 manat məbləğində qrant vəsaitini dövlət qeydiyyatından keçmədən, “xidmət müqaviləsi” adı altında qeyri-qanuni rəsmiləşdirməklə bağlı ittiham irəli sürülür. Ümumi iş üzrə isə təxminən 700 min manata yaxın vəsaitin oxşar sxemlə leqallaşdırıldığı iddia olunur.
İşin mahiyyəti belədir: bir sıra QHT-lər və fiziki şəxslər beynəlxalq donor təşkilatlarından (USAID, Transparency International, East-West Management Institute, Mercy Corps və s.) qrant alıb, lakin onları qanunla tələb olunan qaydada qeydiyyatdan keçirməyiblər. Prokurorluq bunu “dövlət qeydiyyatından keçmədən donor kimi fəaliyyət” və pul yuyulması kimi qiymətləndirir. Asəf Əhmədov ittihamları qəbul etmir.
“QHT işi”nin geniş konteksti
Bu cinayət işi əvvəlki illərdə açılmış, lakin sonradan (xüsusilə USAID-lə bağlı qərarlardan sonra) yenidən canlandırılmış geniş araşdırmadır.
şə Məmməd Alpay (Məmmədzadə), Bəşir Süleymanlı, Qalib Bayramov (deputat Vüqar Bayramovun qardaşı), Nərgiz Muxtarova, Aytac Ağazadə (Ayna adlı qadınlara dəstək təşəbbüs qrupunun təsisçisi, barəsində qiyabi həbs elan edilib), Sübhan Həsənli (QHT rəhbəri, barəsində qiyabi həbs elan edilib) və digərləri də cəlb olunub.
Bəziləri həbsə, bəziləri ev dustaqlığına və ya polisin nəzarətinə verilib. Müstəqil media və hüquq müdafiəçiləri işi xarici maliyyə alan QHT-lərə qarşı sistemli təzyiq kimi qiymətləndirirlər.
Asəf Əhmədovun məhkəmə ifadəsini olduğu kimi təqdim edirik:
Qanun mənə qarşı tərəflə (təşkilatla) hansı növ müqavilə bağlayacağımı seçmək hüququ verir. Mən “Qrant” deyil, “Xidmət müqaviləsi” bağlamağı seçmişəm. Bu mənim konstitusion hüququmdur və heç bir müstəntiq mənim yerimə müqavilənin növünü seçə bilməz. İttiham aktını oxuyarkən məni bir sual düşündürdü: İstintaq Mülki Məcəlləsinin 390-cı maddəsindəki müqavilə azadlığını ləğv edib?
İttiham tərəfinə sual verirəm: eyni müqavilə əsasında, eyni şərtlər çərçivəsində çalışan 25 nəfərdən niyə tək Asəf Əhmədov cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib? Bu seçici təqibin hüquqi əsası nədir? Bu kimə lazımdır? Niyə mən “cinayətkar qrupun üzvü” kimi təqdim olunuram, amma başqaları ilə əməkdaşlıq cinayət sayılmır?
Əgər istintaq mənim qruplaşdığım şəxslərin kim olduğunu belə bilmirsə, onların mənimlə “cinayət qəsdi” ilə birləşdiyini necə müəyyən edib? Naməlum şəxslərlə “əlbir olmaq” hüquqi sənəd deyil, bədii təxəyyüldür.
“Qrup halında cinayət” adətən böyük mənfəət üçün edilir. Siz iddia edirsiniz ki, mən naməlum şəxslərlə birləşib yüz minlərlə pul “yumuşam”. Əgər belə bir mütəşəkkil qrup və böyük pullar varsa, niyə mən övladımın təhsil haqqını ödəmək üçün nişan üzüklərimi banka girov qoymuşam? Hansı cinayətkar qrup üzvü qızılı banka qoyub faizlə pul götürər? Bu reallıq sizin “mütəşəkkil cinayətkar qrup” nağılınızı kökündən məhv edir.
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq üçün tərəflər pulun “çirkli” olduğunu bilməlidirlər. Əgər məqsəd qanunu pozmaq olsaydı, mən niyə dövlətin nəzarətində olan rəsmi bank hesabından istifadə edib 13.200 manat vergi ödəyirdim? Heç bir cinayətkar dövlətin birbaşa monitorinq etdiyi hesablardan istifadə etmir.
Bir daha qeyd edirəm ki, ictimai fəaliyyətlə məşğul olmaq, icmaların inkişafı və icma iştirakçılığı kimi təşəbbüslərlə çıxış etmək, yaxud əhalinin maarifləndirilməsi və onlara hər hansı hüquqi məsələlərlə bağlı dəstək göstərmək cinayətkar niyyət hesab edilə bilməz.
İctimai birliyin və vətəndaş cəmiyyəti fəalının fəaliyyətini qeyri-qanuni kriminallaşdırılması cəhdi yerli və beynəlxalq qanunların çeynənməsidir. İstər yerli, istərsə də Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq hüquqi sənədlərə əsasən ictimai birliklər qeydiyyatdan asılı olmadan öz fəaliyyətini həyata keçirmək azadlıqlarına malikdirlər. Bu məqsədlə onlar tədbirlər təşkil edə, işlər görə, həmçinin öz fəaliyyətlərini təşviq etmək üçün maliyyə mənbələri axtara, əldə və qəbul edə bilər.
Beləliklə, ittiham aktından da göründüyü kimi, istintaq qrupu mənim beynəlxalq təşkilatla əməkdaşlığımın mahiyyətini qərəzli, əsassız şəkildə kriminallaşdırıb, onu cinayət əməli kimi təqdim etməklə əslində Azərbaycan hökumətini beynəlxalq arenada nüfuzdan salınacaq bir ittiham hazırlayıb.
Müstəntiq mənim və bütün ailə üzvlərimin adına olan bank hesablarını yoxlatdırmaq üçün kütləvi sorğular göndərib. Cinayət işinin materiallarına baxsanız, görərsiniz ki, müstəntiq övladımın bakalavr təhsili alarkən dövlətdən aldığı aylıq 85 manatlıq tələbə təqaüdünün çıxarışlarını belə zərrəbinlə axtarıb, bir-bir cinayət işinə tikib. Lakin eyni müstəntiq, eyni banklardan gələn rəsmi cavabların içərisindəki ən mühüm faktları – yaşayış evimin bank ipotekasında olmasını, aktiv kredit borclarımı və nişan üzüklərimizin lombardda girovda olmasını tamamilə “görməzdən gəlib” və ittiham aktına qəsdən daxil etməyib!
Hesab edirəm ki, mənə qarşı irəli sürülən ittiham aktı məqsədli şəkildə təhrif olunmuş formada hazırlanmışdır. Özümü Cinayət Məcəlləsinin heç bir maddəsi üzrə təqsirli bilmirəm. Mən bir müəllim kimi, hər zaman cəmiyyətə yararlı və faydalı işlər görmüşəm. Yeni nəslin bir şəxsiyyət kimi formalaşması üçün insan hüquq və azadlıqlarına hörmət edən, öz hüquqlarını bilən və onları tələb etməyi bacaran fəal vətəndaş kimi yetişməsinə töhfə vermişəm.
Mən sizdən mərhəmət yox, ədalət istəyirəm! Dövlətin təməli hüquq və ədalət olmalıdır. Bu olmasa dövlətin üzərində duracağı bir özül olmur. Dövlətə inam və etibar məhz hüquqa, ədalətə, haqqa inamla olur. Bu inamı yaratmaq da sındırmaqda siz hakimlərin əlindədir. Məhkəməsi müstəqil olmayan dövlətin vətəndaşı xoşbəxt ola bilməz.
Asəf Əhmədov