Həbsdəki ictimai fəal: "907-ci düzəlişin ləğvi və sülh üçün geniş əfv vaxtıdır"
Bəxtiyar Hacıyevin məktubu
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev redaksiyamıza göndərdiyi məktubunda yazır ki, son zamanlar Azərbaycanda siyasi məhbuslar məsələsi beynəlxalq qurumlarda və nüfuzlu beyin mərkəzlərində daha sıx gündəmə gətirilir.
O, bu məsələnin həll edilməməsinin ikitərəfli münasibətlərə, Ermənistanla sülh gündəliyinə və “Azadlıq Aktı”na edilən 907-ci düzəlişin ləğvinə mane olduğunu vurğulayır. Hacıyev bildirir ki, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti liderlərinin, fəalların, hüquq müdafiəçilərinin və jurnalistlərin həbsini hakimiyyətə təhdid və sülh prosesinə əngəl kimi əsaslandırmağa çalışır.
İctimai fəal hesab edir ki, bu yanaşma əsassızdır və uydurulmuş xəyali təhlükədir. Onun fikrincə, real problemlər beynəlxalq qurumların ardıcıl tənqidi bəyanatları, pisləşən münasibətlər, artan daxili narazılıq və hakimiyyətin özünütəcrid siyasətidir.
Hacıyev siyasi məhbuslara təhdid kimi deyil, resurs və potensial tərəfdaş kimi baxılmasını təklif edir. O, geniş əfv sərəncamının verilməsinin həm sülh gündəliyini qoruyacağını, həm daxili gərginliyi azaldacağını, həm də “Azadlıq Aktı”na edilən 907-ci düzəlişin ləğvi kimi məsələlərin həllinə yol açacağını bildirir.
Müəllif xüsusilə vurğulayır ki, Ermənistanda 7 iyun parlament seçkiləri ərəfəsində Azərbaycanda saxlanılan erməniəsilli bir neçə məhbusun Ermənistana ekstradisiyası Nikol Paşinyanın qələbəsi və sülh prosesi üçün əhəmiyyətli töhfə verə bilər.
Bəxtiyar Hacıyev kimdir?
Bəxtiyar Hacıyev Azərbaycanda tanınmış ictimai fəalı, vaxtilə gənclər hərəkatı fəalı olmuş siyasi məhbusudur.
O, 2010 və 2020-ci illərdə Milli Məclis seçkilərinə müstəqil namizəd kimi qatılıb. “Positive Change” gənclər hərəkatının həmtəsisçisi olub. 2011-2012-ci illərdə hərbi xidmətdən yayınma ittihamı ilə 2 il həbs cəzası çəkib (beynəlxalq təşkilatlar tərəfindən siyasi motivli hesab edilib).
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında növbəti dəfə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb.
2023-cü il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193–1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Beynəlxalq insan haqları təşkilatları (Amnesty International, Freedom Now və s.) onu siyasi məhbus kimi tanıyır və azad olunmasını tələb edir. Hacıyev vətəndaş cəmiyyəti mövzularında fəal mövqe tutur və dəfələrlə repressiyalara məruz qalıb.
Məktubun tam mətnini təqdim edirik:
Son zamanlar Azərbaycanda siyasi məhbus məsələsi müxtəlif qurumlarda, nüfuzlu beyin mərkəzlərində daha sıx gündəmə gətirilir. Bu məsələnin həll edilməsinin ikitərəfli münasibətlərə, sülh gündəliyinə, ”Azadlıq Aktı”na 907-ci düzəlişin ləğvinə mane olduğu qeyd edilir.
Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti liderlərinin, fəalların, hüquq müdafiəçilərinin, jurnalistlərin həbsini öz hakimiyyətinə təhdid və Ermənistanla sülh gündəliyinə mane olmaq ehtimalı ilə əsaslandırmağa çalışır.
Halbuki, həm siyasi məhbusların hakimiyyətə təhdid yaratması, həm də sülh gündəliyi qarşısında əngəl olması real deyil, uydurulmuş xəyali təhlükədir. Real olan isə beynəlxalq qurumların ardıcıl tənqidi bəyanatları, pisləşən münasibətlər, artan daxili narazılıq, hakimiyyətin özünütəcrid siyasətidir.
Bunları nəzərə alaraq, hakimiyyət siyasi məhbus məsələsinə baxışında köklü dəyişiklik etməlidir. Belə ki, öz təcrübələrinə, bilik və bacarıqlarına, beynəlxalq əlaqələrinə görə vətəndaş cəmiyyətində tanınmış, ictimaiyyətdə ictimai rəyə təsir edə bilən şəxsləri təhdid, qərbə alver predmeti kimi yox, resurs və potensial tərəfdaş kimi görmək olar. Əminəm ki, siyasi məhbuslar arasında həm Avropa İttifaqı ilə, həm AŞPA ilə, həm ABŞ ilə münasibətlərin yaxşılaşdırılmasına, həm 907-ci düzəlişin ləğvi istiqamətində təşəbbüslərə, həm də Ermənistanla sülh gündəliyinə müsbət töhfə verəcək xeyli sayda tanınmış şəxslər var.
Aydındır ki, Azərbaycan hakimiyyəti siyasi məhbusları ömürlük və uzunmüddətli həbsdə saxlamağı planlaşdırmır. Eyni zamanda beynəlxalq qurumların bəyanatlarında, hesabatlarında qeyd olunan erməni əsilli şəxslərin də hərhansı bir mərhələdə, məsələn, Ermənistanla imzalanacaq sülh müqaviləsindən sonra Ermənistana ekstradisiya olunmaları ehtimal edilir. Sülh müqaviləsinin imzalanmasını təmin etmək üçün isə Ermənistanda keçiriləcək 7 iyun Parlament seçkisində N.Paşinyanın rəhbərliyi etdiyi partiyanın qələbəsi vacibdir.
Hazırda Ermənistandakı seçki marafonunun nə qədər gərgin getdiyini, kritik kənar müdaxilələr ehtimalını nəzərə alsaq, Azərbaycanda saxlanılan erməniəsilli bir neçə şəxsin Ermənistana 7 iyun seçkilərindən öncə ekstradisiya edilməsi N.Paşinyanın qələbəsi və sülh gündəliyi üçün xilasedici jilet ola bilər.
Azərbaycan hakimiyyəti bu şəxslərin nə vaxtsa, ekstradisiyasını nəzərdə tutursa, indi bunun üçün ən ideal vaxtdır. Belə ki, bununla birlikdə siyasi məhbusları və din məhbuslarını da əhatə edəcək geniş əfv sərəncamı ilə həm sülh gündəliyini qorumaq, həm daxili narazılığı azaltmaq, həm özünütəcrid siyasətinə son vermək, həm də “Azadlıq Aktı”na 907-ci düzəlişin ləğvi kimi bir çox məsələlərin həlli üçün qapıları açmaq olar.
Bəxtiyar Hacıyevin məktubu