Ermənistan ərazisinə keçən azərbaycanlı hərbçi yerli sakinlərə atəş açıb
Azərbaycanlı hərbçi Ermənistan sakininə atəş açıb
Oktyabrın 1-də azərbaycanlı əsgər Ermənistanın Sünik vilayətinin Şəki kəndinə daxil olub. O, avtomatdan açdığı atəşlə 39 yaşlı yerli sakini ayağından yaralayıb. Hadisə qadının üç uşağının gözü qarşısında baş verib, onlardan ikisi də xəsarət alıb.
Ermənistan İstintaq Komitəsi Nəsim Musayev barəsində cinayət işi açıb.
Yalnız hadisə ilə bağlı məlumat sosial şəbəkələrdə müzakirə olunmağa başladıqdan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti qısa məlumat yayıb. Məlum olub ki, sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti naməlum şəraitdə hərbi hissəni tərk etmiş hərbçi barədə erməni həmkarlarını məlumatlandırıb.
“Onun Ermənistan sərhədini qanunsuz keçə biləcəyi istisna edilmirdi. Bundan sonra Ermənistan və Azərbaycanın səlahiyyətli qurumları müvafiq axtarış tədbirlərinə başlayıblar”, – deyə qurumun açıqlamasında bildirilir.
Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, Nəsim Musayev sentyabrın 26-da itkin düşüb.
Onun Ermənistan ərazisinə nə vaxt keçdiyi məlum deyil. Musayev yalnız cinayət törətdikdən sonra aşkarlanaraq saxlanılıb.
Erməni analitiklər sərhədi qanunsuz keçərək cinayət törətmiş azərbaycanlıların Azərbaycana təhvil verildiyi əvvəlki oxşar halları xatırladırlar. Onlar bu dəfə azərbaycanlı hərbçinin qanunun bütün sərtliyi ilə cəzalandırılacağını gözləyirlər. Ermənistan hakimiyyəti onu vətəninə qaytarmaq qərarına gələrsə, analitiklər Bakı həbsxanalarında 19 erməni məhbusun saxlanılması faktının nəzərə alınmasını təklif edirlər.
Hadisə Ermənistan cəmiyyətində narazılığa səbəb olub və sosial şəbəkələrdə fəal müzakirə edilir. Hakimiyyətin son dövrlərdə sülhün bərqərar olması ilə bağlı səsləndirdiyi bəyanatlar fonunda istifadəçilər hadisəni qısaca “Yaşasın sülh” ifadəsi ilə şərh ediblər.
Nəşr zamanı məlum olan bütün təfərrüatlar, ekspertlərin və Ermənistan sakinlərinin fikirləri.
- Ermənistandan Azərbaycana ixrac başlaya bilər: bəyanatlar, rəqəmlər və hələ aşılmamış baryerlər
- Ermənistan-Azərbaycan münasibətlərində böhran: daxili və xarici amillər
- Erməni hüquq müdafiəçisi Bakıda 20 il həbs cəzasına məhkum edilən Ruben Vardanyan işi üzrə AİHM-ə şikayət verib
Şahidlərin ifadələri
“Qardaşım və bacım dərsdən evə qayıdanda pəncərənin sındırıldığını görüblər. Anama zəng ediblər. Anam atamla birlikdə maşınla gəlib. Anamın əlində bıçaq olub, belə bir hadisə baş verərsə, özünü müdafiə etmək üçün onu həmişə yanında saxlayırdı. Anam evə girib, ona bıçaqla zərbə endirib, kişi isə atəş açaraq qaçıb”, – zərərçəkmiş qadının oğlu yerli nəşrlərdən birinə danışıb.
Bununla yanaşı, qadının bacısı azərbaycanlının uşaqları girov götürdüyünü, onları qorumağa çalışan ananın isə sol əlinin üç barmağını itirdiyini bildirib.
O, “Azatutyun” (Azadlıq) radiosuna müsahibəsində bildirib ki, bacısının iki uşağı məktəbdən evə qayıdarkən telefonla valideynləri ilə danışırmış. Evə çatanda qapının kilidinin sındırıldığını görüblər. İçəri daxil olan uşaqlar qonaq otağında azərbaycanlı əsgəri görüblər. Onlar analarını köməyə çağırmağa çalışıblar, lakin azərbaycanlı telefonu əllərindən alıb.
Zərərçəkmiş qadının bacısının versiyasına görə, ana evə daxil olanda azərbaycanlı uşaqları silahla hədəfdə saxlayırmış. Qadın silahın lüləsini əli ilə tutmağa çalışıb. Bu zaman Musayev atəş açıb və nəticədə qadın sol əlinin barmaqlarını itirib.
Bacısının sözlərinə görə, yaralı qadın özünü müdafiə etməli olub. Hərbçi avtomatı yenidən doldurmağa çalışarkən qadın ona bıçaqla bir neçə zərbə endirib. Lakin hərbçinin zərbəsindən özü huşunu itirib. Bundan sonra onun 15 yaşlı övladı azərbaycanlı ilə əlbəyaxa olub və nəticədə qolu sınıb.
Ana və uşaqların sağlamlıq vəziyyəti
Bud və əl nahiyəsindən güllə yarası alan qadına əvvəlcə Sisian Tibb Mərkəzində tibbi yardım göstərilib, daha sonra o, Yerevandakı klinikalardan birinə köçürülüb.
Məlumata görə, qadının həyatı üçün təhlükə yoxdur, vəziyyəti stabildir, lakin onun əməliyyata ehtiyacı var.
Qadının 15 və 12 yaşlı oğulları da xəsarət alıblar.
“2014-cü il təvəllüdlü uşağın yumşaq toxumaları əzilib, 2011-ci il təvəllüdlü uşağın isə sağ biləyi sınıb”.
Biləyi sınan oğlana gips qoyulub, digər uşağa isə psixoloji yardım göstərilməsinə ehtiyac yaranıb.
Yerevan və Bakıdan məlumat
Hadisə ilə bağlı rəsmi məlumat azdır.
Əvvəlcə Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlama yayıb:
“Oktyabrın 1-də saat 14:15-də Daxili İşlər Nazirliyinin 112 Operativ İdarəetmə Mərkəzinə Ermənistan vətəndaşının Sünik vilayətinin Şəki yaşayış məntəqəsində ayağından güllə yarası alması barədə məlumat daxil olub. Polisin müxtəlif bölmələrinin əməliyyat qrupları hadisə yerinə gediblər. Hadisənin bütün hallarının aydınlaşdırılması üçün təxirəsalınmaz tədbirlər görülüb. Cinayətin saxlanılan azərbaycanlı hərbçi tərəfindən törədildiyi müəyyən edilib”.
Bildirilir ki, Ermənistanın müvafiq qurumları hadisənin təfərrüatlarını Azərbaycan tərəfinə çatdırıblar.
Bakı sərhədi keçən hərbçi barədə məlumatı yalnız Şəkidə baş verən hadisədən sonra açıqlayıb.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Nəsim Musayev sentyabrın 26-da Laçındakı hərbi hissədən itkin düşüb. Onun yoxa çıxması faktı ilə bağlı cinayət işi başlanıb. Araşdırma nəticəsində Musayevin hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı şübhələr təsdiqlənib.
“Görülmüş tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və bu ölkənin müvafiq orqanları tərəfindən saxlanıldığı müəyyən edilib”, – Azərbaycan hüquq-mühafizə orqanları bildiriblər.
Bundan əlavə, hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün Ermənistanın müvafiq qurumları ilə əməkdaşlıq edildiyi vurğulanıb.
Cinayət işləri başlanıb
Ermənistan Baş Prokurorluğu ötən gün “silahdan istifadə etməklə sağlamlığa ağır zərər vurma”, “odlu silahı qanunsuz daşıma” və “mənzil toxunulmazlığını pozma” maddələri ilə cinayət işi başlandığını açıqlayıb.
Açıqlamada sərhədin qanunsuz keçilməsinin qeyd olunmaması Ermənistanda narazılığa səbəb olub.
Bu gün qurum ittihama sərhədi qanunsuz keçmə və odlu silah qaçaqmalçılığı ilə bağlı maddələrin də əlavə edildiyini bildirib.
Analitiklərin fikirləri
Politoloq Suren Surenyants diqqəti Ermənistan tərəfinin sərhədin mümkün pozulması barədə hadisədən ən azı iki gün əvvəl məlumatlandırılmasına yönəldib:
“Xəbərdarlığa və elan edilmiş axtarışlara baxmayaraq, Musayevin Şəkidə Ermənistan vətəndaşına qarşı odlu silahdan istifadə etdikdən sonra aşkarlanması narahatlıq doğurur. Axtarış tədbirləri onun sərhədi qanunsuz keçməsinin, Şəkiyə daxil olmasının və ya atəş açmasının qarşısını ala bilməyib”.
Surenyantsın sözlərinə görə, aşağıdakı məsələlərə aydınlıq gətirilməlidir:
- azərbaycanlı hərbçi dövlət sərhədini necə keçib və Laçından Şəkiyə necə gəlib,
- Ermənistan ərazisinə sərhədin hansı hissəsindən daxil olub, sərhəd nəzarətindən və təhlükəsizlik sistemlərindən necə yayınıb,
- nə üçün xəbərdarlıqdan iki gün sonra da, itkin düşməsindən təxminən beş gün sonra da aşkarlanmayıb,
- azərbaycanlı hərbçi ilə bağlı hansı hüquqi prosedurlar həyata keçiriləcək?
“Cinayət işi artıq başlanıb. İndi aydınlaşdırılmalıdır ki, iş hüquqi müstəvidə yekunlaşacaqmı, yəni sərhədin qanunsuz keçilməsi və Ermənistan vətəndaşına qarşı silah tətbiq edilməsinin bütün halları tam araşdırılacaqmı, yoxsa məsələ siyasi razılaşmaların predmetinə çevriləcək”, – o vurğulayıb.
Politoloq aşağıdakı suallara da cavab gözləyir:
- Musayevin Azərbaycana təhvil verilməsi variantı müzakirə olunarsa, Ermənistan Bakıda saxlanılan erməni məhbusların qaytarılması məsələsini qaldıracaqmı,
- belə bir qərar hansı hüquqi və siyasi şərtlərlə qəbul edilə bilər?
Surenyants qeyd edib ki, ümumilikdə bu hadisə Ermənistan sərhədində effektiv nəzarətin olmadığını üzə çıxarıb.
Azərbaycan üzrə ekspert Tatevik Hayrapetyan Şəki kəndində baş verən hadisələrə əvvəlki presedentlər kontekstində baxmağı təklif edib. O xatırladıb:
- 2019-cu ildə Ermənistan hakimiyyəti BQXK-nın dəstəyi ilə Ermənistanın dövlət sərhədini qanunsuz keçən Elvin İbrahimovu Azərbaycana qaytarıb və bu qərarı “humanitar addım” kimi xarakterizə edib.
- 2023-cü ildə Ermənistanda 56 yaşlı Hayrapet Meliksetyanı öldürən və 20 il müddətinə azadlıqdan məhrum edilən Hüseyn Axundov da Azərbaycana qaytarılıb.
Tatevik Hayrapetyan vurğulayıb ki, bu halda oxşar yanaşma istisna edilməlidir:
“Ermənistan vətəndaşının həyatına və təhlükəsizliyinə qəsddən sonra cinayətkarın “humanitar” bəhanələrlə Azərbaycana qaytarılması yolverilməzdir. Bu iş qanunun bütün sərtliyi ilə araşdırılmalıdır. Təqsiri təsdiqlənərsə, cinayətkar qanunla nəzərdə tutulan cəzanı çəkməlidir”.
Sosial şəbəkələrdən şərhlər
“Azərbaycanlı əsgərlə bağlı insident sərhəddə vəziyyətin necə olduğunu bir daha göstərdi. Yaxşı ki, tək gəlib. Bütöv bir ordu ilə də gələ bilərdi, biz də onları “Ermənistana xoş gəlmisiniz” yazılmış böyük plakatla qarşılayardıq”.
“Məlum olur ki, silahlı şəxs dövlət sərhədini maneəsiz keçə, bir neçə gün sərbəst hərəkət edə, yaşayış məntəqəsinə çata və dinc sakinə zərər yetirə bilər. Bu isə öz növbəsində o deməkdir ki, vətəndaş öz təhlükəsizliyi uğrunda mübarizədə yenə tək qalıb”.
“Sülh odur ki, “sülh şəraitində” azərbaycanlı əsgər evinizə girib uşaqlarınızın gözü qarşısında sizə zərər yetirə bilməsin. Sentyabrın 29-da artıq azərbaycanlı əsgərin hərbi hissəsini tərk etdiyi məlum idi və Ermənistan tərəfi bu barədə məlumatlandırılmışdı. Əsgərin hərbi hissəni tərk etdiyi məlum olduqda dövlət nəzarəti harada idi? Onun Ermənistan ərazisinə daxil olmasının qarşısını almaq üçün hansı tədbirlər görülmüşdü? Son seçki kampaniyası zamanı “sülh” vəd edən hökumət harada idi?”
Azərbaycanlı hərbçi Ermənistan sakininə atəş açıb