Şəhidlə bağlı “zarafat”a görə şair-bloqer qəddarlıqla döyülüb
Bakıda bir qrup şəxs gənc şair və bloqer Fuad Rəsulzadəni qəddarlıqla döyüb. Hadisəyə mart ayında sosial şəbəkədə şəhid Xudayar Yusifzadə ilə bağlı edilən “zarafat” səbəb olub. Daxili İşlər Nazirliyi Fuad Rəsulzadəni döyənlərin axtarıldığını bildirib.
- Üç ağac kənd sakinləri ilə ekoloqları üz-üzə qoyub
- Gürcüstanda iki dəfə peyvənd vurduranlar üçün komendant saatı ləğv edilə bilər
- Azərbaycanda vaksinasiyanın məcburi olması təklif edilir
Nə baş verib?
Aprelin 28-də axşam saatlarında Bakıda gənc şair və bloger Fuad Rəsulzadə bir qrup naməlum şəxs tərəfindən qəddarlıqla döyülüb.
F.Rəsulzadənin yaxınlarının verdiyi məlumata görə, onun başına dörd tikiş qoyulub, daxili orqanları zədələnməyib.
Bir ay əvvəlki “zarafat”
Hadisəyə 2021-ci ilin mart ayında “Twitter” mikrobloqunda bir istifadəçinin etdiyi qeyd və həmin qeyd ətrafında yaranan müzakirələr səbəb olub. Həmin qeyddə istifadəçi şəhid Xudayar Yusifzadə ilə bağlı “zarafat” edib.
Bu tvit uzun müddət sosial şəbəkələrdə gündəmdə olub və geniş müzakirələrə yol açıb. İstifadəçilərdən bəziləri müəllifi yazdıqlarına görə fiziki güclə təhdid edib. Həmin müzakirələrdə iştirak edən Fuad Rəsulzadə “zarafatın” ideyasının ona məxsus olduğunu bildirib və nəticədə qəzəb ona doğru yönəlib.
Bundan sonra “zarafatın” paylaşıldığı həmin “Twitter” hesabı bağlanıb.
Xudayar Yusifzadə kimdir?
1998-ci ildə Bərdə şəhərində anadan olmuş Xudayar Yusifzadə 22 oktyabr 2020-ci ildə, ikinci Qarabağ müharibəsində Zəngilanın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olub.
Xudayar Yusifzadə döyüşlərdən iki gün əvvəl sosial şəbəkədə paylaşdığı video ilə məşhurlaşıb. Həmin görüntülərdə o, “Vətən yaxşıdır” mahnısını ifa edib.
Qeyd edək ki, X.Yusifzadə Bakıdakı Bülbül adına musiqi məktəbinin vokal sinfini bitirib.
Daxili İşlər Nazirliyindən reaksiya
Daxili İşlər Nazirliyi bloqer Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN mətbuat xidmətindən verilən məlumata görə, yayılan videogörüntülərdən xəbərdardırlar.
“İnsidentdə iştirak edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir”, – məlumatda qeyd edilib.
Şərhlər
Baş vermiş hadisə sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub. Xarakterik şərhlərdən bir neçəsini təqdim edirik:
“Sözə qarşı güc tətbiqi birmənalı olaraq, istənilən halda zəiflikdir. Deməli, sənin sözün yoxdur, sənin sözün adekvat deyil və sən özün də adekvat deyilsən”.
“Kim eləyibsə, əllərinə sağlıq!”
“Güc tətbiqi, sözsüz ki, pisdir. Lakin Xudayarla, şəhidlə bağlı zarafata görə hələ “sağ ol” desin ki, onu başqa cür alçaltmayıblar və öldürməyiblər. Cinayət işi isə ilk növbədə onun özünə qarşı başlanılmalıdır, sonra isə onu cəzalandıranlar barədə düşünmək olar – bunu etməyə dəyər, ya yox”.