Mixail Saakaşvili Gürcüstana qayıdacağını bildirib. O, oktyabrın 2-i axşama bilet alıb
Gürcüstan hakimiyyətinin əsas opponenti eks-prezident Mixail Saakaşvili bildirib ki, oktyabrın 2-də axşam vətənə qayıdacaq.
Gürcüstan hakimiyyəti onun haqqında axtarış elan edib. Gürcüstanda o, Sandro Qirqvlianinin qətli ilə bağlı cinayət işində dəlillərin gizlədilməsi və deputat Valeri Qelaşvilinin döyülməsinin təşkili ittihamı ilə qiyabi məhkum edilib. Gürcüstan qanunvericiliyi məhkumlara və mühakimə olunmuşlara dövlət xidmətində çalışmağı qadağan edir. Saakaşvilinin aeroportdaca həbs olunması ehtimalı yüksəkdir.
Saakaşvili Facebook-da video-müraciət yayıb, şərh bölməsində isə Kiyev-Tbilisi reysinə biletinin surətini paylaşıb. Saakaşvili anası Qiuli Alasaniya ilə birlikdə oktyabrın 2-də saat 23:05-də Tbilisidə olacaq.
Saakaşvilinin sözlərinə görə, oktyabrın 2-də yerli özünüidarə orqanlarına keçiriləcək seçkilər ölkənin taleyini həll edəcək və o, bu prosesdən kənarda qala bilməz.
“Biz hamımız seçkiyə getməliyik və səs verməliyik, öz mövqüyimizi qeyd etməliyik. Məntəqələr bağlanan kimi biz şəhərlərimizin və kəndlərimizin mərkəzlərinə çıxmalıyıq və birlikdə qələbəmizin arxasında durmalıyıq.
Gürcüstanın taleyi, bizim sağ qalmağımızın taleyi həll olunur, mən bunlardan kənarda qala bilmərəm”.
Avqustun 8-də Gürcüstanın hazırkı baş naziri İrakli Qaribaşvili Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Görüşdən bir gün öncə Qaribaşvili Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili haqda bəyanat səsləndirib.
“Onu qarşılamaq və həbsxanada onun rahatlığını təmin etmək üçün bizim böyük qalstuklar dəstimiz var”, – Qaribaşvili deyib.
Mixail Saakaşvili hazırda Ukrayna vətəndaşıdır. O, Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən 2020-ci ilin mayında Milli İslahatlar Şurasının icra komitəsinin sədri təyin edilib.
Mixail Saakaşvilinin Gürcüstana qayıdacağı ilə bağlı bundan əvvəlki bəyanatı ötın il avqustun 27-də səslənib.
Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər bu il oktyabrın 2-ə təyin olunub. Müxalifət ümid edir ki, bu seçkilərdə qələbə qazanaraq növbədənkənar parlament seçkilərinin keçirilməsinə də nail olacaq.