Gürcüstanda koronavirusdan ilk ölüm halı
Aprelin 4-də Gürcüstanda koronavirusdan ilk ölüm halı qeyd edilib.
Bolnisinin Kəpənəkçi kəndindən olan 79 yaşlı qadın vəfat edib. Bolnisi və eyni regiona aid olan Marneuli şəhərlərində yerli sakinlərdən ibarət qrup daxilində yoluxma halı qeydə alınıb və buna görə də martın 23-dən hər iki şəhərə giriş və çıxışlar bağlanıb.
Ümumilikdə Kəpənəkçi kəndində beş koronavirusa yoluxma halı qeydə alınıb. Mərhum qadın Rusiya və Azərbaycandan Gürcüstana gələn insanlarla təmasda olub. Onlar birlikdə yerli dini bayramda iştirak edib və eyni ayin masasının arxasında oturublar.
Tbilisidəki Universitet Klinikasının direktoru Levan Ratianinin sözlərinə görə, vəfat edən qadının digər xroniki xəstəlikləri də olub. Yoluxma fonunda onda ikitərəfli pnevmaniya kəskinləşib.
- Gürcüstanda sərt karantin və komendant saatı tətbiq olunur
- Gürcüstanın Marneuli şəhəri epidemiya astanasında. Karantinə bağlanmış şəhərdə nə baş verir? (foto)
Gürcüstanda epidemiya başlanandan bəri ümumilikdə 156 nəfər xəstələnib, onlardan 28 nəfəri artıq sağalıb.
5,526 nəfər karantində, 344 nəfər isə xəstəxanada nəzarət altında saxlanılır.
Martın 21-dən Gürcüstanda koronavirus pandemiyasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb, ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlanıb. İnsanlara xüsusi ehtiyac olmadan evdən çıxmaq qadağan olunub.
Martın 23-dən koronavirusun daxili yayılması təhlükəsi səbəbilə Marneuli və Bolnisinin bütün giriş və çıxışları bağlanıb.
Martın 31-dən Gürcüstanın bütün ərazisində komendant saatı qüvvəyə minib.