Naxçıvanda Talıbovun 47 fərmanı ləğv edildi: siyahıda nələr var idi?
Talıbovun fərmanları ləğv edildi
Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə imzaladığı 47 fərmanı ləğv edib, bəzi fərmanlara isə dəyişiklik edib.
Qərar barədə muxtar respublikanın rəsmi qəzeti olan “Şərq Qapısı” noyabrın 25-də xəbər verib. Qərarın mətni və səbəbi açıqlanmayıb, qəzet yalnız ləğv olunan fərmanların adlarını sadalayıb.
Bu addım muxtar respublikanın Bakıdakı Daimi Nümayəndəliyinin ləğvindən 20 gün sonra atılıb. O zaman Naxçıvanın idarəetməsinin son dörd ildə necə Bakıya bağlandığı barədə yazmışdıq. Bu dəfə sual başqadır:
Ləğv olunan fərmanların siyahısı Talıbovun 27 il ərzində qurduğu ayrıca idarəetmə sistemi barədə nə deyir?
Siyahıda nə var?
Ləğv olunan fərmanların çoxu muxtar respublikanın öz qurumlarının yaradılması, əsasnamələri və strukturları haqqındadır. Onları sahələr üzrə qruplaşdırmaq olar.
Təhlükəsizlik və gömrük. Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsi və strukturu, muxtar respublikanın Dövlət Gömrük Komitəsinin strukturu, həmçinin gömrük əməkdaşlarının sosial müdafiəsi haqqında fərmanlar.
Pul və iqtisadiyyat. Vergilər Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin əsasnamələri, Satınalmalar üzrə Dövlət Agentliyi, Sahibkarlığa Kömək Fondu, sənaye parkları, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Baş Sığorta Agentliyi haqqında fərmanlar.
İnfrastruktur. Naxçıvan Beynəlxalq Hava Limanı, “Naxavtoyol” Dövlət Şirkəti, Avtonəqliyyat Dövlət Konserni, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi, Nəqliyyat və Rabitə nazirlikləri haqqında fərmanlar.
Hüquq, media və din. Naxçıvan MR-in İnsan Hüquqları üzrə Müvəkkili (ombudsmanı), Televiziya və Radio Şurası, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, Dini Qurumlarla İş üzrə İdarə, Ali Məclis sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında fərmanlar.
Fəxri adlar. Siyahının ilk iki bəndi Naxçıvan MR-in fəxri adları haqqında fərman və onların əsasnaməsidir.
Bundan başqa, muxtar respublika Nazirlər Kabinetinin “yeni strukturu”, bir sıra mərkəzi icra orqanlarının strukturları, Təhsil Nazirliyinin strukturu və AMEA-nın Naxçıvan Bölməsinin əsasnaməsi haqqında fərmanlar da ləğv olunub.
“Dövlət içində dövlət”in hüquqi əsasları
Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək Ali Məclisin sədri olub. Bu dövrdə muxtar respublikanın öz vergi nazirliyi, gömrük komitəsi, təhlükəsizlik nazirliyi, ombudsmanı, yayım şurası və dövlət qulluğuna qəbul komissiyası vardı.
Siyahı göstərir ki, bu qurumların hamısı Ali Məclis sədrinin fərmanları ilə yaradılıb və ya tənzimlənib. Başqa sözlə, Talıbov həm parlamentə rəhbərlik edir, həm də muxtar respublikanın icra strukturlarını öz fərmanları ilə qururdu.
İndi həmin fərmanları ləğv edən isə Ali Məclis yox, Nazirlər Kabinetinin rəhbəridir. Bu, 2026-cı ilin martında qüvvəyə minən konstitusiya dəyişikliklərinin nəticəsidir. Milli Məclisin fevralda qəbul etdiyi qanunla Naxçıvan Konstitusiyasından “muxtar respublikanın ali vəzifəli şəxsi” haqqında maddə çıxarılıb.
Nazirlər Kabineti artıq Ali Məclisə tabe deyil, mərkəzi icra orqanlarını prezidentin razılığı ilə yaradıb ləğv edir. Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi isə konstitusiyaya icra orqanı kimi daxil edilib.
Talıbovun istefasından bəri, yəni təxminən dörd ildir, Ali Məclisə sədr seçilməyib.
Qurumların taleyi nə olacaq?
“Şərq Qapısı”nın məlumatında yalnız fərmanların ləğvi deyilir. Həmin qurumların özlərinin bağlanıb-bağlanmayacağı, funksiyalarının hansı mərkəzi orqanlara keçəcəyi barədə izah yoxdur.
Bəzi dəyişikliklər isə artıq əvvəl baş verib. Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Gömrük Komitəsinin Naxçıvandakı qurumları birbaşa Bakıya tabe edilib. Talıbovun istefasından sonra muxtar respublikanın bir çox vəzifəli şəxsi mənimsəmə və digər ittihamlarla istintaqa cəlb olunub.
Açıq qalan suallardan biri fəxri adlardır. Talıbov dövründə Naxçıvan MR-in fəxri adlarını alan şəxslərin statusunun və bu adlara görə verilən imtiyazların nə olacağı açıqlanmayıb. Eyni sual muxtar respublikanın ombudsmanına da aiddir: Naxçıvan sakinləri bundan sonra hüquqlarının pozulması ilə bağlı yalnız Bakıdakı ombudsmana müraciət edə biləcəkmi, bu da hələlik məlum deyil.
Bakı nə deyir?
Prezident İlham Əliyev avqustda Naxçıvanda AzTV-yə müsahibəsində muxtar respublikanın statusunun qalacağını, amma idarəetmə qaydalarının “təkmilləşməli” olduğunu demişdi. O, Qarabağ və Şərqi Zəngəzurdakı xüsusi nümayəndəlik modelinin Naxçıvanda da tətbiq olunduğunu bildirmişdi:
“Bununla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk”.
Ekspertlər fərmanların ləğvini də muxtar respublika üzərində mərkəzi hakimiyyətin nəzarətinin gücləndirilməsi prosesinin davamı sayır. Muxtar respublikanın rəsmi qurumları qərarla bağlı əlavə açıqlama verməyib.
Talıbovun fərmanları ləğv edildi