Gürcüstanda sərt karantin və komendant saatı tətbiq olunur
Gürcüstanın bütün ərazzisində martın 31-dən aprelin 21-ə qədər komendant saatı elan olunub. Bu haqda Gürcüstanın baş naziri Giorgi Qaxariya martın 30-da brifinqdə bildirib.
Saat 21:00-dan 6:00-a qədər istənilən hərəkət – nəqliyyat və ya piyada qadağan olunub.
Martın 30-da 17:00-a doğru Gürcüstanda 100 koronavirusa yoluxma halı qeydə alınıb. Xəstələnənlərdən biri həkimdir. 4,876 nəfər karantində, 264 nəfər isə stasionardadır. 18 pasiyent sağalıb, onnlardan ikisi uşaqdır.
Karantin dövründə aşağıdakı məhdudiyyətlər qüvvədə olacaq:
- İctimai nəqliyyatın, o cümlədən də metro və şəhərlərarası nəqliyyatın hərəkəti tam qadağan edilir.
- Yalnız fərdi maşınlardan, o cümlədən də taksidən istifadəyə icazə verilir, amma mütləq maşında sürücü və arxa oturacaqlarda iki sərnişinin olması şərti ilə.
- Sərnişinlərin nəqliyyatla daşınmasına yalnız onlar mühüm strateji obyektlərin işçiləri olduqları təqdirdə icazə verilir.
- 10 nəfər qaydasının hökm sürdüyü mağaza və apteklərdən başqa eyni məkanda üç nəfərdən artıq olmaq olmaz. İnsanlar arasında mütləq iki metrlik məsafə gözlənilməlidir.
- 70 yaşdan yuxarı insanlara məcburən yaxınlıqdakı mağaza, aptek və tibb müəssisələrinə getməkdən başqa səbəblərlə evdən çıxmaq qadağandır.
- Tənha yaşlı insanlara İqtisadiyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin və yerli bələdiyyənin işçiləri yardım etməyə borcludur.
- Şəhərdə hərəkət etdikləri zaman insanların üzərində şəxsiyyəti təsdiq edən sənəd olmalıdır.
Sərtləşdirilmiş fövqəladə vəziyyətin qayda və şərtlərinin yerinə yettirilməsinə nəzarət və vətəndaşların termoskrininqi üçün Tbilisi, Kutaisi, Batumi, Rustavi, Poti, Zuqdidi və Qoridə məntəqələr təşkil edilir. Nəzarət yerli polis və hərbi qüvvələr tərəfindən həyata keçiriləcək.
- Gürcüstanda Marneuli şəhərində epidemiya gözlənilir. Karantinə qapanmış şəhərdə nələr baş verir (foto)
- Koronavirus epidemiyası zamanı boşalmış Tbilisi
Gürcüstanda pandemiyanın qarşısını almaq üçün martın 21-dən fövqəladə vəziyyət elan olunub.
Martın 23-dən koronavirusun daxili yayılması səbəbilə Kvemo Kartli regionunda Marneuli və Bolnisi şəhərləri bağlanıb.