Gürcüstan müxalifətsiz qalacaq? Hakim partiya siyasi rəqiblərinin qadağan edilməsi qərarına necə gəldi?
Gürcüstanda müxalif partiyaların qadağan olunması

Hakim “Gürcü Arzusu” partiyası Gürcüstan Konstitusiya Məhkəməsindən beş müxalifət partiyasının qadağan edilməsini tələb edir. Onlardan dördü 2024-cü il parlament seçkilərində beş faizlik seçki baryerini keçib. Müxalifətin tanımadığı MSK-nın rəsmi məlumatlarına görə, bu dörd partiyaya ümumilikdə 784 820 seçici səs verib. Bu isə seçkilərdə iştirak edənlərin 37,79 faizini təşkil edir.
Hakimiyyət bu beş partiyanın qadağan edilməsini hansı hüquqi əsaslarla tələb edir? “Kollektiv Vahid Milli Hərəkat” nə deməkdir? Qadağan edilməsi tələb olunan partiyaların siyahısı necə dəyişib? Avropa hüququ hansı şərtlərlə siyasi partiyaların qadağan edilməsinə imkan verir? Bu suallara cavab tapmaq üçün JAMnews “Gürcü Arzusu”nun məhkəməyə təqdim etdiyi iddia ərizəsini, qanunvericiliyi və Avropa təcrübəsini araşdırıb.
“Gürcü Arzusu”nun Konstitusiya Məhkəməsinə təqdim etdiyi sonuncu iddia ərizəsi 24 sentyabr 2026-cı ildə №1979 nömrəsi ilə qeydiyyata alınıb.
Qadağan edilməsi tələb olunan partiyaların siyahısına “Birlik – Milli Hərəkat”, “Dəyişikliklər Uğrunda Koalisiya”, “Güclü Gürcüstan – Lelo”, “Qaxariya Gürcüstan Uğrunda” və “Federalistlər” daxildir.
2026-cı il oktyabrın 5-nə olan məlumata görə, məhkəmə iddianın mahiyyəti üzrə icraata qəbul edilməsi barədə hələ qərar dərc etməyib və məhkəmə iclasının tarixi müəyyənləşdirilməyib.
İşə Konstitusiya Məhkəməsinin birinci kollegiyası baxır. İş üzrə məruzəçi hakim Vasil Roinişvilidir. Qanuna əsasən, yekun qərar iddia ərizəsinin təqdim edildiyi tarixdən etibarən doqquz ay ərzində, yəni ən geci 24 iyun 2027-ci ilədək elan edilməlidir.
- Məhkəmə iddianı təmin edərsə, son parlament seçkilərində seçki baryerini keçmiş bütün müxalifət qüvvələri ölkənin siyasi sistemindən kənarda qala bilər.
Qüvvədə olan qanunvericilik hakimiyyətə artıq qadağan edilmiş partiyanın “varisi” hesab olunan digər siyasi təşkilatın da qadağan edilməsini məhkəmədən tələb etmək imkanı verir.
Seçkiqabağı vəd

Partiyaların qadağan edilməsi heç də “Gürcü Arzusu”nun qəfil ortaya atdığı ideya deyil. Partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili hələ 2024-cü il parlament seçkilərindən əvvəl açıq şəkildə bəyan etmişdi ki, seçkilərdən sonra hakimiyyət “kollektiv Milli Hərəkat” barəsində “sərt siyasi və hüquqi hökm” çıxaracaq.
- Yəni müxalifətin qadağan edilməsi ideyası seçkilərdən sonra yaranmayıb. Bu, elə seçkiqabağı kampaniyanın bir hissəsi olub.
“Seçkilərdən sonra kollektiv Milli Hərəkat barəsində sərt siyasi və hüquqi hökm çıxarmaq imkanımız olacaq”.
İvanişvili həmin vaxt bunun 2012-ci ildə niyə baş vermədiyini də izah etmişdi. Onun fikrincə, o dövrdə hökumətin hələ kifayət qədər resursu yox idi:
“Ötən illər ərzində suverenliyimizin tam möhkəmləndirilməsinə başlamaq üçün kifayət qədər resurs toplamışıq…”
Seçkilərə təxminən altı ay qalmış verilən bu bəyanat tədricən konkret siyasi plana çevrildi. 2024-cü ilin avqustunda “Gürcü Arzusu” artıq açıq şəkildə bildirdi ki, seçkilərdə konstitusiya çoxluğu əldə etməkdə məqsədi “kollektiv Milli Hərəkat”ı qanundankənar elan etməkdir. Bu plan Avropa Komissiyasının həmin il üzrə hesabatında da əksini tapdı.
İki il sonra isə bu seçkiqabağı vəd Konstitusiya Məhkəməsinə təqdim olunan konkret iddia ərizəsinə çevrildi.
Üç iddia, üç siyahı: Qadağan edilməsi tələb olunan partiyaların sayı necə artdı?
Bir il ərzində iddia ərizəsinin məzmunu üç dəfə dəyişib.
İlk iddia ərizəsi 31 oktyabr 2025-ci ildə Konstitusiya Məhkəməsində 1912 nömrəsi ilə qeydiyyata alınıb. Parlamentin 88 deputatının imzaladığı ərizədə üç siyasi qüvvənin qadağan edilməsi tələb olunurdu:
- “Birlik – Milli Hərəkat”
- “Dəyişikliklər Uğrunda Koalisiya”
- “Güclü Gürcüstan – Lelo”
Daha sonra, 21 aprel 2026-cı ildə 89 deputat məhkəməyə 1958 nömrəli ikinci iddia ərizəsini təqdim edib. Bu dəfə üç partiyanın siyahısına dördüncü siyasi qüvvə, “Federalistlər” də əlavə olunub.
2026-cı ilin sentyabrında isə qadağan edilməsi tələb olunan partiyaların siyahısı yenidən genişlənib.
Sentyabrın 24-də Konstitusiya Məhkəməsi 88 deputatın imzaladığı 1979 nömrəli iddia ərizəsini qeydiyyata alıb. Bu dəfə hakimiyyət artıq beş partiyanın, o cümlədən keçmiş baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan Uğrunda” partiyasının qadağan edilməsini tələb edir.
Qanuna əsasən, Konstitusiya Məhkəməsi belə işlərə ən çoxu doqquz ay ərzində baxmalıdır. Buna görə də hər yeni iddia ərizəsi bu müddətin yenidən hesablanıb-hesablanmaması ilə bağlı mübahisələrə səbəb olur.
İddia müəllifləri Konstitusiya Məhkəməsinin prosesi 2027-ci ilin yanvarına qədər yekunlaşdıracağına və həmin vaxtadək beş partiyanın hamısının qadağan ediləcəyinə ümid edirlər.
Müxalifət nümayəndələri isə bildirirlər ki, “Gürcü Arzusu” siyahıya yeni partiyalar əlavə etməklə, əksinə, prosesi uzadır.
Partiya hansı əsaslarla qadağan edilə bilər?
Gürcüstan Konstitusiyası siyasi partiyaların qadağan edilməsi üçün konkret əsaslar müəyyən edir.
Belə ki, məqsədi konstitusiya quruluşunu devirmək və ya zorakılıq yolu ilə dəyişdirmək, ölkənin müstəqilliyinə qəsd etmək, yaxud ərazi bütövlüyünü pozmaq olan partiyaların fəaliyyəti yolverilməzdir. Müharibə və ya zorakılığı təbliğ edən, milli, etnik, regional, dini və ya sosial zəmində ədavəti qızışdıran partiyalar da qadağan edilə bilər.
Partiyanı yalnız Konstitusiya Məhkəməsi qadağan edə bilər.
“Gürcü Arzusu”nun iddiası məhz bu konstitusion əsaslara söykənir. İddia ərizəsində sadalanan partiyaların fəaliyyətinin dövlətə qarşı yönəldiyi bildirilir.
Arqumentlərin əhəmiyyətli hissəsi parlamentin müvəqqəti istintaq komissiyasının, “Tsulukiani komissiyası” adlandırılan qurumun rəyinə əsaslanır.
İddianın əsas məqamlarından biri müxalifət partiyalarının 2024-cü il seçkilərinin, parlamentin və hakimiyyətin legitimliyini tanımamasıdır.
İddiaçılar müxalifət partiyalarının fəaliyyətini həmçinin “sabotaj”, Qərbdən Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilməsini tələb etmək və ölkəni “cəzalandırmaq” cəhdləri ilə əlaqələndirirlər.
- Məsələn, müxalifətin seçki nəticələrini tanımaması və “Gürcü Arzusu”nu qeyri-legitim hakimiyyət hesab etməsi “sabotaj” kimi qiymətləndirilir.
Baş nazir İrakli Kobaxidze Qaxariyanın partiyasının siyahıya əlavə edilməsini də hakimiyyətin legitimliyi məsələsi ilə izah edir.
Onun sözlərinə görə, bu partiya digər müxalifət qüvvələrindən fərqli olaraq parlamentin işində iştirak etməyə razılıq versə də, hələ də konstitusiya quruluşunu və hökumətin legitimliyini tanımır:
“Doğrudur, onlar parlamentə daxil olublar, lakin bu günə qədər konstitusiya quruluşunu və hakimiyyətin legitimliyini tanımırlar. Belə şəraitdə bu siyasi partiyanın fəaliyyətinin mahiyyəti digər müvafiq siyasi partiyaların fəaliyyətinin mahiyyətindən heç nə ilə fərqlənmir”.
Niyə məhz bu partiyalar?
İddia ərizəsində partiyaların qadağan edilməsinin səbəbi kimi onların siyasi təsiri açıq şəkildə göstərilir. Sənəddə qadağan edilməsi tələb olunan partiyaların siyahısına daxil edilməyən digər müxalifət qüvvələrinin, məsələn, Respublikaçılar Partiyasının da adı çəkilir və bildirilir:
“Hazırda onların siyasətə əhəmiyyətli təsiri yoxdur və seçki baryerini keçmək üçün real perspektivləri mövcud deyil. Buna görə də indiki mərhələdə onların qadağan edilməsinə ehtiyac görünmür”.
-
Qadağan edilməsi tələb olunan beş partiya haqqında qısa məlumat:
“Gürcü Arzusu”nun vahid “qara siyahı”da birləşdirdiyi siyasi qüvvələr mənşəyinə, tarixinə və ideologiyasına görə bir-birindən fərqlənir.
Onların bəziləri həqiqətən də “Vahid Milli Hərəkat”ın siyasi mühitindən çıxıb. Digərləri isə məhz VMH ilə “Gürcü Arzusu” arasında müstəqil siyasi mövqe tutmağa çalışıb. Giorgi Qaxariyanın partiyasının siyasi nüvəsi isə birbaşa “Gürcü Arzusu”nun özündən ayrılıb.
“Birlik – Milli Hərəkat”
Keçmiş prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası bu beşlikdə ən qədim siyasi qüvvədir və hakimiyyətdə olmaq təcrübəsinə malik yeganə partiyadır. O, doqquz il ərzində Gürcüstanın hakim partiyası olub.
2024-cü il seçkilərində VMH rəsmi nəticələrə əsasən, 211 216 səs, yəni 10,17 faiz toplayıb.
Partiya uzun illərdir liderlik böhranı yaşayır və hazırda müvəqqəti idarəetmə rejimində fəaliyyət göstərir. 2026-cı ilin avqustunda müvəqqəti idarəetmə şurası yaradılıb və İrakli Pavlenişvili onun rəhbəri seçilib. Partiyanın daimi sədrinin seçilməsi daha sonra baş tutmalıdır.
Partiyada əsas qərarları qəbul edən şəxs isə hələ də beş ildir həbsdə olan Mixail Saakaşvili olaraq qalır.
VMH özünü qətiyyətli Avropayönümlü və Avro-Atlantik inteqrasiyanı dəstəkləyən siyasi qüvvə kimi təqdim edir. Partiyanın tarixi özəyini Saakaşvili hökumətinin siyasi irsi təşkil edir. “Gürcü Arzusu”nun iddia ərizəsindəki arqumentlərin və Tsulukiani komissiyasının ittihamlarının böyük hissəsinin əsas hədəfi də məhz VMH-nin 2004-2012-ci illərdəki hakimiyyət dövrüdür.
“Dəyişikliklər Uğrunda Koalisiya”
“Dəyişikliklər Uğrunda Koalisiya” 2024-cü il seçkiləri ərəfəsində yaradılıb və bir neçə fərqli siyasi qüvvəni birləşdirib.
Koalisiyaya Nika Meliya və Nika Qvaramiyanın “Axali”, Zurab Caparidzenin “Girçi – Daha çox azadlıq” və Yelena Xoştariyanın “Droa” partiyaları daxil olub. “Axali” Avropayönümlü, sağ mərkəzçi liberal partiyadır. “Girçi – Daha çox azadlıq” iqtisadi məsələlərdə daha aydın ifadə olunmuş sağ libertarian mövqedən çıxış edir. “Droa” isə liberal və fəal vətəndaş mövqeyi ilə seçilir.
2024-cü il seçkilərində koalisiya müxalifət qüvvələri arasında rəsmi olaraq ən çox səs toplayıb: 229 161 səs və ya 11,03 faiz.
Koalisiyanın liderlərinin əksəriyyəti keçmişdə VMH ilə əlaqəli olub. Bu birlik müxtəlif dövrlərdə VMH-dən ayrılmış və müstəqil şəkildə yaradılmış partiyaları bir araya gətirir.
“Güclü Gürcüstan – Lelo”
“Güclü Gürcüstan”ın əsasını Mamuka Xazaradze və Badri Caparidzenin 2019-cu ildə yaratdığı “Lelo” partiyası təşkil edir. Onların hər ikisi siyasətə biznes sahəsindən gəlib.
2024-cü ildə “Lelo” ətrafında daha geniş koalisiya formalaşıb. Anna Dolidzenin “Xalq Uğrunda”, Aleko Elisaşvilinin “Vətəndaşlar” və Levan Tsutskiridzenin “Azadlıq Meydanı” partiyaları da bu birliyə qoşulub. Koalisiya özünü həm “Gürcü Arzusu”na, həm də VMH-yə müstəqil alternativ kimi təqdim etməyə çalışıb.
Bu siyasi qüvvə Avropayönümlü və mərkəzçi-liberal mövqeyi ilə seçilir. İqtisadi inkişaf, institusional islahatlar və Qərbə inteqrasiya “Lelo”nun proqramlarında daim ön planda olan mövzulardır.
2024-cü ildə “Güclü Gürcüstan” rəsmi nəticələrə əsasən, 182 922 səs, yəni 8,81 faiz toplayıb.
“Qaxariya – Gürcüstan Uğrunda”
Giorgi Qaxariyanın partiyası mənşəyinə görə bu beşlikdəki bütün digər siyasi qüvvələrdən ciddi şəkildə fərqlənir.
Qaxariya Saakaşvili hökumətinin üzvü olmayıb. Əksinə, o, “Gürcü Arzusu” hökumətində iqtisadiyyat naziri, daxili işlər naziri və nəhayət, baş nazir vəzifələrini tutub. 2021-ci ilin fevralında baş nazir postundan istefa verib, may ayında isə özünün “Gürcüstan Uğrunda” partiyasını yaradıb.
Partiya əvvəlcə özünü həm “Gürcü Arzusu”na, həm də VMH-yə alternativ kimi təqdim etməyə çalışıb. 2021-ci il bələdiyyə seçkilərində 7,79 faiz, 2024-cü il parlament seçkilərində isə 161 521 səs, yəni 7,78 faiz toplayıb.
Qaxariyanın partiyasının nümunəsi “Gürcü Arzusu”nun “Kollektiv Milli Hərəkat” anlayışını nə qədər geniş mənada istifadə etdiyini göstərir. Bu gün həmin kateqoriyaya hakim partiyanın özünün keçmiş liderlərindən birinin rəhbərlik etdiyi siyasi qüvvə də daxil edilir.
“Federalistlər”
“Federalistlər” bu beşlikdə ən yeni partiyadır.
Partiya 2024-cü ilin avqustunda Qiqa Bokeriya, Tamar Çerqoleişvili və onların həmfikirləri tərəfindən “Avropa Gürcüstanı”ndan ayrıldıqdan sonra yaradılıb. Partiyanın sədri Qiqa Bokeriya, Tbilisi təşkilatının rəhbəri isə Tamar Çerqoleişvilidir.
Partiya fərdi azadlığı, insan hüquqlarını, Avropa istiqamətində inkişafı, azad rəqabəti, desentralizasiyanı və güclü demokratik institutları özünün əsas prinsipləri hesab edir. Siyasi baxımdan Avropayönümlü və liberal, iqtisadi məsələlərdə isə daha çox sağ mövqedən çıxış edən qüvvədir.
“Federalistlər” 2024-cü il parlament seçkilərində iştirak etməyib.
Bokeriya və Çerqoleişvilinin siyasi qrupu uzun illərdir Mixeil Saakaşvili və indiki VMH ilə kəskin siyasi qarşıdurmadadır.
Bununla yanaşı, qeyd olunur ki, həmin partiyalar siyasi proseslərdə əhəmiyyətli təsir gücü qazanarsa, gələcəkdə onların fəaliyyətinin Konstitusiyaya uyğunluğu məsələsi də gündəmə gələ bilər.
Üstəlik, əvvəlcə “Federalistlər” də “seçki baryerini keçmək üçün real perspektivi olmayan” partiyalar kateqoriyasına aid edilmişdi. Lakin 2026-cı ilin martında partiya doqquz siyasi qüvvədən ibarət “Müxalifət Alyansı”na qoşulub. Apreldə isə “Gürcü Arzusu” artıq “Federalistlər”in də qadağan edilməsini tələb edib.
- Beləliklə, iddia ərizəsinin mətnindən görünür ki, partiyanın siyasi təsir gücü onun qadağan edilməsi məsələsində iddiaçıların özlərinin də nəzərə aldığı amillərdən biridir.

Hakimiyyətin bütün rəqibləri necə “Kollektiv Milli Hərəkat”a çevrildi?
“Kollektiv Milli Hərəkat” nə partiya, nə də hüquqi baxımdan mövcud olan siyasi birlikdir. Bu, “Gürcü Arzusu”nun yaratdığı siyasi termindir. Hakim partiya uzun illərdir ki, müxtəlif müxalifət qüvvələrini bu ad altında birləşdirərək siyasi rəqiblərindən vahid “düşmən obrazı” formalaşdırır.
İllər keçdikcə bu anlayışın əhatə dairəsi tədricən genişlənib. Buraya təkcə vaxtilə hakimiyyətdə olmuş “Vahid Milli Hərəkat” (VMH) və ondan ayrılmış partiyalar deyil, həm də özlərini həm VMH-yə, həm də “Gürcü Arzusu”na alternativ kimi təqdim edən siyasi qüvvələr daxil edilib. Onların arasında Mamuka Xazaradzenin rəhbərlik etdiyi “Lelo” və vaxtilə “Gürcü Arzusu” hökumətində baş nazir olmuş Giorgi Qaxariyanın partiyası da var.
Sonradan bu terminin əhatə dairəsi daha da genişləndirilib. İrakli Kobaxidze müxalifət partiyaları ilə yanaşı, qeyri-hökumət təşkilatlarını və media qurumlarını da “Kollektiv Milli Hərəkat”ın tərkib hissəsi kimi təqdim edib:
“Onların hamısı eyni qazandadır… Bütün radikal müxalifət partiyaları, bütün bu radikal QHT-lər və onların radikal media vasitələri”, – Kobaxidze deyib.
“Gürcü Arzusu”nun hazırkı mövqeyinə görə, bu qüvvələr arasındakı siyasi fərqlər əhəmiyyətli deyil. Hakim partiya onları xaricdən idarə olunan vahid şəbəkənin müxtəlif hissələri kimi təqdim edir. Məhz bu məntiqlə fərqli tarixə, liderlərə və siyasi platformalara malik partiyalar “Kollektiv Milli Hərəkat” kateqoriyasına daxil edilir.
Tədricən bu ritorikaya konkret siyasi məqsəd də əlavə olunub. 2024-cü ildə Kobaxidze “Kollektiv Milli Hərəkat”ın siyasi sistemdən kənarlaşdırılmasını İkinci Dünya müharibəsindən sonra Almaniyada nasional-sosialistlərin qadağan edilməsi ilə müqayisə edib.
Bir il sonra isə o, artıq belə deyirdi: “Kollektiv Milli Hərəkatda mövcud olan bu böhran mütləq dərinləşməlidir, dərinləşəcək də və Kollektiv Milli Hərəkatın tamamilə məhv edilməsinə gətirib çıxaracaq. Yalnız bundan sonra Gürcüstanda sağlam demokratik sistem formalaşacaq”.
Partiyaların qadağan edilməsi cəhdi nə deməkdir? Qiymətləndirmələr
Müxalifət partiyalarının nümayəndələri “Gürcü Arzusu”nun iddiasını ayrıca hüquqi mübahisə kimi deyil, siyasi rəqabətin məhdudlaşdırılması istiqamətində daha geniş prosesin tərkib hissəsi kimi qiymətləndirirlər.
Onların əsas arqumenti budur ki, hakimiyyət məhkəmə vasitəsilə seçkilərdə özünə rəqib olaraq qalan siyasi qüvvələri siyasi meydandan kənarlaşdırmağa çalışır.
“Güclü Gürcüstan – Lelo” birliyinin nümayəndəsi Giorgi Sioridze diqqəti qadağan edilməsi tələb olunan partiyaların siyahısının bir neçə dəfə dəyişdirilməsinə yönəldir. Onun sözlərinə görə, hər yeni iddia ərizəsi təqdim edildikdə işə baxılması üçün nəzərdə tutulan doqquz aylıq müddətin hesablanması yenidən başlayır.
O hesab edir ki, hakimiyyət bununla həm partiyaların qadağan edilməsi imkanını saxlayır, həm də qərarın qəbulunu ləngidir.
“Dəyişikliklər Uğrunda Koalisiya”nın nümayəndəsi Qiqa Lemondjava partiyaların qadağan edilməsini avtoritar siyasətin yeni mərhələsi kimi qiymətləndirir. Lakin onun sözlərinə görə, partiyanın hüquqi qeydiyyatını ləğv etməklə siyasi mübarizəyə son qoymaq mümkün deyil.
“Vahid Milli Hərəkat” da oxşar mövqedən çıxış edir. Partiyanın liderlərindən biri Levan Xabeişvili həbsxanadan göndərdiyi məktubda müxalifəti bütün diqqətini partiyaların hüquqi statusu məsələsinə yönəltməməyə çağırır: “Partiyaların qadağan edilməsi məsələsinə ilişib qalmayın! Onlar ölkəni qadağan ediblər!”
Onun mesajının mahiyyəti bundan ibarətdir ki, “Gürcü Arzusu”nun yaratdığı hüquqi çərçivələr daxilində hərəkət etmək müxalifəti hakimiyyətin müəyyənləşdirdiyi gündəmdən asılı vəziyyətə salacaq. Siyasi müqavimət isə partiyanın qeydiyyatda olub-olmamasından asılı olmamalıdır.
Giorgi Qaxariyanın partiyasının vəziyyəti xüsusilə diqqət çəkir, çünki bu partiya digərlərindən ciddi şəkildə fərqlənir. “Gürcüstan Uğrunda” partiyası 2024-cü il seçkilərində iştirak edib, daha sonra parlamentə daxil olub və hakimiyyətə qarşı zorakı mübarizəni dəstəkləmir. Bütün bunları nəzərə alan partiyanın deputatı Giorgi Şaraşidze iddiada göstərilən əsas konstitusion ittihamların onlara nə dərəcədə aidiyyəti olduğunu soruşur:
“Konstitusiyaya zidd fəaliyyət, zorakılığa çağırışlar, hakimiyyətin devrilməsinə çağırışlar… Bəs bizim bunlarla nə əlaqəmiz var?.. Biz parlamentə də daxil olmuşuq”.
Giorgi Qaxariya isə partiyasının “qara siyahı”ya salınmasını daha geniş prosesin tərkib hissəsi kimi qiymətləndirir. Onun fikrincə, hakimiyyət institusional siyasətdə fəaliyyət göstərən heç bir tənqidi müxalifət qüvvəsinin qalmasına imkan verməməyə çalışır:
“Bizi qadağan edib-etməyəcəklərindən asılı olmayaraq, Gürcüstanda demokratiyanın bərpası, ölkənin Avropa və Avro-Atlantik inteqrasiya yolunun qorunması uğrunda mübarizədən geri çəkilməyəcəyik”.
“Federalistlər”in vəziyyəti isə başqa bir ziddiyyəti üzə çıxarır. Partiya ümumiyyətlə 2024-cü il parlament seçkilərində iştirak etməyib. Onun liderləri vaxtilə keçmiş prezident Mixail Saakaşvilinin siyasi komandasında olsalar da, uzun illərdir həm onun özü, həm də yaratdığı VMH partiyası ilə kəskin qarşıdurmadadırlar. Buna baxmayaraq, hakimiyyət onları da “Kollektiv Milli Hərəkat”ın tərkib hissəsi hesab edir.
Partiyanın lideri Tamar Çerqoleişvili bildirir ki, siyasi rəqibinə münasibətindən asılı olmayaraq, onun qadağan edilməsi özü üçün qəbuledilməzdir:
“Əlbəttə, biz bütün digər partiyaları rəqib hesab edirik. Amma rəqiblərimiz üzərində qələbəni bərabər şərtlər altında, ədalətli mübarizədə qazanmaq istəyirik, Bidzina İvanişvilinin qadağaları nəticəsində yox”.
“Gürcü Arzusu” isə bu prosesi tamamilə fərqli izah edir.
Hakimiyyətin mövqeyinə görə, söhbət siyasi rəqiblərin aradan götürülməsindən deyil, demokratik sistemin qorunmasından gedir. Hakim partiyanın deputatı Levan Maçavariani iddia edir ki, zahirən fərqli görünən müxalifət partiyaları əslində vahid siyasi şəbəkənin hissələridir. Onun sözlərinə görə, bu qüvvələrin “radikal”, “yarımradikal” və nisbətən “konstruktiv” qruplara bölünməsi sünidir və vahid siyasi mərkəz tərəfindən müxtəlif vəzifələrin yerinə yetirilməsi üçün istifadə olunur.
Baş nazir İrakli Kobaxidze də eyni məntiqdən çıxış edir. O bildirir ki, hökumət seçicilərə “xarici agentura”nı zərərsizləşdirməyi vəd edib və indi bu vədi yerinə yetirir:
“Biz seçicilərə ölkəmizdə xarici agenturanı zərərsizləşdirəcəyimizə dair vəd vermişik və bu vədi həqiqətən yerinə yetiririk”.
Kobaxidze qadağan edilmə tələbini də bununla əsaslandırır:
“Bu məsələ ilə bağlı dövlət səviyyəsində qərarın, dövlət maraqlarına uyğun qərarın qəbul edilməsi çox vacibdir”.
Demokratiya hansı hallarda siyasi partiyanı qadağan edə bilər?
Avropada siyasi partiyaların qadağan edilməsi presedentləri mövcuddur. Lakin bu, son çarə hesab olunur və Gürcüstandakından tamamilə fərqli şəraitdə baş verir. Beş partiyanın eyni vaxtda qadağan edilməsi isə ümumiyyətlə presedenti olmayan haldır.
Venesiya Komissiyasının standartlarına görə, partiya zorakılıqdan istifadə edirsə və ya demokratik konstitusiya quruluşunun devrilməsini müdafiə edirsə, onun buraxılmasına haqq qazandırmaq olar. Siyasi sistemin və ya konstitusiyanın dinc yolla dəyişdirilməsini tələb etmək özlüyündə partiyanın qadağan edilməsi üçün əsas deyil.
- Avropa təcrübəsində həlledici meyar partiyanın mövqeyinin nə dərəcədə radikal olması deyil, onun məqsəd və fəaliyyətinin demokratik quruluşa real təhlükə yaradıb-yaratmaması və bunu təsdiqləyən kifayət qədər sübutun olub-olmamasıdır.
Avropa təcrübəsində partiyaların qadağan edilməsi üçün ciddi hüquqi meyarlar müəyyən olunub. İspaniyada Batasuna partiyası ETA terror təşkilatı ilə əlaqələri təsdiqləndikdən sonra qadağan edilib.
Türkiyədə Refah Partisi ilə bağlı işdə məhkəmə partiyanın teokratik sistem qurmağı hədəflədiyini və güc tətbiqi ilə bağlı bəyanatlar verdiyini nəzərə alıb.
Almaniyada isə 2017-ci ildə Konstitusiya Məhkəməsi NPD partiyasının məqsədlərini demokratik quruluşla bir araya sığmayan hesab etsə də, nəticədə partiya qadağan edilməyib. Məhkəmənin qiymətləndirməsinə görə, partiyanın bu məqsədləri həyata keçirmək üçün real imkanları yox idi.
Avropa Gürcüstandakı vəziyyət barədə nə deyir?
Avropa Şurası Parlament Assambleyasının Gürcüstanla bağlı mövqeyi xüsusilə sərtdir.
Hələ 2024-cü il seçkilərindən əvvəl AŞPA-nın müşahidə nümayəndə heyəti bildirmişdi ki, “Gürcü Arzusu”nun müxalifətin qadağan edilməsinə dair çağırışları siyasi plüralizmə təhlükə yaradır.
2025-ci ildə AŞPA planlaşdırılan qadağanın hədəfinin “faktiki olaraq fəaliyyət göstərən bütün demokratik müxalifət” olduğunu bəyan edib. Assambleya belə bir addımın Gürcüstanda faktiki olaraq birpartiyalı sistem yaradacağını bildirib.
2026-cı ilin iyununda isə Assambleyanın mövqeyi daha da konkretləşib.
AŞPA-nın 2664 saylı qətnaməsində “demək olar ki, bütün demokratik müxalifət partiyalarının” qadağan edilməsi təşəbbüsünün qəbuledilməz olduğu vurğulanır. Bildirilir ki, bu təşəbbüsün həyata keçirilməsi Gürcüstanda faktiki olaraq birpartiyalı diktaturanın yaranmasına gətirib çıxaracaq. Bu isə ölkənin Avropa Şurasına üzvlüyü ilə bir araya sığmayacaq. Assambleya hakimiyyəti Konstitusiya Məhkəməsinə təqdim etdiyi iddia ərizəsini geri götürməyə çağırıb.
Avropa Komissiyasının 2025-ci il üzrə hesabatında da Gürcüstanda “demokratik inkişafdan ciddi geriləmə” olduğu bildirilir. Qeyd olunur ki, qanunvericilik və institusional dəyişikliklər siyasi plüralizm üçün təhlükə yaradır. Hesabatda həmçinin qanunverici və icra hakimiyyəti üzərində nəzarətin faktiki olaraq hakim partiyanın əlində cəmləşdiyi vurğulanır.
Bu partiyalar qadağan edilərsə, nə baş verəcək?
Beş partiyanın qadağan edilməsinin mümkün nəticələri təkcə onların adlarının və dövlət qeydiyyatlarının ləğvi ilə məhdudlaşmır. Əsas məsələ 2028-ci ildə keçiriləcək növbəti parlament seçkilərinə qədər Gürcüstanda siyasi rəqabət üçün hansı imkanların qalacağıdır.
Konstitusiya Məhkəməsi “Gürcü Arzusu”nun iddiasını təmin edərsə, 2024-cü ildə beş faizlik seçki baryerini keçmiş bütün müxalifət qüvvələri siyasi meydandan kənarda qala bilər. Xatırladaq ki, MSK-nın rəsmi məlumatlarına görə, bu partiyalara ümumilikdə 800 minə yaxın insan (seçicilərin təxminən dörddə biri) səs verib.
Bundan əlavə, qüvvədə olan qanunvericilik məhdudiyyətlərin təkcə partiyalara deyil, onlarla əlaqəli şəxslərə də şamil edilməsinə imkan verir. Məhkəmə həmin şəxslərə yeni partiyalar yaratmağı və ya digər partiyalara üzv olmağı, seçkilərdə namizəd kimi iştirak etməyi və siyasi vəzifələr tutmağı qadağan edə bilər. Artıq seçilmiş və fəaliyyət göstərən deputatların səlahiyyətlərinə xitam verilməsi də mümkündür.
Yeni adla siyasi fəaliyyətə qayıtmaq da avtomatik çıxış yolu olmayacaq. Qanunvericilikdə artıq “varis partiya” anlayışı mövcuddur. Yeni siyasi qüvvənin məqsədləri, fəaliyyəti və ya tərkibi qadağan edilmiş partiyanın xüsusiyyətlərini əhəmiyyətli dərəcədə təkrarlayarsa, məhkəmə onu da qadağan edə bilər.
- Bütün bunlar o deməkdir ki, “Gürcü Arzusu”nun ssenarisinə əsasən, ölkə faktiki olaraq siyasi partiyalarsız və siyasətçilərsiz qalmalıdır.
Bu proses digər hadisələrdən təcrid olunmuş şəkildə baş vermir. Son illərdə hökumət xaricdən maliyyələşmə, qrantlar, eləcə də qeyri-hökumət təşkilatları və media qurumlarının fəaliyyəti ilə bağlı hüquqi şərtləri kəskin şəkildə sərtləşdirən bir neçə qanun qəbul edib.
Paralel olaraq, Gürcüstanda hökumət əleyhinə etiraz aksiyaları davam edir, hakimiyyətlə onun siyasi rəqibləri arasındakı qarşıdurma isə son dərəcə kəskinləşib.
2028-ci il baş verənlərin siyasi əhəmiyyətini anlamaq baxımından həlledici tarixdir. Əgər məhkəmə indi iddianı təmin edərsə və qüvvədə olan bütün məhdudiyyətlər saxlanılarsa, Gürcüstan növbəti parlament seçkilərinə 2024-cü ildə seçki baryerini keçmiş dörd müxalifət qüvvəsinin hamısının hüquqi baxımdan mövcudluğuna son qoyulduğu şəraitdə gedə bilər. Onların mümkün varis partiyalarının sürətlə qadağan edilməsi üçün isə artıq hüquqi mexanizm yaradılıb.
Gürcüstanda müxalif partiyaların qadağan olunması