"Gələcəyi qururuq": Yerevanda Avropa Siyasi Birliyinin 8-ci sammiti keçirilir
Yerevanda Avropa Siyasi Birliyinin 8-ci sammiti
Mayın 4-də Ermənistanın paytaxtında “Gələcəyi qururuq: Avropada birlik və sabitlik” şüarı ilə Avropa Siyasi Birliyinin sammiti keçirilir. Tədbirdə iştirak etmək üçün demək olar ki, 50 nümayəndə heyəti, formatın iştirakçı ölkələrindən təxminən 500 nümayəndə, həmçinin beynəlxalq təşkilatların — NATO, ATƏT, Avropa Şurası və Avropa Parlamentinin təmsilçiləri gəlib. Onların arasında Fransa Prezidenti Emmanuel Makron da var. O, yalnız Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün gəlməyib. Mayın 4-5-də onun Ermənistana ilk dövlət səfəri də baş tutacaq.
Sammitdə Ermənistanın qonşu ölkələrinin nümayəndələri – Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev sammitə onlayn qoşulub.
Sammitlə paralel olaraq Yerevanda bir neçə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Azərbaycanla münaqişə illərində itkin düşənlərlə bağlı məsələlərə diqqət yetirilməsini, Bakıda saxlanılan 19 erməni məhbusun geri qaytarılmasını, həmçinin Qarabağ ermənilərinin vətənə qayıdışı üçün tədbirlərin görülməsini tələb ediblər.
Baş nazir Nikol Paşinyan çıxışında vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olunub.
O bildirib ki, hər iki ölkə artıq sülhün möhkəmləndirilməsi və onun institusionallaşdırılması üçün sıx əməkdaşlıq edir.
Ermənistanın baş naziri xüsusi olaraq qeyd edib ki, ilk dəfədir Azərbaycan Prezidenti Ermənistanda keçirilən tədbirdə iştirak edir, hərçənd videobağlantı vasitəsilə. O, həmçinin ümid etdiyini bildirib ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin 12-ci sammitində iştirak etmək üçün özü də Azərbaycana səfər edə biləcək.
“Bütün bu prosesi pozmağa çalışanların səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Panel müzakirəsi zamanı Fransa Prezidenti Paşinyanın həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib. Makronun sözlərinə görə, 8 il əvvəl heç kim Ermənistana gəlməzdi.
“Bu masada olan bir çox ölkə bu dövləti faktiki olaraq Rusiyanın satelliti hesab edirdi. Nikol Paşinyan “məxməri inqilab” təşkil etdi və ölkəsini Rusiyadan qorumağa qərar verdi. Məhz buna görə o, gündəlik hücumlara məruz qalır və qalmaqda davam edir”, – deyə Fransa Prezidenti bildirib.
Yerevanda keçirilən sammitin ilk gününün əsas hadisələri və bəyanatları.
- “Narazılıq eyhamı”: Ermənistanın xarici işlər naziri Antalyadakı diplomatik forumda iştirak etmir
- Ermənistanda Azərbaycanla sülh prosesi barədə nə düşünürlər: Yerevan küçələrində video-sorğu
- Ankara-Yerevan münasibətlərinin normallaşmasında gecikmənin günahkarı kimdir? Bakı nə dərəcədə təsir edir?
Sammitin əsas mövzuları
Sammitin rəsmi saytında dərc olunan məlumata görə, Yerevanda keçirilən müzakirələr demokratik dayanıqlığın gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, iqtisadi və enerji təhlükəsizliyinin artırılması, həmçinin regional çağırışların aradan qaldırılmasına həsr olunacaq.
“İştirakçılar daha sıx əməkdaşlığın və əlaqələndirilmiş fəaliyyətlərin daha dayanıqlı, təhlükəsiz və vahid Avropa məkanının formalaşmasına necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar”.
Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, “ən mühüm mövzular” — hibrid təhdidlər və demokratiyanın dayanıqlığından tutmuş qarşılıqlı əlaqə və enerji problemlərinə qədər məsələlər müzakirə olunacaq.
Sammitin qonaqları da jurnalistlərə qarşıdakı müzakirələrin detalları barədə məlumat veriblər.
Xüsusilə Fransa Prezidenti Ukraynaya dəstək, həmçinin Ermənistan və Moldovanın müstəqilliyi və suverenliyinin qorunması kimi məsələlərin müzakirəsinin planlaşdırıldığını vurğulayıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, sammit iştirakçıları xüsusilə Avropanın enerji müstəqilliyini, müdafiə və təhlükəsizlik məsələlərini, həmçinin etibarlı təchizat zəncirlərini müzakirə edəcəklər.
“Bu sammitin Yerevanda keçirilməsi Qafqazın nə qədər önəmli olduğunu göstərir. Xüsusilə indi, İranda müharibə getdiyi bir vaxtda. Biz qarşılıqlı əlaqədən danışırıq, eyni zamanda qarşımızda duran çağırışlar fonunda dayanıqlılıqdan da bəhs edirik”, – deyə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
Avropa Parlamentinin sədri Roberta Metsola qeyd edib ki, sammit iştirakçıları dezinformasiya və hibrid təhdidlərə qarşı mübarizəni müzakirə edəcəklər. Onun sözlərinə görə, bunlar demokratiya üçün real təhlükədir:
“Müharibələr yalnız torpaq üzərində deyil, həm də rəqəmsal müstəvidə baş verir. Onlar cəmiyyətimizin ən həssas təbəqələrini hədəf alır”.
Avropa Siyasi Birliyi 2022-ci ildə Fransa Prezidentinin təşəbbüsü ilə yaradılıb. Bu platformanın məqsədi Avropa ölkələri, o cümlədən Avropa İttifaqı üzvləri və ittifaqa daxil olmayan dövlətlər arasında təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsi üçün siyasi koordinasiya və dialoqu təmin etməkdir. Birliyə Aİ-nin 27 üzv dövləti, Birləşmiş Krallıq və Aİ-yə daxil olmayan 19 ölkə daxildir. Birliyin ilk sammiti 6 oktyabr 2022-ci ildə Praqada keçirilib. Sonrakı sammitlər Moldova, İspaniya, Birləşmiş Krallıq, Macarıstan, Albaniya və Danimarkada baş tutub.
Avropa Şurasının rəhbəri Yerevan sammitini “tarixi” adlandırıb
Avropa Şurasının sədri Antoniu Koşta Yerevanda keçirilən sammiti tarixi adlandırıb. O, bu qiymətləndirməsini aşağıdakı məqamlarla izah edib:
- sammit ilk dəfə Cənubi Qafqazda keçirilir,
- o, Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişi sayəsində mümkün olub,
- onda ilk dəfə qeyri-Avropa tərəfdaşı — Kanadanın baş naziri iştirak edir.
O, Ermənistanın baş naziri Nikol Paşinyana Ermənistanı Avropa İttifaqına yaxınlaşdıran cəsarətli siyasi qərarlarına görə təşəkkür edib.
Bundan əlavə, o vurğulayıb ki, Yerevan sammiti yalnız ümumi Avropa prinsiplərinə, sülhə və rifaha əsaslanan baxışın formalaşdırılmasına deyil, həm də bu baxışın həyata keçirilməsinə yönəlib. Onun sözlərinə görə, bu, xüsusilə enerji, nəqliyyat infrastrukturu və demokratik dayanıqlılıq sahələrinə aiddir.
Koşta hesab edir ki, Ukrayna, Moldova və Ermənistana dəstək məqsədilə birgə “fəaliyyətlərə” ehtiyac var.
Birgə bəyanat planlaşdırılmır
Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan İctimai Televiziyaya müsahibəsində bildirib ki, sammitdə Ermənistan üçün prinsipial əhəmiyyət daşıyan məsələlər, həmçinin Avropa miqyaslı mövzular müzakirə olunacaq. Müzakirələrin əsas istiqamətləri bunlar olacaq:
- hibrid təhdidlər və demokratik dayanıqlılıq,
- kommunikasiyalar,
- yaşıl transformasiya və energetika.
Kostanyanın sözlərinə görə, bu gün Ermənistan “Avropanın ürəyinə” çevrilib, çünki Avropa qitəsində baş verən əsas hadisələrdən biri Yerevanda keçirilir. Onun fikrincə, bu, Ermənistanın tanınmasını artıracaq.
Nazir müavini vurğulayıb ki, digər sammitlərdən fərqli olaraq, bu dəfə iştirakçı ölkələrin birgə bəyanatının qəbulu planlaşdırılmır:
“Çox vaxt nümayəndə heyətləri mətnlərin razılaşdırılmasına fokuslananda, açıq və səmimi dialoq və müzakirələr üçün vaxt qalmır”.
Paşinyan: “Birinci sammit zamanı vəziyyəti dəyişən qərar qəbul etdik”
Ermənistanın baş naziri Avropa Siyasi Birliyi formatının əhəmiyyətinə toxunub. O vurğulayıb ki, 2022-ci ildə Praqada keçirilən ilk sammit çərçivəsində o və Azərbaycan Prezidenti “vəziyyəti dəyişən qərar” qəbul ediblər. Söhbət Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasından gedir. Bu, keçmiş SSRİ respublikaları arasında sərhədlərin dövlət sərhədləri kimi tanınması demək idi.
“Bu qarşılıqlı anlaşma əsasında Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunması üçün real imkan yarandı, gələcək sülhün arxitekturası müəyyənləşdirildi. Və biz bu prosesi ötən ilin avqustunda Vaşinqtonda keçirilən sülh sammitində yekunlaşdırdıq”, – deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, indi ölkələr “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi yolundadır:
“Bu, regionda marşrutların açılması və şərqdən qərbə, cənubdan şimala yeni beynəlxalq marşrutların yaradılması hesabına sülhə töhfə verəcək. Bu isə beynəlxalq təchizat zəncirlərinin sabitliyini əhəmiyyətli dərəcədə artıracaq”.
O xatırladıb ki, onun Türkiyə Prezidenti Ərdoğanla ilk ikitərəfli görüşü də Praqada keçirilən sammit çərçivəsində baş tutub.
Onun fikrincə, Yerevan sammiti beynəlxalq kontekstdə də mühüm əhəmiyyət daşıyır. Xüsusilə də dünya Ukraynadan Yaxın Şərqə qədər artan və çoxsaylı çağırışlarla üzləşdiyi bir vaxtda.
“Ümid edirəm ki, müzakirələrimizin və dialoqumuzun nəticəsində bu sammit beynəlxalq sülh və sabitlik baxımından tarixi sammitə çevrilə bilər”, – deyə Ermənistanın baş naziri bildirib.
Əliyev: “İqtisadi əlaqələr üçün baza yaradırıq”
Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistan və Azərbaycan indi sülh şəraitində yaşamağı öyrənir. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammiti və sülh sazişinin paraflanmasını xatırladaraq qeyd edib:
“Bizim üçün və əminəm ki, erməni tərəfdaşlarımız üçün də sülh artıq reallığa çevrilib”.
İlham Əliyevin sözlərinə görə, Bakı Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırıb. Nəticədə Ermənistana bir neçə min ton yük daxil olub, həmçinin Azərbaycan neft məhsulları çatdırılıb. Onun fikrincə, bu, iqtisadi münasibətlərin inkişafı üçün baza yaradır. O, həmçinin regionlararası əməkdaşlıqla bağlı razılaşmalara toxunub.
“”Tramp marşrutu” layihəsi Ermənistan ərazisindən keçərək Naxçıvana uzanacaq və Orta dəhlizin bir hissəsinə çevriləcək”, – deyə o bildirib.
Əliyevin sözlərinə görə, həm Yerevan, həm də Bakı artıq sülhün praktiki üstünlüklərini görür, halbuki “Avropa Parlamenti və AŞPA ikili standartlara əsaslanır”.
O, xüsusilə 2023-cü ildə Dağlıq Qarabağda bütün erməni əhalisinin evlərini tərk etməsindən sonra AŞPA-da Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq edilən sanksiyalardan danışıb. Həmçinin son illərdə Avropa Parlamenti tərəfindən qəbul edilən 14 qətnaməni xatırladıb. Azərbaycan Prezidenti hesab edir ki, Bakı sadəcə olaraq “öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün separatizmə son qoyub”.
Avropa Parlamentinin sədri Roberta Metsola Azərbaycan Prezidentinin ittihamlarına cavab verib:
“Avropa Parlamentinin qətnamələri səs çoxluğu ilə qəbul olunur və onların nəticələri bir çoxları üçün narahat ola bilər. Lakin biz heç vaxt işimizin qaydasını və mövqelərimizi dəyişmirik”.
Zelenski: “Putini diplomatiyaya sövq etmək lazımdır”
Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın avropalılarla həmrəylik nümayiş etdirməsini vacib amil kimi qiymətləndirib. O, Yerevana səfərini mühüm hadisə adlandırıb. Bundan əlavə, Ermənistan və Azərbaycana sabit və davamlı sülh arzulayıb.
Zelenskinin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi əvvəlki kimi şiddətli olaraq qalır:
“Bu yay Putin seçim etməli olacaq: müharibəni genişləndirmək, yoxsa diplomatiyaya keçmək. Biz isə onu diplomatiyaya sövq etməliyik”.
O xatırladıb ki, mayın 9-da Rusiyada hərbi texnikanın nümayişi olmadan ilk parad keçiriləcək. Onun fikrincə, bu, Rusiyanın güc itirdiyini göstərir. Bununla əlaqədar o, Rusiyaya qarşı sanksiya paketlərinin qəbulunun davam etdirilməsinin zəruri olduğunu hesab edir. Xüsusilə Rusiya nefti, hərbi sənayesi və bank sistemi ilə bağlı sanksiyaların əhəmiyyətini vurğulayıb.
“Biz diqqətimizi Rusiyanın bu müharibəni dayandırmaması halında nə edəcəyimizə yönəltməliyik. Davamlı təzyiq və sülh lazımdır. Əlbəttə, ilk növbədə işlək diplomatik format tapılmalıdır. İstənilən danışıqlarda Avropa masa arxasında olmalıdır. ABŞ ilə əlaqələri qoruyub saxlamalı, onların mövqelərini anlamalıyıq. Amma yaxşı olardı ki, Rusiya ilə aparacağımız danışıqlarda vahid Avropa mövqeyi formalaşsın”, – deyə Zelenski bildirib.
Yerevanda Avropa Siyasi Birliyinin 8-ci sammiti