"Hər şeyin bir həddi var": Paşinyan Samvel Karapetyana qarşı məhkəməyə müraciət edəcəyini bildirib
Nikol Paşinyan Samvel Karapetyanı məhkəməyə verəcək
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyana qarşı məhkəməyə müraciət edəcək. Rusiyalı iş adamı və dollar milyarderi baş nazirin təhqiramiz hesab etdiyi bəyanatlarla çıxış edib. Hazırda “Güclü Ermənistan” partiyasının lideri ev dustaqlığındadır. O, hakimiyyəti ələ keçirməyə çağırışlarda ittiham olunur. Buna baxmayaraq, gün ərzində elə öz evində mətbuat konfransı keçirib. Karapetyan, xüsusilə, bildirib ki, Paşinyan öz çıxışlarından əvvəl həmişə Çindən gətirilmiş “halüsinogen göbələklər” istifadə edir.
Bu gün həmçinin Paşinyanın ənənəvi həftəlik brifinqi keçirilib. Jurnalistlər Karapetyanın açıqlamaları ilə bağlı onun fikrini soruşduqda, baş nazir deyib ki, onlarla tanış olub şərh verməkdən daha vacib işləri var. Lakin çox keçmədən, brifinqdən dərhal sonra Nikol Paşinyan sosial şəbəkələrdə video paylaşaraq belə deyib:
“Mənə kaluqalı oliqarxın bir ton halüsinogen göbələk haqqında səfeh açıqlamasını göstərdilər. Təbii ki, mən kaluqalı oliqarxı məhkəməyə verəcəyəm. Və sözün hüquqi mənasında bir ton halüsinogen göbələyi kaluqalı oliqarxa ‘yedizdirəcəyəm’. İfadələrimin kobudluğuna görə üzr istəyirəm. Amma hər şeyin bir həddi var”.
İyunda keçiriləcək parlament seçkilərində “Güclü Ermənistan” partiyasının seçki siyahısına Karapetyanın qardaşı oğlu Narek Karapetyan rəhbərlik edir. Lakin partiya bildirir ki, baş nazir postuna namizəd kimi Narek yox, məhz Samvel Karapetyan irəli sürülür.
Bununla belə, o, nə deputat, nə də baş nazir postuna namizəd ola bilər. Ermənistan Konstitusiyasına görə, namizəd yalnız Ermənistan Respublikasının vətəndaşı olmalıdır. Halbuki Samvel Karapetyan Ermənistanla yanaşı, daha iki dövlətin – Rusiya və Kiprin də vətəndaşıdır.
Karapetyanın “Çin göbələkləri” barədə bəyanatı, onun mətbuat konfransının əsas tezisləri, eləcə də Paşinyanla qiyabi polemikası.
- “Rusiya Ermənistandakı seçkilərə on minlərlə seçici göndərməyə çalışır”: Yerevanda müzakirələr
- Ermənistan parlamentinin vitse-spikeri seçiciləri “oliqarxlarla əlaqələri kəsməyə” çağırır
- “Müxalifət seçkilərdən sonra koalisiya yaradaraq hakimiyyətə gəlmək istəyir” – Ermənistan parlamentinin vitse-spikeri
Karapetyan guya Çindən gətirilmiş göbələklər barədə
Mətbuat konfransı zamanı jurnalistlərdən biri Samvel Karapetyandan Nikol Paşinyanın onun tezliklə “milyarderdən bomja çevrilməsi” ilə bağlı bəyanatına münasibətini soruşub.
Aprel ayında Nikol Paşinyan bir neçə dəfə bildirib ki, ilin sonuna qədər Karapetyanın “milyarderdən bomja çevrilə biləcəyindən” “ehtiyat edir”. Politoloq Robert Gevondyan JAMnews-a müsahibəsində Paşinyanın bu açıqlamasını “açıq mesaj” kimi qiymətləndirib.
“Samvel Karapetyan Rusiyanın göstərişlərinə uyğun hərəkət etməyə məcburdur, əks halda onun Rusiyadakı əmlakı əlindən alınacaq. Bu isə Kremlin iradəsinə qarşı çıxan və Moskvanın göstərişlərini yerinə yetirməyən müxtəlif biznesmenlərin əmlakı ilə dəfələrlə baş verib”, — deyə o vurğulayıb.
Karapetyan jurnalistin sualına cavabında bildirib ki, baş nazir çıxışlarında “öz arzularını dilə gətirir”. O əlavə edib ki, bu, “Çin göbələklərinin” təsiri altında baş verir.
“Keçən il baş nazir Çinə səfər edəndə bilirsiniz ki, orada halüsinasiyalar yaradan xüsusi göbələklər təqdim edən restoranlar var. O, onları dadıb və xoşuna gəlib. Mənim məlumatıma görə, o, təxminən bir tonunu Ermənistana gətirib. Buna görə də düşünürəm ki, o, brifinqdə və ya parlament tribunasında çıxış etməzdən əvvəl mütləq həmin göbələklərdən istifadə edir”.
Biznesmen Paşinyanın açıqlamalarını ciddi qəbul etməməyə çağırıb:
“Hər şey plan üzrə gedir. O, vaxt qıtlığı şəraitində bəyanatlar verəcək. Və xalqımız bunları iyunun 7-də (parlament seçkilərinin keçiriləcəyi gün) qiymətləndirəcək”.
Karapetyanın digər açıqlamaları
Mətbuat konfransı zamanı baş nazir postuna iddia edən iş adamı Samvel Karapetyan Ermənistan cəmiyyətini maraqlandıran digər məsələlərlə bağlı da mövqeyini açıqlayıb.
Sülh prosesi haqqında
“Belə bir sülh (Azərbaycanla) erməni xalqını qane etməyəcək. Ermənistan dövləti kiçikdir, amma qürurludur. Bizə tək bir təminatçı yox, bir neçə təminatçı lazımdır. Dünyada belə təminatçılar azdır. Üç real supergüc var: ABŞ, Rusiya və Çin. Regional maraqları olan dövlətlər də var. Biz bu dövlətlərdən təminatlar alacağıq. Razılaşa bildiklərimizdən təminatlar alacağıq, əminəm ki, təkcə birindən yox”.
“Tramp marşrutu” haqqında
“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (Trump route for international peace and prosperity — TRIPP) Azərbaycanı onun muxtar ərazisi Naxçıvanla Ermənistan ərazisindən keçərək birləşdirəcək yoldur.
Bir neçə il ərzində Yerevan və Bakı bu məsələ üzrə razılığa gələ bilmirdi. Azərbaycan “Zəngəzur dəhlizi” adlandırdığı yolun verilməsini tələb edirdi. Ermənistan hakimiyyəti isə bütün yolların açılmasına hazır olduğunu, lakin “dəhliz” terminini qəbul etmədiyini bildirirdi, çünki bu, ölkənin həmin ərazi üzərində nəzarətini, yəni suveren hüquqlarını itirməsi deməkdir.
Yalnız avqustun 8-də Vaşinqtonda tərəflər razılığa gəliblər ki, yol Ermənistanın suveren nəzarəti altında qalacaq, ABŞ isə blokadaların aradan qaldırılması prosesinə biznes tərəfdaş kimi qoşulacaq. Bu səbəbdən layihə vasitəçinin adı ilə “Tramp marşrutu” adlandırılıb. Ermənistan və ABŞ-ın birgə bəyanatında TRIPP layihəsinin həyata keçirilməsi üçün şirkətin yaradılacağı bildirilir. ABŞ bu şirkətdə səhmlərin 74 faizinə sahib olacaq.
“Dövlət səviyyəsində imzalanmış heç bir sənədin həyata keçirilməsinə mane olmayacağıq. Amma bu o demək deyil ki, orada yazılanların hamısını icra edəcəyik. Bu sənədi təkmilləşdirməyə çalışacağıq. Onu ölkəmizin maraqlarına daha uyğun hala gətirəcəyik, çünki qorxuram ki, bundan Ermənistan istisna olmaqla hamı qazanc əldə edəcək”.
Onun Rusiyadan Ermənistana göndərilməsi barədə iddialar haqqında
“Sizcə, Vladimir Putin məni çağırıb və deyib: ‘Atanın qırxı yaxınlaşır. Ermənistana gedəcəksən, mütləq kilsədə ibadətə qatılacaqsan. Oradan çıxanda sənə bizim agent-jurnalist yaxınlaşacaq, sual verəcək. Sonra sənə bizim agent Paşinyan yaxınlaşacaq. O səni həbs edəcək, dəhşətli şəraitdə saxlayacaq. Bundan sonra sən ayılacaqsan və siyasətlə məşğul olacaqsan’”.
Karapetyan bununla həbsinə əsas olmuş müsahibəni nəzərdə tutur. Həmin müsahibədə o, hakimiyyətlə kilsə arasında gərginləşən münasibətlərdən danışmış, kilsəni dəstəklədiyini bildirmişdi. O əlavə etmişdi: “Əgər Ermənistanın siyasi qüvvələri bu vəziyyətin öhdəsindən gələ bilməsə, biz kilsəyə qarşı kampaniyaya özümüz müdaxilə etməli olacağıq”. Bu bəyanat hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırış kimi qiymətləndirilib.
Onun Ermənistanı Rusiya quberniyasına çevirmək niyyətində olması barədə ittihamlar haqqında
“Biz Ermənistanı regionun ən sürətlə inkişaf edən, ən fəal, ən gözəl və ən zəngin ölkəsinə çevirəcəyik. Qalanları isə onların özləri haqqındadır. Paşinyan yenidən seçilən kimi biz Rusiya yox, Azərbaycan vilayətinə çevriləcəyik, çünki Paşinyan Azərbaycanın təyin etdiyi qubernator kimi çıxış edir”.
“Güclü Ermənistan” partiyasının nümayəndələrinin seçiciləri ələ alması ilə bağlı iddialar haqqında
“Ölkəmizdə həm seçicilərin ələ alınması ilə, həm də rüşvət qəbul etməklə məhz mövcud hakimiyyət məşğuldur. Bizə aparıcı qüvvə kimi kimisə ələ almağa ehtiyac yoxdur. Biz hər şeyi qanun çərçivəsində edirik”.
Onun mülkiyyətindən məhrum edilə biləcəyi barədə
“Məni mülkiyyətimdən tam məhrum edə biləcək nə bir insan, nə də bir qüvvə var”.
Rusiya və Kipr vətəndaşlığından imtina haqqında
“Proses başlayıb, davam edir. Bu, hüquqşünaslarımızın səlahiyyətindədir. Mən hər səhər bu məsələ ilə bağlı nə baş verdiyini düşünərək oyanmıram. Sizi əmin edirəm ki, lazım olan gün gələndə mən yalnız Ermənistan Respublikasının vətəndaşı olacağam”.
Paşinyan: “Karapetyan saxta namizəddir”
Samvel Karapetyan bildirib ki, rəhbərlik etdiyi partiya seçkilərdə mütləq qələbəyə əmindir.
“Mən yalnız ictimai rəy sorğularına əsaslanmıram. Məni buna Paşinyanın son dərəcə aşağı reytinqi də inandırır, yəqin ki, siz bunu məndən daha yaxşı bilirsiniz”, — deyə o jurnalistlərə bildirib.
Onun fikrincə, hakim “Vətəndaş müqaviləsi” partiyasının reytinqi 25 faiz səviyyəsindədir və buna görə də o, hakimiyyətə gələ bilməyəcək.
Jurnalistlər “Güclü Ermənistan”ın seçkilərdə məğlub olacağı təqdirdə hansı addımları atacağını soruşublar.
“Seçkilərdən sonra mən baş nazir olacağam. Gəlin, bu gün mənasız sualları müzakirə etməyək”, — deyə Karapetyan cavab verib.
Lakin Nikol Paşinyan brifinq zamanı jurnalistlərə xatırladıb ki, Samvel Karapetyan nə baş nazirliyə namizəddir, nə də deputat mandatına iddialıdır.
Onun sözlərinə görə, Karapetyan “hibrid, saxta” namizəddir.
“Saxta xəbərlər az idi, indi də saxta namizədlər ortaya çıxıb? Ermənistanda necə hibrid informasiya yayılırsa, eləcə də hibrid, saxta namizəd ortaya çıxarıblar. Belə şey ola bilməz”, — deyə o vurğulayıb.
Baş nazirin sözlərinə görə, ümumiyyətlə namizəd olmayan və namizəd ola bilməyən bir şəxsin seçkilərdə qələbə barədə danışması gülüncdür:
“Onlar əvvəlcə parlamentə düşüb-düşməyəcəklərini düşünməlidirlər. Qələbədən danışmaları sadəcə gülüncdür. Bu, həmin insanların Ermənistanın siyasi proseslərinə və xalqına heç bir aidiyyəti olmadığını bir daha göstərir. Onların informasiya və ilham mənbələri Ermənistan xaricindədir”.
Sosioloji sorğuların nəticələrini şərh edən Paşinyan bildirib ki, dərc olunan bütün araşdırmalara görə, hakim qüvvənin reytinqi ən yüksək reytinqə malik müxalif qüvvəni iki dəfə qabaqlayır.
O, seçkilərdə iştirak edəcəyini bəyan edən üç əsas müxalif qüvvəni yenidən “üçbaşlı müharibə partiyası” adlandırıb. Söhbət keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokundan, Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasından və iri erməni iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasından gedir. O, bu adı hər üç liderin Azərbaycanla “sülhün yenidən nəzərdən keçirilməsi” mövqeyindən çıxış etməsi ilə izah edib. Onun sözlərinə görə, bu, qaçılmaz olaraq müharibəyə gətirib çıxaracaq. Eyni zamanda, Paşinyan onların parlamentə düşmək üçün kifayət qədər səs toplaya bilməyəcəyinə əmin olduğunu bildirib.
Nikol Paşinyan Samvel Karapetyanı məhkəməyə verəcək