Gürcüstanda 2024-cü ildə etiraz aksiyalarının iştirakçılarını vəhşicəsinə döyən beş xüsusi təyinatlı saxlanılıb
Gürcüstanda aksiya iştirakçılarına zorakılığa görə həbs
Gürcüstanda 2024-cü ildə keçirilən genişmiqyaslı avropayönlü etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıq tətbiqi faktları üzrə xüsusi təyinatlıların beş əməkdaşı saxlanılıb. Bu istintaqın mərkəzində etiraz aksiyasının iştirakçısı Zviad Maisaşvili, siyasətçi Levan Xabeişvili və jurnalist Quram Roqavaya qarşı hüquq müdafiəçilərinin işgəncə kimi qiymətləndirdiyi amansız döyülmə halları dayanır.
Saxlanılanlar arasında hüquq-mühafizə orqanlarının üç keçmiş və bir hazırkı əməkdaşı var.
Bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze mayın 7-də keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, təqsirləndirilən beş nəfərdən ikisi digər cinayət işləri üzrə aparılan istintaq çərçivəsində artıq həbsdə idi.
Mayın 5-də müstəqil Formula telekanalı Quram Roqavaya hücumda şübhəli bilinən şəxsin kimliyini müəyyən edən jurnalist araşdırmasını yayımlayıb. Telekanal məlumatın hüquq-mühafizə orqanlarındakı müxtəlif mənbələrdən, o cümlədən Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyatlar İdarəsinin hazırkı əməkdaşlarından əldə edildiyini bildirib. Telekanal qeyd edib ki, bu məlumat bir neçə mənbə tərəfindən təsdiqlənib.
Prokurorluq nəyi açıqlayıb
Baş prokuror Giorgi Qvarakidze bildirib ki, prokurorluq beş təqsirləndirilən şəxsin hamısı barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim edəcək.
Qvarakidzenin sözlərinə görə, etiraz iştirakçılarına qarşı zorakılıqla bağlı cinayət işləri üzrə 550-dən çox şəxsin şahid qismində dindirilməsi də daxil olmaqla minlərlə istintaq və prosessual hərəkət həyata keçirilib.
Saxlanılan beş nəfərin hamısı Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə ittiham olunur. Bu maddə zor tətbiq etməklə vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutur.
Jurnalist Roqavaya hücum epizodu ilə bağlı saxlanılan xüsusi təyinatlı əməkdaşına əlavə olaraq Cinayət Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsi ilə də ittiham irəli sürülüb. Bu maddə jurnalistin peşə fəaliyyətinə zor tətbiq etməklə qanunsuz mane olmanı nəzərdə tutur.
Prokurorluğun məlumatına görə, irəli sürülən ittihamlar 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Birinci epizod: Zviad Maisaşvili
2024-cü il noyabrın 30-da Tbilisidə Rustaveli prospektində Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyatlar İdarəsinin iki o vaxtkı əməkdaşı (onlardan biri hazırda təhlükəsizlik polisində çalışır) fəal Zviad Maisaşvilini, o cümlədən artıq yerə yıxıldıqdan sonra üzünə təpiklərlə döyüblər. Maisaşvili huşunu itirib.
Bu görüntülər cəmiyyəti ciddi şəkildə sarsıdıb.
Videoda saçları dağınıq, arıq bir gənc yerə uzanmış vəziyyətdə görünür. Onun ətrafına qara geyimli xüsusi təyinatlılar toplaşıb. Birdən onlardan biri onun belinə təpik vurur, sonra digəri yaxınlaşıb dabanı ilə üzünə zərbə endirir. Gənc ayağa qalxmağa çalışır, lakin bu zaman üçüncü xüsusi təyinatlı onun üzünə təpik vurur. Maisaşvili huşunu itirir.
“Vəhşilər!” – gənci xilas etməyə çalışan bir qadının qışqırığı videoda eşidilir. O, xüsusi təyinatlılara yumruq ataraq müqavimət göstərir və təcili yardım çağırılmasını tələb edir. Xüsusi təyinatlılar hadisə yerindən uzaqlaşır.
Maisaşvili bildirib ki, o, artıq təcili yardım maşınında özünə gəlib. O zaman məlum olub ki, onu ora etirazlarda iştirak edən aktyorlar Giorgi Baxutaşvili və Nanka Kalatozişvili aparıblar.
Həmin gecə xüsusi təyinatlılar onun qardaşı Giorgini də döyüblər. O, saxlanılıb və altı sutkalıq həbs cəzası alıb. Giorgi bədəninin və üzünün müxtəlif nahiyələrində qançır xəsarətləri alıb.

İkinci epizod: Levan Xabeişvili
2024-cü il aprelin 30-da Rustaveli prospektində keçirilən mitinq zamanı Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyatlar İdarəsinin o vaxtkı əməkdaşı, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin operativ idarəetmə xidmətinin idarələrindən birinin rəisi, həmçinin həmin idarənin digər əməkdaşı siyasətçi Levan Xabeişvilini döyərək onun üz sümüklərini sındırıb və dişlərini qırıb.
Xabeişvili həmin dövrdə müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri idi, hazırda partiyanın siyasi şurasına rəhbərlik edir və həbsdədir. Hüquq müdafiəçiləri onu siyasi məhbuslar sırasına daxil edir.
Bir neçə gün əvvəl “Milli Hərəkat”ın üzvü Mariam Dolidze Levan Xabeişvilinin döyülməsində iştirak etdiyini iddia etdiyi şəxslərin adlarını açıqlayıb.
“Məndə olan məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin operativ idarəetmə üzrə baş idarəsinin rəisi Yaqo Axalkatsi; idarə rəisləri Laşa Çikaidze, İoseb Kobaxidze, Anzor Xmiadaşvili və baş idarənin əməkdaşı Davit Kamarauli 2024-cü il aprelin 30-da Levan Xabeişvilinin döyülməsi və işgəncələrə məruz qalmasında birbaşa iştirak edən ehtimal olunan icraçılardır.
Həmçinin məndə olan məlumata görə, hadisədən sonra Yaqo Axalkatsi, Laşa Çikaidze və Davit Kamarauli odlu silahla mükafatlandırılıblar.
Hadisə yerində xüsusi təyinatlıların departament rəhbəri Zviad Xarazişvili, o cümlədən “Xareba” ləqəbli şəxs; onun o vaxtkı müavini Mirza Kezevadze və Tbilisi patrul polisinin baş idarəsinin rəis müavini Qoqа Memanişvili də olub. Onlar Xarazişvili tərəfindən törədilən işgəncələri foto və video ilə qeydə alaraq sonradan bu materialları yayıblar.
Mən baş prokuror Giorgi Qvarakidzeni bu cinayətlərə heç olmasa iki ildən sonra reaksiya verməyə, işi araşdırmağa və ədalətin bərqərar olunmasını təmin etməyə çağırıram”, — deyə Dolidze bildirib.

Üçüncü epizod: Quram Roqava
2024-cü il noyabrın 29-da Rustaveli prospektində keçirilən etiraz zamanı Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyatlar İdarəsinin əməkdaşı Formula TV-nin jurnalisti Quram Roqavaya hücum edib. O, həmin vaxt jurnalist fəaliyyətini yerinə yetirir, canlı yayım aparır və xüsusi təyinatlıların etirazçılara seçmə şəkildə hücum etdiyini, insanları oğurladığını, saxladığını və döydüyünü izah edirdi.
Yayım zamanı o, özü də xüsusi təyinatlıların diqqət mərkəzinə düşdüyünü görərək kameraya “Görürsünüz, onlar mənə də baxırlar”, – deyib.
Bundan sonra onun səsi kəsilib və bir neçə dəqiqə sonra Formula TV-nin kamerası yenidən işə düşəndə tamaşaçılar onu yerdə uzanmış vəziyyətdə görüblər. “Azadlıq Radiosu”nun gürcü redaksiyasının jurnalisti tərəfindən çəkilmiş videoda xüsusi təyinatlının arxadan jurnalistə hücum edərək onun başına zərbələr endirdiyi görünür. Roqava başı ilə bordürə dəyərək yerə yıxılıb və huşunu itirib.
Tibbi diaqnoz: boyun nahiyəsində onurğa sınığı, göz ətrafında üz sümüyünün sınığı.
Ona uzunmüddətli reabilitasiya lazım olub. Dörd ətrafda hissiyyatın itirilməsi təhlükəsi aradan qalxıb. Həkimlər onun möcüzə nəticəsində sağ qaldığını bildiriblər.

Gürcüstanda aksiya iştirakçılarına zorakılığa görə həbs