Turizmə dəstək paketi: Azərbaycan 3,8 milyon turist hədəfinə çata biləcəkmi?
Azərbaycanda turizmə dəstək
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən yeni Dövlət Proqramı qarşıdakı illərdə turizm sektorunu böyütməyi, ölkəyə daha çox xarici turist cəlb etməyi və turizmi Bakıdan bölgələrə yaymağı hədəfləyir.
Proqram isə turizm göstəricilərinin zəiflədiyi bir dövrdə qüvvəyə minir. 2026-cı ilin ilk yarısında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1,09 milyon olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır. Körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz, mehmanxanalarda gecələmələr 8,3 faiz, hotellərin gəlirləri isə 3,8 faiz azalıb.
2030-cu il üçün 3,8 milyon turist hədəfi
Dövlət proqramına görə, turizmlə birbaşa əlaqəli sahələrdə yaradılan əlavə dəyərin, yəni sektorun iqtisadiyyata faktiki töhfəsinin 2025-ci ildəki 6,96 milyard manatdan 2027-ci ildə 8,51 milyard manata, 2030-cu ildə isə 12,17 milyard manata çatması gözlənilir.
İndiki rəsmi məzənnə ilə sonuncu rəqəm təxminən 7,2 milyard dollardır. Proqram 2030-cu ilədək turizm sektorunda təxminən 40 faiz real artım nəzərdə tutur. “Real artım” dedikdə qiymətlərin bahalaşmasının yaratdığı nominal yüksəliş deyil, istehsal və xidmət həcminin faktiki böyüməsi nəzərdə tutulur.
Xaricdən gələnlərin sayının isə 2025-ci ildəki 2,57 milyondan 2030-cu ildə 3,8 milyona çatdırılması planlaşdırılır.
2026-cı il üçün hədəf 2,42 milyondur. İlin ilk yarısında qeydə alınmış 10,3 faizlik azalma nəzərə alınarsa, bu göstəriciyə çatmaq üçün ilin ikinci yarısında vəziyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşması tələb olunur.
Rəqabət də artır. Dünya İqtisadi Forumunun 2024-cü il Səyahət və Turizmin İnkişafı İndeksində Azərbaycan 119 ölkə arasında 56-cı yerdədir. Gürcüstan 45-ci, Qazaxıstan 52-ci, Özbəkistan isə 78-ci yerdə qərarlaşıb.
2025-ci ildə Gürcüstan 5,5 milyon turist səfəri, Özbəkistan 11,7 milyon xarici turist, Qazaxıstan isə 15,7 milyon xarici ziyarətçi açıqlayıb. Ölkələr turist və ziyarətçi anlayışlarını fərqli metodlarla hesabladıqları üçün bu rəqəmləri birbaşa müqayisə etmək düzgün deyil. Bununla belə, rəqəmlər Azərbaycan turizminin güclü regional rəqabətlə üzləşdiyini göstərir.
Subsidiyalar, yeni reyslər və daha asan vizalar
Proqram üçün geniş dövlət dəstəyi nəzərdə tutulur. Azərbaycana turist gətirən yerli turoperatorlara, eləcə də turizm sahəsində çalışan mikro və kiçik sahibkarlara subsidiyaların verilməsi planlaşdırılır.
Çarter uçuşlarının xərclərinin bir hissəsinin kompensasiyası, prioritet ölkələrdən Azərbaycana əlavə müntəzəm reyslərin təşviqi, konsert və digər əyləncə tədbirlərinə maliyyə dəstəyi də nəzərdə tutulur.
Digər istiqamət ölkəyə girişi asanlaşdırmaqdır. Proqramda vizasız rejimin 34 hədəf bazar istiqamətində genişləndirilməsi, elektron viza imkanlarının artırılması və 2027-2028-ci illərdə “rəqəmsal səyyah” vizasının yaradılması planlaşdırılır. Bu viza məsafədən işləyən və uzun müddət başqa ölkədə yaşamaq istəyən şəxslər – adətən “digital nomad” adlandırılan qrup üçün nəzərdə tutulur.
Regional turizm zonaları, piyada marşrutları, sağlamlıq və qastronomiya turizminin inkişafı da planın bir hissəsidir. Bu tədbirlər Azərbaycanın turizm təklifini yalnız Bakı, lüks hotellər və böyük beynəlxalq tədbirlərdən asılılıqdan çıxarmağa kömək edə bilər.
Dünya Bankının 2026-cı il təhlilində də bölgələrdə nəqliyyat əlaqələrinin, yerləşmə imkanlarının, yerli turizm operatorlarının və xidmət keyfiyyətinin kifayət qədər inkişaf etmədiyi göstərilir.
Yəni proqram ən azı kağız üzərində problemlərin mühüm hissəsini düzgün müəyyənləşdirir.
Problem yalnız subsidiya çatışmazlığı deyil
Əsas məsələ dövlət dəstəyinin öz-özlüyündə Azərbaycanı daha ucuz və rəqabətli turizm istiqamətinə çevirib-çevirə bilməyəcəyidir.
Dövlət proqramının özündə də hava nəqliyyatı bazarında təmərküzləşmə, yəni xidmətlərin nisbətən az sayda şirkətin əlində cəmlənməsi, hotel təklifinin məhdudluğu, qiymətlərin əlçatmazlığı, gigiyena və müştəri xidməti ilə bağlı problemlər qeyd edilir.
Bununla yanaşı, Bakıda aşağı büdcəli aviasiyanın əvvəlki illərlə müqayisədə genişləndiyini də nəzərə almaq lazımdır. Heydər Əliyev Beynəlxalq Aeroportu iyul ayında Bakıda təxminən 20 aşağıbüdcəli və ya hibrid aviaşirkətin 20-dən çox beynəlxalq istiqamətdə fəaliyyət göstərdiyini açıqlayıb.
Buna görə problem artıq sadəcə “Azərbaycanda low-cost aviaşirkətlər yoxdur” şəklində qoyula bilməz. Əsas məsələ uçuşların nə qədər tez-tez həyata keçirilməsi, hansı şəhərləri əhatə etməsi və aviaşirkətlər arasındakı rəqabətin biletlərin qiymətinə real təsir edib-etməməsidir.
Turizm və hotel bazarındakı iri biznes qruplarının mövqeyi də bu baxımdan əhəmiyyətlidir.
Səhmdarları Prezidentin qayınatası və qızları olan “PAŞA Holding”in paylaşdığı açıq məlumatlara görə, onun tam mülkiyyətində olan “Absheron Hotel Group”un portfelinə “Four Seasons Baku”, “JW Marriott Absheron” və “Ritz-Carlton Baku” kimi hotellər daxildir. Holdinqə daxil olan “PAŞA Travel” isə turistlərin ölkəyə gətirilməsi, hotel rezervasiyası və nəqliyyat xidmətləri ilə məşğuldur.
Bu, turizm zəncirinin müxtəlif mərhələlərində eyni biznes qrupuna daxil olan şirkətlərin fəaliyyət göstərməsi deməkdir. İqtisadiyyatda buna “şaquli inteqrasiya” deyilir.
Belə model özlüyündə qanunsuz və ya mütləq zərərli deyil. Lakin bazar paylarına dair dolğun açıq məlumat olmadıqda belə, subsidiyaların müxtəlif ölçülü şirkətlər arasında hansı qaydada bölüşdürüləcəyi mühüm məsələyə çevrilir.
Əsas sual budur: dövlət dəstəyi yeni və kiçik şirkətlərin bazara daxil olmasını asanlaşdıracaq, yoxsa əsasən artıq böyük imkanlara malik şirkətlər tərəfindən istifadə ediləcək?
Pul kimə və nəyə görə veriləcək?
Sərəncama əsasən, Nazirlər Kabineti subsidiyaların verilməsi qaydalarını üç ay ərzində hazırlamalıdır. Deməli, proqram təsdiqlənsə də, ən vacib detallardan biri – dövlət pulunun hansı şirkətlərə, hansı meyarlarla və hansı nəticələr müqabilində veriləcəyi hələ müəyyənləşdirilir.
Proqramın monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.
Lakin nəzarətin effektivliyi yalnız qurumun müəyyən edilməsindən asılı olmayacaq. Subsidiya alan şirkətlərin adlarının, aldıqları məbləğlərin və əldə olunan nəticələrin ictimaiyyət üçün nə qədər açıq olması da vacibdir.
Hesablama Palatasının başqa dövlət dəstəyi proqramları üzrə əvvəlki auditlərində bəzi layihələrin xərclərinin kifayət qədər əsaslandırılmaması və nəticələrin qiymətləndirilməsi üçün məlumat çatışmazlığı kimi problemlər qeydə alınıb. Bu faktlar birbaşa turizm proqramına aid deyil, lakin yeni subsidiya mexanizminin əvvəlcədən dəqiq və ölçülə bilən meyarlarla qurulmasının əhəmiyyətini göstərir.
Turistin qərarına yalnız qiymət təsir etmir
Ölkəyə giriş imkanları da turizmin rəqabət qabiliyyətinə birbaşa təsir göstərir.
Hazırda Azərbaycana hava yolu ilə giriş açıq olsa da, quru sərhədindən giriş əsasən xüsusi qaydalarla məhdudlaşdırılır. 25 maydan Gürcüstanla dəmir yolu əlaqəsində Azərbaycan vətəndaşları və Azərbaycana vizasız daxil olmaq hüququ olan bəzi xarici vətəndaşlar üçün istisnalar tətbiq edilir.
Turistin seçimində ölkənin ümumi reputasiyası da rol oynayır. Britaniya Xarici İşlər Nazirliyi Bakıda cinayət səviyyəsini ümumən aşağı qiymətləndirir, eyni zamanda xarici vətəndaşlardan rəsmiləşdirilməmiş ödəniş tələb edilməsi barədə ara-sıra məlumatların olduğunu qeyd edir.
Azərbaycan 2026-cı il Sərhədsiz Reportyorlar təşkilatının Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 171-ci, Beynəlxalq Şəffaflıq təşkilatının 2025-ci il Korrupsiya Qavrayışı İndeksində isə 182 ölkə arasında 130-cu yerdədir.
Bu reytinqlər turistlərin Azərbaycana gəlib-gəlməyəcəyini birbaşa müəyyən etmir. Lakin ölkə haqqında beynəlxalq təsəvvürə, hüquqi və biznes mühitinin nə dərəcədə proqnozlaşdırıla bilən görünməsinə və investorların risk qiymətləndirməsinə təsir edən ümumi fonun bir hissəsidir.
Azərbaycanda turizmə dəstək