120 dollarlıq neftdən büdcəyə 65 dollar çatır: bəs artıq gəlir haraya gedir?
Azərbaycanda neft gəlirləri
Azərbaycan neftinin dünya bazarında qiyməti oktyabr ayında 120-130 dollar ətrafında olub, ayın 9-da isə 133 dollara qədər qalxıb. Dövlət büdcəsi isə bir barelin 65 dollara satılacağı fərziyyəsi ilə hazırlanıb. Hökumət 2027-ci ilin büdcəsini də eyni qiymətlə planlaşdırır.
Lakin neftin bahalaşması nə Neft Fondunun, nə də dövlət büdcəsinin rəqəmlərində gözlənilən qədər görünmür. Dövlət Neft Fondunun oktyabrın 20-də açıqladığı hesabata görə, fondun aktivləri ilin əvvəlindən bəri cəmi 462 milyon dollar artıb. Fonddan dövlət büdcəsinə köçürülən vəsait isə ötən ilin eyni dövründən 11,4 faiz az olub.
Daha əvvəl hökumətin 2027-ci il büdcəsində Neft Fondundan köçürməni azaltmağı, maaşlardan tutulan gəlir vergisini isə artırmağı planlaşdırdığını yazmışdıq. Bu dəfə sual başqadır:
Neftin qiyməti programından xeyli yüksəkdirsə, artıq gəlir haraya gedir?
Büdcədə niyə 65 dollar yazılır?
Hökumət hər il büdcəni hazırlayanda neftin il ərzində orta hesabla neçəyə satılacağını fərz edir. Vergi və digər gəlirlər bu fərziyyəyə əsasən hesablanır.
Maliyyə naziri Sahil Babayev 2025-ci ilin noyabrında parlamentdə demişdi ki, 2026-cı il üçün 65 dollar 22 təşkilatın orta proqnozuna əsaslanır. O vaxt Brent markalı neftin qiyməti 64-65 dollar idi.
Vəziyyət ilin əvvəlində dəyişib. Neft Fondu iyul hesabatında ABŞ ilə İran arasında başlayan münaqişənin enerji bazarlarında “yüksək volatillik” yaratdığını yazır. Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nasirovun sentyabrda açıqladığı məlumata görə, ilin ilk yarısında Azərbaycan neftinin orta satış qiyməti 94,5 dollar olub. Bu, ötən ilin eyni dövründən 33 faiz, büdcədəki fərziyyədən isə təxminən 45 faiz çoxdur.
Maliyyə Nazirliyinin ilkin göstəricilərinə görə, 2027-ci ilin büdcəsi də 65 dollarla hesablanıb. Halbuki nazirliyin 2027-2030-cu illər üçün hazırladığı Ortamüddətli Xərclər Çərçivəsində neftin gələn il 65 dollardan ucuz satılması ehtimalı “az” qiymətləndirilir. Yəni büdcə nazirliyin özünün ən pis senari kimi gördüyü qiymətə yaxın bir rəqəmlə hesablanıb.
Fərziyyənin aşağı götürülməsi o deməkdir ki, artıq gəlir büdcəyə yox, fonda gedir. İqtisadçı Natiq Cəfərli hələ martda, qiymətlər qalxmağa başlayanda Axar.az-a bunu demişdi. Onun sözlərinə görə, təsir “birbaşa dövlət büdcəsinə deyil”, Neft Fondunun da daxil olduğu icmal büdcəyə yönələcək. Cəfərlinin hesablamasına görə, qiymətin hər 1 dollar artması fonda gündə təxminən 450 min dollar əlavə gəlir gətirir.
Hökumətə yaxın mövqedən baxanlar isə bu gəliri təhlükəsizlik xərcləri üçün ehtiyat kimi görürlər. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vüqar Bayramov martda OC Media-ya deyib ki, əlavə gəlir hökumətə “milli təhlükəsizlik kimi prioritet sahələri” maliyyələşdirməyə imkan verəcək.
Qiymət artanda büdcəyə niyə əlavə pul gəlmir?
Neft Fondunun il ərzində dövlət büdcəsinə nə qədər vəsait köçürəcəyi il başlamazdan əvvəl fondun büdcəsində müəyyənləşdirilir. Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-sentyabr aylarında fond büdcəyə 9,628 milyard manat köçürüb və bu rəqəm proqnozla tam üst-üstə düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə isə köçürmə 1,23 milyard manat azalıb.
Dövlət büdcəsinə neft-qaz sektorundan cəmi 12,93 milyard manat daxil olub. Bu, proqnozdan 625,5 milyon manat, yəni 5,1 faiz çoxdur. Fondun köçürməsi plana bərabər olduğu üçün artıq məbləğ neft şirkətlərinin ödədiyi vergilərdən gəlib. Nazirliyin məlumatına görə, “Şahdəniz” layihəsi üzrə 1,54 milyard manat, SOCAR-dan 1,3 milyard manat, “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə isə 461 milyon manat vergi toplanıb.
Bütövlükdə dövlət büdcəsinin 9 aylıq gəlirləri proqnozdan 2,8 faiz çox olub. Başqa sözlə, ilk yarıda neftin qiyməti planı təxminən 45 faiz üstələyib, büdcənin gəlirləri isə cəmi 2,8 faiz.
Pul fondda qalırsa, fond niyə böyümür?
Neft Fondunun hesabatı göstərir ki, artıq gəlirin əhəmiyyətli hissəsi fonda da çatmayıb və ya başqa xərclərlə əriyib.
Neft Fondu, 2026-cı ilin yanvar-sentyabr ayları (milyon manatla):
| Göstərici | Məbləğ |
|---|---|
| Mənfəət neftinin və qazın satışından gəlir | 7 343,9 |
| “Cənub Qaz Dəhlizi”ndə dövlət payının satışından daxilolma | 1 390,9 |
| Digər neft-qaz gəlirləri | 5,8 |
| Vəsaitlərin idarə edilməsindən gəlir | 3 600,7 |
| Cəmi gəlir | 12 341,3 |
| Dövlət büdcəsinə köçürmə | -9 628,0 |
| Layihə və idarəetmə xərcləri | -53,2 |
| Qızılın qiyməti və məzənnə dəyişməsindən itki | -1 874,0 |
| Fondun artımı | 786,1 (təxminən 462 milyon dollar) |
Cədvəldən üç nəticə çıxır.
- Birincisi, fondun neft və qaz satışından əldə etdiyi gəlir (7,34 milyard manat) büdcəyə köçürdüyü vəsaitdən (9,63 milyard manat) 2,3 milyard manat azdır. Fərqi fondun xaricdəki investisiyalarından gələn gəlir və “Cənub Qaz Dəhlizi”ndə dövlət payının satışından daxil olan vəsait qarşılayıb.
- İkincisi, qızılın qiymətinin və valyuta məzənnələrinin dəyişməsi fonda 1,87 milyard manat itki verib. İlin ilk yarısında bu itki 3,69 milyard manat idi, yəni üçüncü rübdə qismən bərpa olunub. Qızıl son illərdə fondun əsas dayağına çevrilib. Hesablama Palatası fondun 2026-cı il büdcəsinə verdiyi rəydə yazırdı ki, 2025-ci ilin 9 ayında fondun büdcədənkənar gəlirinin böyük hissəsi qızılın bahalaşmasından gəlib. Palata həmin rəydə neft gəlirlərinin və hasilatın azalması fonunda fondun aktivlərinin “sürətlə tükənə” biləcəyi barədə xəbərdarlıq edib.
- Üçüncüsü, neft bahalaşsa da, fondun neftdən gəliri eyni sürətlə artmayıb. Fondun hesabatına görə, “Azəri-Çıraq-Günəşli” yatağından daxilolmalar ilin ilk yarısında ayda orta hesabla 729 milyon manat, üçüncü rübdə isə 732 milyon manat olub. Bu, JAMnews-un fondun rəqəmlərinə əsasən apardığı hesablamadır.
Hasilat azalır
Energetika Nazirliyinin ilkin məlumatına görə, yanvar-sentyabr aylarında Azərbaycanda kondensatla birlikdə 19,9 milyon ton neft hasil edilib. Bu, ötən ilin eyni dövründən 3,9 faiz azdır.
İxracda da eyni mənzərə var. Dövlət Gömrük Komitəsinin yanvar-avqust məlumatına görə, xam neft ixracının həcmi ötən illə müqayisədə 7,8 faiz azalıb, dəyəri isə cəmi 10,5 faiz artıb.
Deməli, satılan hər barel daha baha olsa da, satılan barellərin sayı azalır. Qiymətin artımından gələn qazancın bir hissəsini hasilatın azalması aparır.
İqtisadçı Elçin Məmmədov sentyabrda Sfera.az-a bu ziddiyyətə diqqət çəkib:
“2025-ci illə müqayisədə cari il ərzində neftin orta qiyməti təxminən 30 faiz artsa da, açıqlanan son statistik göstəricilər neft-qaz sektorunda geriləmənin davam etdiyini göstərir”.
Onun sözlərinə görə, neft-qaz sektorunda ümumi daxili məhsul 0,8 faiz azalıb.
Hesablama Palatası da yuxarıda adı çəkilən rəydə “Azəri-Çıraq-Günəşli” yataqlarından hasilatın 2026-cı ildə 120,1 milyon barelə, yəni ötən ildən 3 milyon barel aşağı düşəcəyini proqnozlaşdırırdı.
Vətəndaş üçün nə dəyişir?
Hökumətin 2027-ci il üçün açıqladığı ilkin göstəricilərə görə, Neft Fondundan büdcəyə köçürmə 935 milyon manat azalaraq 11,9 milyard manat olacaq. Neft-qaz sahəsinə aid olmayan özəl sektorda maaşın 2500 manatadək hissəsindən tutulan gəlir vergisi 3 faizdən 5 faizə, 2028-ci ildən isə 7 faizə qalxır. Büdcə kəsirinin 3,17 milyard manatının 2,75 milyard manatını borc hesabına bağlamaq planlaşdırılır.
Ölkənin valyuta ehtiyatlarının 90 milyard dolları keçməsi bundan əvvəl də ictimai müzakirəyə səbəb olmuşdu: tənqidçilər bu vəsaitin bir hissəsinin əhalinin rifahına yönəldilməsini təklif edirdilər.
Hökumət isə büdcənin neftdən asılılığının azalmasını müsbət hal kimi təqdim edir. Vüqar Bayramov 2027-ci il büdcəsinin ilkin göstəricilərini şərh edərkən qeyri-neft gəlirlərinin payının 60 faizi keçməsini büdcənin dayanıqlılığı baxımından müsbət qiymətləndirib. Bu yanaşmaya görə, büdcə neft gəlirinə nə qədər az güvənərsə, qiymət düşəndə bir o qədər az zərər görər.
Bundan sonra nə olacaq?
Neftin ilin qalan hissəsində və gələn il neçəyə satılacağı əsasən “Yaxın Şərq”dəki vəziyyətdən asılıdır.
Maliyyə Nazirliyinin öz proqnozu isə qiymət yüksək qalsa belə Neft Fondunun böyüməyəcəyini göstərir. Nazirliyin Ortamüddətli Xərclər Çərçivəsinə görə, fondun aktivlərinin 2030-cu ildə 73,9 milyard dollar olacağı gözlənilir. Bu, bugünkü 74 milyard dollardan azdır.
Meydan TV-nin həmin sənədə əsaslanan təhlilinə görə, 2026-2030-cu illərdə büdcənin neft-qaz gəlirlərinin 25,5 faiz azalması, borcun xidmət xərclərinin isə təxminən 3 milyard manata qalxması proqnozlaşdırılır.
Hökumətin 2027-ci il üçün hazırladığı büdcə layihəsində isə neftin qiyməti yenə 65 dollar götürülüb. Bu layihədə Neft Fondundan köçürmə azaldılır, maaşlardan tutulan vergi isə artırılır.
Azərbaycanda neft gəlirləri