Valyuta ehtiyatı kimi 90 milyardı saxlamaq, yoxsa rifaha xərcləmək? - azərbaycanlı keçmiş müxalifət lideri nə təklif edir?
Azərbaycanın valyuta ehtiyatı
Respublikaçı Alternativ (ReAl) Partiyasının keçmiş sədri, siyasətçi İlqar Məmmədov Azərbaycanın 90 milyard dollarlıq valyuta ehtiyatı saxlamasını tənqid edib.
O, feysbuk hesabında yazıb ki, yaşlı vətəndaşların bir hissəsinin aşağı sosial müavinətlə dolandığı ölkədə bu həcmdə vəsait toplamaqla fəxr etmək düzgün deyil. Məmmədov ehtiyatların bir hissəsinin əhalinin rifahına yönəldilməsini, bununla yanaşı, iqtisadi azadlıqların genişləndirilməsini təklif edir.
“Azərbaycan kimi ölkənin 90 milyard dollarlıq valyuta ehtiyatı saxlaması üçün heç bir ağlabatan səbəb yoxdur”, – siyasətçi belə yazıb.
90 milyard dollarlıq valyuta ehtiyatı nədir?
Söhbət Azərbaycanın strateji valyuta ehtiyatlarından – Mərkəzi Bankın valyuta ehtiyatları ilə Dövlət Neft Fondunun aktivlərinin cəmindən gedir. Dövlət Statistika Komitəsinin məlumatına istinadən yayılan rəqəmlərə görə, 2026-cı il sentyabrın 1-də bu göstərici 90,77 milyard dollar olub. Bu, müxtəlif maliyyə aktivlərində saxlanılan vəsaitlərin ümumi məbləğidir.
Bu iki qurumun vəsaitlərinin təyinatı da fərqlənir. Mərkəzi Bankın ehtiyatları valyuta bazarında sabitliyin qorunmasına və xarici ödənişlərlə bağlı risklərin yumşaldılmasına xidmət edir. Neft Fondu isə neft-qaz gəlirlərini toplayır, investisiya edir, dövlət büdcəsinə transfertlər həyata keçirir və gələcək nəsillər üçün yığım saxlayır. Fondun vəsaitləri istiqraz, səhm, qızıl və daşınmaz əmlak kimi aktivlərə yatırılır.
Hakimiyyət ehtiyatların böyüklüyünü maliyyə dayanıqlığının göstəricisi kimi təqdim edir. Prezident İlham Əliyev sentyabrda Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ehtiyatların xarici dövlət borcunu təxminən 20 dəfə üstələdiyini vurğulayıb. O, bunu ölkənin güclü maliyyə sistemi və sabit məzənnəsi barədə arqumentləri sırasında göstərib.
“Həmin 90 milyard ayıb və utanc yerinə çevrilir”
Məmmədov isə məsələyə həm də sosial rifah baxımından yanaşır. Siyasətçi hesab edir ki, həmin insanlar rəsmi əmək fəaliyyəti ilə yanaşı, ev təsərrüfatında və kənd təsərrüfatında çalışmaqla da ölkənin sərvətinin yaranmasına töhfə veriblər:
“180 min nəfər yaşlı vətəndaşımız əmək pensiyası ala bilmədiyi, əvəzində 130 dollarlıq yaş müavinəti aldığı ölkədə ancaq YAP hökuməti fəxrlə deyə bilər ki, 90 milyard dollar valyuta ehtiyatımız var. Sadəcə ayıbdır.
Yaşı 65-dən çox olan adamlar ömrü boyu əməyi və istehlakçı töhfəsi ilə cəmiyyətə xeyir verərək bu 90 milyardlıq ehtiyatın formalaşmasına şərait yaradıb. İstər fəhlə-mühəndis işləmiş ərinə evdar qadın kimi illərcə dayaq durmuş qadın, istərsə də tarlada qəpik-quruşa tər töküb şəhər əhalimizi sağlam meyvə-tərəvəzlə təmin etmiş kişi – onların hamısı bu 90 milyardlıq ehtiyatın yaranmasının iqtisadi müəllifidirlər, əməksevər nəsildəndirlər və məhz onları YAP hakimiyyəti bu yaşlarında pulsuz-parasız qoyub valyuta ehtiyatı ilə fəxr edir”.
Məmmədovun fikrincə, bu nəslin maddi çətinlikləri fonunda ehtiyatların artması ilə öyünmək mənəvi baxımdan da problemlidir:
“Bu bucaqdan baxanda, iqtisadi səmərə məsələsi də kölgədə qalır. Həmin 90 milyard ayıb və utanc yerinə çevrilir”.
Xaricdə saxlanılan vəsaitlər və neftdən asılılıq
Məmmədov böyük ehtiyatların xaricdə saxlanılmasının siyasi risklər yaratdığını da düşünür. O, İraq və Liviyanı nümunə gətirərək həmin ölkələrin sərvətlərinin müharibələr zamanı tükənməsinə və aktivlərinin dondurulmasına istinad edir. Siyasətçi bu hadisələri xarici güclərin maraqları ilə əlaqələndirir və Azərbaycanın da oxşar risklə üzləşə bilmə ehtimalını dilə gətirir.
“Bu böyüklükdə valyuta ehtiyatı saxlamaqla Azərbaycan ancaq indiki dünya düzəninin cığal böyüklərini cırnadır. Elə bil ən bahalı pencəyimizi geyinib, nağd pul topaları ilə ciblərimizi şişirdib günün qaranlıq vaxtı şəhərin ən kriminal küçəsində gəzintiyə çıxmışıq.
Tarixi nümunələr az deyil. 1980-ci ildə İraqın valyuta ehtiyatları 36-40 milyard dollar idi. İndiki hesabla 90 milyarddan biraz çox edir. Nə oldu? Tezbazar onun üçün (tək onun üçün yox, amma həm də onun üçün) İranla bir müharibə təşkil olundu və pulların hamısı xaricdən silah alınmasına xərclənərək tükəndi. Kim qazandı? Silah satanlar.
2011-ci ildə Liviyanın valyuta ehtiyyatları 150 milyarda təzə çatmışdı ki, ölkə bir-birinə qarışdı, pulun bir hissəsi vətəndaş müharibəsindəki tərəflər üçün silaha xərcləndi, digər üçdə-biri xarici maliyyə qurumlarında dondurulub qaldı (kimsə onu hələ də fırladıb gəlir qazanır), digər hissəsini isə heç kim tapa bilmədi.
Dünyanın bu cəngəllik vəziyyətində xaricdə o qədər valyuta ehtiyatı saxlamağın məntiqi yoxdur. Bir gün bizə də qarşı bir hoqqa çıxarıb əlimizdən alacaqlar”, – deyə o yazıb.
Məmmədov maliyyə bazarlarında mümkün enişi də təhlükə sayır. Onun qənaətincə, qiymətli kağızların qiymətləri həddindən artıq yüksəlib və kəskin ucuzlaşma Azərbaycanın yatırımlarında böyük itkilərə səbəb ola bilər.
Siyasətçinin digər arqumenti iqtisadiyyatın neftdən asılılığıdır. O, 2015-ci ildəki devalvasiyaları xatırladaraq bildirir ki, ehtiyatların mövcudluğu manatı kəskin ucuzlaşmadan qoruya bilməyib:
“Ehtiyatın böhran anında sürətlə əriməsinin, qoruyucu yastıq rolunu oynaya bilməməsinin səbəbi xəstə iqtisadiyyatımızdır. Neftdən asılılıq dərəcəmizdir”.
Məmmədovun fikrincə, neft qiymətlərinin uzun müddət aşağı qalması şəraitində təkcə böyük ehtiyat saxlamaq iqtisadi təhlükəsizliyi təmin etmir.
Nə təklif edir?
Məmmədov ehtiyatların tam xərclənməsini təklif etmir. O, iqtisadi risklərə və təbii fəlakətlərə qarşı müəyyən vəsaitin saxlanılmasını zəruri sayır, lakin bunun hansı məbləğdə olmalı olduğunu göstərmir.
“Əhalinin yaşayış səviyyəsi təcili yüksəldilməlidir, xüsusilə yaşlı nəslin. Eyni vaxtda, iqtisadiyyatı təcili şəkildə sərbəst buraxıb vətəndaşımızın qurucu, girişimçi gücü ilə yeni iqtisadi sərvət yaradılmalıdır”, – siyasətçi belə yazıb.
Məmmədov bu dəyişikliklərin əsas şərti kimi qanunun aliliyini göstərir. O, paylaşımını seçiciləri ReAl Partiyasına dəstək verməyə çağırmaqla tamamlayıb.
Azərbaycanın valyuta ehtiyatı