Azərbaycan-Ermənistan internet tranziti razılaşması: qarşılıqlı asılılıq və regional perspektivlər
Azərbaycan Ermənistan internet
Bakı və Yerevan arasında imzalanan internet trafiki tranziti üzrə ikitərəfli kommersiya sazişi Cənubi Qafqazda son illərin ən konkret əməkdaşlıq addımlarından biridir.
“AzerTelecom” və “Telecom Armenia” şirkətləri arasında bağlanan razılaşmaya əsasən, beynəlxalq internet trafiki hər iki ölkənin infrastrukturu vasitəsilə qarşılıqlı şəkildə tranzit ediləcək. Saziş həm də Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirən fiber-optik marşrutun Ermənistan ərazisindən keçməsinə imkan yaradır.
Bu addım sülh prosesinin fonunda baş versə də, hələlik tam siyasi razılaşma ilə müşayiət olunmur. Ekspertlər hesab edirlər ki, razılaşma həm iqtisadi, həm də infrastruktur baxımından qarşılıqlı asılılıq yaradır və regionun rəqəmsal dayanıqlığını artıra bilər.
Razılaşmanın mahiyyəti nədir?
Sazişə görə, “AzerTelecom” Ermənistana yönələn beynəlxalq internet trafiki öz şəbəkəsi ilə keçirəcək.
Qarşılıqlı olaraq “Telecom Armenia” Azərbaycana yönələn trafiki tranzit edəcək. Ən vacib praktik nəticələrdən biri odur ki, Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə əlaqəni Ermənistan ərazisindən keçən fiber-optik kabel vasitəsilə təmin edə biləcək.
Hər iki operator bəyanatlarında qeyd edib ki, razılaşma regionda tranzit marşrutlarının coğrafiyasını genişləndirir və şəbəkələrin etibarlılığını artırır.
Azərbaycan tərəfinin qiymətləndirməsi
Milli Məclisin deputatı Vüqar Bayramov razılaşmanı Azərbaycanın Qafqazda davamlı sülhün formalaşmasına verdiyi dəstək kimi qiymətləndirir.
Onun sözlərinə görə, Ermənistan müxtəlif xidmətlərin, o cümlədən internetin idxalını diversifikasiya etməyə çalışır və bu prosesdə Azərbaycanla əməkdaşlığı gücləndirir. Eyni zamanda belə sazişlər Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirir və regionda yeni əməkdaşlıq nizamının formalaşmasına töhfə verir.
İT şirkətinin direktoru Aleksandr Tvaradze isə texniki üstünlüklərə diqqət çəkir. O bildirir ki, Azərbaycan əlavə ehtiyat rabitə kanalı əldə edir. Məsələn, İrana birbaşa əlaqə mövcuddur, lakin gözlənilməz hallarda bu kanal kəsilə bilər. Ermənistanın İran və Gürcüstanla mövcud kanalları sayəsində isə Azərbaycan üçün ehtiyat çıxış yaranır.
O, Azərbaycanın coğrafi mövqeyindən istifadə edərək data tranzitindən gəlir əldə edə biləcəyini vurğulayırlar. Bu, neft-qaz boru kəmərləri (məsələn, BTC) ilə “illərdir uğurla həyata keçirilən modelin” rəqəmsal versiyası kimi qiymətləndirilir.
Bundan əlavə, razılaşmanın İKT infrastrukturuna investisiyaları cəlb edəcəyi və data mərkəzlərinin inkişafına töhfə verəcəyi gözlənilir.
İmkanlar və çətinliklər
Analitiklər razılaşmanın əsas üstünlüyünü regionun rəqəmsal infrastrukturunun diversifikasiyasında görürlər. Hər iki ölkə üçün alternativ marşrutların yaranması şəbəkələrin dayanıqlığını artırır və mümkün fasilələrə qarşı müqaviməti yüksəldir. İqtisadi baxımdan isə tranzit gəlirləri və İKT sahəsinə investisiyaların cəlbi perspektivi yaranır.
Lakin ekspertlər xəbərdarlıq edirlər ki, bu, həm də yeni asılılıqlar yaradır. Fiziki infrastrukturun bir hissəsi qonşu ölkənin ərazisindən keçdiyi üçün texniki və təhlükəsizlik məsələləri daha mürəkkəbləşə bilər.
Bundan əlavə, razılaşma hələlik tam siyasi çərçivə olmadan həyata keçirilir. Ermənistanda Konstitusiya dəyişiklikləri və sülh müqaviləsinin imzalanması kimi məsələlər həll olunmadığı halda, uzunmüddətli sabitlik sual altında qala bilər.
Bəzi müşahidəçilər hesab edirlər ki, belə praktik əməkdaşlıqlar etimadın qurulmasına kömək edə bilər. Digərləri isə xəbərdarlıq edir ki, infrastruktur layihələri siyasi gərginliklər zamanı həssas hədəfə çevrilə bilər.
Perspektivlər
İndiki mərhələdə saziş daha çox texniki və kommersiya xarakterlidir. Onun uğuru icra mexanizmlərindən, qiymət siyasətindən və hər iki tərəfin texniki imkanlarından asılı olacaq. Region üçün isə bu, Cənubi Qafqazın Avropa ilə Asiya arasında rəqəmsal körpü rolunu gücləndirmək potensialı daşıyır.
Ekspertlərin fikrincə, əgər bu addım digər sahələrdə – nəqliyyat, enerji və ticarət əməkdaşlığı ilə dəstəklənərsə, regionda daha geniş inteqrasiya prosesinə təkan verə bilər. Əks halda isə o, yalnız məhdud texniki əhəmiyyət daşıyacaq.
Beləliklə, Azərbaycan-Ermənistan internet tranzit razılaşması həm imkanlar, həm də yeni çətinliklər yaradır. Onun əsas dəyəri qarşılıqlı asılılığın iqtisadi və texniki maraqlara əsaslanmasıdır. Bu isə gələcəkdə daha geniş əməkdaşlıq üçün zəmin yarada bilər, lakin yalnız siyasi iradə və etimadın güclənməsi şərtilə.
Azərbaycan Ermənistan internet