Siyasi məhbuslar, Əli Kərimli və Qarabağ filmi: Bakı niyə fərqli materialları vahid “informasiya kampaniyası” sayır?
Azərbaycanın xarici media ilə qarşıdurması
Dünya mətbuatında Azərbaycan haqqında dörd müxtəlif media materialı yayımlanıb: Polşa ictimai televiziyası – “TVP World”ün siyasi repressiyalar barədə proqramı, “The Independent”in Əli Kərimlinin saxlanma şəraiti haqqında xəbəri, BBC-nin siyasi məhbuslarla bağlı məlumat təhlili və “The Guardian”ın Qarabağ haqqında sənədli filmə resenziyası.
Bakı bunlara iki rəsmi cavab verib. “TVP World”ün proqramına görə Polşa səfiri XİN-ə çağırılıb və etiraz notası alıb. Digər üç material isə Medianın İnkişafı Agentliyinin bəyanatında eyni “məqsədli informasiya kampaniyası”nın mümkün hissələri kimi təqdim olunub.
Materialları ayrı-ayrılıqda oxuduqda isə onların nə mövzusu, nə janrı, nə də əsas mənbələri eynidir.
TVP: xarici uğur və daxili repressiya
“TVP World”ün avqustun 26-da yayımladığı “Azərbaycanın sülhü repressiyalarla müşayiət olunur” proqramının əsas sualı Bakının beynəlxalq təsiri artdığı halda ölkə daxilində siyasi məkanın niyə daralmasıdır.
Verilişdə “AbzasMedia“, “Meydan TV” və “Toplum TV” jurnalistlərinin həbsi, müxaliflərə, fəallara və tədqiqatçılara qarşı cinayət işləri müzakirə olunur. Aparıcı Benjamin Lee və İPEK Mərkəzinin direktor müavini Türkan Bozkurt neft gəlirlərindən, hakimiyyətin ailə daxilində ötürülməsindən, Qarabağ qələbəsinin İlham Əliyevə verdiyi legitimlikdən, Qərblə münasibətlərdən və milli azlıqlardan danışırlar.
Azərbaycan XİN proqramı qərəzli, aparıcının davranışını isə təxribatçı adlandırıb. Dövlət büdcəsindən maliyyələşən TVP-nin yayımı Polşa dövlətinin mövqeyi ilə əlaqələndirilib və “qeyri-dost addım” kimi qiymətləndirilib.
“The Independent”: Əli Kərimlinin saxlanma şəraiti
Britaniya qəzetinin avqustun 30-da dərc etdiyi material daha dar mövzudadır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının hazırda həbsdə olan sədri Əli Kərimlinin ailəsi və vəkilləri onun təhlükəsiz içməli sudan, ventilyasiyadan, normal yuxudan, gəzinti və mütaliə imkanından məhrum edildiyini deyirlər. İnsan Haqları Müşahidəçisi (Human Rights Watch) nümayəndəsi iş üzrə ictimaiyyətə inandırıcı sübut təqdim olunmadığını bildirir. Britaniya XİN-i məsələni Azərbaycan rəsmiləri qarşısında qaldırdığını təsdiqləyir.
Məqalənin emosional başlığı ailənin Kərimlini “sındırmaq” cəhdi barədə iddiasını önə çıxarır. Üstəlik, yazıda onun ittihamı “dövlətə xəyanət” kimi təqdim olunur. Halbuki rəsmi ittiham hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsidir. Bu, Bakının konkret şəkildə düzəliş tələb edə biləcəyi məqamdır.
Qəzet isə Azərbaycan XİN-ə şərh üçün müraciət etdiyini, lakin cavab almadığını yazır.
BBC: rəqəmlər və İqbal Əbilov işi
BBC rus xidmətinin avqustun 31-də yayımladığı “İlham Əliyev repressiyaları niyə sərtləşdirir?” məqaləsinin mərkəzində Əli Kərimli deyil, 18 il həbs cəzası almış talış tədqiqatçı İqbal Əbilov dayanır.
BBC Sülh və Demokratiya İnstitutunun 2021-ci ildən 2026-cı ilin mayınadək siyahılarını hesablayaraq siyasi məhbusların sayının üç dəfədən çox artdığını, siyasi işlər üzrə orta cəzanın isə 2026-cı ildə təxminən 12 ilə çatdığını bildirir. Məqalədə “AbzasMedia”, “AzadlıqRadiosu” və “Toplum TV” işləri, həmçinin tədqiqatçılar Bəhruz Səmədovla İqbal Əbilovun məhkəmələri nəzərdən keçirilir.
Bu hesablamaların bir hüquq müdafiə təşkilatının siyahılarına əsaslanması mübahisə mövzusu ola bilər. Lakin BBC metodologiyasını izah edir, İlham Əliyevin siyasi təqibləri rədd edən mövqeyini verir və Penitensiar Xidmətə şərh üçün müraciət etdiyini, cavab almadığını yazır.
Rəsmi mövqeyə çıxışı kim daraldır?
MEDİA xarici redaksiyaları Azərbaycanın rəsmi mövqeyini öyrənməməkdə günahlandırır. Lakin 2025-ci ilin fevralında XİN-in göstərişindən sonra BBC 1994-cü ildən fəaliyyət göstərən Bakı bürosunu bağlayıb.
XİN qərarı qarşılıqlılıq prinsipi və nümayəndəliyin işləməsi üçün hüquqi əsasın olmaması ilə izah edib. Yerli büroların fəaliyyəti məhdudlaşdırıldığı, dövlət qurumları isə göndərilən sorğuları cavabsız qoyduğu halda xarici redaksiyalar vəkillərə, ailə üzvlərinə və ölkədən kənardakı ekspertlərə daha çox söykənirlər.
Beləliklə, Bakının birtərəfli adlandırdığı informasiya mənzərəsi qismən onun öz media siyasətinin nəticəsi ola bilər.
“The Guardian”: Qarabağ haqqında film resenziyası
“The Guardian”ın materialı isə ümumiyyətlə siyasi araşdırma deyil. Bu, rejissor Aleksis Pazumyanın “The Black Garden” sənədli filminə qısa resenziyadır. Film Qarabağ ermənilərinin müharibə təcrübəsini iki uşağın və ayağını itirən gənc hərbçinin hekayəsi üzərindən göstərir.
Resenziyanın girişində Qarabağ ermənilərinin Azərbaycan ordusunun “saysız-hesabsız hərbi kampaniyalarına” qarşı döyüşdüyü yazılır. Birinci müharibə, ərazilərin işğalı, azərbaycanlı məcburi köçkünlər və münaqişənin digər tərəfi qeyd edilmir. Müəllif özü də filmin daha geniş siyasi-tarixi kontekstdən faydalana biləcəyini etiraf edir.
Bakı bu birtərəfli çərçivəni əsaslı şəkildə tənqid edə bilər. Ancaq film resenziyasının müəllifindən Azərbaycan hökumətinə sorğu göndərməsini gözləmək xəbər məqaləsinə tətbiq olunan qaydanı mədəniyyət yazısına tətbiq etməkdir.
Fərqli materialları nə birləşdirir?
Dörd materialın ortaq cəhəti koordinasiya olunduqlarının sübutu deyil, Azərbaycan haqqında təsvirlərinin rəsmi narrativlərlə ziddiyyət təşkil etməsidir.
TVP və BBC daxili sabitlik və qanuni cinayət təqibi arqumentini sorğulayır. “The Independent” konkret məhbusun rəftarı barədə iddialar qaldırır. “The Guardian” isə Qarabağ müharibəsini əsasən erməni təcrübəsi üzərindən təqdim edir.
Beləliklə, materiallar eyni mövzunu yox, dövlətin üç həssas sahəsini – daxili siyasi nəzarəti, beynəlxalq tərəfdaşlarla münasibətləri və Qarabağ haqqında tarixi narrativi eyni həftədə gündəmə gətirir. Bakının onları vahid hücum kimi görməsinin səbəbi məzmunlarının eyniliyi deyil, hamısının ölkənin yaratmağa çalışdığı beynəlxalq imicə zidd olmasıdır.
“İnformasiya kampaniyası” sübut olunubmu?
MEDİA-nın bəyanatında hansı materialdakı hansı faktın yanlış olduğu göstərilmir və koordinasiyanı sübut edəcək məlumat təqdim olunmur. Eyni zamanda bütün müəlliflərin rəsmi mövqeyi öyrənməyə çalışmadığı bildirilir.
Halbuki “The Independent” XİN-ə sorğu göndərdiyini, BBC isə həm prezidentin mövqeyini verdiyini, həm də Penitensiar Xidmətə müraciət etdiyini yazır.
Daha inandırıcı cavab hər material üçün ayrıca ola bilərdi: “The Guardian”dakı tarixi çərçivəyə faktoloji düzəliş, “The Independent”ə Kərimlinin ittihamı və saxlanma şəraiti barədə sənədləşdirilmiş cavab, BBC-yə isə siyasi məhbus siyahılarının meyarları və cəza statistikası üzrə alternativ məlumat təqdim etmək mümkün idi. TVP-dən də efirdə cavab hüququ tələb oluna bilərdi.
Bütün materialların bir bəyanatda siyasi sifariş kimi təqdim olunması onların arasındakı fərqləri silir. Üstəlik, konkret təkzib verilmədiyi üçün mübahisəni bağlamır, əksinə, yeni materiallar üçün mövzu yaradır.
Burada qarşıdurma sadəcə “Bakı və Qərb mediası” arasında deyil. Əsas problem dövlətin yoxlanıla bilən fakt səhvlərini, redaksiya mövqeyini, hüquq müdafiəçilərinin iddialarını və hətta film resenziyasını eyni siyasi kateqoriyaya daxil etməsidir. Bu yanaşma tənqidi zəiflətmək əvəzinə, fərqli redaksiyaları həqiqətən vahid cəbhə kimi göstərir.
Agentlik “zəruri addımların” atılacağını bildirsə də, söhbətin təkzib və cavab hüququndan, rəsmi şikayətdən, yoxsa başqa tədbirlərdən getdiyini açıqlamayıb.
Azərbaycanın xarici media ilə qarşıdurması