Laçındakı görüş: Azərbaycan və Ermənistan enerji sistemlərini birləşdirməyə nə qədər yaxındır?
Azərbaycan və Ermənistan enerji sistemləri
Avqustun 25-də Azərbaycan və Ermənistanın enerji rəsmiləri Laçında eyni masa arxasına keçiblər. Danışıqlar elektrik enerjisinin qarşılıqlı idxal və ixracına, eləcə də iki ölkənin enerji infrastrukturunun sərhəddə birləşdirilməsi variantlarına həsr olunub.
Cəmi bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan elektrik xətlərinin TRİPP çərçivəsində işə düşəcək ilk infrastruktur ola biləcəyini söyləmişdi. İki həftə əvvəl isə İlham Əliyev Naxçıvanın böyük həcmdə elektrik ixrac etməyə hazırlaşdığını açıqlamışdı.
Hadisələrin ardıcıllığı göstərir ki, enerji əlaqəsi artıq yalnız siyasi bəyanat deyil. Ancaq tərəflər hələ layihənin haradan keçəcəyi, gücü, maliyyəsi və başlama vaxtı barədə razılaşma açıqlamayıblar.
Bəyanatlardan texniki müzakirəyə
Laçındakı görüşdə Azərbaycanın Energetika Nazirliyi və “Azərenerji”nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi ilə Elektrik Enerjisi Sistem Operatorunun nümayəndələri iştirak ediblər.
Rəsmi məlumat cəmi iki cümlədən ibarətdir: tərəflər ticarət imkanlarını və sistemləri dövlət sərhədində əlaqələndirməyin mümkün variantlarını müzakirə ediblər.
Bu qısa məlumatın əhəmiyyəti iştirakçıların tərkibindədir. Masada yalnız diplomatlar deyil, şəbəkənin işləməsinə cavabdeh qurumlar olub. Bu isə müzakirənin siyasi niyyətdən texniki və kommersiya imkanlarının qiymətləndirilməsi mərhələsinə keçdiyini göstərir.
Mövzu yeni deyil. Paşinyan hələ 2026-cı ilin yanvarında iki ölkənin enerji sistemlərinin bərabər və qarşılıqlı şərtlərlə birləşdiriləcəyini demişdi. Bundan əvvəl, 2025-ci ilin oktyabrında Kopenhagendə Paşinyanla Əliyev TRİPP boyunca elektrik xətləri və qaz kəməri çəkilməsi ehtimalını müzakirə etmişdilər. Lakin sonrakı aylarda heç bir texniki detal açıqlanmamışdı.
Sovet dövründə Azərbaycan və Ermənistanın enerji sistemləri bir-birinə bağlı olub, Ermənistan Naxçıvana elektrik enerjisi və qaz ötürüb. Bu əlaqələr Qarabağ münaqişəsinin başlanması ilə 1990-cı illərdə dayanıb.
Avqustun 24-də Ermənistan parlamentində hökumətin proqramını təqdim edən Paşinyan bildirib ki, Azərbaycanı Ermənistanın cənubundan Naxçıvanla birləşdirməli olan TRİPP yalnız dəmir və avtomobil yollarından ibarət olmayacaq. Layihəyə boru kəmərləri, kabellər və elektrikötürmə xətləri də daxil ediləcək. Onun fikrincə, tikintisi nisbətən asan olduğuna görə elektrik xətti layihənin ilk işlək elementi ola bilər.
Naxçıvan üçün ixrac marşrutu
Bakının marağı xüsusilə Naxçıvanda yaradılan yeni generasiya gücü ilə bağlıdır. İlham Əliyev avqustun 11-də Naxçıvanda AzTV-yə müsahibəsində muxtar respublikanın hazırkı generasiya gücünün təxminən 200 meqavat olduğunu və bunun mövcud tələbatı üstələdiyini deyib.
Naxçıvanda 300 meqavatlıq istilik elektrik stansiyasının təməli qoyulub, ümumi gücü 50 meqavat olan iki Günəş elektrik stansiyası tikilir. Bundan başqa, 600 hektardan çox ərazidə yüzlərlə meqavatlıq yeni Günəş stansiyalarının yaradılması planlaşdırılır.
Əliyevin sözlərinə görə, “Naxçıvandan çox böyük həcmdə elektrik enerjisinin ixracı da nəzərdə tutulacaq”.
Azərbaycan artıq xalis elektrik ixracatçısıdır. Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkə 1,15 milyard kilovat-saata yaxın elektrik ixrac edib, idxal isə 177,2 milyon kilovat-saat olub.
Ermənistan üzərindən xətt Azərbaycanın əsas enerji sistemini Naxçıvanla birləşdirə, gələcəkdə isə Türkiyə istiqamətinə çıxışı genişləndirə bilər. Bununla belə, bu yeganə variant deyil. Naxçıvanla Türkiyə arasında elektrik bağlantısı artıq mövcuddur və daha güclü yeni xətt üçün texniki-iqtisadi əsaslandırmanın 2026-cı ildə tamamlanması nəzərdə tutulur. Deməli, Ermənistan marşrutu Bakı üçün əvəzsiz deyil, lakin daha geniş regional şəbəkə yarada bilər.
Ermənistan nə qazana və nə itirə bilər?
Ermənistanın nüvə, istilik və su elektrik stansiyaları müəyyən dövrlərdə ixrac üçün artıq enerji yaradır. Azərbaycan və Naxçıvan istiqamətinin açılması satış bazarını genişləndirə, ölkəni yalnız istehlakçı deyil, həm də tranzit və ixrac halqasına çevirə bilər. Bu, Ermənistanın İran və Gürcüstanla mövcud enerji əlaqələrinə əlavə marşrut deməkdir.
Ancaq Yerevanda əsas mübahisə iqtisadi səmərədən çox təhlükəsizlik haqqındadır. Müxalif qüvvələr strateji infrastrukturun Azərbaycanla əlaqələndirilməsinin siyasi təzyiq və asılılıq riski yaradacağını bildirirlər.
İqtisadçı Suren Parsyan isə risklərin şaxələndirmə yolu ilə idarə oluna biləcəyini, Ermənistanın Azərbaycanla ticarət edərkən İran və Gürcüstan istiqamətlərini qorumasının vacibliyini qeyd edir.
Burada sistemlərin “birləşdirilməsi” avtomatik olaraq bir ölkənin digərindən asılı vəziyyətə düşməsi demək deyil. Məhdud gücə malik sərhədyanı xətt, mövsümi mübadilə və ya fövqəladə hallarda qarşılıqlı yardım tam sinxronlaşdırılmış ortaq şəbəkədən fərqli modellərdir. Hansının seçiləcəyi hələ məlum deyil.
Razılaşmaya nə mane olur?
Enerji əməkdaşlığı baxımından tərəflər son otuz ilin ən yaxın mərhələsindədirlər. Amma texniki layihə hələ başlanğıc nöqtəsindədir.
Xəttin keçəcəyi yer, gərginlik səviyyəsi və ötürmə gücü, tikintinin maliyyələşdirilməsi, tariflər, ödəniş mexanizmi və qəza zamanı məsuliyyət müəyyənləşdirilməlidir. İnfrastrukturun təhlükəsizliyi və mübahisələrin həlli üçün də qarşılıqlı təminatlar tələb olunur.
Bu səbəbdən Laçın görüşü enerji sistemlərinin yaxın vaxtda birləşdiriləcəyini deyil, indiyədək açıqlanan bəyanatlardan fərqli olaraq, bunun necə edilə biləcəyinin praktik səviyyədə araşdırıldığını göstərir. Layihənin gerçəkləşməsinə dair növbəti ciddi əlamət ümumi bəyanat yox, marşrut, güc, maliyyə və təqvim göstərilən texniki sənəd olacaq.
Enerji xətti münasibətləri təkbaşına normallaşdıra bilməz. Amma qarşılıqlı fayda verən ilk işlək infrastruktur olarsa, sülhün gündəlik iqtisadi məzmun qazanmasına kömək edə bilər.
Azərbaycan və Ermənistan enerji sistemləri