Atlantik Şurasının “böyük razılaşma” təklifi Azərbaycanda hansı reaksiyalara səbəb olub?
Atlantik Şurasının təklifi
Atlantik Şurasının 10 mayda yayımladığı “İndi ABŞ-nin Azərbaycanla “böyük razılaşması” üçün vaxtdır” məqaləsi Vaşinqton-Bakı münasibətlərindəki köhnə mübahisəni yeni siyasi paketə çevirməyə çalışır.
Məqalə müəllifləri Andryu Danieri və Mercedes Sapuppo Tramp administrasiyasına Azərbaycanla “böyük razılaşma” bağlamağı təklif edirlər: Konqres Müstəqilliyin Dəstəklənməsi Haqqında 907-ci düzəliş düzəlişini ləğv etsin, əvəzində Bakı Qubad İbadoğlu, AzadlıqRadiosu və Amerikanın Səsi ilə bağlı jurnalistlər, eləcə də bəzi erməni məhbuslar daxil olmaqla “ədalətsiz həbs olunanları” azad etsin.
Müəlliflər bunu Belarus modeli ilə müqayisə edir, risklərin aşağı, siyasi qazancın isə yüksək olduğunu yazırlar. Onların arqumentinə görə, bu addım həm ABŞ-Azərbaycan münasibətlərini dərinləşdirər, həm Ermənistanla sülhə təkan verər, həm də Ağ Evə xarici siyasət uğuru qazandırar.
Məqalənin zamanlaması da təsadüfi deyil. Atlantik Şurası yazır ki, JD Vensin fevral səfərləri ABŞ-nin regiona görülməmiş səviyyədə diqqətini göstərib və 7 iyunda keçiriləcək Ermənistan parlament seçkiləri sülh prosesini ya sürətləndirə, ya da ləngidə bilər.
Burada vacib bir hüquqi detal da var: Atlantik Şurası 907-ci düzəliş əsasən silah satışı məhdudiyyəti kimi təqdim edir, halbuki bu düzəliş formal olaraq ABŞ hökumətinin Azərbaycana birbaşa yardımını məhdudlaşdırır.
2001-ci ildən bəri prezidentlər bu məhdudiyyəti mütəmadi olaraq dayandırırlar və Tramp bunu 2025-ci ilin avqustunda yenidən uzadıb. Bu səbəbdən təklif həm simvolik, həm də praktik məna daşıyır.
Atlantik Şurasının təklifi ilk baxışda texniki diplomatik formul kimi görünə bilər. Əslində isə söhbət bir neçə həssas xəttin kəsişməsindən gedir: ABŞ-Azərbaycan münasibətləri, siyasi məhbuslar, Azərbaycan-Ermənistan normallaşması və 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkiləri.
Andryu De Anieri və Mercedes Sapuppo yazırlar ki, Vaşinqton Belarusda sınaqdan keçirdiyi məhbus azadlığı müqabilində güzəşt modelini Azərbaycana da tətbiq edə bilər; fərq ondadır ki, onların fikrincə, Azərbaycanda strateji qazanc böyük, risk isə daha aşağıdır. Müəlliflər bu paketi həm Tramp administrasiyası üçün xarici siyasət uğuru, həm də sülh prosesi üçün sürətləndirici mexanizm kimi təqdim edirlər.
Məqalənin mərkəzində 907-ci düzəliş durur. Atlantik Şurası bunu Bakı üçün “silah satışına qoyulan qadağa” kimi siyasi simvola çevirir. Hüquqi sənədlərdə isə məsələ daha genişdir: 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycana yardımını və hərbi yardımı məhdudlaşdırır, prezident isə bu məhdudiyyəti milli təhlükəsizlik maraqları naminə illik qaydada dayandıra bilir.
2025-ci il imzalanan memorandumda açıq şəkildə deyir ki, bu addım terrorla mübarizə, sərhəd təhlükəsizliyi və Ermənistanla sülh prosesinə zərər verməmək şərti ilə əsaslandırılır. Yəni Atlantik Şurasının “böyük razılaşma”sı ABŞ-nin əlində olan Azərbaycana qarşı təzyiq alətinin əlində alınması olacaq.
Zamalnama da təsadüfi seçilməyib. Müəlliflər JD Vensin fevral səfərlərini və Vaşinqtonun 2025-ci ildən bəri regionda fəallaşmasını xatırladırlar. Vensin Baki səfəri Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, müdafiə və bağlantı layihələrinin genişlənməsi ilə müşayiət olunmuşdu. Atlantik Şurası da məhz bu xətdən irəli gedərək bildirir ki, 7 iyun seçkisinə qədər bəzi erməni məhbusların azad olunması Paşinyanın mövqeyini gücləndirə və sülh sazişinə gedən yolu açıq saxlaya bilər.
Siyasi şərhçilər, Ərəstun Oruclu və Rauf Mirqədirov Avropa ilə yaxınlaşmada əsas sürücünün enerji, Orta Dəhliz və təhlükəsizlik olduğunu, insan haqları və siyasi məhbusların isə ikinci plana keçdiyini deyirlər. Bu baxımdan, Atlantik Şurasının “böyük razılaşma”sı Bakıda müstəqil çevrələr üçün tanış bir formul kimi görünür: Qərb yenə də strateji maraqları əsas tutur, yalnız bu dəfə həmin paketə məhbus azadlıqları da əlavə edilir. Bu, bəzi hüquq müdafiəçiləri üçün imkan, digərləri üçün isə “insan haqları müzərindən al-ver” riskidir.
Daha əvvəl verdiyi açıqlamasında hüquq müdafiəçisi Arif Yunus erməni məhbusların, hətta ömürlük cəzaya məhkum edilənlərin belə, ciddi siyasi güzəştlər müqabilində nə vaxtsa azad edilə biləcəyini deyirdi. Eyni mətnə daxil edilən, hökumətə yaxın sayılan Elxan Şahinoğlu isə əksinə, Ruben Vardanyanın həbsdə qalmasının Yerevan üçün də siyasi baxımdan sərfəli ola biləcəyini iddia edir. Yəni Azərbaycan ekspert mühitində də vahid yanaşma yoxdur: müstəqil qrup məhbusları danışıqlar resursu sayır, hökümətə yaxın olan qrup isə onları seçki və daxili siyasət prizmasından oxuyur.
Hökumətyönlü medianın Atlantik Şurasının məqaləsinə birbaşa cavab görünməsə də, bu platformaların əvvəlki aylar boyu 907-ci düzəlişin ləğvini açıq şəkildə dəstəklədiyi aydındır. Prezident İlham Əliyev yanvarda bu düzəlişi “tamamilə absurd” adlandırmış, media isə onu ikitərəfli münasibətlərin önündəki əsas maneə kimi təqdim etmişdi.
İstiqamət eynidir: 907-ci düzəliş ləğv edilməlidir, çünki həm Bakı, həm də Vaşinqton üçün artıq köhnəlmiş siyasi yükdür. Amma bu media siyasi məhbusların azad edilməsini həmin ləğvin şərti kimi vurğulamır.
Ekspert rəyləri də bu parçalanmanı göstərir. ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza 907-ci düzəlişi “siyasi anaxronizm” sayır və onun saxlanmasını daha çox simvolik qıcıq kimi görür. Andryu Koribko isə ləğv prosesinin başladığını, amma Konqresdə erməni lobbisinin hələ də əngəl yaratdığını deyir.
Ekspert Eldəniz Əmirovun fikrincə, düzəlişin iqtisadi təsiri məhduddur, əsas yükü simvolik-siyasi xarakter daşıyır; Mətin Məmmədli isə ləğvin ABŞ-ın Cənubi Qafqazdakı mövqeyini gücləndirəcəyini düşünür. Buna qarşılıq, hüquq və media mühitinə yaxın qaynaqlar üçün əsas sual başqadır: əgər siyasi məhbusların azadlığı geosiyasi paketə bağlanırsa, bu, gələcəkdə yeni “mübadilə diplomatiyası”nı legitimləşdirmirmi?
Təklifin praktik tərəfi də sadə deyil. Məsələn, Azərbaycanda siyasi məhbuslar və erməni məhbusların çoxu “ağır” və ya “xüsusilə ağır” ittihamlarla üzləşdiyindən ötən il elan edilən amnistiya mexanizmi onlara tətbiq olunmadı; belə şəxslərin azadlığı daha çox fərdi prezident əfvi və ya ayrıca siyasi qərar tələb edir.
Bu, Atlantik Şurasının planı üçün vacib detaldır: paketin işləməsi hüquqi prosedurdan çox, siyasi iradədən asılıdır. Deməli, söhbət təkcə ABŞ Konqresini deyil, Bakını da ciddi daxili siyasi qərar qarşısında qoymaqdan gedir.
Nəticə etibarilə, Atlantik Şurasının “böyük razılaşma” təklifi Azərbaycanda hələ səs-küylü ictimai debat yaratmayıb. Amma mövcud reaksiya xəritəsi artıq görünür: müstəqil media və hüquq yönlü çevrələr bu təşəbbüsə ehtiyatla, “hüquqlar maraqlara qurban verilməsin” prizmasından baxırlar.
Hökumətyönlü çevrələr isı 907-nin ləğvini müsbət sayır, lakin bunu siyasi məhbuslar və erməni məhbuslarla bağlı şərtlə bağlamağa həvəs göstərmirlər.
Əgər Vaşinqton həqiqətən bu modeli irəli aparsa, əsas mübahisə ABŞ-Azərbaycan yaxınlaşmasının özü yox, onun əxlaqi və siyasi qiyməti ətrafında gedəcək.
Atlantik Şurasının təklifi