CHP-də FETÖ ittihamları: Kılıçdaroğlu-Özəl qarşıdurması Ərdoğanın yeni konstitusiya yolunu aça bilərmi?
Özgür Özəl barədə FETÖ ittihamları
CHP-dəki böhran artıq təkcə Kamal Kılıçdaroğlu ilə Özgür Özəl arasındakı hakimiyyət mübarizəsi deyil. FETÖ ittihamları və yeni konstitusiya müzakirələri fonunda bu qarşıdurmanın Türkiyə siyasətinin gələcəyinə necə təsir edəcəyi əsas suallardan birinə çevrilib.
Türkiyə müxalifəti üçün 2026-cı ilin ən sarsıdıcı günü 21 may idi. Həmin gün Ankara Məhkəməsinin 36-cı Hüquq Dairəsi Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-də keçirilmiş 38-ci qurultayını “mutlak butlan” (tam etibarsız) əsası ilə ləğv edib. Özgür Özəl və onunla seçilmiş rəhbərliyi müvəqqəti olaraq vəzifədən uzaqlaşdırıb, Kamal Kılıçdaroğlunu isə 37-ci qurultay dövrünün partiya orqanları ilə birlikdə yenidən vəzifəyə qaytarıb.
“Mutlak butlan” Türkiyə hüququnda bir qərarın və ya prosesin hüquqi baxımdan heç vaxt baş verməmiş hesab edilməsi deməkdir. Bu halda məhkəmə CHP-nin 2023-cü il qurultayını hüquqi baxımdan etibarsız sayaraq onun nəticələrini ləğv edib.
Qərar sonrakı fövqəladə qurultaya da şamil edilib. Yerli və xarici media və təşkilatlar bunun Türkiyə siyasi tarixində misli görünməmiş bir presedent olduğunu vurğulayıb. Türkiyə tarixində ilk dəfə seçilmiş bir partiya rəhbərliyi məhkəmə qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.
Bu səbəbdən hadisə təkcə CHP daxilində növbəti fraksiya savaşı kimi deyil, “məhkəmə vasitəsilə siyasi müdaxilə” kimi qəbul edilib. İnsan Haqları Gözətçisi (Human Rights Watch) qərarı açıq şəkildə müxalifəti sıradan çıxarmağa yönəlmiş addım adlandırıb. Guardian və AP isə bunu Ərdoğan hakimiyyəti dövründə müxalifətə təzyiq zəncirinin yeni halqası kimi təqdim edib.
Bəs, söhbət sadəcə CHP-nin daxili böhranından gedir, yoxsa Türkiyə daha böyük siyasi dizaynın içindədir?
Bayramlaşarkən verilən “FETÖ” mesajları
Mayın 30-da Kamal Kılıçdaroğlunun çıxışı bu mübahisəni yeni mərhələyə daşıyıb. Polis müdaxiləsindən sonra boşaldılmış CHP Baş Qərargahında Kılıçdaroğlu tərəfdarları ilə bayramlaşma tədbiri keçirib. Media yazır ki, həmin gün onun mitinqi Özgür Özəlin Güvənparkdakı tədbirindən xeyli kiçik olub. Lakin bu bayramlaşma siyasi mesaj baxımından daha aqressiv xarakter daşıyıb.
Türkiye İçin Tertemiz Bir Başlangıcın Arifesinde Halkımızla Bayramlaşıyoruz https://t.co/JBrQulKBM6
— Kemal Kılıçdaroğlu (@kilicdarogluk) May 30, 2026
Kılıçdaroğlu çıxışında partiya daxilində “xəyanət”, “rüşvət” və “xarici əlaqələr” barədə danışıb. O, ad çəkmədən “xarici əlaqəli şəxsləri” vaxtında görə bilmədiyinə və bələdiyyələrdəki korrupsiya fiqurlarını təmizləmədiyinə görə peşmanlıq ifadə edib. Bu çıxış iqtidaryönlü mediada “CHP-dəki FETÖ Türkiyədə rüşvətçilərə görə üzr istəyirəm” başlığı ilə təqdim edilib.
FETÖ (“Fethullahçı Terror Təşkilatı”) ifadəsi Türkiyə hökuməti və rəsmi qurumlarının ABŞ-də yaşamış din xadimi Fətullah Gülənin tərəfdarları üçün istifadə etdiyi addır. Ankara bu şəbəkəni 15 iyul 2016-cı il hərbi çevriliş cəhdinin təşkilatçısı hesab edir və terror təşkilatı kimi tanıyır.
Lakin Gülən hərəkatı bu ittihamları rədd edir, özünü dini-ictimai şəbəkə kimi təqdim edir. Eyni zamanda, Avropa İttifaqı və bir sıra Qərb ölkələri hərəkatı rəsmi olaraq terror təşkilatı kimi tanımayıb və çevrilişdə Gülənin birbaşa roluna dair təqdim olunan sübutların yetərli olub-olmaması ilə bağlı fərqli mövqelər səsləndiriblər.
Bu, faktiki olaraq Özgür Özəl-Əkrəm İmamoğlu birliyinə yönəlmiş siyasi ittiham idi. Çünki son bir ildə CHP bələdiyyələri ətrafında dövri şəkildə qurulan əsas narrativ də məhz bu idi: rüşvət, xarici bağlantılar, “casusluq” ittihamları və partiya mərkəzinə qədər uzanan korrupsiya şəbəkəsi.
Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırda həbsdə olan seçilmiş sədridir. O, son illərdə Ərdoğanın ən güclü potensial rəqiblərindən biri hesab olunur.
“A Haber”, “TGRT” və “Yeni Şafak”da yayımlanan materiallarda xüsusilə İmamoğlu və Özəl komandası qurultayda pul qarşılığında nümayəndə səslərinin manipulyasiya edilməsi, CHP bələdiyyələrinə dair korrupsiya istintaqları və bəzi şəxslərin FETÖ ilə əlaqələri barədə iddialarla birlikdə təqdim olunurdu.
Türkiyədə son on ildə formalaşan siyasi praktikada FETÖ ittihamları çox zaman təkcə siyasi diskurs elementi kimi qalmayıb. Xüsusilə 2016-cı il çevriliş cəhdindən sonra bu ittihamlar minlərlə insanın istintaqa cəlb olunması, dövlət strukturlarından uzaqlaşdırılması və ya həbs olunması ilə nəticələnib.
Bu səbəbdən Özgür Özəl və onun çevrəsi barədə son dövrdə FETÖ bağlantıları ilə bağlı iddiaların daha intensiv şəkildə dövriyyəyə buraxılması bəzi müxalif şərhçilər tərəfindən mümkün hüquqi əməliyyatların “ictimai hazırlıq mərhələsi” kimi qiymətləndirilir.
Özəl isə cavabında böhranı şəxsi polemika çərçivəsindən çıxarmağa çalışıb. Güvənpark* mitinqində və Anıtkabirə* yürüş zamanı o, məsələnin “Özgür Özəl ilə Kamal Kılıçdaroğlu arasındakı problem” deyil, “Ərdoğan ilə millət arasındakı qarşıdurma” olduğunu deyib.
- Güvənpark Ankaranın mərkəzində yerləşən və siyasi aksiyaların keçirildiyi əsas meydanlardan biridir.
- Anıtkabir Türkiyə Cümhuriyyətinin qurucusu sayılan Mustafa Kamal Atatürkün məqbərəsinın yerləşdiyi yerdir və Türkiyə siyasətində mühüm simvolik məna daşıyır.
Onlar yolun sonunda, biz yolun başındayız! https://t.co/HqEVxtnLlk
— Özgür Özel (@eczozgurozel) May 30, 2026
“Yeni Konstitusiya” söyləntilərinin əsası nədir?
CHP-dəki bu parçalanma Ərdoğanın yeni konstitusiya planını asanlaşdıra bilərmi? – məhkəmənin 38-ci qurultayı “tam etibarsız” elan etməsindən sonra verilən suallardan biri də budur.
Ərdoğan ötən ilin mayında yeni konstitusiya hazırlığı üçün 10 hüquqşünasdan ibarət komanda təyin etdiyini elan edib və bunu “çevriliş konstitusiyasını” dəyişmək zərurəti kimi təqdim edib.
Tənqidçilər bunun 2028-dən sonra da siyasi davamlılıq üçün hüquqi yol axtarışı ola biləcəyindən ehtiyatlanırdılar. Paralel olaraq Milliyətçi Hərəkat Partiyası – MHP-nin sədri və Ərdoğanla iqtidarı paylaşan Dövlət Bağçalı da seçki sisteminin yenidən nəzərdən keçirilməsini tələb etmişdi.
Bu debatın “Terrorsuz Türkiyə” prosesi ilə birləşdiyi nöqtə isə DEM Partiyası (Xalqların Bərabərlik və Demokratiya Partiyası) üçün ehtimal olunan güzəştlərdən keçir.
“Terrorsuz Türkiyə” hökumətin PKK ilə silahlı qarşıdurmanın tam başa çatdırılması və kürd məsələsinin yeni siyasi çərçivədə həllinə yönəlmiş təşəbbüslərini ifadə etmək üçün istifadə etdiyi anlayışdır.
Türkiyədə əsasən kürd siyasi elektoratını təmsil edən və HDP-nin siyasi varisi hesab olunan DEM Partiyası son illərdə “PKK ilə əlaqə” ittihamları səbəbindən iqtidarın sərt tənqid hədəfində olsa da, parlamentdəki mövqeyinə görə konstitusiya müzakirələrində potensial “kilid oyunçu” (səsvermənin nəticəsinə təsir göstərə biləcək həlledici siyasi qrup) kimi qiymətləndirilir.
PKK (Kürdüstan Fəhlə Partiyası) 1984-cü ildən Türkiyə dövlətinə qarşı silahlı mübarizə aparan kürd təşkilatıdır. Türkiyə, ABŞ və Avropa İttifaqı onu terror təşkilatı kimi tanıyır. DEM Partiyası isə PKK ilə təşkilati əlaqələrinin olduğunu qəbul etmir və özünü demokratik-siyasi partiya kimi təqdim edir.
DEM dəstəyi üçün “bərabərhüquqlu vətəndaşlıq” çərçivəsində Konstitusiyanın bir neçə maddəsi yenidən açıq müzakirəyə çıxa bilər. Burada ən çox xatırlanan iki maddə var: 66 və 42.
66-cı maddə “Türk dövlətinə vətəndaşlıq bağı ilə bağlı olan hər kəs türkdür” deyir; 42-ci maddə isə “Türk vətəndaşlarına hər hansı təhsil müəssisəsində türk dilindən başqa bir dil ana dili kimi öyrədilə bilməz” hökmünü ehtiva edir. DEM tərəfindən uzun müddətdir müzakirə olunan “bərabər vətəndaşlıq” və ana dildə təhsil tələblərinin məhz bu maddələr üzərində fokuslanması da təsadüfi deyil.
Parlamentdəki qüvvələr nisbəti isə AKP-nin CHP rəhbərliyində niyə məhz Kılıçdaroğlunu görmək istəyə biləcəyini izah edir. Hazırkı bölgüdə AKP-nin 275, MHP-nin 46, HÜDA PAR-ın 4, DSP-nin 1, CHP-nin 138, DEM-in 56, İYİ Partiyanın 29, Yeni Yolun 20, YRP-nin 4 və 10 müstəqil deputatın mandatı var.
Konstitusiyanın 175-ci maddəsi dəyişiklik üçün 360 səs olarsa, referendumu, 400 səs olarsa, referendumsuz qəbulu nəzərdə tutur. Yəni burada iqtidar bloku təkbaşına yetmir. Məhz buna görə, Kılıçdaroğluna yaxın dar, amma intizamlı bir CHP qrupunun, təkbaşına olmasa da, YRP, müstəqillər və ya başqa kiçik qruplarla birlikdə “kilid fraksiya” roluna düşməsi mümkün görünür.
Bu, hələ fakt deyil; amma türkiyəli şərhçilər bunun real senari olaraq diqqətdə saxlanılmasını vacib hesab edirlər.
Timur Soykan: "Kemal Kılıçdaroğlu ile birlikte hareket eden 22 milletvekili o 22 milletvekili kilit işaret.
— Not Drop (@notdropnotdrop) May 24, 2026
Erdoğan'ın anayasa değişikliği için 360 milletvekili gerekiyor biliyorsunuz millete götürmek için.
Bu konuda Erdoğan'ın Temmuz'dan itibaren bir anayasa değişikliği… pic.twitter.com/7SF2uTXpkH
Deyilənlər həqiqətən mümkün ola bilərmi?
Siyasi kulislərdə dolaşan versiyalar çoxdur, amma onların əksəriyyəti hələ sübut olunmuş deyil. Buna baxmayaraq, yazılar, köhnə CHP fiqurlarının “dövlət ağlı nəsə qurur” tipli xəbərdarlıqları və formalaşan şərhlər bir nöqtədə kəsişir: “mutlak butlan” böhranı, təkcə Özəli zərərsizləşdirmək üçün deyil, CHP-ni parlament və ictimai legitimlik baxımından iki yerə bölmək üçün də işlədilir. Digər yayılan təhlillər isə bunun Ərdoğana erkən seçki və ya yeni konstitusiya üçün daha münasib siyasi hava yarada biləcəyini deyir.
Burada uzunmüddətli tendensiya aydındır: Türkiyə siyasətində məhkəmə vasitəsilə müxalifətə nəzarət artıq istisna deyil.
Ən nikbin senari odur ki, CHP açıq şəkildə Özəl tərəfində mövqe tutması Kılıçdaroğlunu erkən fövqəladə qurultaya məcbur etsin və konstitusiya üçün lazım olan “çat verən” səslər heç vaxt toplanmasın.
Ən bədbin ssenari isə budur: partiya bölünəcək, hüquqi təzyiq yeni həbslərələ davam edəcək, media bunu legitimləşdirəcək və iqtidar erkən seçki ya da konstitusiya bazarlığı üçün daha rahat manevr sahəsi qazanacaq.
Özgür Özəl barədə FETÖ ittihamları