Respublika Günündən Müstəqillik Gününə: 28 Mayın tarixi barədə
28 Mayın tarixi
Bu gün Azərbaycanda rəsmi olaraq Müstəqillik Günü kimi qeyd olunan 28 May həm 1918-ci ilin Cümhuriyyət ideyasını, həm 1991-ci ilin müstəqilliyin bərpasını eyni vaxtda daşıyan gündür.
28 Mayın başlanğıcı 1918-ci ilə, Tbilisidə Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsini qəbul etdiyi günə gedib çıxır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti elan olundu və o, rəsmi mənbələrdə müsəlman Şərqində ilk parlamentli, dünyəvi və demokratik respublika kimi təqdim edilir.

Milli Şuraya Məhəmməd Əmin Rəsulzadə rəhbərlik edirdi; ilk müvəqqəti hökumətin təşkil edilməsi Fətəli xan Xoyskiyə tapşırılmışdı. Əlimərdan bəy Topçubaşov parlament diplomatiyasının, Həsən bəy Ağayev parlament rəhbərliyinin, Nəsib bəy Yusifbəyli isə hökumət və maarif siyasətinin əsas fiqurlarından sayılır.
Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi da məhz bu istiqlal yaddaşının ən tanınan siyasi simvollarından birinə çevrilib.
23 aylıq Cümhuriyyət
AXC cəmi 23 ay yaşadı, amma həmin qısa müddətdə son dərəcə iri miqyaslı dövlət quruculuğu təcrübəsi topladı. 1918-ci ilin noyabrında 120 nəfərlik parlament haqqında qanun qəbul edildi, dekabrda açılan parlamentdə isə müxtəlif partiyalar və milli qruplar təmsil olunurdu.

İstiqlal Bəyannaməsi millət, məzhəb, sinif və cins fərqi qoymadan vətəndaşlara hüquqi-siyasi təminatlar vəd edirdi. Beynəlxalq Parlamentlərarası İttifaqın məlumat bazası qeyd edir ki, Azərbaycan qadınlara səsvermə və seçilmək hüququ verən ilk müsəlmanların məskunlaşdığı ölkə idi.
Rəsmi sənədlərdə milli ordu quruculuğu, ilk universitetin təsisi, maarifin inkişafı və təhsilin milliləşdirilməsi də həmin dövrün əsas nailiyyətləri kimi göstərilir. 1920-ci il aprelin 28-də bolşevik inqilabı ilə bu təcrübə dayansa da, dövlət müstəqilliyi ideyası siyasi yaddaşdan silinmədi.
Ad dəyişikliyi və onun doğurduğu müzakirələr
1990-cı ildən etibarən 28 may Azərbaycanda Respublika Günü kimi qeyd edilirdi. 15 oktyabr 2021-ci ildə qəbul edilən “Müstəqillik Günü haqqında” qanunla mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü adlandırıldı.
Qanunun rəsmi əsaslandırması belədir: 1918-ci ildə müstəqillik elan olunub, 1991-ci ildə isə Azərbaycan Respublikası AXC-nin varisi kimi həmin müstəqilliyi bərpa edib. Milli Məclisin izahında vurğulanır ki, bu dəyişiklik tarixi mərhələlərin “mahiyyət və məzmununa uyğun daha dəqiq ifadə olunması” məqsədi daşıyır.
Amma bu hüquqi dəqiqləşdirmənin siyasi-simvolik nəticələri daha geniş müzakirə doğurdu.
BBC News Azərbaycanca bu fərqin gündəlik qavrayışda nə demək olduğu barədə ayrıca sual qoymuş, “Müstəqillik yoxsa Respublika günü – Bakı sakinləri üçün fərqi varmı?” mövzusunu ictimai müzakirəyə çıxarmışdı. Üstəlik, yeni sistemdə 28 may qeyri-iş günü olaraq qaldığı halda, 18 oktyabr iş günü statusunda saxlanıldı.
Həmin vaxt Müsavat Partiyasının başqanı olan Arif Hacılı bunu 18 oktyabrın və onu doğuran xalq hərəkatının əhəmiyyətini azaltmaq cəhdi kimi yozurdu.
İqtidarın dövlətçilik narrativi
Əliyev iqtidarı AXC irsinə hörmət etdiyini nümayiş etdirməyə çalışır. 2018-ci ilin AXC-nin 100 illiyi münasibətilə dövlət səviyyəsində geniş qeyd edilməsi tapşırılıb, həmin il rəsmi çıxışlarda “Azərbaycan Xalq Cümhuriyyəti İli” kimi də təqdim olunub.
Həmin il Respublikaçı Alternativ (ReAl) hərəkatı mayın 28-də Bakının mərkəzində yürüş təyin etmişdi. Yürüş AXC-nin 100 illiyini qeyd etmək və tarixi xatırlatmaq məqsədi daşıyırdı. Aksiya sülhsevər xarakter daşıyırdı, lakin icazə alınmadığı əsas gətirilərək polis tərəfindən dayandırıldı.
Polis müdaxilə etdikdən sonra bir neçə fəal saxlanıldı:
- Azər Qasımlı (REAL-ın əsas təşkilatçılarından biri və həmin dövrdə lideri) – 30 sutka inzibati həbs cəzası aldı.
- Digər 4 REAL fəalı da eyni ittihamla (polisə müqavimət göstərmə / polisə itaətsizlik) 10-30 sutka arasında inzibati həbs cəzası aldı.
- Ümumilikdə onlarla iştirakçı polis bölmələrinə çağırıldı və gələcəkdə oxşar aksiyalarda iştirak etməmək barədə xəbərdarlıq edildi.
2023-cü ilin sonunda isə İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb və sənəddə onu AXC-nin banilərindən biri, Milli Şuranın sədri, müstəqillik idealının gerçəkləşdirilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyət kimi səciyyələndirib.
Ancaq bu yaddaşın ağırlıq mərkəzi aydın şəkildə 1993-cü ildən sonrakı dövrdür. Prezidentin rəsmi saytının “Tarix” bölməsində 1991-1993 mərhələsi böhran, daxili çəkişmə və zəif idarəetmə kimi təqdim olunur; 15 iyun 1993 isə Milli Qurtuluş Günü kimi tarixiləşdirilir.
Açıq yazılır ki, Heydər Əliyevin “xilaskarlıq missiyası” sayəsində dövlət müstəqilliyi qorunub saxlanılıb. Rəsmi materiallarda o, həm də “müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu” adlandırılır.
Təzadlar və fərqli yanaşmalar
Ən dərin təzad AXC-nin kollektiv, parlamentli və nisbətən plüralist modeli ilə müasir Azərbaycanın güclü prezidentlik sistemi arasındadır. AXC parlamentində on bir müxtəlif fraksiya və qrup fəaliyyət göstərirdi, azlıqlara kvotalar ayrılmışdı, parlament ölkənin ali hakimiyyət orqanı kimi işləyirdi. Bugünkü Konstitusiyada isə icra hakimiyyəti Prezidentə məxsusdur. Prezident həm baş naziri, həm nazirləri təyin və vəzifədən azad edir, həm də vitse-prezidentləri müəyyənləşdirir.
Venesiya Komissiyası 2016-cı ildə konstitusiya dəyişikliklərinin Prezidentin səlahiyyətlərini xeyli gücləndirdiyini və parlamenti daha da zəiflətdiyini qeyd etmişdi. “Freedom House”un 2025 hesabatı isə hakimiyyətin İlham Əliyevin və ailəsinin əlində cəmləşdiyini, formal müxalifətin uzun illər boyu təzyiqlərlə zəiflədildiyini yazır. Rəsmi Bakı isə əksinə, bu modeli sabitlik, suverenlik və effektiv idarəetmə vasitəsi kimi təqdim edir.
Buradan ikinci gərginlik yaranır: Rəsulzadə və AXC qurucularının kollektiv banilik irsi ilə Heydər Əliyevin “bani”, “xilaskar”, “memar” statusunun eyni dövlət yaddaşında yanaşı yaşaması. Bir tərəfdən, Rəsulzadənin yubileyi qeyd olunur, AXC-nin 100 illiyi dövlət səviyyəsində keçirilir; digər tərəfdən, müasir dövlətin əsas müəllifi kimi Heydər Əliyev mərkəzə çəkilir.
Yaddaş siyasəti barədə araşdırmalarda bu vəziyyət selektiv xatırlama kimi izah olunur. Heinrich Böll Stiftung üçün hazırlanmış bir təhlildə müstəqil Azərbaycanın yaddaş siyasətinin əsas sütunlarından biri həm “Birinci Respublika”nın memoriallaşdırılması, həm də Heydər Əliyev şəxsiyyət kultu kimi göstərilir. Dövlətyönlü diskursda ona “ümummilli lider” və “ulu öndər” kimi xüsusi titullar verildiyini vurğulayır.
Bu mənada 28 mayın ad dəyişikliyi bəziləri üçün tarixi dəqiqləşdirmə, başqaları üçün isə kollektiv quruculuq hekayəsindən fərdiləşdirilmiş lider mərkəzli dövlətçilik mifinə doğru növbəti addım kimi görünür.
AXC-nin siyasi irsi və xüsusən Müsavat ənənəsi daha çox rəmzi-tarixi səviyyədə qəbul edilir; onun liberal-demokratik məzmununun bu günkü siyasi reallıqla necə uzlaşdığı isə hələ də açıq sualdır.
28 Mayın tarixi