Ermənistan Türkiyə ərazisi üzərindən dəmir yolu əlaqəsi imkanı əldə edib: nə gözlənilir
Türkiyə Ermənistanla dəmir yolunu açıb
“Axalkalaki-Qars dəmir yolu, eləcə də Azərbaycan dəmir yolu bundan sonra Ermənistandan ixrac və Ermənistana idxal üçün açıqdır”, – deyə Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün sosial şəbəkələrdə bildirib.
O, bunun ölkə iqtisadiyyatı üçün çox vacib olduğunu vurğulayıb, türk və gürcü tərəfdaşlara təşəkkür edib. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistan baş nazirinin paylaşımını X platformasında repost edib.
“Türkiyə-Ermənistan-Azərbaycan-Gürcüstan arasında dördtərəfli əməkdaşlığın inkişafına töhfə verəcək və regional sülh ilə sabitliyin möhkəmlənməsinə ciddi qatqı təmin edəcək bu yeni addımın bütün bu ölkələr üçün faydalı olacağına ümid edirəm”, – deyə diplomat yazıb.
Ermənistanlı ekspertlər isə hələlik qiymətləndirmə verməyə tələsmirlər. İqtisadçı Aqasi Tavadyan JAMnews-a bildirib ki, hazırkı mərhələdə qərarın daha çox siyasi məzmunu var. Dəmir yolu əlaqəsinin açılmasının iqtisadi effekti barədə isə yalnız ciddi təhlildən sonra danışmaq mümkün olacaq.
Tavadyanın fikrincə, Türkiyə ilə sərhədin açılması Avropa İttifaqı bazarlarına ixracla bağlı logistika problemlərini “müəyyən dərəcədə həll edəcək”. Lakin Ermənistan məhsullarının Aİ standartlarına uyğunluğu problemi hələ də qalır.
Yayımlandığı vaxta qədər məlum olanlar və iqtisadçının şərhi.
- BTQ dəmir yolu xətti və Bakı-Tbilisi qatarı yenidən açılır – bu bərpa region üçün nə mənaya gəlir?
- “Narazılıq eyhamı”: Ermənistanın xarici işlər naziri Antalyadakı diplomatik forumda iştirak etmir
- “Türkiyə ilə ikitərəfli ticarətə qoyulan qadağa aradan qaldırılıb”: Ermənistan Xarici İşlər Nazirliyi bu qərarı ulqışlayır
Detallar: baş nazir nə bildirib
Nikol Paşinyan vurğulayıb ki, Ermənistan Gürcüstan və Türkiyə ərazisi vasitəsilə Avropa İttifaqı ilə dəmir yolu əlaqəsi imkanı əldə edib. O xatırladıb ki, bundan əvvəl Ermənistan Gürcüstan və Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə, daha sonra isə Rusiya və Qazaxıstan ərazisi vasitəsilə Çinlə dəmir yolu əlaqəsi qurub.
“Gələcəkdə Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan, daha sonra isə Naxçıvan vasitəsilə Ermənistan-İran dəmir yolları açılacaq. TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə bu hadisələrin şahidi olacağıq”, – deyə Paşinyan bildirib.
TRIPP (Trump route for international peace and prosperity, “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi vasitəsilə onun eksklavı Naxçıvanla birləşdirəcək yoldur.

Şərh
İqtisadçı Aqasi Tavadyan deyir ki, Gürcüstan və Türkiyə ərazisi vasitəsilə Ermənistan üçün dəmir yolu əlaqəsinin iqtisadi aspektlərini hələ təhlil etməyib. Bununla belə, Ermənistanla Türkiyə arasında sərhədin açılması halında həm malların idxalı, həm də ixrac baxımından mümkün iqtisadi effekti və yarana biləcək riskləri artıq nəzərdən keçirib.
Tavadyan xatırladıb ki, Ermənistan hazırda da türk mallarını Gürcüstan vasitəsilə idxal edir. Söhbət tekstil, kənd təsərrüfatı və tikinti məhsullarından gedir. Tranzaksiya xərclərinə baxmayaraq, bu mallar ucuz olduğu üçün Ermənistan bazarında “kifayət qədər rəqabət qabiliyyətlidir”.
“Ermənistanla Türkiyə arasında sərhəd açılsa, tranzaksiya xərcləri olmayacaq. Türk malları Ermənistanda daha da ucuzlaşacaq, çeşid də genişlənəcək. İlk növbədə, bizdə mütləq iqtisadi artım olacaq”, – deyə Tavadyan hesab edir.
Bununla belə, onun hesablamalarına görə, iqtisadi artım əsasən Yerevanda gözlənilir.
Onun fikrincə, sərhədin açılması paytaxt sakinlərinə, məhsulları daha ucuz ala biləcək restoran biznesinə fayda gətirəcək. Lakin bu, kənd təsərrüfatı sahəsinə mənfi təsir göstərəcək. O, son illərdə türk pomidorlarını bazardan sıxışdırıb çıxaran erməni pomidorlarını nümunə göstərir. Tavadyanın sözlərinə görə, Ukrayna da bəzi kənd təsərrüfatı məhsullarını Türkiyədən idxal etməkdən imtina edib, bunu öz iqtisadiyyatı üçün “risk” hesab edib.
Ekspert statistik məlumatlar da təqdim edib. O, xüsusilə bildirib ki, 2018-ci ildən sonra Ermənistanda iqtisadi artım əsasən informasiya texnologiyaları və bank sektorunda müşahidə olunub. Bu sahələrdə artım üç dəfə və daha çox olub:
“Kənd təsərrüfatı isə təxminən 15 faiz azalıb. Əgər Türkiyə Ermənistana ucuz pomidor, ərik və ya digər məhsullar idxal etmək qərarına gəlsə, bu, əlbəttə, iqtisadi artımı artıracaq, amma kənd təsərrüfatına zərbə vuracaq”.
Eyni zamanda, Tavadyan hesab edir ki, iqtisadi inkişaf təkcə Yerevan üçün deyil, kənd yaşayış məntəqələri üçün də vacibdir. O, bunu “iqtisadi təhlükəsizlik” amili kimi izah edir.
Ermənistan mallarının Türkiyə vasitəsilə Aİ-yə ixracından danışan Tavadyan vurğulayıb ki, Paşinyan hökuməti dövründə Rusiyanın liderliyi ilə fəaliyyət göstərən Aİİ ölkələrinə ixrac təxminən 5 dəfə artıb:
“Avropa İttifaqı istiqamətində isə artım müşahidə olunmayıb”.
Tavadyan ehtimal edir ki, Ermənistan-Türkiyə sərhədinin açılması Aİ bazarları ilə bağlı logistika problemlərini müəyyən dərəcədə həll edəcək.
Eyni zamanda, o xatırladır ki, Ermənistan məhsullarının Avropa standartlarına uyğunlaşdırılması üçün addımlar atılmalıdır:
“Bununla yanaşı, biz bahalı və çəkisi yüngül, tez xarab olmayan mallar barədə düşünməliyik. Pomidor və ərik kimi ənənəvi kənd təsərrüfatı məhsulları Aİ-yə daşınarkən xeyli bahalaşacaq, xarab olacaq, başqa problemlər də yarana bilər”.
İlk mərhələdə Aİ-yə ixrac üçün hansı malları daha uyğun hesab etdiyi barədə suala cavabında iqtisadçı bunları sadalayıb:
- “Gözəl qablaşdırmada və erməni atributikası ilə qoz-fındıq,
- içində quru meyvə olan şokolad konfetləri,
- qulançar,
- bal”.
Tavadyan erməni brendlərinin təşviqini, müxtəlif Aİ ölkələrində sərgilərdə iştirakını da vacib hesab edir. O deyir ki, nəyə daha çox tələbat olacağını anlamaq, yeni əlaqələr qurmaq lazımdır.
Türkiyə Ermənistanla dəmir yolunu açıb