"Ani reaksiya"dan mümkün qanuna: Gürcüstanda milli dəyərləri kimdən qoruyurlar?
Gürcüstanda milli dəyərlərin müdafiəsi

Gürcüstan hökuməti milli kimliyin “sarsıdılmasına” qarşı qanunvericilik dəyişikliklərinin edilməsini istisna etmir. Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, tənzimləmə müqəddəslərin, çarların və ictimai xadimlərin “təhqir edilməsinə” şamil oluna bilər. Hələlik qanun layihəsi yoxdur, lakin ekspertlərin fikrincə, bunun üçün zəmin artıq hazırlanır. Hakim komandanın nümayəndələri artıq cəza və medianın mümkün tənzimlənməsindən danışırlar.
Hakim “Gürcü Arzusu” partiyası milli dəyərlərin “təhqir edilməsinə” görə mümkün cəzanı müzakirə etdiyi bir vaxtda bunun nələrə şamil oluna biləcəyini və Rusiya təcrübəsinin nə göstərdiyini aydınlaşdırmağa çalışaq.
Hücumlardan “milli dəyərlərin müdafiəsi” kampaniyasına
Mümkün qanunun müzakirəsindən əvvəl yumorist Onise Okriaşvili YouTube-da etdiyi zarafata görə hücuma məruz qalıb. İyulun 22-də gecə saatlarında onu Tbilisidə, öz evinin yaxınlığında döyüblər. Hücum edən Niko Xurtsilava buna səbəb kimi milli mədəniyyətin təhqir olunmasını göstərib.
Hələ hücumdan əvvəl Okriaşviliyə qarşı informasiya kampaniyası başlamışdı. Hökumətyönlü telekanallar YouTube verilişindən kəsilmiş bir fraqment yayımlamışdılar. Həmin fraqmentdə Okriaşvili tanınmış gürcü yazıçısı Nodar Dumbadzenin adını nalayiq kontekstdə çəkirdi.
Yazıçının nəvəsi Nodar Maçaraşvili hücum edən şəxsə dəstəyini ifadə edib. Özünü Xurtsilavanın dostu kimi təqdim edən MMA döyüşçüsü Giorgi Kartvelişvili isə insidentdən bir neçə gün sonra müqəddəs dəyərlərin, əcdadların, dinin və tarixin təhqir edilməsinə “ani reaksiya” vermək üçün yeni hərəkatın yaradıldığını elan edib.
“Mədəniyyətimizi və milli kimliyimizi qorumaq üçün zərurət yaranarsa, heç bir təhlükədən çəkinməyəcəyik. Hər bir addımımıza görə məsuliyyət daşımağa, lazım gələrsə, hətta həbsə düşməyə hazırıq”, – deyə Kartvelişvili bildirib.
O, “ani reaksiya” dedikdə konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb. Jurnalistlərin fiziki zorakılıq və özbaşınalıqla bağlı sualını da cavabsız qoyub.
İyulun 28-də qrup qeydiyyatdan keçmək üçün İctimai Reyestrə müraciət edib və yeni yaratdığı təşkilata “Milli nəsil” adını verib.
Okriaşvili ilə bağlı insidentdən bir həftə sonra, iyulun 30-da isə “milli dəyərlərin müdafiəsi üçün” daha bir təşəbbüs qrupu yaradılıb. Qrupa aktyor Giorgi Şanidze, rejissor Giorgi Sixarulidze və Batumi Teatrının direktoru Kote Mjavia daxil olublar.
Birinci hərəkatdan fərqli olaraq, bu qrup “ani reaksiya” əvəzinə hüquqi mexanizmlərin hazırlanmasını tələb edib. Qrup üzvlərinin sözlərinə görə, qanun kilsəni, müqəddəs dəyərləri, tarixi qəhrəmanları və milli dəyərləri qorumalıdır.
“Fikir ifadə azadlığı ən mühüm dəyərlərdən biridir, lakin bu hüquq ölkənin tarixi, mədəni və mənəvi əsasını təşkil edən müqəddəs dəyərlərin və fundamental prinsiplərin təhqir edilməsi alətinə çevrilə bilməz”, – deyə Giorgi Şanidze bildirib.
Müraciətdə fəaliyyəti gürcü milləti ilə kiçik qruplar arasında qarşıdurma yaradan “xaricdən maliyyələşdirilən destruktiv qruplar”dan bəhs olunur.
“Vəziyyətin daha da gərginləşməməsi və hətta müdrik gürcü xalqının belə səbrini itirə biləcəyi həddə çatmaması üçün məsuliyyətli addımlar atmaq və mövcud problemləri hüquqi, dinc yolla həll etmək lazımdır”, – deyə bəyanatda bildirilir.
Qrup üzvləri hüquqşünaslar, tarixçilər, incəsənət xadimləri və idmançılarla məsləhətləşmələr aparmağı, bundan sonra isə qanunvericilik təşəbbüsü hazırlamağı planlaşdırırlar.
Lakin hələlik nə qanun layihəsi, nə də onun konsepsiyası dərc olunub. Konkret olaraq hansı hərəkətlərin cəzalandırıla biləcəyi məlum deyil. Məsuliyyət forması və mümkün sanksiyalar da açıqlanmayıb.
Milli dəyərlər haqqında qanun nələri nəzərdə tuta bilər
Avqustun 3-də İrakli Kobaxidze jurnalistlərlə söhbətində belə bir qanunun qəbul edilə biləcəyini istisna etməyib, lakin hakimiyyətin hələlik konkret heç nə müzakirə etmədiyini bildirib.
“Kimliyimizə qarşı koordinasiyalı hücuma həqiqətən reaksiya vermək lazımdır”, – deyə Kobaxidze bildirib.
O, mümkün tənzimləmənin şamil oluna biləcəyi obyektləri də sadalayıb. Onların arasında müqəddəslər, çarlar və ictimai xadimlər var.
Kobaxidzenin sözlərinə görə, gürcü müqəddəslərinin və çarlarının təhqir edilməsi “sifarişli və koordinasiyalı hərəkətlər zənciridir”:
“Bunlar sadəcə bacarıqsız insanlar deyil. Bunlar konkret sifarişi yerinə yetirən şəxslərdir. Bu sifarişin mahiyyəti sadədir, onlar milli kimliyimizi zəiflətməyə çalışırlar. Bütün bunları məhz buna görə edirlər”.
Kobaxidze ehtimal edilən sifarişin kimdən gəldiyini açıqlamayıb. O, bunu təsdiqləyən sübutlar da təqdim etməyib.
“Belə proseslərə qarşı çıxmaq üçün bütün tədbirləri görməliyik. Bunun üçün qanun qəbul etmək lazım gələrsə, bunu da müzakirə edə bilərik”.
Əlbəttə, Kobaxidzenin bəyanatı hələ qanunun qəbul edilməsi barədə qərar demək deyil. Lakin təşəbbüsün artıq hökumət başçısının siyasi dəstəyini qazandığı aydındır.
Bununla yanaşı, hakim komanda ilə əlaqəli deputatlar mümkün qadağanın çərçivələri barədə daha konkret danışırlar.
“Gürcü Arzusu”nun deputatı İrakli Kadaqişvili bu məsələni ictimai söyüş, nalayiq ifadələr və xuliqanlıqla əlaqələndirib:
“Mitinqdə konkret şəxsi və ya institutu söyəndə bu, ifadə azadlığıdır, yoxsa nalayiq davranış və xuliqanlıq?! Bunu belə qoymaq olmaz!”
Kadaqişvilinin sözlərinə görə, qanunda konkret nələrin nəzərdə tutula biləcəyi ona məlum deyil, lakin mümkün tənzimləmə kontekstində medianı da qeyd edib.
Deputat bildirir ki, konkret telekanallar (müxalif telekanallar nəzərdə tutulur, JAMnews) il yarım ərzində “kilsə əleyhinə” 3500 süjet hazırlayıb. O, bu rəqəmi necə hesabladığını və süjetlərin hansı meyarlara əsasən “kilsə əleyhinə” sayıldığını açıqlamayıb.
Kadaqişvili “təhqiredici” media məhsulunu da mümkün hüquqi tənzimləmənin predmeti adlandırıb.
“Xalqın Gücü” partiyasının üzvü Quram Maçaraşvili isə öz növbəsində açıq şəkildə ictimai təhqirə görə cəza tələb edib və qorunmalı obyektlər sırasında dini, kilsəni, patriarxı və ənənələri göstərib:
“İctimai məkanda din, kilsə, patriarx və ənənələr kimi dəyərləri təhqir edirsənsə, bu, əlbəttə ki, cəzalandırılmalıdır”.
Maçaraşvilinin fikrincə, indiyədək Gürcüstanda fərqli düşüncə “həddindən artıq” qorunub:
“Gürcüstanda fərqli düşüncə həmişə az və ya çox dərəcədə qorunub, amma deyərdim ki, son vaxtlar ultraliberal şəkildə, həddindən artıq qorunub və bunu düzəltmək lazımdır”.
“Təhqir” nədir və bunu kim müəyyən etməlidir
Gürcüstan Konstitusiyasının 17-ci maddəsi fikir və ifadə azadlığını qoruyur, həmçinin şəxsin fikrini ifadə etdiyinə görə təqib olunmasını qadağan edir.
Konstitusiyaya əsasən, media azaddır, senzura isə yolverilməzdir.
Bu hüququn məhdudlaşdırılması yalnız qanun əsasında və demokratik cəmiyyətdə zəruri olan məqsədlər naminə mümkündür. Belə məqsədlərə ictimai təhlükəsizlik və digər şəxslərin hüquqlarının müdafiəsi daxildir. Gürcüstan Konstitusiyası “milli dəyərlərin təhqirini” məhdudiyyət üçün ayrıca əsas kimi göstərmir.
Bununla belə, ifadə azadlığı mütləq hüquq deyil. Qanun zorakılığa çağırışları, təhdidləri, təqibi və böhtanı məhdudlaşdıra bilər. Lakin belə məhdudiyyət aydın və əvvəlcədən proqnozlaşdırıla bilən olmalıdır.
“Milli dəyərlərin təhqiri” isə xeyli daha qeyri-müəyyən anlayışdır. Hələlik qanunun konkret şəxsin nüfuzunu qoruyub-qorumayacağı məlum deyil. Ola bilsin ki, müdafiə obyekti abstrakt dəyər və ya tarixi şəxsiyyət olsun.
Qorunacaq müqəddəslərin, çarların və ictimai xadimlərin siyahısını konkret olaraq kim tərtib edəcək? Müdafiə yalnız vəfat etmiş şəxslərə şamil olunacaqmı? Tarixi tənqidlə “təhqir” arasındakı sərhəd haradan keçəcək?
Məsələn, təbliğatçı telekanallar gürcü çarı II İraklinin siyasətini tənqid edən ədəbiyyatşünas Levan Berdzenişviliyə qarşı da oxşar qarayaxma kampaniyası aparmışdılar. Berdzenişvili çar barədə zarafat etməmiş və nalayiq ifadələr işlətməmişdi. Buna baxmayaraq, həm “Gürcü Arzusu”nun deputatları, həm də hökumətyönlü media ona qarşı aqressiv hücumlara başlamışdı.
Məhdudiyyətin satiraya, bədii əsərlərə və elmi tədqiqatlara şamil olunub-olunmayacağı da məlum deyil. Medianın din xadimlərinin fəaliyyətini tənqidi şəkildə işıqlandırmasının “müqəddəs dəyərlərin təhqiri” kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi də açıq qalır.
Vətənpərvərliyin müdafiəsi, yoxsa siyasi bölünmə xətti
Müxalifət nümayəndələri təşəbbüsü siyasi səfərbərlik cəhdi kimi qiymətləndirirlər.
“Gürcüstan naminə Qaxaria” partiyasının üzvü Giorgi Şaraşidze hesab edir ki, hakimiyyət vətənpərvərlik mövzularında siyasi inhisar yaratmaq istəyir:
“Onların çox məkrli hesabı var: vətənpərvərlik mövzularını yalnız öz nəzarətlərinə götürmək. Hər şey buna xidmət edir. Məqsəd budur ki, qalanların hamısı Gürcüstanın kimliyinə, ənənələrinə, kilsəsinə qarşı mübarizə aparan tərəf kimi təqdim olunsun, özləri isə bütün bunların müdafiəçisi kimi görünsünlər”.
“Əvvəlcə Gürcüstan” partiyasının üzvü Giorgi Şalamberidze mümkün qanunun başqa bir siyasi funksiyasından da danışır:
“Bu, siyasi manevr ola bilər. Müvafiq olaraq, seçicilərin müəyyən seqmentinin səfərbərliyi baş verə və ya uzunmüddətli perspektivdə qanunvericiliyin daha da sərtləşdirilməsinin başlanğıcı ola bilər”.
Şalamberidzenin sözlərinə görə, ifadə azadlığı müəyyən hallarda məhdudlaşdırıla bilər. Lakin o, mövcud siyasi mühitə də diqqət çəkib:
“Əgər bu, qanuna çevrilər və alət kimi istifadə olunarsa, bunun siyasi subyektlərə, siyasi partiyalara, onların ifadə azadlığına nə dərəcədə təsir edəcəyi və hüquqlarını məhdudlaşdıran mexanizm kimi nə dərəcədə istifadə olunacağı sual doğurur”.
Tarixçilərin mövqeyi
Hələlik mümkün qanunun tarixi şəxsiyyətin “təhqiri” ilə onun tənqidi qiymətləndirilməsi arasında sərhədi haradan keçirəcəyi məlum deyil. Bu qeyri-müəyyənlik tarixçilərin, tədqiqatçıların və müəlliflərin fəaliyyəti ilə bağlı suallar yaradır.
Tarixi şəxsiyyətlərin qiymətləndirilməsi çox vaxt mübahisəli faktların, müxtəlif şərhlərin və oturuşmuş təsəvvürlərin yenidən nəzərdən keçirilməsini tələb edir.
Əgər hansı qiymətləndirmənin məqbul olduğunu dövlət müəyyən edərsə, qanun elmi araşdırmaların və akademik müzakirələrin məhdudlaşdırılması alətinə çevrilə bilər.
Mümkün tənzimləmənin elmi əsərlərə, açıq mühazirələrə, dərsliklərə və sənədli filmlərə şamil olunub-olunmayacağı məlum deyil.
Tarixi tənqidin harada bitdiyini və “təhqirin” harada başladığını konkret olaraq kimin müəyyən edəcəyi də aydın deyil.
Tarixçi İrakli Xvadaqiani hesab edir ki, dini inancı və yaradıcılığı hüquqi kateqoriyalara salmaq cəhdi bu sahələrin mahiyyətinə ziddir:
“İnanc və yaradıcılıq qadağaları qəbul etmir və birtərəfli müəyyən edilmiş kateqoriyaları ümumiyyətlə tanımır. Bu sahələrdə qanunvericiliklə qadağalardan danışmaq absurddur, bütün bunlar ötən əsrlərdə artıq sınaqdan keçirilib. Bu, sadəcə diktatorun cəmiyyəti hansısa yolla öz iradəsinə tabe etdirmək ehtirasıdır”.
Süni qarşıdurma təhlükəsi?
Konfliktoloq Paata Zakareişvili mümkün qanunvericilik dəyişikliklərini etnik və dini qarşıdurma riski ilə əlaqələndirir. Onun fikrincə, “milli kimliyin müdafiəsi” ilə bağlı qeyri-müəyyən siyasət cəmiyyətdə yeni bölünmə xətlərinin yaranmasına şərait yarada bilər:
“Gürcüstanda bu ideologiyanın tərəfdarları “Gürcü Arzusu”nun xristianlarla müsəlmanlar, gürcülərlə qeyri-gürcülər, gürcü dilində danışanlarla bu dildə danışmayanlar arasında daimi gərginlik ocaqları yaratmaq üçün ehtiyac duyduğu qədər çox deyil”.
Zakareişvili hakimiyyətin bu siyasətində ifrat sağ ideologiyanın əlamətlərini görür. Onun fikrincə, belə yanaşma bərabərlik və ədalət prinsiplərinə ziddir:
“Bu, ən saf formada klassik ifrat sağ ideologiyanın nümunəsidir. Bəşəriyyət bunu milyon dəfə yaşayıb və milyon dəfə də bu, dağıntıdan başqa heç nə gətirmədən fəlakətlərə və dünya müharibələrinə aparıb”.
Konfliktoloq bu təşəbbüsü seçki prosesi ilə də əlaqələndirir. Gürcüstanda növbəti parlament seçkiləri yalnız 2028-ci ilin oktyabrında keçirilməlidir. Lakin Zakareişvilinin qiymətləndirməsinə görə, hakim partiya artıq seçkiqabağı səfərbərlik üzərində işləməyə başlayıb:
“”Gürcü Arzusu” seçkilərə hazırlaşır. Seçkilərdən əvvəl ona məhz belə gərginlik ocaqları yaratmaq lazımdır”.
“Ənənələrin müdafiəsi” bəhanəsi ilə zorakılıq halları
Milli və dini dəyərlərin müdafiəsi motivi Gürcüstanda yeni siyasi hadisə deyil.
- 2023-cü ildə Qori şəhərində “Girçi, Daha çox azadlıq” partiyasının lideri Zurab Caparidzeyə hücum edilib. Hücum edən şəxs motiv kimi kilsənin təhqir olunmasını və “uşaqların pozğunlaşdırılmasını” göstərib.
- Həmin il Kvarelidə Levan Berdzenişvilinin mühazirəsi pozulub. Aksiya iştirakçıları onu çar II İraklini və xristian dəyərlərini təhqir etməkdə ittiham ediblər. Tbilisidə də Berdzenişviliyə yumurta atılıb.
- 2021-ci il iyulun 5-də “Tbilisi Praydı”nın əleyhdarları jurnalistlərə və fəallara hücum ediblər. Onlar öz hərəkətlərini ailənin, kilsənin və ənənəvi dəyərlərin müdafiəsi ilə əsaslandırıblar. Zorakılıq nəticəsində 50-dən çox jurnalist xəsarət alıb.
- 2019-cu ilin noyabrında ifrat sağçı və homofob qruplar “Sonra biz rəqs etdik” filminin premyerasını pozmağa çalışıblar. Gürcü Pravoslav Kilsəsi filmi “gürcü ənənəvi dəyərlərinin təhqiri” kimi qiymətləndirirdi. Aksiya iştirakçıları kinoteatrlara daxil olmağa cəhd ediblər. Onlardan biri vətəndaş fəalı Anna Subelianiyə daş ataraq onun başını yaralayıb. Həmin axşam polis 12 nəfəri saxlayıb.
- 2024-cü ilin yanvarında fəal Nata Peradze Tbilisidəki Müqəddəs Üçlük Kafedralında İosif Stalinin də təsvir olunduğu Moskvalı Matrona ikonuna boya töküb. Bundan sonra ifrat sağçı qruplar Peradzenin evinin qarşısına toplaşaraq onun cəzalandırılmasını tələb ediblər.
- 2013-cü il mayın 17-də din xadimlərinin iştirakı ilə toplaşan minlərlə insan homofobiyaya qarşı keçirilən aksiyanın iştirakçılarına hücum edib. Ən azı 17 nəfər xəsarət alıb. 2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi zorakılığın dövlətin faktiki göz yumması şəraitində baş verdiyini müəyyən edib.
Rusiyanın dərsləri: dövlət nəyə gülməyin mümkün olduğunu müəyyən edəndə
Bu kontekstdə Rusiyanın təcrübəsi mühümdür, çünki “Gürcü Arzusu”nun bir çox qanunvericilik təşəbbüslərinin məzmunu və əsaslandırılması daha əvvəl Rusiyada tətbiq edilmiş tənzimləmələrlə oxşarlıq təşkil edir.
Bunun ən bariz nümunəsi “Xarici təsirin şəffaflığı haqqında” qanundur. Onun Rusiyadakı analoqu əvvəlcə xarici maliyyələşmənin bəyan edilməsi zərurəti ilə əsaslandırılmış, daha sonra isə müstəqil media və vətəndaş təşkilatlarına qarşı genişləndirilmişdi.
Buna görə də Rusiyada “ənənəvi dəyərlərin”, dini hisslərin və tarixi yaddaşın müdafiəsi bəhanəsi ilə başlayan qanunvericilik prosesinin necə inkişaf etdiyinə baxmaq maraqlıdır.
Rusiyada dinin, tarixi yaddaşın və “ənənəvi dəyərlərin” hüquqi müdafiəsi sistemi bir anda yaranmayıb. Bu sistem mərhələli şəkildə formalaşdırılıb.
Dindarların hisslərinin təhqiri
2012-ci ildə Pussy Riot qrupunun üzvləri Moskvadakı Xilaskar Məsih Kafedralında Vladimir Putinə qarşı performans keçiriblər. Məhkəmə qrup üzvlərini dini nifrət motivi ilə törədilmiş xuliqanlıqda təqsirli bilib.
Bir il sonra Rusiya Cinayət Məcəlləsinin 148-ci maddəsini sərtləşdirərək cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən və dindarların dini hisslərini təhqir etmək məqsədilə törədilən ictimai hərəkətləri qadağan edib.
Bu qanunun praktikada tətbiqinin ən məşhur nümunələrindən biri bloqer Ruslan Sokolovskinin işidir. O, kilsədə Pokémon Go oynayıb və bununla bağlı video yayımlayıb. Bundan əlavə, öz videolarında dini və Rus Pravoslav Kilsəsini tənqid edib.
2017-ci ildə məhkəmə Sokolovskini üç il yarım müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib. İş bir neçə maddə, o cümlədən dindarların hisslərinin təhqir edilməsi və nifrətin qızışdırılması ilə bağlı idi.
2024-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi Sokolovskinin məhkum edilməsinin ifadə azadlığını pozduğunu müəyyən edib. Məhkəmənin qiymətləndirməsinə görə, təhqiramiz və ya kobud ifadə avtomatik olaraq nifrət nitqi hesab edilə bilməz.
“Ənənəvi dəyərlər” dövlət siyasətinin bir hissəsi kimi
2022-ci ilin noyabrında Rusiya prezidenti Vladimir Putin “ənənəvi Rusiya mənəvi-əxlaqi dəyərlərinin” qorunması haqqında fərman imzalayıb.
Sənəddə vətənpərvərlik, ləyaqət, həyat və möhkəm ailə ənənəvi dəyərlər kimi göstərilir. Siyahıya həmçinin Vətənə xidmət, tarixi yaddaş və nəsillərin varisliyi daxildir.
Fərmana əsasən, Rusiyanın bu dəyərlərinə ölkə daxilində ekstremist və terror təşkilatlarının köməyi ilə fəaliyyət göstərən xarici qüvvələr təhdid yaradır.
ABŞ və digər “qeyri-dost dövlətlər” də təhdid mənbələri kimi göstərilir.
Rusiya hakimiyyəti mədəniyyət və dəyərlərlə bağlı siyasəti milli təhlükəsizlik məsələsi ilə əlaqələndirir.
Oxşar məntiq “Gürcü Arzusu”nun başlatdığı kampaniyada da müşahidə olunur. Hər iki təşəbbüs qrupu “milli kimliyə” qarşı koordinasiyalı hücumdan danışır. Baş nazir Kobaxidze də eyni ifadədən istifadə edir.
Tarixin hüquqi müdafiəsi
Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsi “Nasizmin reabilitasiyası” adlanır. Maddənin ilkin məqsədi Nürnberq Tribunalının müəyyən etdiyi cinayətlərin inkarını qadağan etmək idi.
Lakin maddə bununla məhdudlaşmır. O, İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqının fəaliyyəti haqqında “bilə-bilə yalan məlumatların” yayılmasını qadağan edir. Bu norma həmçinin müharibə veteranlarının şərəf və ləyaqətini qoruyur.
2021-ci ildə maddəyə “Vətən müdafiəçilərinin xatirəsinin təhqir edilməsi” də əlavə olunub. Hərbi şöhrət rəmzlərindən təhqiramiz şəkildə istifadə də cinayət sayıla bilər.
Bu normalar vasitəsilə dövlət yalnız tarixi faktların inkarını deyil, Sovet İttifaqının rolunun rəsmi şərhinə zidd yanaşmaları da məhdudlaşdırır.
OVD-Info hüquq müdafiəsi layihəsinin 2025-ci il araşdırmasına görə, 2015-2019-cu illərdə məhkəmələr 354.1-ci maddə üzrə 25 ittiham hökmü çıxarıb. İşlərin əhəmiyyətli hissəsi Sovet İttifaqının fəaliyyətinin qiymətləndirilməsi və tarixi paralellərlə bağlı olub.
2022-ci ildən 2025-ci ilin mayınadək OVD-Info bu maddə üzrə 212 təqib halı qeydə alıb.
Kazan sakini Zulfiya Sitdikova “Müharibəyə yox” və “9 May” yazılmış plakatlara görə iki il müddətinə şərti azadlıqdan məhrum edilib. “May” sözündə M hərfi əvəzinə W hərfindən istifadə olunmuşdu. İstintaq bunu Qələbə rəmzlərinin təhqir edilməsi kimi qiymətləndirib.
Tarixçi Mixail Belousova qarşı da cinayət işi açılıb. İstintaq onu Nürnberq prosesində müəyyən edilmiş faktları inkar etməkdə və Sovet İttifaqı haqqında yalan məlumat yaymaqda ittiham edib.
Tarixçi Tamara Eydelmana qarşı isə daha iki cinayət işi açılıb. Prokurorluğun iddiasına görə, onun videolarında Rusiyanın hərbi şöhrət günlərinə hörmətsizlik ifadə olunub.
Beləliklə, Rusiyada tarixi müzakirələrin sərhədlərini artıq yalnız alimlərin və cəmiyyətin müəyyən etmədiyi bir sistem yaradılıb. Son qərarı istintaqçı, ekspert və məhkəmə verir.
Gürcüstanda sərhəd haradan keçəcək?
Gürcüstanda hələlik belə bir qanun layihəsi yoxdur. Buna görə də Rusiya təcrübəsinin burada təkrarlanıb-təkrarlanmayacağını söyləmək mümkün deyil.
Lakin hakim komandanın bəyanatlarında qorunması nəzərdə tutulan obyektlərin geniş siyahısı artıq görünür: kilsə, patriarx, müqəddəslər, çarlar, ictimai xadimlər, ənənələr və hətta media məhsulları.
Rusiya təcrübəsi onu da göstərir ki, qeyri-müəyyən şəkildə müəyyənləşdirilmiş müdafiə obyektlərinin dairəsi zaman keçdikcə genişlənə bilər.
Gürcüstanda milli dəyərlərin müdafiəsi