Kamerasız məhkəmə prosesləri. Gürcüstan məhkəmələri media üçün necə bağlandı?
Gürcü məhkəmələri mediaya necə bağlandı
Artıq bir ildən çoxdur ki, Gürcüstanda məhkəmə iclaslarının videoçəkilişi tamamilə qadağandır.
2025-ci ilin iyulundan etibarən foto və videoçəkiliş, eləcə də audioyazı təkcə məhkəmə zallarında deyil, binanın dəhlizlərində və həyətində də qadağan edilib. Bu qadağa məhkəmələrin avropayönlü etiraz aksiyalarının iştirakçıları və müxalifət siyasətçiləri ilə bağlı böyük ictimai maraq doğuran işlərə baxdığı dövrdə tətbiq olunub.
Son bir il ərzində jurnalistlər məhkəmə binasının kənarında işləməyə məcbur olublar. Onlar iclasların başa çatmasını saatlarla günəşin, yağışın, qarın və küləyin altında gözləyirlər.
- ATƏT-in 24 üzv dövləti Gürcüstan hakimiyyətini “Moskva mexanizmi”nin tövsiyələrini həyata keçirməyə çağırır
- Transparency International: Rusiyaya doğru 41 addım — “Gürcü Arzusu”nun siyasəti barədə hesabat
- ABŞ-nin Gürcüstandakı sabiq səfiri: “Gürcüstan hökuməti artıq Vaşinqton üçün etibarlı tərəfdaş deyil”
Gürcüstan məhkəmələri media üçün artıq bir dəfə bağlanmışdı. Bu, 2007-ci ildə, “Vahid Milli Hərəkat”ın hakimiyyəti dövründə baş vermişdi. 2013-cü ildə isə ədalətin bərpasını və məhkəmə sisteminin islahatını vəd edən “Gürcü Arzusu” məhkəmələri yenidən açıb və bunu mühüm nailiyyət kimi təqdim edib.
Gürcüstan məhkəmələrində jurnalistlər üçün qaydalar necə dəyişib? Yeni məhdudiyyətlərə nə səbəb olub? Ölkə hökumətin illər əvvəl qürurla ləğv etdiyi praktikaya necə qayıdıb?
Son dəyişikliklər: məhkəmə zalında videoçəkiliş qadağası
“Gürcü Arzusu” partiyası ötən yay “Ümumi məhkəmələr haqqında” Orqanik Qanuna dəyişiklikləri sürətləndirilmiş qaydada qəbul edib. Bir neçə gün sonra dəyişikliklər qüvvəyə minib.
Tərkibində yalnız “Gürcü Arzusu” və onun peyk partiyalarının təmsil olunduğu parlament qanuna dəyişiklikləri 2025-ci il iyunun 26-da üçüncü oxunuşda təsdiqləyib. Qanun layihəsinin lehinə 80 deputat səs verib. Heç kim etiraz etməyib.

Dəyişikliklərdən sonra:
- Dəhkəmə binasında və həyətində fotoçəkiliş, kinoçəkiliş, videoçəkiliş, yayım və audioyazı qadağan edilib;
- Bundan sonra bu hüququn yalnız məhkəməyə və ya onun səlahiyyət verdiyi şəxsə məxsus olması qərara alınıb.
Dəyişikliklərə əsasən:
- Məhkəmə qanunvericiliyə zidd olmadığı təqdirdə məhkəmə iclaslarının foto, kino, video və audioyazılarını özü yayımlaya bilər;
- Bununla yanaşı, kütləvi informasiya vasitələri videoçəkiliş aparmaq hüququ əldə etmək üçün əvvəlcədən Gürcüstanın Ali Ədliyyə Şurasına müraciət etməlidirlər.
Dəyişikliklərin qüvvəyə mindiyi gün, iyunun 30-da jurnalistlər konkret məhkəmə iclaslarını çəkməyə icazə verilməsi üçün Ali Ədliyyə Şurasına müraciət ediblər. Lakin heç bir cavab almayıblar.
Həmin axşam jurnalistlər etiraz aksiyası keçirmək üçün Ali Ədliyyə Şurasına gəliblər. Onlar Şuranın iclasında iştirak etmək istəsələr də, məhkəmə kanselyariyası buna icazə verməyib.
Bundan sonra jurnalistlər quruma daha bir neçə dəfə müraciət ediblər, lakin nəticə əldə olunmayıb.
Publica onlayn nəşri bütün rezonans doğuran məhkəmə proseslərini işıqlandırır. Bu redaksiyanın jurnalistləri Ali Ədliyyə Şurasına təxminən 20 müraciət təqdim ediblər.
Məhkəmə proseslərini ən çox işıqlandıran jurnalist Natia Amiranaşvili deyir ki, təqdim etdikləri müraciətlərin heç birinə cavab verilməyib:
“Nə icazə verildi, nə də imtina edildi. <…> Hər müraciətə cavab olaraq elektron poçt vasitəsilə bildirirdilər ki, müraciətlər elektron deyil, kağız daşıyıcıda təqdim olunmalıdır. Bu isə belə təəssürat yaradır ki, onlar müraciət prosedurunu media üçün daha əlçatmaz etməyə çalışırlar”.
Ali Ədliyyə Şurası məhkəmə prosesinin işıqlandırılmasına yalnız bir dəfə və seçmə qaydada icazə verib. Hakimiyyətə yaxın Imedi telekanalına və İctimai Yayımçıya Bidzina İvanişvilinin “şəxsi məhbusu” hesab etdiyi iş adamı Giorgi Baçiaşvilinin məhkəmə prosesini çəkməyə icazə verilib.
Dəyişikliklərdən əvvəl nə baş vermişdi?
Məhkəmələrin bağlanması ölkədə müxalifət siyasətçiləri və avropayönlü etiraz aksiyaları zamanı saxlanılan şəxslərlə bağlı işlərə baxıldığı dövrə təsadüf edib. Hüquq müdafiə təşkilatlarının hesabatlarında qeyd olunur ki, bu məhkəmə prosesləri ədalətli məhkəmə araşdırması standartlarına uyğun olmayıb.
Məhkəmə proseslərindən hazırlanan video və fotoreportajlar bunu əyani şəkildə nümayiş etdirirdi. Tbilisi Şəhər Məhkəməsində hər gün onlarla məhkəmə iclası keçirilirdi və media onları birbaşa məhkəmə zallarından işıqlandırırdı.
Jurnalistlər iclaslarda noutbuklarla iştirak edir, proses gedə-gedə baş verənləri sosial şəbəkələrdə paylaşırdılar. Fasilələr zamanı isə məhkəmənin dəhlizlərindən video və fotoreportajlar yayımlayırdılar.
Gürcüstanda bir çoxları hesab edir ki, məhz medianın bu fəaliyyəti saxlanılan şəxsləri cinayətkar kimi təqdim etməyə çalışan dezinformasiya kampaniyasının “Gürcü Arzusu” tərəfindən uduzulmasına səbəb olub.
“Sistemli və son dərəcə vacib media fəaliyyəti cəmiyyətə məhkəmə proseslərindəki hüquqi və mənəvi ziddiyyətlərin miqyasını aydın şəkildə görməyə imkan verdi. Məhkəmə, ittiham tərəfi və onların şahidləri tərəfindən qanunun nə dərəcədə kobud şəkildə pozulduğunu göstərdi. Həmçinin məhkəmənin təqsirləndirilən şəxslərə və onların ailə üzvlərinə qarşı nə qədər laqeyd olduğunu ortaya qoydu”, – “Sosial Ədalət Mərkəzi”nin qiymətləndirməsində deyilir.
Təşkilatın fikrincə, bu, cəmiyyətdə təqsirləndirilən şəxslərlə həmrəyliyi gücləndirib. Eyni zamanda məhkəmə sistemindəki problemləri də açıq şəkildə nümayiş etdirib.
“Bu isə, əlbəttə ki, “Gürcü Arzusu” və məhkəmə klanı üçün qəbuledilməz və təhlükəli idi”.
Məhkəmə proseslərini işıqlandıran jurnalistlər dəyişikliklər qəbul edilməzdən xeyli əvvəl məhkəmələrin media üçün bağlanacağını hiss edirdilər.
Publica nəşrinin fotomüxbiri Minda Qabadze vicdan məhbuslarının demək olar ki, bütün məhkəmə proseslərini izləyib. O, bu məhkəmə iclaslarının əsas salnaməçilərindən biri olub və unikal fotoarxiv yaradıb.
Minda “Fotomüxbirin son sözü” adlı köşəsində məhkəmənin jurnalistlərin şəkil çəkməsinə necə mane olmağa çalışdığını təsvir edir.
“Kameramda məhkəmənin mətbuat xidmətinin əməkdaşının və ya məhkəmə nəzarətçisinin əlinin göründüyü bir neçə kadr var. <…> Mümkün qədər az emosional görüntünün çəkilməsi mətbuat xidmətinin əsas məqsədi idi. Onlar məhz buna görə saatlarla proseslərdə iştirak edirdilər”, – o yazır.
Gürcüstan məhkəmələri artıq bir dəfə bağlanmışdı: 2007–2013-cü illərin xronologiyası
“Ümumi məhkəmələr haqqında” Orqanik Qanun qəbul olunduğu vaxtdan bəri məhkəmə proseslərinin açıq keçirilməsi əsas prinsiplərdən biri idi. İşlər açıq məhkəmə iclaslarında baxılmalı, iclaslarda foto və videoçəkilişə icazə verilməli idi.
Lakin müəyyən vaxtdan sonra məhkəmə proseslərinin açıq keçirilməsi Gürcüstan hakimiyyəti üçün problemə çevrildi. Bu, əvvəlki hökumət – “Vahid Milli Hərəkat”ın hakimiyyəti dövründə də baş vermişdi.
2007-ci ildə Gürcüstan məhkəməsi Sandro Girqvlianinin qətli ilə bağlı işə baxırdı. Sandro Girqvliani 28 yaşlı bank əməkdaşı idi. O, 2006-cı ildə Tbilisidəki Okrokana qəbiristanlığı yaxınlığında ölü tapılmışdı. Sonradan onun qətlə yetirildiyi məlum olmuşdu.
Bu iş o dövrün hakimiyyətində yüksək vəzifə tutan hüquq-mühafizə orqanlarının əməkdaşlarına aid idi. Hadisə böyük ictimai rezonans doğurmuşdu. İstintaqın cinayətkarları himayə etdiyi barədə ciddi şübhələr yaranmışdı.
2007-ci il iyulun 11-də “Ümumi məhkəmələr haqqında” Orqanik Qanuna dəyişikliklər edilib. Məhkəmə zallarında foto və videoçəkiliş qəti şəkildə qadağan olunub. Hökumət bunu kameraların şahidlərə, proses iştirakçılarına və bütövlükdə məhkəmə sisteminə təsir göstərməsi ilə əsaslandırıb.
O dövrün ictimai müdafiəçisi Sozar Subari bu dəyişiklikləri kəskin tənqid edirdi. O hesab edirdi ki, bu, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır.
Hazırda isə Sozar Subari parlament üzvü və bu dəyişikliklərin tərəfdarlarından biridir. O, 2012-ci ildə “Gürcü Arzusu”nun kvotası ilə parlamentə daxil olub. Son seçkilərdən sonra isə “Gürcü Arzusu”nun peyk partiyası olan “Xalqın Gücü”nü təmsil edir.
2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişib. “Gürcü Arzusu”nun yeni hökuməti məhkəmələrin açıq fəaliyyətini əsas siyasi vədlərindən biri elan edib. Həqiqətən də, hakimiyyətə gəldikdən dərhal sonra ilk məhkəmə islahatlarından biri həyata keçirilib.
2013-cü ilin yazında məhkəmələr yenidən media üçün açıldı. Lakin bu, yalnız qismən baş verdi. Gürcüstanın İctimai Yayımçısına məhkəmə iclaslarını videoçəkiliş etmək üçün tam hüquq verildi. Çəkilişdən sonra o, əldə olunan materialları digər media qurumları ilə bölüşməli idi.
Əgər İctimai Yayımçı konkret məhkəmə prosesini işıqlandırmaqda maraqlı deyildisə, həmin prosesi başqa televiziya şirkəti çəkə bilərdi. Bunun üçün iclas başlamazdan əvvəl işə baxan hakimlə əlaqə saxlamaq tələb olunurdu.
Bundan əlavə, məhkəmə binasında və həyətində hadisələrin bütün növ işıqlandırılmasına icazə verilirdi. Hətta məhkəmə zalında fotoçəkiliş aparmaq üçün də yalnız işə baxan hakimin icazəsi kifayət edirdi. Çəkiliş hüququ bir media orqanına verilirdi və o, fotoları digər media qurumları ilə paylaşırdı.
“Gürcü Arzusu” hökuməti bu qanunvericilik dəyişikliklərini özünün ən mühüm nailiyyətlərindən biri kimi təqdim edir və bununla xüsusi qürur duyurdu.
Dəyişikliklərin nəticələri nələrdir?
Netgazeti nəşrinin jurnalisti Nina Baydauri son iki ildə iş vaxtının böyük hissəsini məhkəmədə keçirir. Dəyişikliklərdən əvvəl Netgazeti məhkəmədən foto və videomateriallar da yayımlayırdı.
İndi Nina hekayələri yalnız mətn vasitəsilə çatdırmağa çalışır ki, oxucular təqsirləndirilən şəxslərin emosiyalarını, bədən dilini və davranışlarını aydın təsəvvür edə bilsinlər.
“Nə qədər ustalıqla yazsanız da, müasir dünyada, informasiya müharibəsi şəraitində təkcə mətn videomateriallar qədər təsirli deyil. Bu, xüsusilə siyasi motivli işlərdə daha aydın görünür. Biz artıq təqsirləndirilən şəxsləri çəkə bilmirdik. Onları ictimaiyyətə göstərə bilmirdik. Emosiyalarını, etiraflarını nümayiş etdirə bilmirdik. Səslərini eşitdirə bilmirdik. Görünməyən hadisə insanlara eyni dərəcədə yaxın təsir bağışlamır”.
Dəyişikliklər daha hansı problemləri yaradır?
Qeyri-hökumət təşkilatları bu dəyişiklikləri medianın fəaliyyətinə sadə məhdudiyyət kimi qiymətləndirmirlər. Onların fikrincə, bu, məhkəməni “Gürcü Arzusu”nun əlində siyasi alətə çevirmək cəhdidir.
Təşkilatların qiymətləndirməsinə görə, dəyişikliklər məhkəmənin açıqlıq və şəffaflıq prinsiplərinə ziddir.
Onların birgə bəyanatında qeyd olunur ki, dəyişikliklər “bizi 2007-2013-cü illərdə mövcud olmuş praktikaya qaytarır”. Həmin dövrdə məhkəmə iclaslarında foto və videoçəkiliş ciddi şəkildə məhdudlaşdırılmışdı.
“Bu dəyişikliklər “Gürcü Arzusu”nun avtoritarizmi yekun şəkildə möhkəmləndirmək və sabitləşdirmək istiqamətində sürətləndirdiyi prosesin daha bir mühüm və narahatedici elementidir”, – deyə “Sosial Ədalət Mərkəzi”nin qiymətləndirməsində bildirilir.
Media Advokasiyası Koalisiyasının sədri Mamuka Andquladze hesab edir ki, məhkəmənin açıq fəaliyyəti ilk növbədə məhkəmənin özünün marağında olmalıdır.
“Açıqlıq cəmiyyəti məhkəmədə qanunun aliliyinin qorunduğuna inandırmağın bir yoludur. Lakin ələ keçirilmiş dövlət institutları aşkarlıqda maraqlı deyil, əksinə, bundan yayınmağa çalışırlar”, – deyə o bildirir.
Gürcü məhkəmələri mediaya necə bağlandı