MMA döyüşçüsü Gürcüstanda "Ənənəvi Dəyərlərin Müdafiəsi" hərəkatını təsis edib. Hüquqşünaslar buna necə yanaşır?
Gürcüstanda ənənəvi dəyərlərin müdafiəsi
Qarışıq döyüş növləri üzrə (MMA, Mixed Martial Arts) döyüşçü Giorgi Kartvelişvili bir neçə həmfikri ilə birlikdə Gürcüstanda “ənənəvi dəyərlərin, mədəniyyətin və milli kimliyin qorunmasını” məqsəd qoyan yeni ictimai hərəkatın yaradıldığını elan edib.
Kartvelişvili bu təşəbbüs barədə xüsusi brifinqdə məlumat verərək bildirib ki, təşkilat əcdadlar, din, tarix və qrupun təhqir hesab etdiyi digər mövzularla bağlı məsələlərə “dərhal reaksiya verəcək”.
“Zərurət yaranarsa, hətta həbsxanaya getməyə də hazırıq”, – deyə Kartvelişvili bildirib.
Hərəkatın üzvlərinin kimlərdən ibarət olacağı, hansı formada fəaliyyət göstərəcəyi və digər təfərrüatlar hələ açıqlanmayıb. Kartvelişvilinin sözlərinə görə, bu məlumatlar daha sonra ictimaiyyətə təqdim ediləcək.
Kartvelişvilinin ritorikasını hakim “Gürcü Arzusu” partiyasının deputatı Arçil Qorduladze artıq dəstəkləyib. O bildirib ki, bu, “vacib və yaxşıdır”, lakin proses “qanuna riayət olunmaqla və tamamilə hüquqi çərçivədə” həyata keçirilməlidir.
Hüquqşünaslar isə bunun qanunsuz birləşmə əlamətləri daşıdığını, belə bir qurumun yaradılmasının, ona rəhbərlik edilməsinin və ya üzvlüyün cinayət məsuliyyəti yaratdığını bildirirlər.
Giorgi Kartvelişvili əvvəllər bəzi fəallar tərəfindən “tituşka” adlandırılan, mütəşəkkil aqressiv qrupları səfərbər etməkdə ittiham olunub. Bir neçə gün əvvəl hökumətyönlü media onu yumorist Onise Okriaşviliyə hücum edən Niko Xurtsilavanın dostu kimi təqdim edib.
Kartvelişvili nə deyib?
Kartvelişvilinin sözlərinə görə, son illərdə gürcü kimliyi, ənənələr, din və mədəni irs məqsədyönlü hücumların hədəfinə çevrilib:
“Kimliyimiz, ənənələrimiz, dəyərlərimiz və dinimiz, eləcə də müxtəlif dövrlərdə gürcü mədəniyyətini zənginləşdirən nailiyyətlər vaxtaşırı əlaqələndirilmiş hücumların hədəfinə çevrilib”, – deyə döyüşçü bildirib.

Onun sözlərinə görə, bu proseslərin arxasında “xaricdən maliyyələşdirilən qruplar, siyasətçilər, fəallar və media nümayəndələri” dayanır və onlar gürcü dəyərlərini gözdən salmağa çalışırlar.
Kartvelişvili bildirib ki, yeni hərəkat “xarici maraqların təsiri altında olan” şəxslərə və qruplara qarşı mübarizəyə başlayacaq və tərəfdarlarını bu təşəbbüsə qoşulmağa çağırıb.
Hüquqşünasların rəyi
Vəkil Boris Kurua “Netgazeti” nəşrinə bildirib ki, Kartvelişvilinin belə bir təşəbbüslə hüquq-mühafizə orqanları ilə razılaşdırmadan çıxış etməsi inandırıcı görünmür.

Boris Kurua: “Əgər indiyədək kimdəsə onların ümumiyyətlə cinayət törətmək niyyətində olmaya biləcəyinə dair cüzi də olsa şübhə var idisə, brifinqdə səsləndirilən “biz həbsxanaya getməyə hazırıq” ifadəsi hər şeyi tam aydın göstərdi.
Bu dəstənin üzvləri əllərinə hətta taxta dəyənək alsalar belə, bu artıq Cinayət Məcəlləsinin 223-cü maddəsinin tətbiqi üçün əsasdır. Yəni burada söhbət yaradılması, rəhbərlik edilməsi və ya üzvlüyü cinayət hesab olunan qanunsuz silahlı birləşmədən gedir.
Cinayət Məcəlləsinin 223-cü maddəsi qanunsuz silahlı birləşmənin yaradılmasını, ona rəhbərlik edilməsini, belə bir birləşməyə qoşulmanı, onun fəaliyyətində iştirak etməyi və ya onun xeyrinə başqa fəaliyyət göstərməyi nəzərdə tutur. Bu əməllərə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Əgər belə hərəkətlər ağır nəticələrə səbəb olarsa, cəza müddəti 4 ildən 8 ilədək artır.
Bir anlıq təsəvvür etsək ki, bu birləşmə həqiqətən də hüquq-mühafizə orqanları ilə razılaşdırılmadan yaradılır, onda hüquq-mühafizə sistemi səmərəli işlədiyi halda, əlaqəli şəxslər cinayətin hazırlanması mərhələsində məsuliyyətə cəlb edilməlidirlər. Mənim üçün Kartvelişvilinin hüquq-mühafizə orqanları ilə razılaşdırmadan belə bir təşəbbüslə çıxış etməsini təsəvvür etmək çətindir”.

“Netgazeti” nəşrinə vəziyyəti şərh edən digər hüquqşünas vəkil Omar Purtseladze də olub. O, mümkün cinayət tərkibi ilə yanaşı, Giorgi Kartvelişvilinin brifinqini həm də siyasi mesaj kimi qiymətləndirir.
“Hakimiyyətə yaxın bir şəxs və ya şəxslər qrupu tərəfindən insanların ideoloji mənsubiyyətinə görə təqibini məqsəd qoyan təşkilatın yaradılması təkcə ciddi hüquqi deyil, həm də siyasi bəyanatdır. Ümid edirəm ki, heç olmasa kimsədə minimum səviyyədə sağlam düşüncə tapılar ki, onsuz da son dərəcə qütbləşmiş mühitdə vəziyyətin tam radikallaşmasına imkan verməsin”, – deyə Purtseladze bildirib.
Gürcüstanda ənənəvi dəyərlərin müdafiəsi